Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4829/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Firmasına qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(009)- 900/2021 nömrəli qərardadından cavabdeh tərəfdən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Firmasına qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qoyulmuş konteynerlərin ********** qeydiyyat nömrəli 14 fevral 2020-ci il tarixli çıxarışa əsasən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək, torpaq sahəsinin boş vəziyyətdə ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddianı təmin etmə tədbirinə dair ərizə də təqdim edərək, ********** qeydiyyat nömrəli, 14 fevral 2020-ci il tarixli çıxarışa əsasən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində hər hansı bir tikinti işlərinin aparılmasının, mərz və ya divar çəkilməsinin Cavabdeh Firmasına və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(009)-900/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, ********** qeydiyyat nömrəli, 14 fevral 2020-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində hər hansı bir tikinti işlərinin aparılması, mərz və ya divar çəkilməsi Cavabdeh Firmasına və digər şəxslərə qadağan edilmişdir. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, istər iddiaçının bu barədə olan ərizəsində, istərsə də həmin ərizəni təmin edən məhkəmə qərardadında MPM-in 157.5.1-ci maddəsinə uyğun olaraq görülməsi xahiş edilən müvəqqəti təminat tədbiri tətbiq edilmədən həmin Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın nəyə görə mümkün olmadığı əsaslandırılmamış, habelə MPM-in 157.5.2-ci maddəsinə uyğun olaraq işdə müvəqqəti təminat tədbirinin tətbiq edildiyi tələbin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud deyildir. Belə ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsindən cavabdeh tərəfindən qoyulmuş konteynerlərin çıxarılmasını və həmin sahədə inşa edilmiş tikililərin sökülməsini tələb etsə də, sahədə aparılmış hər hansı tikinti işlərinə, konteynerlər qoyulmasına, mərz və divar çəkilməsinə dair məhkəməyə heç bir təsdiqedici sübut (məsələn, ən azı fotoşəkil,videoçəkiliş) təqdim etməmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Baçşısının xx.xx.2004-cü il tarixli 632 saylı razılıq məktubu və Cavabdeh firmasının müraciəti nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 3,0 ha (30000kv.m) torpaq sahəsi icarə əsasında 49 il müddətinə Cavabdeh firmasının istifadəsinə verilmiş, firma ilə Bakı şəhər İcra Hakimiyyəti arasında xx.xx.2005-ci il tarixli 0565 saylı icarə müqaviləsi bağlanmış, xx.xx.2005-ci il tarixli qəbzlə 5910604,32 AZM (1182,12 AZN) ödəniş edilmiş, xx.xx.2004-cü il tarixli 11655 saylı inşaat pasportu, torpaq sahəsinin xx.xx.2004-cü il tarixli 04/174 saylı ayrıc aktı və cizgisi, xx.xx.2006-cı il tarixli 2328saylı torpaq sahəsinin kadastr planı, kotec tipli evlərin başplanının eskizi tərtibedilmiş, layihə Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 18/04-322 saylı məktubu ilə razılaşdırılmışdır. Lakin buna baxmayaraq, Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m (0,12 ha) torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X2 adına sənədləşdirilməsi qərara alınmış, xx.xx.2018-ci il tarixdə ona bu torpaq sahəsinin plan-ölçüsü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, daha sonra Arif Abdullayev həmin torpaq sahəsinin 0,06 hahissəsini xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satmış və sonuncu bu sahəyə dair xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin plan ölçüsünü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almış, Arif Abdullayevə isə xx.xx.2020-ci il tarixdə qalan 0,06 hatorpaq sahəsinə dair yeni çıxarış verilmişdir. Halbuki, bələdiyyənin bu torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti olmamışdır, çünki həmin vaxt (2005-ci ildə) torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmuşdur. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsa idi belə, onun xüsusi mülkiyyətə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmiş, mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə müvafiq bələdiyyə qərarı qəbul edilməmiş, yalnız sərəncam verilmiş, həmin sərəncam müvafiq nəzarət orqanına göndərilməmiş, tərəflər arasında müqavilə bağlanmamış və müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır. Ona görə də, Cavabdeh firması tərəfindən cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı (üçüncü şəxslər kimi X3 və İddiaçı cəlb edilməklə) “bələdiyyənin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-126/2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.6-cı maddəyə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəyə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Müvəqqəti təminat tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. İddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, müvəqqəti təminat tədbirləri həmin subyektiv hüququn real bərpası deməkdir. Məcəllənin 158.1-ci maddəsinə görə aşağıdakı müvəqqəti təminat tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Hazırki mübahisə predmetini Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi təşkil edir. İddiaçı torpaq sahəsinin ona məxsus olduğuna əsaslanaraq torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Bundan başqa Cavabdeh firması tərəfindən torpaq sahəsinə dair bələdiyyə sərəncamının ləğvi barədə Bakı İnzibati məhkəməsində iddia qaldırılmış, hazırki mülki iş üzrə icraat isə Cavabdeh Firmasının iddiasına Bakı İnzibati Məhkəməsi tərəfindən baxılıb yekun qərar qəbul edilənə qədər dayandırılmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsinə dair hər hansı hərəkətin edilməsi nəticəsində mövcud vəziyyətin dəyişilməsi, məhkəmənin gələcəkdə çıxarılan qətnaməsinin icrasına əhəmiyyətli dərəcədə çətinlik yarada biləcəyi nəzərə alınaraq müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(009)-900/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4829/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4829/2023
25.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver