Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4824/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1566/23 saylı iş üzrə 17 may 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 20 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Feyziyeva X2 (Feyziyev) Rasif Arif oğlu ilə xx.xx.2007-ci il tarixdə ailə quraraq, ünvan 1 ünvanına gəlin köçmüş, birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X6, xx.xx.2013-cü il tarixdə əkiz uşaqları X4 və X5 adında uşaqları anadan olmuşdur. Mübahisələndirilən Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı ev özbaşına tikilidir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4748/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3 saylı evin 38 saylı mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir.
3. İşin müəyyən edilmiş hallarına görə həmin istifadə hüququna 30 000 manat kompensasiya ödənilməklə xitam verilmişdir. Bu barədəki məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmuşdur.
4. İddiaçı 30 000 manat kompensasiya məbləğini aldıqdan və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsindəki 3 saylı evin 38-ci mənzilindən çıxarıldıqdan sonra hazırkı iş üzrə iddianı qaldırmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı evin 3-cü mərtəbəsinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı ev özbaşına tikilidir. Birinci və ikinci mərtəbəni iddiaçının qaynanası Cavabdeh2 və qayınatası Cavabdeh1 inşa etmişlər. Rasif Feyziyev və o 2007-ci ildə ailə həyatı qurmuşlar, bu nikahdan 3 uşaqları doğulmuşdur. Nikah dövründə o və həyat yoldaşı Rasif Feyziyev əvvəlcə Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanında yaşamışlar. 2007-ci ildən 2014-cü ilə kimi fasilələrlə Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 339A saylı evdə yaşamışlar. Həmin müddətdə paralel olaraq Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 339A saylı evin 3-cü mərtəbəsini həyat yoldaşı ilə birgə inşa etmişlər. 2013-cü ildə uşaqları doğulduqdan sonra, 2014-cü ildə həyat yoldaşı qazanc əldə elmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Həmin tarixdən sonra İddiaçı uşaqları ilə birlikdə Nəsimi rayonu, 3-cü Alalava küçəsi, 339A saylı evin 3-cü mərtəbəsinə köçmüşlər. 3-cü mərtəbədə olan bütün əşyalar onlara məxsusdur. 2016-cı ilin sentyabr ayına kimi orda yaşamışlar. 2016-cı ildə qaynanası ilə olan münasibətləri pozulmuşdur. Həmin tarixdən uşaqları ilə birlikdə Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanında yaşamağa davam etmişlər. Hazırda isə məhkəmə qətnaməsi ilə onun uşaqları ilə birgə yaşadıqları Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanından çıxarılması qət edilmişdir. Himayəsində 3 azyaşlı uşaq var və onlardan biri Adəm Feyziyev daun sindromu xəstəsidir. Digər mənzillə bağlı məhkəmə mübahisələri davam edərkən dəfələrlə məhkəmə iclaslarında şifahi şəkildə və 2 dəfə ayrıayrı kassasiya şikayətlərində yazılı olaraq qeyd etmişdilər ki, “ünvan 3 ünvanından çıxarılarkən evsiz qalmayacaqlar, 2007-2016-cı illərdə Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı evdə yaşayıblar və yaşamaq üçün hər cür şərait var. İddiaçı uşaqları ilə birgə əvvəllər yaşadıqları Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı evə köçüb yaşayacaqlar." Lakin faktiki olaraq öz hesablarına tikilmiş və əvvəllər yaşadıqları həmin evə onu və uşaqlarını buraxmırlar.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1566/2023 saylı iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia təmin edilməmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olmaqla, cavabdehlər tərəfindən inşa edilmişdir. Ona görə mübahisəli tikiliyə iddiaçının qayınatası və qaynanasının gözlənilən hüququ var. İddiaçı isə Feyziyev Rasim ilə nikaha girərək ünvan 1 ünvanına gəlin köçmüşdür. Hazırkı mübahisəli evin tikintisi, yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilməmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Mülki Məcəlləsinin 11.1, 11.2, 152.1, 180.1, 180.2, 222.1, 225.1-ci maddələrinə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci, Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarına, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həqiqətən də 2007-ci ildə ailə həyatı quraraq Binəqədidəki evə gəlin köçmüşdür və o, həqiqətən də Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 339A saylı evin 3-cü mərtəbəsi tikilənədək Binəqədidəki evdə yaşamışdır. Lakin hazırkı mübahisəli evin 3-cü mərtəbəsi Amaliya və əri tərəfindən tikildikdən sonra onlar 3-cü mərtəbəni əşyalarla döşəmiş, periodik olaraq orada qalmış, 2014-2016-cı illərdə isə Amaliya əri Rasif xaricdə olduğundan 3 uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Çünki, aşağıdakı mərtəbələrdə ərinin valideynləri və qardaşı yaşayırdı və Amaliyaya və uşaqlarına yardım-dəstək və nəzarət lazım olduğundan onlar daimi olaraq orada yaşayırdılar. Habelə, Nəsimi rayon məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, iş materiallarında olan elektron daşıyıcıdakı səs yazısından məlum olur ki, Amaliyanın qaynı Maarif mübahisəli mənzilin 3-cü mərtəbəsini Rasif (iddiaçının əri) tərəfindən tikildiyini bildirmişdir. Elektron daşıyıcıdakı səs yazısı kənar şəxs yox, məhz cavabdehlərin nümayəndəsi Maarifin səsidir. İddiaçı bu səsi məhkəməyə təqdim etməklə heç bir qanunu pozmamışdır, çünki səs yazısında Amaliya Maarifə deyir ki, səsini yazıram, o isə deyir ki, hara istəyirsən apar təqdim et. Yəni, cavabdeh tərəf özü bu iddianı etiraf etsə də, Nəsimi rayon məhkəməsi hesab edir ki, bu sübut deyil və etiraf olunmuş iddianı rədd edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
14. Cavabdehlər və onların nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
18. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyiniştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
19. Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikahkontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia təmin edilmədiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
25. İddiaçı Feyziyeva X2 (Feyziyev) Rasif Arif oğlu ilə xx.xx.2007-ci il tarixdə ailə quraraq, ünvan 1 ünvanına gəlin köçmüş, birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Mübahisələndirilən Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı ev özbaşına tikilidir. Hazırda iddiaçı həmin evin üçüncü mərtəbəsinin həyat yoldaşının vəsaiti hesabına inşa edildiyini bildirərək, həmin mənzilə köçürülməsini xahiş etmişdir.
26. İddiaçı həmin evin 3-cü mərtəbəsinin inşa olunmasında əri Feyziyev Rasimin də iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə işdən, o cümlədən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli ev (özbaşına tikili) tərəflər nikaha girməmişdən əvvəl cavabdehlər tərəfindən inşa edilmişdir. İddiaçı isə Feyziyev Rasim ilə nikaha girərək ünvan 1 ünvanına gəlin köçmüşdür. Hazırkı mübahisəli evin tikintisi yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əriilə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilməmişdir.
27. Məhkəmə kollegiyası həmçinin müəyyən etdi ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən iddiaçının ünvan 1 ünvanına istifadə hüququ tanınmış və həmin istifadə hüququna 30 000 manat kompensasiya ödənilməklə xitam verilmişdir. İddiaçıya 30 000 manat kompensasiya məbləği ödənilmiş və o, həmin mənzildən çıxarılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə, yəni Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı evə köçürülməsi barədə məhkəməyə müraciət etmişdir.
28. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
29. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
30. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
32. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1566/23 saylı iş üzrə 17 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.