Məhkəmə qərarları › İş №2(103)-4830/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4830/2022

10.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4830/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4830/2022 (Açar sözlər:”qeyri-yaşayış sahəsinin torpaq sahəsindən köçürülməsi”) Bakı şəhəri 10 noyabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2022 saylı 05 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı xx.xx.2014-cü il tarixli sərancamına əsasən: 1.İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 06 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu,Q.Qarayev prospekti,Ə.Hacıyev,T.Abbasov və A.Manafov küçələrinin kəsişməsindəki 2453-ci məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Koopera istifadəsinə verilmiş; 1.1.Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-nə həvalə edilmiş; 2.Sifarişçiyə tapşırılmışdır ki, 2.1.Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2.Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3.Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4.Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsiı Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5.Layihə təşkilatı, layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əwəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6.Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üç əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.7 Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.

3. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinə uyğun olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasım təmin etsin. 4.Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasındaməşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. 5.Yuxanda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. 6.Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 73-cü maddəsi ilə tənzimlənir.

2. Həmin Sərəncam üzrə tərtib olunmuş istifadəyə verilən torpaq sahəsinin Ayrıc aktından görünür ki,mübahisələndirilən qaraj iddiaçının istifadəsinə verilən torpaq sahəsinin hüdudları daxilindədir.

3. İddiaçı MTK tərəfindən Bakı Şəhər Nizami Rayon İcra hakimiyyətinə ünvanlanmış 20 aprel 2021-ci il tarixli,06 iyul 2021-ci il tarixli,26 iyul 2021-ci il tarixli,06 yanvar 2022-ci il tarixli və Nizami Rayon Bələdiyyəsinə ünvanlanmış 30 aprel 2021-ci il tarixli məktubların məzmunundan görünür ki,iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı xx.xx.2014-cü il tarixli sərancamın icrası ilə əlaqədar həmin ünvandakı Teymur və Nümayəndə1 verilmiş qarajlar üzrə müqavilələrin ləğv olunması və qarajların yerləşdiyi ərazilərin təmizlənərək İddiaçı MTK-nə verilməsi xahiş olunmuşdur.

4. 16 dekabr 2021-ci il tarixli AN seriyalı,0955223 nömrəli alqı-satqı müqaviləsindən görünür ki,X1 Bakı şəhəri,Nizami rayonu.T.Abbasov küçəsində yerləşən 8 saylı binanın önündəki sahəsi 18.kv.m olan qarajı 40000 Cavabdeh satmışdır.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş qeyri-yaşayış sahəsi olan qarajın texniki posportundan görünür ki xx.xx.2021-ci il tarixdən həmin qaraj Cavabdeh istifadəsindədir.

6. Əmlak Eksperty Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/M 11-184/22 saylı rəyindən görünür ki, İddiaçı MTK-nin sifarişi ilə həmin əmlak qiymətləndirilmiş və dəyəri 6000 manat müəyyən edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasına əsasən “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, YDQM №103-082/2022 saylı qiymətləndirmə rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş suallar üzrə müəyyən olunmuşdur ki: 1. ünvan 3 ünvanında 18 kv.m sahədən ibarət Cavabdeh məxsus qaraj mövcüddür, baxış zamanı qarajın faktiki olaraq 24 kv.m olduğu müəyyən edildi. 2. Qarajın bir hissəsi daş, bir hissəsi metal konstruksiyadan ibarətdir. Qarajın sol hissəsinin divarı ümumiyyətlə mövcud deyil, həmin hissədə divar rolunu qonşuluqda yerləşən qeyri-yaşayış binasının arxa divarı əvəzləyib. Belə ki, mülkiyyətçinin oğlu tərəfindən verilmiş məlumata əsasən qarjın sahəsinin genişləndirilməsi işləri aparılarkən divar ləğv edilərək, qonşuluqda yerləşən qeyriyaşayış binasına bitişdirilmişdir. Qarajın qiriş hissəsindən başlayaraq sol tərəfinin daşıyıcı rolunu yerə betonla bərkidilmiş dəmir dayaqlar həyata keçirir. Qarajda aparılan təmir-tikinti işləri tikinti normalarına zidd aparılıb, qarajın əsaslı təmir-tikinti işlərinin aparılmasına ehtiyac var. 3. Qarajın faktiki sahəsi nəzərə alınmaqla bazar dəyəri 7.150 AZN (yeddi min bir yüz əlli manat) təşkil edir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MTK-nın Cavabdeh qarşı qeyriyaşayış sahəsinin torpaq sahəsindən köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmədə işə baxılarkən iddaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı 15 Aprel 2014-cü il tarixli sərəncamı və həmin sərəncamda qismən dəyişiklik edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 76 saylı 26 Fevral 2016- cı il tarixli sərəncamına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, İ.Əliyev, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2451-ci məhəllənin torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. Sərəncamların icrası ilə əlaqədar iddiaçı tərəfindən həmin ünvanda yaşayan 104 mənzil üzrə sakinlərin qəzalı vəziyyətdə olan evlərindən köçrürülmələr, onlara yeni tikilən binalardan yeni mənzillərlə təmin olunmaları işlərini yekunlaşdırıb. Hazırda isə iddiaçı tərəfindən həmin ünvanda inşası tamam olan binaların həyətində yenidənqurma və tamamlama işlərini aparır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə iddiaçıya ayrılan torpaq sahəsində, yəni həmin ünvanda inşa olunan 1 saylı binanın yaxınlığında 3 ədəd qaraj olub. Həmin qarajlar müvəqqəti istifadə olunması üçün digər şəxslərə, o cümlədən cavabdehə verilib. İddiaçı həmin qarajların köçrülməsi ilə bağlı sakinlərə müraciət edib. Hüseynov Teymur və Abbasov Həbib adlı şəxslər qarajın köçrülməsinə, sökülməsinə razılıq verib və həmin qarajlar sökülərək köçrülüb. Cavabdehin atası Nümayəndə1 heç bir hüququ olmadığı halda MTK-dan qaraja görə ya 24 kv.m qeyri-yaşayış sahəsi,və ya 4 ədəd qaraj, ya da 40 000 manat pul tələb edib. İddiaçı 2021-ci ilin aprel ayından başlayaraq ona ayrılan torpaq sahəsində yerləşən və müvəqqəti istifadə edilməsi üçün sakinlərə verilən qarajların köçrülməsi ilə əlaqədar Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinə müraciətlər edib. Sonuncu dəfə isə iddiaçı 06 yanvar 2022-ci il tarixli 10 nömrəli məktubla Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinə müraciət edilərək mübahisəli qarajın köçrülməsi və onun yerləşdiyi ərazinin təmizlənərək İddiaçı MTK-ya təhvil verilməsinin təmin edilməsi xahiş edlib. Bundan sonra məlum olub ki, əslində həmin qaraj cavabdehə məxsus olmayıb, xx.xx.2021-ci il tarixli ******* AN-İ nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X1 tərəfindən guya 40 000 manata cavabdehə satılıb. Alqı-satqı müqaviləsində göstərilən məbləğ simvolik olaraq yazılıb. Əslində həmin qarajın heç 5 000 manat dəyəri yoxdur. Həmin əqd yalnız qarajın guya 40 000 manat dəyər təşkil etməsi və həmin pulun iddiaçıdan alınmasına cəhd üçün bağlanıb. Bundan sonra mübahisəli qaraj cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə bir il müddətinə sığortalanıb və cavabdehə bu barədə daşınmaz əmlakın icbari sığorta Şəhadətnaməsi verilib. Daha sonra xx.xx.2022-ci il tarixdə mübahisəli qaraj Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsində 04/1292 inventar nömrəsi ilə qaraj kimi qeydə alınıb və cavabdehə texnik pasport verilib. Nəticədə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı 15 Aprel 2014-cü il tarixli sərəncamı və həmin sərəncamda qismən dəyişiklik edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 76 saylı 26 Fevral 2016-cı il tarixli sərəncamın icrasını həyata keçirə bilmir. Yəni 2451 saylı məhəllə ünvanda inşası tamam olmuş binaların həyətində yenidənqurma və tamamlama işlərini apara bilmir. Bu isə İddiaçı MTK tərəfindən inşa edilmiş kompleksdəki payçıların haqlı etiraz və narazılığına səbəb olub. Mübahisəli qaraj və həmin ərazidəki digər qarajlar Nizami Bələdiyyəsinin qərarına əsasən sakinlərin adma sənədləşdirilib. Mübahisəli qaraj X2 adına sənədləşdirilib. Bələdiyyə qərarlarında göstərilib ki, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin tələbi ilə azad edilməlidir.Qeyd olunanları nəzərə alıb xahiş edir ki, ünvan 4 ünvanda yerləşən cavabdehə Cavabdeh məxsus 18 kv.m sahəsi olan qeyri-yaşayış binası qarajın 6000 manat dəyəri cavabdehə ödənilməklə həmin qarajın sökülməsi barədə qətnamə çıxarılsın.

11. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməmiş və izahat verərək göstərdi ki, sözügedən qaraja dair dövlət qeydiyyatı idarəsindən onlara texniki pasport verilib. Həmin texniki pasportun surətini məhkəməyə təqdim etmişdir. Mülkiyyətlərində olan əmlakı 6000 manat dəyərində qiyəmətləndirməkləri onların mülkiyyət hüquqlarını pozur. Qarajın dəyəri 2 otaqlı mənzilinin dəyərinə bərabərdir, buna görə də, 40000 manat tələb etmişlər.Hesab edir ki,iddia tamailə əsassızdır. Vətəndaşın mülkiyyət hüquqlarını toxunulmazdır və qanunla qorunur. Onlar da qanunun aliliyinə sığınıb məhkəməyə gəlmişlər. Odur ki, qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(007)- 1017/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı MTK tərəfindən 6000 manat verilməklə ünvan 3 ünvanda yerləşən Cavabdeh məxsus 18 kv.m sahəsi olan qarajın sökülməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 164 saylı sərəncamına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, İ.Əliyev, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2451-ci məhəllənin torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. Sərəncamın icrası ilə əlaqədar iddiaçı Bakı şəhəri,Nizami rayonu.T.Abbasov küçəsində yüksək mərtəbəli yaşayış binası inşa etmişdir.Lakin 8 saylı binanın önündə cavabdehə məxsus 18 kv.m.qeyri-yaşayış sahəsi olan qaraj tikilmiş yaşayış banasının ətrafını abadlaşdırmağa imkan vermir.İddiaçı cavabdehə həmin qarajaın sökülməsi müqabilində dəyəri ekspert rəyi ilə müəyyən olunan 6000 manat təklif edir.Lakin cavabdeh qarajı sökməkdən imtina edir iddiaçıdan 40000 manat tələb etmişdir.

14. Yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir.Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin özünə məxsus olan qaraja görə dəyrindən dəfələrlə artıq pul tələb etməsi cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin əmlaka görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur.

15. Hazırkı halda müəyyən edilmişdir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdeh iddiaçı öz hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir.Ona görə də cavabdehin hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır.

16. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış, tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Ona görə də iddia təmin olunmalıdır.

17. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab etmişdir.

18. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh İddiaçı MTK tərəfindən 6000 manat verilməklə ünvan 5 ünvanda yerləşən Cavabdeh məxsus 18 kv.m sahəsi olan qaraj sökülməlidir.

19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13-cü maddəsinin İİİ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 43-cü maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, 5.3-cü maddəsinə, 16.1-ci maddəsinə, 152.6-cı maddəsinə, 560.1-ci maddəsinə, 560.2-ci maddəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndinə, “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndinə, həmin Qərarın 65-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

20. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni və əsaslı olmadığından ləğv edilməlidir, əks halda bu qətnamənin qanuni qüvvə alması onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olacaqdır. Qeyd edir ki, birinci instansiya məhkəməsi işə düzgün hüquqi qiymət verməmişdir, iddiaçının iddia ərizəsində qeyd etdiyi rəqəmləri əsas götürməklə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən əsasız olaraq müvafiq maddəyə istinad edilmiştir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Mövcud halda tərəflərindən başqalarına zərər vurulması üçün istifadə edilməmişdir. Konstitusiya tərəfindən onlara verilmiş hüquqları həyata keçirilmişdir. Məhkəmə qətnamə çıxararkən qət etdi hissəsində İddiaçı MTK-nın sifarişi ilə həmin əmlak qiymətləndirilmiş 6000 manat müəyyən edilməsinə istinad etmişdir. Həmin qiymətləndirmənin qərəzli olması SİFARİŞçinin istəyinə uyğun qiymətləndirməsi aşkardı. Buna baxmayaraq məhkmə yalnız həmin qərəzli sübuta əsaslanmışdır. Tərəflərindən məhkəməyə təqdim olunmuş rəsmi notarial təsdiq olunmuş 16 dekabr 2021-ci il tarixli AN seriyalı,0955223 nömrəli alqı-satqı müqaviləsində göstərilmiş qiymətə münasibət bildirməmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

27. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə+ müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

40. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır.

41. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı xx.xx.2014-cü il tarixli sərancamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 06 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu,Q.Qarayev prospekti,Ə.Hacıyev,T.Abbasov və A.Manafov küçələrinin kəsişməsindəki 2453-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Koopera istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-ya həvalə edilmişdir.

42. İddiaçı qeyd olunanları nəzərə alıb ünvan 4 ünvanda yerləşən Cavabdeh məxsus 18 kv.m sahəsi olan qarajın 6000 manat dəyəri cavabdehə ödənilməklə həmin qarajın sökülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

43. Cavabdeh Nümayəndə1 isə iddianı qəbul etməmiş və göstərmişdir ki, sözügedən qaraja dair dövlət qeydiyyatı idarəsindən onlara texniki pasport verilib. Həmin texniki pasportun surətini məhkəməyə təqdim etmişdir. Mülkiyyətlərində olan əmlakı 6000 manat dəyərində qiyəmətləndirməkləri onların mülkiyyət hüquqlarını pozur. Qarajın dəyəri 2 otaqlı mənzilinin dəyərinə bərabərdir, buna görə də, 40000 manat tələb etmişlər.Hesab edir ki,iddia tamailə əsassızdır. Vətəndaşın mülkiyyət hüquqlarını toxunulmazdır və qanunla qorunur. Onlar da qanunun aliliyinə sığınıb məhkəməyə gəlmişlər. Odur ki, qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasına əsasən “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, YDQM №103-082/2022 saylı qiymətləndirmə rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş suallar üzrə müəyyən olunmuşdur ki: 1. ünvan 3 ünvanında 18 kv.m sahədən ibarət Cavabdeh məxsus qaraj mövcüddür, baxış zamanı qarajın faktiki olaraq 24 kv.m olduğu müəyyən edildi. 2. Qarajın bir hissəsi daş, bir hissəsi metal konstruksiyadan ibarətdir. Qarajın sol hissəsinin divarı ümumiyyətlə mövcud deyil, həmin hissədə divar rolunu qonşuluqda yerləşən qeyri-yaşayış binasının arxa divarı əvəzləyib. Belə ki, mülkiyyətçinin oğlu tərəfindən verilmiş məlumata əsasən qarjın sahəsinin genişləndirilməsi işləri aparılarkən divar ləğv edilərək, qonşuluqda yerləşən qeyri-yaşayış binasına bitişdirilmişdir. Qarajın qiriş hissəsindən başlayaraq sol tərəfinin daşıyıcı rolunu yerə betonla bərkidilmiş dəmir dayaqlar həyata keçirir. Qarajda aparılan təmir-tikinti işləri tikinti normalarına zidd aparılıb, qarajın əsaslı təmir-tikinti işlərinin aparılmasına ehtiyac var. 3. Qarajın faktiki sahəsi nəzərə alınmaqla bazar dəyəri 7.150 AZN (yeddi min bir yüz əlli manat) təşkil edir. 45.Beləliklə, müəyyən edilmişdir ki, sökülməsi tələb olunan qarajın həm sahəsi, həm də qiyməti düzgün qiymətləndirilməmişdir.Belə ki, birinci instansiya məhkəməsi qarajın sahəsini 18.kv.metr, dəyərini isə 6000,0 manat müəyyən edərək iddianın təmin olunması qənaətinə gəlmişdir.

46. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı xx.xx.2014-cü il tarixli sərancamına əsasən .İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 06 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu,Q.Qarayev prospekti,Ə.Hacıyev,T.Abbasov və A.Manafov küçələrinin kəsişməsindəki 2453-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Koopera istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-ya həvalə edilmişdir.

47. Müəyyən olunmuşdur ki, iddiaçı ədalətli kompensasiya təklif etməməklə, cavabdehlə razılıq da əldə olunmamışdır. 48.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbi rədd olunmalıdır. 49.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(007)- 1017/2022 saylı qətnaməsi ləğv olunsun. İddia tələbi rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar