Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4836/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixli T2903-23 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddətində əmək haqqının hər ay 4500 manat olmaqla, 27000 manat, eyni zamanda iş vaxtından artıq işlərə cəlb edilməsinə görə əmək haqqının qalan hissəsinin ikiqat-39240 manat olmaqla, ümumilikdə 66240 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o-İddiaçı xx.xx.2017-ci il tarixdən “Azərbaycan Supermarket" MMC ilə əmək müqaviləsi bağlayaraq “Azərbaycan Supermarket" MMC-də rəis müavini vəzifəsində işləmiş, xx.xx.2018-ci ildən isə menecer kimi fəaliyyətinə davam etmişdir. Belə ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək haqqısı 4000 manat, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək 4100 manat, xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilənədək 4500 azn təşkil etmişdir. Aralarında bağlanmış əmək müqaviləsinə əsasən iş saatı həftədə 40 saat təşkil elmiş, buna baxmayaraq həftədə 40 saat yerinə son 2 il ərzində- 2021-ci ilin oktyabrından 2023-cü ilin oktyabrınadək həftə ərzində 48 saat işləmişdir. Həftə ərzində 8 saat, aylıq isə 32 saat işinə görə Şirkət tərəfindən onun əmək haqqısına hər hansı əlavə ödəniş edilməmişdir. xx.xx.2023-cü il tarixdə işçi sayının ixtisarı ilə bağlı ona xəbərdarlıq edilmiş, bununla belə əmək müqaviləsinə də qanunsuz olaraq xitam verilmiş, sonradan başqa bir vətəndaş qeyd edilən vəzifəyə işə qəbul edilmişdir. Onun 6 aylıq əmək haqqısı 4500x6=27000 manat təşkil edir. Pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından o, qanunvericiliyin tələblərinə görə ilk öncə "8 saylı Mediasiya Təşkilatına” xx.xx.2023-cü il tarixli T2903-23 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqısının hesablanması, eyni zamanda iş vaxtından artıq işlərə cəlb edildiyinə görə əmək haqqısının qalan hissəsinin ödənilməsi ilə bağlı müraciət etmişdir. Nəticədə '‘ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirə bilməməsi” barədə xx.xx.2024cü il tarixli arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir.
3. Nizami Rayon Məhkəməsinin 2(007)-1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Starə Əliyeva) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən isə, əmrin alındığı, son haqq-hesab sənədlərinin verildiyi gün işçinin hüququnun pozulmasının aşkar edildiyi gün hesab edilir. İddiaçı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini üzrlü səbəblərdən buraxmış, bu hal birinci instansiya məhkəməsinə bildirilmişdir. Belə ki, iddiaçının iddia müddətini ötürməsinin səbəbi iki dəfə mediasiyaya müraciət etməsi olmuşdur. İlk öncə işə bərpa tələbi ilə mediasiya təşkilatına müraciət etmiş, daha sonra əmək haqqı tələbi ilə də bağlı məhkəmədə iddia qaldırmaq qərarına gəldiyindən iki dəfə mediasiya təşkilatına müraciət etmişdir. Qanunvcericiliyin tələbinə əsasən mediasiya qanunvericiliyinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbini əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə əlaqədar olduğundan, iddiaçının pozulmuş hesab etdiyi mübahisənin həlli üçün isə qanunvericilikdə 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, iddiaçının tələbi əsaslı olsa da, işə bərpa edilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir. Birinci intansiya məhkəməsi iddianı həmin hissədə əsaslı hesab etsə də, iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə təqdim edilmədiyi əsası ilə iddianı rədd etmişdir. Bunun üçün ərizənin təqdim edilməsi zəruriliyi barədə məlumatı olmamış və məhkəmə iclasında ona məlumat verilməmişdir, bununla belə məhkəmə iclasında 1 ay ərzində müraciət edə bilməməyinin səbəblərini məhkəməyə izah etmişdir. İddiaçı iş vaxtının həftə içi 5 (beş) gün olmasına baxmayaraq işəgötürənin göstərişi əsasında şənbə günləri də işləmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC tərəfindən iş vaxtından artıq işlərə cəlb edilməsini qeyd etməsinə baxmayaraq məhkəməyə iş vaxtından artıq işə cəlb edilməsini, hansı müddətə iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki məhkəmə iclasında onunla eyni zamanda çalışmış şahidlər izahat vermiş, eyni zamanda məhkəməyə qarşılıqlı razılıq əsasında işəgötürən tərəfindən tərtib edilmiş cədvəl və belə cədvəl üzrə müəyyən edilmiş iş vaxtından artıq işlədiyini təsdiq edən hər hansı bir sübut təqdim etməsə də, cavabdeh təşkilatın onlardan tələb etdiyi və onların elektron poçt ünvanlarına göndərilən özlərinin tərtib etdikləri cədvəli isə sübut qismində qəbul etməmişdir. Belə ki, cavabdeh təşkilat onlardan həmin sənədi tələb edirdi. Məlum məsələdir ki, özləri iş vaxtından artıq işlərə görə razılaşdırılmış sənəd tərtib edib onlara təqdim etməyəcəklərdi. Həm də ki, şahidlər məhkəmədə ifadə verərək həqiqətən də iş vaxtından artıq işlərə cəlb edildiklərini təsdiq etmişdir, nəinki onun qədər yüzlərlə, bəlkə də minlərlə əməkdaşın haqqı ödənilmədən iş vaxtından artıq işlərə cəlb edilmişlər. Həmin müəssisədə işdən azad edilmək qorxusu ilə haqqlarını tələb edə bilməmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid ifadələrinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda iddiaçı şənbə gününün onun növbəli iş cədvəli üzrə iş günü olmamasını sübut edə bilmədiyi üçün həmin ifadələrdə şahidlərin iddiaçının şənbə günü işləməsini təsdiq etdikləri halda belə iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsini müəyyən etmək üçün sübut qismində qəbul edilə bilməz. Hazırkı halda ilk növbədə şənbə gününün iş günü olmaması sübut edilməli idi. Bununla belə birinci instansiya məhkəməsi nəzərə alamamışdır ki, bağlanmış müqavilədə həftəlik 40 saat iş saatı müəyyən edilmişdir, 48 saat yox. Tələb isə hər həftə əlavə olaraq işlədikləri 8 saat iş vaxtından artıq olan haqqı ödənilməyən zamanla bağlı idi. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
7. 7254479 saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2017-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında market menecerin köməkçisi vəzifəsinə qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
8. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00459 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İMS üçün ərizə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Mübahisə predmeti iş vaxtından artıq işlərə cəlb edilməyə görə əmək haqqının ödənilməsi və işə bərpa olmuşdur.
9. xx.xx.2023-cü il tarixli “mediasiya prosesinin tətbiq edilməsi barədə” təklifdən görünür ki, iddiaçı cavabdeh tərəfə mediasiya prosesində iştirakla bağlı təklif göndərmişdir.
10. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02301 nömrəli “ilkin mediasiya sessiyası barədə” bildirişdən görünür ki, iddiaçı cavabdehə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün İMS-də iştiraka dəvət üçün göndərilmişdir. Mübahisə predmeti işə bərpa olmuşdur.
11. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02301 nömrəli “ilkin mediasiyadan sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa əsasən “Mediasiya haqqında” AR qanunun 29.3-cü maddəsinə əsasən mediasiya prosesinə xitam verilmişdir. Mübahisə predmeti işə bərpa olmuşdur.
12. 05 oktyabr 2023-cü il tarixli “işçi sayının ixtisarı ilə bağlı xəbərdarlıq” məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçı cəmiyyətin strukturunun optimalaşdırılması, əmək hasilatının yüksəldilməsi və kadr potensialının səmərəliliyinin artırılması məqsədilə Cəmiyyətdə əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada "Ərazi marketləri üzrə menecer" vəzifəsi üzrə çalışan işçilərin sayının ixtisar edilməsinin qərara alınması və əmək stajının beş ildən on ilədək olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən xəbərdarlıq məktubunun alınması (tanış olunması) vaxtından etibarən altı təqvim həftəsi qabaqcadan çalışdığı "Ərazi marketləri üzrə menecer" vəzifəsinin xx.xx.2023-cü il tarixli, 045-23/K №-li əmrə əsasən ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilmişdir.
13. “Əmək normalarının təkmilləşdirilməsi, işçilər arasında iş bölgüsünün optimallaşdırılması, əmək hasilatının artırılması və istehsalın daha səmərəli üsüllarla idarə edilməsi ilə əlaqədar işçilərin xəbərdar edilməsi barədə” 045-23/K nömrəli, 05 oktyabr 2023-cü il tarixli əmrdən görünür ki, əmək normalarının təkmilləşdirilməsi, işçilər arasında iş bölgüsünün optimallaşdırılması, əmək hasilatının artırılması və istehsalın daha səmərəli üsüllarla idarə edilməsi ilə əlaqədar olaraq şirkətdə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi qərara alınmış və pərəkəndə satışın idarə edilməsi şöbəsi- 1 ştat vahidi ərazi marketləri üzrə menecer vəzifəsinin ixtisar edilməsi əmr edilmişdir.
14. İddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı 05 oktyabr 2023-cü il tarixli 045-23/K nömrəli vəzfəsinin ixtisar edilməsi ilə bağlı xəbərdarlıq məktubuna cavab olaraq bildirmişdir ki, 6 həftəlik xəbərdarlıq müddəti əvəzinə müddətin 1 gün ötmüş hissəsi nəzərə alınmaqla ödənişi almağa razıdır və heç bir etirazı yoxdur.
15. T2903-23 nömrəli 06 oktyabr 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçıya AR 3vbnmçÇĞŞ,,Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən xitam verilməklə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdən çıxarma müavinətinin ödənilməsi qərara alınmışdır.
16. İddiaçı tərəfindən iş qrafikləri ilə əlaqədar cədvəl əlavə edilmişdir.
17. AS0936 saylı əmək müqaviləsinə əlavədən görünür ki, İddiaçı ilə Cavabdeh MMC bağlanmış 12 iyun 2017-ci il tarixli əmək müqaviləsinə edilmiş dəyişikliklərlə bağlı tərəflər razılığa gələrək işçi “Ərazi marketləri üzrə menecer” vəzifəsinə qəbul edilir, işçinin əmək haqqısı 4500 manat abərabər olur.
18. Əlavə №1 dən görünür ki, ərazi marketləri üzrə menecerin vəzifə öhdəlikləri xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən imzalanmışdır.
19. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 12 iyun 2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə 12 ay müddətinə əmək müqaviləsi bağlanılmaqla market menecerinin köməkçisi vəzifəsinə işə qəbul edilmiş və əmək haqqısı 1179 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən işçi bu müqaviləyə 1 saylı Əlavə kimi qoşulmuş X1 öz əksini tapmış funksiyaları yerinə yetirməlidir. Həmin müqavilənin 4.8-ci bəndinə əsasən, iş vaxtından artıq vaxtda və iş günü hesab edilməyən bayram və istirahət günləri görülən iş yalnız işəgötürən tərəfindən yazılı surətdə müvafiq işlərin görülməsinə dair qabaqcadan xahiş edilməsi halında tanınacaq və kompensasiya olunmaqla bağlı razılığa gəlmişlər.
20. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə 2023-cü ilin iyul ayı ilə 2024-cü ilin fevral ayınadək olan müddətdə (əksər hissəsi dekabr ayında) 12 icarəyə götürülmüş obyektə dair bağlanılmış icarə müqavilələrinə xitam verilməsi ilə əlaqədar xitam razılaşmaları təqdim olunmuşdur.
21. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə müxtəlif tarixlərdə ştat vahidlərinin ixtisar edilməsi ilə əlaqədar əmrlər təqdim edilmişdir.
22. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə “marja.az” xəbər saytından çıxarışı təqdim etmişdir.
23. 15 sentyabr 2023-cü il tarixli 39.1-23/K nömrəli əmrdən görünür ki, İddiaçı Gənclik Mall mağazası, 28 Mall mağazası, 8 Noyabr pr-da yerləşən mağaza, “Azure Biznes” mərkəzində yerləşən mağaza, Mirəsədulla, Mirqasımov küçəsində yerləşən mağaza, Salatın Əsgərov küçəsində yerləşən mağaza, Qış Parkında yerləşən mağazanın fəaliyyətinin təşkili həvalə edilmişdir.
24. xx.xx.2023-cü il tarixli 044/2-23/K nömrəli əmrdən görünür ki, İddiaçı cavabdeh olduğu mağazalar X5 və X3 həvalə edilmişdir.
25. 12 yanvar 2024-cü il tarixli, 001.1/2-24/S nömrəli əmrdən görünr ki, X2 Gənclik Mall mağazası, 28 Mall mağazası, 8 Noyabr pr-da yerləşən mağaza, “Azure Biznes” mərkəzində yerləşən mağaza, Mirəsədulla, Mirqasımov küçəsində yerləşən mağaza, Salatın Əsgərov küçəsində yerləşən mağaza, Qış Parkında yerləşən mağazanın fəaliyyətinin təşkili həvalə edilmişdir.
26. 03.11.2023-cü il tarixli əmrlərdən görünür ki, X7 və X6 müvafiq mağazalar üzrə fəaliyyətin təşkili həvalə edilmişdir.
27. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmrlərin suərtləri əlavə edilmişdir.
28. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “b” bəndi ilə xitam verilməsi barədə qeyd sistemə xx.xx.2023-cü il tarixində əlavə edilmişdir.
29. Cavabdehin nümayəndəsi tərəfindən Ali Məhkəmənin xx.xx.2022 ci il tarixli, 2(102)-1376/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(102)-1973/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(102)-2035/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(102)-538/2022 saylı, qərarları əlavə edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
30. 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
31. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
32. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
33. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
34. 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
35. 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;
36. 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
37. 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
38. 71.1. işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
39. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
40. 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75 ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
41. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda– azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda– azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda– azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda– azı doqquz təqvim həftəsi.
42. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
43. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
44. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
45. 78.1. müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
46. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
47. 84.3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
48. 99. 1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
49. 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
50. 300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
51. 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
52. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
53. 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
54. 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
55. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
56. 4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2 ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.
57. 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
58. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
59. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.
60. 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi:
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
64. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
65. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
66. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
67. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
68. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
69. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
70. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
71. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
72. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
73. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
74. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
75. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh MMC-də müxtəlif vəzifələrdə işləmişdir və əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
76. Rayon Məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, T2903-23 saylı əmr əsassız olmuşdur.
77. Lakin işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.
78. İddiaçı tərəfindən də apellyasiya şikayətində mübahisələndirilən məsələ iddia müddəti ilə bağlı olmuşdur və apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini üzrlü səbəblərdən buraxmış, bu hal birinci instansiya məhkəməsinə bildirilmişdir. Belə ki, iddiaçının iddia müddətini ötürməsinin səbəbi iki dəfə mediasiyaya müraciət etməsi olmuşdur. Həmçinin iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizənin təqdim edilməsi zəruriliyi barədə məlumatı olmamış və məhkəmə iclasında ona məlumat verilməmişdir, bununla belə məhkəmə iclasında 1 ay ərzində müraciət edə bilməməyinin səbəblərini məhkəməyə izah etmişdir.
79. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
80. İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə əmrdən məlumatlı olması həm işdə olan materiallar, həm də iddiaçının özünün etirafı ilə təsdiq olunur.
81. Göründüyü kimi, iddiaçı 06 oktyabr 2023-cü il tarixdən etibarən "xxxx" MMCdən işdən çıxdığını bilmiş və onun məhkəməyə müraciət etmək üçün iddia müddətinin axımı həmin gündən başlamışdır.
82. Mülki iş materiallarından görünür ki, iddiaçının ilk müraciəti zamanı mübahisə predmeti işə bərpa olmuş və həmin müraciət zamanı xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası barədə bildiriş göndərilmiş və İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixdən başlamış iddia müddətin axımı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır.
83. İddiaçının mediasiyaya ikinci müraciəti zamanı mübahisə predmeti işə bərpa və iş vaxtından artıq işlərə görə əmək haqqı tələbi olmuş və həmin müraciəti zamanı xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası barədə bildiriş göndərilmiş və İlkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
84. Bundan başqa iddiaçı bildirir ki, iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizənin təqdim edilməsi zəruriliyi barədə məlumatı olmamış və məhkəmə iclasında ona məlumat verilməmişdir, bununla belə məhkəmə iclasında 1 ay ərzində müraciət edə bilməməyinin səbəblərini məhkəməyə izah etmişdir.
85. Göründüyü kimi, iddiaçının işdən çıxarılması qanunsuz olsa da, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmiş, müddətin ötürülməsini qəbul etsə də, müddətin bərpa edilməsi ilə bağlı rayon məhkəməsinə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin ötürülməsi barədə ərizəni əsaslı olaraq qəbul etmişdir.
86. İddiaçı apellyasiya şikayətində həmçinin iddia tələbinin təmin edilməyən “iş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi” hissəsini də mübahisələndirmişdir.
87. Halbuki İddiaçı Cavabdeh MMC tərəfindən iş vaxtından artıq işlərə cəlb edilməsini qeyd etməsinə baxmayaraq məhkəməyə iş vaxtından artıq işə cəlb edilməsini, hansı müddətə iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
88. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin iş və istirahət vaxtını tənzimləyən 4.7-ci bəndində nəzərdə tutulmuşdur ki, iş şöbənin tərtib etdiyi və işçi ilə razılaşdırdığı növbəli iş cədvəli üzrə yerinə yetirilir. İşçinin iş qrafiki aparılan əməliyyatların tələbatına müvafiq olaraq dəyişə bilər. Müqavilənin 4.8-ci bəndində nəzərdə tutulmuşdur ki, aidiyyatı qanunvericiliklə müəyyən olunmuş müstəsna hallarda, işəgötürən işçidən yazılı surətdə iş günü müddəti bitdikdən sonra (iş vaxtından artıq iş) və iş günü hesab edilməyən bayram və istirahət günləri zamanı işləməyi xahiş edə bilər. İş vaxtından artıq vaxtda və iş günü hesab edilməyən bayram və istirahət günləri görülən iş yalnız işəgötürən tərəfindən yazılı surətdə müvafiq işlərin görülməsinə dair qabaqcadan xahiş edilməsi halında tanınacaq və kompensasiya olunacaq.
89. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi müqavilədə iddiaçının iş vaxtı iddiaçının qeyd etdiyi kimi həftədə 40 saat, həftə içi beş gün olaraq müəyyən edilməmişdir.
90. Göründüyü kimi işçinin iş vaxtı olaraq işçi ilə razılaşdırılan və işəgötürən tərəfindən tərtib edilən növbəli iş cədvəli üzrə işlərin yerinə yetirilməsi müəyyən edilmişdir.
91. İddiaçı isə məhkəməyə qarşılıqlı razılıq əsasında işəgötürən tərəfindən tərtib edilmiş cədvəl və belə cədvəl üzrə müəyyən edilmiş iş vaxtından artıq işlədiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir.
92. Bununla yanaşı şahid ifadələrinə münasibətdə rayon məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki halda iddiaçı şənbə gününün onun növbəli iş cədvəli üzrə iş günü olmamasını sübut edə bilmədiyi üçün həmin ifadələrdə şahidlərin iddiaçının şənbə günü işləməsini təsdiq etdikləri halda belə iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsini müəyyən etmək üçün sübut kimi qəbul edilə bilməz. Hazırkı halda ilk növbədə şənbə gününün iş günü olmaması sübut edilməli idi. Lakin iş materialları, şahid ifadələrinə əsasən cavabdeh tərəfindən iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsini müəyyən etmək mümkün olmamışdır.
93. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir.
94. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
95. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi və iddia tələbinin rədd edilməsi barədə düzgün nəticə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğunundan təmin edilməməlidir. Nəticə:
96. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
97. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1590/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.