Məhkəmə qərarları › İş №2(103)-4826/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4826/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4826/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və s. tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1126/2022 saylı, 20 may 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilə köçürülməsi və mənzilə sahiblik və istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçının ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzilə köçürülməsi, həmin mənzilə sahiblik və ondan istifadəsinə maneələrin yaradılması cavabdehə qadağan olunması qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş, Məhkəmənin 12 may 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Sonra Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə yeni apellyasiya şikayəti və “buraxılmış müddətin bərpasına” dair ərizə ilə müraciət edilərək, Nəsimi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, apelyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və şikayət vermə müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli e-2(006)-1126/2022 saylı qətnamə məhkəmə tərəfindən ona poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə yola salınmış, onun yaşayış yeri üzrə poçt xidmətinə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə isə imzalamaqla şəxsən ona təqdim edilmişdir. Qətnaməyə əsasən orada göstərilən 1 ay müddətində ondan şikayət vermək hüququ vardır və o, apellyasiya şikayəti ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Qətnamədən onun elektron portalda yerləşdirilməsindən sonra 1 aylıq müddət bitdikdən 5 gün sonra apellyasiya şikayəti verməyinin digər səbəbi isə azyaşlı oğlu Kərimin xroniki xəstəliklərdən əziyyət çəkməsi ilə bağlı olmuşdur. Hesab edir ki, yuxarıdakılar nəzərə alınmaqla, eləcə də birinci instansiya məhkəməsində nə o, nə də nümayəndəsi olan vəkili iştirak etmədiyi üçün apellyasiya şikayəti verilmə müddətinin buraxılması üzrlü hesab etməlidir. Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli e-2(006)-1126/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1126/2022 saylı, 20 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, e-2(006)-1126/2022 saylı qətnaməsi elektron sistemə 02 aprel 2022-ci il tarixdə yerləşdirilməklə, eyni zamanda həmin sistemdə Cavabdeh adına yaradılmış elektron kabinetinə də yerləşdirilmişdir. Həmin çıxarışa əsasən sənədin (məhkəmə qətnaməsinin) Cavabdeh adına yaradılmış elektron kabinetinə yerləşdirilmə tarixi və vaxtı – 02 aprel 2022-ci il, saat 09:55 olduğu qeyd edilmişdir. Lakin qətnamədən elektron kabinet vasitəsi ilə elektron qaydada verilmiş apelyasiya şikayəti 07 may 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qeyd edilən qətnaməni elektron kabinet vasitəsilə aldıqdan sonra poçt vasitəsilə qeyd edilən qətnamənin alınmasına istinad edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi cavabdeh tərəfindən də qəbul edilərək, müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1126/2022 saylı, 20 may 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar