Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4823/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1812/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqaviləyə əsasən, 11,970 manat borcun, 2,185 manat cərimənin, 200 manat vəkil xərcinin və 133.10 manat dövlət rüsumunun, cəmi 14,488.10 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqaviləyə əsasən, cavabdehin övladı X3 2020/2021-ci tədris ilində İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-də təhsil almışdır. Müqavilənin 4.1-ci bəndinə görə, 2020/2021-ci tədris ili üçün avans qismində 3,000 manat ödəmək şərtilə, 14,000 manat məbləğində təhsil haqqı hissə-hissə cavabdeh tərəfindən iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Müqavilənin 4.2-ci bəndi ilə cavabdehin avans qismində 3,000 manat, xx.xx.2020-ci il tarixədək 3,300 manat, xx.xx.2020-ci il tarixədək 4,400 manat və xx.xx.2021-ci il tarixədək 3,300 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməsi razılaşdırılmışdır. Həmin müqavilə üzrə cavabdehin təhsil haqqına görə 11,970 manat borcu yaranmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və xx.xx.2022-ci il tarixdə yazılı pretenziya verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Bu səbəblə də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1812/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11,970 manat əsas borc, 598.50 manat cərimə borcu, 200 manat hüquqi yardıma görə çəkilmiş xərc, cəmi 12,768.50 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-yə ödənilməsi, ödənilmiş 133.10 manat dövlət rüsumunun 121.12 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qalan 11.98 manat hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən 10 sentyabr 2020-ci il tarixli OXF06588 saylı təhsil xidmətlərinin göstərilməsi barəsində müqaviləyə imza edilməmişdir. Bundan başqa, cavabdehlə iddiaçı arasında bağlanmış 2017-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilənin 10.2-ci bəndində qeyd olunurdu ki, müqavilə, ödəniş olunandan sonra imzalanır və güvvəyə minir. Bundan başqa cavabdehlə iddiaçı arasında bağlanmış 17 iyul 2019-cu il tarixli təhsil xidmətlərinin göstərilməsi barədə müqavilənin 10.3-cü bəndində qeyd olunur ki, müqavilə yalnız imzalandığı tarixdən qanuni güvvəsini alır. Halbuki, bu kimi bəndlərin heç biri iddiaçı tərəfindən mübahisləndirilən OXF06588 saylı 10 sentyabr 2020-ci il tarixli müqaviləsində yoxdur, yəni cavabdeh həmin müqavilə üzrə heç bir ödəniş etməyib və müqavilədə imzası yoxdur. Müqavilə yalnız o halda bağlanmış hesab oluna bilər ki, hər iki tərəf müqaviləyə imzaların və ya möhürlərin etsin. Bu müqavilədə isə Cavabdeh heç bir imzası və ya möhürü yoxdur. Həmçinin, qeyd olunmuşdur ki, iddiaçı tərəfindən məhkəmə iclas zamanı sübut kimi naməlum qrafik məhkəməyə təqdim olunmuşdur. Həmin qrafikdə qeyd olunmuşdur ki, güya Cavabdeh övladı Şıxlinskiy İsmayıl müqaviləyə əsasən 99 onlayn dərslərdə iştirak edibdir. Həmin qrafikin sübut kimi məhkəməyə təqdim olunması qanuna ziddir. Belə ki, İsmayıl Şıxlinskinın həmin qrafik üzrə dərslərdə iştirak etməsini sübut etmir. Həmin qrafik üzərində hansı müqaviləyə məxsus olmasıda naməlumdur. Halbuki, qrafik müqaviləyə məxsus olsaydı qrafikdə müqavilənin nömrəsi qeyd olunmalı idi. Buna əsasən vəsatət verilərək məhkəmədən xahiş etmişdir ki, sinif rəhbəri Pərvin Caicedonu şahid qismində dindirilməsi üçün məhkəmə iclasına dəvət etsinlər. Lakin məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmişdir. Bundan başqa qətnamədə hakim tərəfindən Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri qeyd edilərək göstərilir ki, əqdlər şifahi və yazılı (sadə və notarial) formada bağlanır Şifahi bağlana bilən əqd o haldabağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd etmək istəyir ki, məhkəmə iclas zamanı bu maddəyə uyğun heç bir sübut dəlil yerinə yetməmişdir. Bu halda hesab edir ki, məhkəmə tərəfindən bu maddəyə əsaslanması əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəısi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğv edilməsi ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC ilə həmin məktəbdə təhsil alacaq X1 valideyni Cavabdeh arasında xx.xx.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqavilədən görünür ki, məktəb 2020-2021-ci tədris ilində şagirdi “Grade 2” sinfinə qəbul etmiş, beynəlxalq təhsil proqramlarının seçimini şagirdə təklif etmiş və əlavə olaraq, şagirdi dərsliklər (kitabların ilin sonunda geri qaytarılması şərtilə) və iş dəftərləri ilə, məktəb və idman formaları ilə, tam nahar, sağlam yemək çeşidləri və tənəffüs zamanı qəlyanaltılarla, dərsdən kənar məşğələlər və idman zalından tam istifadə imkanı ilə təmin etməyi, təmsilçi isə öz növbəsində təhsil haqqını vaxtlı-vaxtında məktəbə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndindən görünür ki, təhsil haqqının ödənişi 4 bərabər hissəyə bölünməklə həyata keçirilir, 2020/2021-ci təhsil ili üçün 14,000 manat təşkil edir və müqavilə bağlanarkən təmsilçi tərəfindən avans qismində 3,000 manat ödənilir. Müqavilənin 4.2-ci bəndinə əsasən, təmsilçi tərəfindən xx.xx.2020-ci ilədək 3,300 manat, xx.xx.2020-ci il tarixədək 4,400 manat və xx.xx.2021-ci il tarixədək 3,300 manat məbləğində pul vəsaiti məktəbə ödənilir. Həmçinin, müqavilədən görünür ki, cavabdeh müqaviləni imzalamamışdır. “2020/2021-ci tədris ili üçün şagirdlərin dərslərə davamiyyət qrafiki”ndən görünür ki, X3 dərslərdə müntəzəm iştirak etmişdir. xx.xx.2022-ci il tarixli 9244/22 saylı “Hüquqi yardım göstərilməsi haqqında” müqavilənin 2.1-ci bəndinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 170 manat müəyyən edilmiş və order marka pulu 30 manat təşkil etmişdir. Müvafiq olaraq, xx.xx.2022- ci və xx.xx.2022-ci il tarixli qəbzlərlə hüquqi yardıma görə iddiaçı tərəfindən ümumilikdə 200 manat ödəniş edildiyi təsdiq olunur. xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC cavabdehi borcun ödənilməsi barədə lazımi qaydada xəbərdar etmişdir. İş materiallarında olan ərizədən görünür ki, iddiaçının vəkili və nümayəndəsi müqavilədə iddiaçının imzasının olmamasına baxmayaraq, həmin dövrə aid davamiyyət sənədinə, şagirdin müvafiq sənədlərinin həmin dövrdə məktəbdə olmasına və şahid qismində cəlb edilə bilən şəxslərin mövcudluğuna istinad etmiş, cavabdehin övladının təhsildən yararlanması nəticəsində onun müqavilə üzrə göstərilən xidmətləri qəbul etməsini əsas gətirərək, cavabdehlə müqavilənin real şəkildə bağlanmasını bildirmişdir. xx.xx.2022-ci il tarixli etirazdan görünür ki, xx.xx.2020-ci il tarixli OXF06588 nömrəli “təhsil xidmətlərinin göstərilməsi barədə” müqavilənin cavabdeh tərəfindən imzalanmaması, həmin tarixdən əvvəl bağlanmış digər müqavilələrin cavabdehin anası tərəfindən imzalanması, X1 cavabdehin şifahi xahişi əsasında yalnız COVİD-19 pandemiyası dövründə keçirilən onlayn dərslərdə iştirak etməsi və bununla əlaqədar ödənişlərin iddiaçının mühasibinin bank hesabına ödənilməsi əsas gətirilərək, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. xx.xx.2017-ci və xx.xx.2019-cu il tarixli müqavilələrdən görünür ki, X1 təmsilçisi qismində X2 çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinin tələbinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, cavabdeh övladının iddiaçı qurumda onlayn qaydada aparılan təhsildən yararlanması barədə iddiaçıdan xahiş etmiş, iddiaçı da bu xahişi qəbul etmişdir. İddiaçı tərəfindən hazırlanan yazılı müqavilənin imzalanması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh Covid-19 pandemiyası əsası ilə, həmin müqaviləyə imza etməmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətləri qəbul etmiş, belə ki, uşağının onlayn dərslərdə iştirakını təmin etmiş, lakin bunun əvəzində iddiaçıya heç bir təhsil haqqı ödəməmişdir. Bununla da tərəflər arasında şifahi qaydada bağlanmış müqavilənin şərtləri pozulmuş, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1, 389.2 və 389.3-cü maddələrinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 397.1 və 398.1-ci maddələrinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 357-ci maddəsinə əsasən Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. İşin hallarından aydın olur ki, tərəflər arasında mövcud olan müqavilə münasibətləri əvəzli xarakter daşımış, iddiaçı cavabdehin övladına təhsil xidmətləri göstərmiş, cavabdehin övladı bu xidmətlərdən yararlanmış, lakin iddiaçıya bunun qarşılığında haqq ödəməmişdir. Həmçinin, aydın olur ki, tərəflər arasında sonuncu müqavilədən əvvəl başqa müqavilələr də mövcud olmuş və onların qarşılıqlı münasibətlərində yaranmış praktikaya əsasən, iddiaçı cavabdehə güvənərək onun müqaviləyə imza atmamasını problem etməmişdir. Lakin cavabdeh bu güvəndən sui-istifadə etmiş, müqaviləni imzalamamış, xidmətlərdən yararlandığı halda qarşılığını iddiaçıya ödəməmişdir. Bundan başqa, Mülki Məcəllənin 408.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. İşin hallarından məlum olur ki, cavabdeh iddiaçıya oferta göndərmiş və iddiaçı onu aksept etmiş, nəticədə onlar arasında müqavilə bağlanmışdır. Sözügedən Məcəllənin 409.3 və 409.4-cü maddələrinə görə, əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmçinin, qeyd olunmalıdır ki, Ölkəmizdə orta təhsil icbaridir. Cavabdeh isə övladının təhsil alması ilə bağlı müvafiq sənədləri belə iddiaçıdan götürməmiş və övladının başqa təhsil müəssisəsində təhsil alması və ya təhsilini davam etməsi müəyyən olunmamışdır. Beləliklə, sadalananlar apelyatorun cavabdehin müqaviləni imzalamaması barədə əsas dəlilini bir daha əsassız edir, çünki yuxarıda da qeyd edildiyi kimi təsdiq olunur ki, tərəflər arasında olan razılaşmaya əsasən, cavabdeh övladının iddiaçı qurumda onlayn qaydada aparılan təhsildən yararlanması barədə iddiaçıdan xahiş etmiş, iddiaçı da bu xahişi qəbul etmişdir. İddiaçı tərəfindən hazırlanan yazılı müqavilənin imzalanması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh Covıd-19 pandemiyasını əsas tutaraq həmin müqaviləyə imza etməmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətləri qəbul etmiş, uşağının onlayn dərslərdə iştirakını təmin etmiş, lakin bunun əvəzində iddiaçıya heç bir təhsil haqq ödənilməmişdir. Uşağın qiymət cədvəli də hazırdir və cavabdehin övladı məktəbin ikinci sinfini bitirmiş sayılır. Bununla da cavabdeh tərəflər arasında şifahi bağlanmış müqavilənin şərtlərini pozmuş və öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1812/2022 saylı, 29 aprel 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4823/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4823/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver