Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4829/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-499/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmrin ləğvi və işə bərpa tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2019cu il tarixli, K-136 saylı işdən azad olunma haqqında əmrinin ləğv olunması və onun həmin işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında sement laboratoriyasının meneceri vəzifəsində işləmişdir. Həmin şirkətin kadrlar şöbəsinin rəhbəri Aqşin Gözəlov onu xx.xx.2019-cu il tarixdə görüş otağına çağıraraq şirkətə onun haqqında analıq məzuniyyətində olan işçi Cəfərova Nailə Ənvər qızı və şirkətin keçmiş işçisi Xələfova Arifə Əli qızı tərəfindən şikayət məktubu daxil olduğunu, şikayətin məzmununun lokasiyanın dəyişməməsi, şikayətçilərin özlərini mühasirədə hiss etmələri, digər işçilərlə ünsiyyətə icazə verilməməsi, bonuslu işlərin tapşırılmaması, nəqliyyatla bağlı problem və sair problemlərlə əlaqədar olduğunu bildirmişdir. Sonra ona öz ərizəsi ilə işdən çıxması təklif edilmiş, əks təqdirdə onu Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edəcəklərini bildirmişlər. Bununla belə, o, şikayətçilərin ərizəsinin bəhanə olduğunu, rəhbərliyin onunla çalışmaq istəmədiyini başa düşmüşdür. Daha sonra əsassız olaraq şikayət edən Cəfərova Nailə Ənvər qızına və Xələfova Arifə Əli qızına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 5546/2019 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Xələfova Arifə Əli qızına və Cəfərova Nailə Ənvər qızına ondan rəsmi qaydada üzr istəmələri vəzifəsinin həvalə olunması, mənəvi ziyana görə hər birindən 500 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən sonradan apellyasiya şikayəti verilmişdir və hazırda qətnamə qüvvəyə minməmişdir. Hesab edir ki, onun işdən azad olunması məhz həmin qadınların şikayəti ilə bağlı olmuşdur, lakin cavabdeh həmin şikayətin əsassız olduğunu başa düşərək onu işdən azad etmək üçün başqa yol axtarmışdır. Bundan sonra onu 2019cu ilin iyul ayında saxta sertifikat verməkdə ittiham etmişlər, yenə də izahatını almışlar, lakin yenə də əsaslı bir səbəb olmadığını görüb ona hər hansı tənbeh tətbiq etməmişlər. Həmin vaxtda şirkətin vəzifəli şəxsləri olan D.Manquşev, A.Gözəlov, A.Əliyev, V.Əkbərova ondan işdən azad olunmasına dair ərizə yazmasını tələb etmişlər. Lakin bunun baş tutmadığını görüb üçüncü yol kimi ixtisar olunmasına qərar vermişlər. Bütün bu proseslərin gedişində səhhəti ilə bağlı problemləri yaranmış, xəstəliyi ilə əlaqədar məzuniyyətdə olmuş, həmin vaxt ona xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmiş və onunla bağlanmış əmək müqaviləsinə ixtisarla bağlı xx.xx.2019-cu il tarixdən xitam veriləcəyi bildirilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixədək işdə olmuş, daha sonra xx.xx.2019-cu il tarixli, K-136 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri qərəzli olaraq çıxarıldığı üçün qanunsuz və əsassız hesab edir. Belə ki, sement şöbəsinin rəhbəri Denis Manquşevin onunla qərəzli münasibəti xeyli əvvəl başlamış, bununla bağlı dövlət orqanlarına çoxsaylı şikayətlər ünvanlamış, əmək müfəttişliyi tərəfindən şirkətin ona qarşı qərəzinin olmaması və işə davam etməsi barədə cavab verilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh onu işdən azad etmək üçün tutarlı bir səbəb tapmadığına görə onu saxta ixtisar yolu ilə işdən azad etmişdir. Belə ki, onun işlədiyi Sementləmə şöbəsinin laboratoriyasında işləyən, daha az təcrübəli Elnur Rəsulzadə xx.xx.2019-cu il tarixdə Baroid şöbəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə isə ixtisarla bağlı əmr verilmiş, daha az təcrübəsi olan N.Cəfərova işdə saxlanılmış, daha təcrübəli işçi olduğu halda onu ixtisar etmişlər. Əmrin qərəzli olduğunu həmçinin belə əsaslandırır ki, Elnur Rəsulzadə başqa şöbəyə keçsə də, faktiki onların şöbəsinin apardığı testləri həyata keçirmiş, habelə ondan şikayət etmiş Arifə Xələfova onun yerinə işə götürülərək həmin testlərin aparılmasına cəlb olunmuşdur. Göstərdiyi faktlar təsdiq edir ki, cavabdeh ixtisar əmrini əsassız və qərəzli olaraq vermişdir. Həmçinin son iki ildə ona vaxtında məzuniyyət verilməmiş, lakin sonradan istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi verilmişdir. Ümumiyyətlə son haqq-hesab zamanı ona ixtisarla bağlı ödənişlər tam verildiyindən, hazırda pul tələbi ilə bağlı mübahisə yoxdur. Onun tələbi qərəzli olan ixtisar əmrinin ləğv edilməsidir. Ona qərəzli münasibətin olmasını həmçinin şirkətin keçmiş əməkdaşları Kamran Şəfiyevin (o, D.Manquşevə rəqib olmuş və öz ərizəsi ilə işdən çıxmağa məcbur olmuşdur) və Steven Hinnantın (o da ixtisar qaydasında işdən azad edilmişdir) məktubları, onu işə götürmək istəyən digər şirkətlərə barəsində mənfi xasiyyətnamə verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməməsi, müvafiq ixtisas üzrə işə qəbul barədə elanlar verilməsi də təsdiq edir. Qeyd olunanlara əsasən, ona qarşı qərəzli münasibətin, ayrı-seçkiliyin nəticəsində verilmiş əmrin qanunsuz hesab edilərək ləğv edilməsini və işə bərpa olunmasını tələb edir. Həmçinin, bildirir ki, cavabdeh tərəfin hüquqi xidmətə görə ondan 10800 manat pul tələb etməsi tamamilə absurddur. O, işləmir, heç bir gəlirə və əmlaka malik deyil, vergi ödəyicisi deyil, həmin tələbin ona yönəlməsi tamamilə əsassızdır. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-499/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmrin ləğvi və işə bərpa tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın təmin olunması barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin ediməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, işdən çıxarıldığı üçün verilən kompensasiyanı almışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz təqdim edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-499/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 0356 saylı əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış, işçi baş laboratoriya texnikikimyaçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 11.1.3.2-ci bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı ixtisar edildikdə Əmək Məcəlləsində nəzərdə tutulan müavinətlər təmin olunmaqla ləğv edilə bilər. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “Əmək haqqının artırılması haqqında” xx.xx.2018-ci il tarixli, K-086/1 saylı əmrindən çıxarışın surətindən görünür ki, Baş Laboratoriya Texniki-Kimyaçı vəzifəsində işləyən İddiaçı hesablanmış əmək haqqı xx.xx.2018-ci il tarixdən etibarən artıtılaraq 4328,50 AZN məbləğində təyin edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “Mükafatın verilməsi haqqında” xx.xx.2019-cu il tarixli, K-079/2 saylı əmrindən çıxarışın surətindən görünür ki, Baş Laboratoriya Texniki-Kimyaçı vəzifəsində işləyən İddiaçı 2019cu ilin iyul ayında ödəniş cədvəlinə əsasən 3869,68 AZN məbləğində birdəfəlik mükafat ödənişi təyin edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının “İşçilərin sayının ixtisarı haqqında” xx.xx.2019-cu il tarixli, K-122 saylı əmrinin surətindən görünür ki, əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədilə Baş Laboratoriya Texniki- Kimyaçı vəzifəsində işləyən İddiaçı xx xxxxxx 2019-cu il tarixindən etibarən ixtisar olunması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, şöbə daxili ştatların ixtisarı ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdən xitam veriləcəyi və ixtisar zamanı hüquqlarının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənəcəyi (xəbərdarlıq müddəti (altı həftə) ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsi və xəbərdarlıq müddəti bitdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müvafiq ödənişlərin verilməsi) barədə İddiaçı xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2019-cu il tarixli, K-136 saylı əmrinin surətindən görünür ki, Baş Laboratoriya Texniki- Kimyaçı vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli, K-136 saylı əmr xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5546/2019 saylı qətnaməsinin surətindən görünür ki, Xələfova Arifə Əli qızına və Cəfərova (Xaqqari) Nailə Ənvər qızına Halliburton Services MMC-yə ünvanladıqları xx.xx.2019-cu il tarixli müraciətlərində İddiaçı işgüzar nüfuzuna xələl gətirən yalan məlumatları yaydıqlarına görə İddiaçı rəsmi qaydada üzr istəmələri vəzifəsinin həvalə olunması, Xələfova Arifə Əli qızından mənəvi ziyana görə 500 manat, dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 515 manat, Cəfərova (Xaqqari) Nailə Ənvər qızından mənəvi ziyana görə 500 manat, dövlət rüsumuna görə 15 manat olmaqla, cəmi 515 manat İddiaçı xeyrinə tutulması, habelə Xələfova Arifə Əli qızından və Cəfərova (Xaqqari) Nailə Ənvər qızından iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinin tutulması qət edilmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, ŞamxalovaGülnarə Azər qızı xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında baş laboratoriya texniki-kimyaçı vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdə K-136 saylı əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı vəya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı dövlət orqanlarına ünvanladığı şikayətlərin surətlərindən görünür ki, şikayətçi ona qarşı qərəzli münasibətin olmasından şikayət etmiş və bununla bağlı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının bəzi vəzifəli şəxsləri barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının keçmiş əməkdaşları K.Şəfiyev və S.Hinnantın məktublarından görünür ki, İddiaçı əmək funksiyalarını peşəkar səviyyədə yerinə yetirmişdir, lakin ona işdən azad olunması üçün bəzi əməkdaşlar tərəfindən müəyyən təzyiqlər olmuşdur. İş materiallarında olan 5 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, iddiaçıya işdən ayrılmasına dair təzyiqlər ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan 06-xx.xx.2019-cu il tarixli iş elanlarının surətlərindən görünür ki, cavabdeh tərəfindən xidmət operatoru, sement toplu material operatoru vəzifələri üzrə elanlar verilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2019-cu il tarixinədək Hallibörton şirkətinin Sementləmə şöbəsinin laboratoriyasında əmək münasibətləri əsasında aşağıdakı şəxslər və vəzifələr mövcud olmuşdur: İddiaçı-Baş Laboratoriya Texniki-Kimyaçı (T607-ESG); Cəfərova (Haqqari) Nailə-Kiçik Laboratotiya Texniki-Kimyaçı (T611-ESG) (hal-hazırda üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdədir); Rəsulzadə Elnur-Kiçik Laboratotiya Texniki-Kimyaçı (T611-ESG). xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək Hallibörton şirkətinin Sementləmə şöbəsinin laboratoriyasında əmək münasibətləri əsasında İddiaçı və Cəfərova (Haqqari) Nailə olmuşdur. xx.xx.2020-ci il tarixində Hallibörton şirkətinin Sementləmə şöbəsinin laboratoriyasında əmək münasibətləri əsasında yalnız Cəfərova (Haqqari) Nailə vardır (hal-hazırda üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdədir). İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən Xaqqari Nailə Ənvər qızına ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Xaqqari Nailə Ənvər qızına Cavabdeh Şirkətinin Filialında şöbə daxili ştatların ixtisarının nəzərdə tutulması, bu səbəbdən onun ştatının ixtisara düşməsi barədə xəbərdarlıq edilmiş, lakin qismən ödənişli sosial məzuniyyətdə olduğundan Azərbaycan Respublikası ƏM-nin 79-cu maddəsinə uyğun olaraq (hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərin) əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığı qeyd edilmiş, lakin onun işə qayıtdıqdan sonra bir həftə ərzində əmək müqaviləsinə xitam verilməsi məsələsinə yenidən baxılacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının “HALLİBURTON EURASİA” LTD şirkətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0347 saylı məktubundan görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialı tərəfindən İddiaçı AZ05İBAZ******************** saylı hesabına xx.xx.2018-ci il tarixində 18352,79 manat və xx.xx.2019-cu il tarixində 9231,64 manat məbləğində əmək haqqı köçürülmüşdür. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2019-cu il tarixli, K-120 saylı əmrinin surətindən görünür ki, Rəsulzadə Elnur Sadiq oğlu xx.xx.2019-cu il tarixindən etibarən Sementləmə şöbəsindən Baroid şöbəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Hallibörton şirkətinin Sementləmə şöbəsinin Laboratoriyasında xərclərin optimallaşdırılması məqsədi ilə əmək münasibətləri əsasında işləyən əməkdaşlara sərf edilən xərclər hesablandıqdan sonra ixtisarın aparılması barədə qərar qəbul edilmiş, bu sahədə ixtisaslaşmış hüquqi şirkətlə əməkdaşlığın davam etdirilməsi qərarı verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasında Filialı arasında bağlanmış Malların və (və ya) xidmətlərin alışına dairçMüqavilənin və həmin Müqaviləyə “A” Qoşmasının surətindən görünür ki, cədvəl A-da göstərilməyən hər hansı bir məhsulu və ya xidməti ayrıca razılaşma əsasında almaq olar və bunun üçün təchizatçıya sifariş göndəriləcəkdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Arifə Xələfova Hallibörton şirkəti ilə əmək münasibətlərində olmayan şəxsdir və “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əməkdaşıdır. Hallibörton şirkəti ilə “xxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında mövcud müqaviləyə əsasən həmin şəxs xidmət göstərmək üçün şirkətin ərazisinə yönəldilmişdir. Mövcud müqavilə çərçivəsində “xxxxxxxxxxxxxxxxxxxxx” şirkətinin əməkdaşları digər şöbələrə də xidmət göstərir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Hallibörton Laboratoriya Sisteminə (iFacts) giriş üçün istənilən əməkdaş tərəfindən (Sementləmə, Baroid, İstehsalın həlli və digər şöbələr) müraciət oluna bilər və bu müraciəti təsdiq etmək hər bir şöbədə olan məsul şəxsdən asılıdır. İddiaçı tərəfindən təqdim edilən sənəd iFacts sistemindən götürülmüş laboratoriya hesabatıdır, burada görülməsi lazım olan testlər, test şərtləri və tələbləri sadalanır, həmçinin müvafiq bir maye üçün test nəticələri qeyd edilmişdir. Hər hansı bir təlim keçmiş Hallibörton əməkdaşı bu laboratoriya testlərini həyata keçirə bilər və həmçinin iFacts-a girişi olan hər kəs test məlumatlarını dəyişdirə, əlavə edə və laboratoriya hesabatını çap edə bilir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Elnur Rəsulzadəyə Sementləmə şöbəsinin laboratoriyasında həyata keçirilən ixtisar zamanı Baroid şöbəsində analoji iş təklif edilmişdir, hal-hazırda Baroid şöbəsinin əməkdaşıdır. Həmçinin şirkət daxili laboratoriyalarda icra olunan funksiyaların demək olar ki, eyni olduğu nəzərə alınaraq Elnur Rəsulzadə eyni zamanda şirkət daxili digər laboratoriyalarda da fəaliyyət göstərə bilər. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının İnsan Resursları üzrə əməliyyat Supervayzeri Aqşin Gözəlovun xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, işəgötürən səlahiyyətini daşımır. İddiaçı ilə görüş zamanı tərəfindən qeyd olunan şəxsə işdən çıxmaqla bağlı heç bir tələb və ya təklif olmamışdır. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının Biznesin təşkili və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Anar Əliyev, İR üzrə Baş Əməliyyatlar Tərəfdaşı Vüsalə Əkbərova, Sementləmə üzrə Ölkə/Ərazi PSL Əməliyyat Meneceri Denis Manquşevin xx.xx.2020-ci il tarixli izahatlarından görünür ki, onlar işəgötürən səlahiyyətini daşımırlar. Onlar İddiaçı ilə xx xxxx 2019-cu il tarixində iş prosesində baş verən nöqsanlara görə iclas keçirmişlər, iclas vaxtı həmçinin Sement şöbəsinin Laboratoriya bölməsində xərclərin optimallaşdırılması və qarşılıqlı razılıq əsasında işdən xaric olma ehtimalı müzakirə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli uçota dair arayışdan görünür ki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən Məşğulluq mərkəzinə ünvanlanmış xx.xx.2019-cu il tarixli arayışların surətlərindən görünür ki, İddiaçı DSMF-nin Binəqədi rayon şöbəsindən heç bir növə görə əmək pensiyası və müavinət almır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Beləliklə iş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2012-ci il tarixli, 0356 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı baş laboratoriya texniki-kimyaçı vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinə cavabdehin xx.xx.2019-cu il tarixli, K-136 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) xitam verilmişdir. İddiaçı hazırda həmin əmri mübahisələndirməkdə, qeyd olunan əmrin ona qarşı qərəzli münasibət və ayrı-seçkilik nəticəsində verildiyini iddia etməklə ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının həmin əmrin ona qarşı qərəzli münasibət və ayrı-seçkilik nəticəsində verilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, izahatlara və iş üzrə sübutlara əsasən, işlədiyi dövr ərzində işəgötürən tərəfindən iddiaçıya qarşı hər hansı tənbeh tədbiri tətbiq edilməmişdir. Əksinə, iş materiallarında olan əmrlərin surətlərinə görə, işlədiyi dövrdə onun əmək haqqı artırılmış və ona mükafat ödənişi verilmişdir. Ona görə də həmin dəlillər cavabdeh təşkilatda əmək müqaviləsi üzrə yeddi ildən artıq işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə əmək haqqı artırılmış və mükafata layiq görülmüş iddiaçıya münasibətdə inandırıcı və ağlabatan görünmür. Bundan əlavə, iş üzrə sübutlara əsasən müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinə və əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olan müddətdə (beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi) rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. İş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən müəyyən edilir ki, cavabdehin ixtisar barədə əmri iddiaçının iddia etdiyi kimi iki nəfər qadının onun barəsində yazdığı şikayətlə və ya saxta sertifikat ittihamı ilə əlaqədar deyil, əmək istehsalatında effektivliyin yaxşılaşdırılması, işçilərin xərclərin minimallaşdırılması və ştatların optimallaşdırılması məqsədilə əsaslandırılmış, iddiaçıya xəbərdarlıq müddəti ərzində iş axtarmaq üçün imkan yaradılmaqla və qanunamüvafiq ödənişlər həyata keçirilməklə icra edilmiş, ixtisardan sonra iddiaçının işlədiyi Laboratoriyada yalnız bir işçi - üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdə olan Cəfərova (Haqqari) Nailə qalmışdır. Bununla yanaşı, həmin işçiyə də xəbərdarlıq verilərək, ştatının ixtisara düşməsi, lakin qismən ödənişli sosial məzuniyyətdə olduğundan Azərbaycan Respublikası ƏM-nin 79-cu maddəsinə uyğun olaraq (hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərin) əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığı qeyd edilmiş, işə qayıtdıqdan sonra bir həftə ərzində əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılacağı bildirilmişdir. Ona görə də işçilərin ixtisarından sonra həmin Laboratoriyaya hər hansı işçinin götürülmədiyi, Laboratoriyanın işlərinin başqa şöbənin əməkdaşı, habelə müvafiq müqavilə əsasında digər şirkət tərəfindən icra edildiyi, Arifə Xələfova adlı şəxsin də məhz həmin şirkətin (“xxxxxxxxxxxxxxxxxxxxx” MMC) əməkdaşı olduğu müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh tərəfin işçi elanı xidmət operatoru, sement toplu material operatoru vəzifələri ilə bağlı olmuş, həmin elan iddiaçının işlədiyi baş laboratoriyatexniki-kimyaçı vəzifəsi üzrə verilməmişdir. Həmçinin, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş sistemə daxil edilmiş, iddiaçının müraciəti olmadığı halda ona mənfi xasiyyətnamənin verilməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinə əsasən, işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. Bundan əlavə, cavabdehin bəzi keçmiş əməkdaşlarının məktublarının onlar tərəfindən imzalandığını dəqiq müəyyən etmək mümkün olmadığından və onlar məhkəməyə şahid qismində təqdim olunmadığından, habelə həmin məktubların məzmunu hazırda cavabdehin əməkdaşı olan işçilərin yazılı izahatları, cavabdeh tərəfin əmrləri ilə təkzib olunduğundan, eyni zamanda iddiaçının özünün izahatına əsasən onların cavabdeh şirkətdən çıxarılma səbəbləri nəzərə alınmaqla, həmin məktubların mötəbər sübut kimi qəbul edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan əmrin qanunazidd olması sübuta yetirilmədiyindən, habelə iddiaçıya münasibətdə ixtisarla bağlı əmək müqaviləsinin şərtlərinin və əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmədiyindən, əmrin ləğvi və işə bərpa barədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hallara dair məhkəməyə hər hansı sübutlar təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətində qeyd olunanları qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-499/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-499/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4829/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4829/2020
29.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver