Məhkəmə qərarları › İş №2(103)-4842/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4842/2023

27.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4842/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər X12 və Maraqlı şəxs2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri 42 saylı Notariat ofisi və Maraqlı şəxs2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1766/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.1988-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X8 xx.xx.1988-ci ildə 1130 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada Süleymanova soyadı verilmişdir.

2. xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

3. AZ seriyalı 503336, 190691 nömrəli, 385317 nömrəli doğum haqqında şəhadətnamələrə əsasən, X10 xx.xx.1963-cü ildə Tovuz şəhərində, X8 xx.xx.1962-ci ildə Tovuz şəhərində, X11 xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşlar. X1, anaları X14r.

4. Yasamal rayonu 22 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, X18 Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 9 nömrəli evin 53 nömrəli mənzilində xx.xx.2007-ci ildən xx.xx.2015-ci ilədək mərhum həyat yoldaşı X17 ilə birlikdə, həmin tarixdən xx.xx.2020-ci ilədək (ölənədək) qeydiyyatda olmuşdur.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 3130/2022 nömrəli qətnaməsi ilə ərizəçi Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-312/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə təmin edilmişdir. Ərizəçi Maraqlı şəxs2 mərhum anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində olan fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Bakı şəhəri 42 saylı Notariat ofisi və Maraqlı şəxs2 qarşı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək onun xx.xx.2020-ci ildə vəfat etmiş anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi anası X18 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakı Ərizəçi və digər vərəslər, X24 və bacısı Maraqlı şəxs2 faktiki idarəçiliyə qəbul etmişlər, anaları vəfat etdikdən sonra onun dəfn və yas mərasimlərini keçirmiş, ehsan vermişlər. Ərizəçi tez-tez valideynlərinin qəbrini ziyarət edir, miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə baş çəkmişdir. Ərizəçi mirası faktiki qəbul etsə də, mirasın adına sənədləşdirilməsi üçün müəyyən edilmiş vaxt ərzində notariusa ərizə verməmişdir. X24 vaxtında notariat ofisinə ərizə vermişdir. Bacısı Maraqlı şəxs2 mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 mərhum anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə ilə məhkəmə müəyyən etmişdir ki, şahid ifadələri ilə təsdiq edilir ki, ərizəçi Maraqlı şəxs2, eləcə də digər vərəsələr Ərizəçi və X10 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31,1 kv.metr sahəsi olan fərdi yaşayış evinə mərhumun vəfatından sonra gəlib-getmişlər, yas mərasimlərində iştirak etmişlər. Həmin halın mövcudluğu isə ərizəçinin miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etmiş və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən ərizəçinin dəlilləri əsaslı olmuşdur və miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir. Yəni məhkəmə Maraqlı şəxs2 faktiki olaraq mirasın qəbul edilməsini müəyyən edərək, Ərizəçi faktiki olaraq mirasın qəbul edilməsini təsdiq etmişdir. Çünki, qətnamə ilə müəyyən olunur ki, Ərizəçi da xx.xx.2020-ci il tarixdə vəfat etmiş X9 mülkiyyətində olan Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evinə mərhumun vəfatından sonra gəlib-getmiş, yas mərasimlərində iştirak etmişdir. Həmin halın mövcudluğu Ərizəçi da miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etdiyini və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirdiyini təsdiq edir. Buna baxmayaraq, Ərizəçi Bakı şəhəri 42 saylı Notariat Ofisinə mirasın qəbul edilməsi və miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri 42 saylı Notariat Ofisi 18 fevral 2023-cü il tarixli 34 saylı məktubla cavab vermişdir ki, Ərizəçi təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, miras Ərizəçi tərəfindən istər qanunla müəyyən edilmiş müddətdə, istərsə də qanunda nəzərdə tutulmuş qaydada faktiki olaraq qəbul edilməmişdir. Bu səbəbdən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Buna görə, Ərizəçi mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(004)-1766/2023 nömrəli qətnaməsi ilə (hakim X25) ərizə təmin edilmiş, Ərizəçi xx.xx.2020-ci ildə vəfat etmiş anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilmiş, bu qətnamənin miras əmlaka dair Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas olması qət edilmişdir.

9. Məhkəmə ərizəni təmin edərkən ona istinad etmişdir ki, Ərizəçi digər vərəsələr olan X24 və bacısı Maraqlı şəxs2 ilə birlikdə mərhum anaları X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarət mirası əmlakı faktiki idarəçiliyə qəbul etməsi faktı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, digər vərəsələr Firdovsi Tağıyevin ifadəsi və Maraqlı şəxs2 izahatı, təqdim edilmiş xx.xx.2023-cü il tarixli akt və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. Ərizəçi qanunla müəyyən edilmiş müddət keçdikdən sonra mirası qəbul etmək üçün notariusa ərizə verdiyinə görə, Bakı şəhəri 42 saylı Notariat Ofisinin notariusu Tufan Məmmədov 18 fevral 2023-cü il tarixli 34 saylı məktubla Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi miras əmlakı faktiki qəbul etmişdir, üzürlü səbəblərdən miras əmlakı öz adına sənədləşdirmək üçün qanunla müəyyən edilmiş müddət ərzində notariusa ərizə ilə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1159.1.1-ci, 1243.2-ci, 1246-cı, 1248.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 305.1-ci, 307-ci, 308-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Maraqlı şəxs2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onu maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb etsə də, qardaşı Firdovsini maraqlı şəxs qismində deyil, şahid kimi prosesə cəlb etmişdir. Bir halda ki, bu iddia qardaşı Firdovsinin də bir vərəsə kimi maraqlarına toxunur və təbii ki, MPM-nin 57-ci maddəsinə görə qardaşı Firdovsi də onun kimi maraqlı şəxs qismində bu prosesə cəlb edilməli idi. Lakin məhkəmə tərəfindən işin bu hallarına düzgün hüquqi qiymət verilməmiş və bununla da ciddi pozuntularla qətnamə qəbul edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən Ərizəçi bu miras əmlakı qanunla vərəsəliyin qəbul edilməsi müddətində, yəni mirasqoyanın vəfatından 6 ay ərzində qəbul edilib-edilməməsi faktı məhkəmə tərəfindən araşdırılmamış və ümumiyyətlə bu məsələyə, yəni vərəsəliyin 6 ay müddətində qəbul edilməsi məsələsinə aydınlıq gətirilməmişdir. Ərizəçi da həmin 6 aylıq müddət ərzində mərhum anasından miras qalmış fərdi yaşayış evini faktiki olaraq qəbul etməmişdir. İşin hallarında da bunu təsdiq edən heç bir sübut yoxdur. Ərizəçi yalnız xx.xx.2023-cü il tarixdə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində X20, X26 və Mətanətin özü tərəfindən tərtib edilmiş akta istinad edir. Lakin həmin aktda adı göstərilən şəxslər maraqlı tərəf olduğu üçün onların ifadəsi sübut kimi qəbul oluna bilməz. Mərhum anası X18 vəfat edənə qədər son 5 ili onun yanında yaşamışdır. Bir övlad kimi ona qulluq etmiş və bütün maddi və mənəvi tələbatlarını da ödəmişdir. Yəni onun digər vərəsələrdən bu evə dair daha çox hüququ çatır. Amma məhkəmə tərəfindən işə baxılarkən bunlar nəzərə alınmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarına əsasən, xüsusi icraat işləri ilə əlaqədar hüquqi faktın müəyyən edilməsinə görə mübahisə olduqda, həmin işlərə iddia icraatı qaydasında baxılır. Hazırkı vəziyyətdə vərəsələr arasında mübahisə olduğundan bu ərizəyə yalnız iddia icraatı qaydasında baxıla bilərdi. Lakin məhkəmə tərəfindən qanunun bu normasına əməl olunmamış mülki prossesual qanunvericiliyin tələblərini də pozmaqla qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında maraqlı şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Özünə dair mirasın qəbulu faktının müəyyən edilməsi faktına dair qüvvədə olan məhkəmə qətnaməsində ifadə verən şahidlərin ifadələrinin düzgün olduğunu, lakin ərizəçinin mirası qəbul etmədiyini bildirdi.

15. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda ərizəçinin nümayəndəsi və vəkili bildirdi ki, hazırda qanuni qüvvədə olan digər qətnamə ilə Maraqlı şəxs2 miras əmlakı qəbul etmə faktı müəyyən edilmiş, həmin məhkəmə qətnaməsindən də göründüyü kimi, orada da şahidlər hər 3 övladının gəlib-getməsini, analarının ölümündən sonra da hər 3 övladının orada olduğunu, ehsan verdiklərini, hətta bir həftə öncə də Mətanət xanımın orada olduğunu qeyd etmişlər. Məlahətə münasibətdə bu hüququnun tanınması mövcud olduğu halda eyni hüquqa malik digər şəxsin bu hüququnun müəyyən edilməməsi əsassız olar.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə digər maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 305.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinə dair hüquqi faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, irəli sürülmüş “mirasın qəbul edilməsi faktının müəyyən olunması” məsələsinə xüsusi icraat qaydasında baxılır. Lakin miras əmlaka dair hazırki əvvəllərdə hazırki iş üzrə maraqlı şəxs olan Məlahət Süleymanova tərəflərin anasından miras qalmış əmlakla bağlı mirasın fakti qəbulu məsələsinə dair mülki işə xüsusi icraat qaydasında baxılmışdır. Həmin hüquqi mövqeyə istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə də xüsusi iddia icraatı qaydasında baxıla bilər.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3130/2022 nömrəli qanuni qüvvəyə minmiş həmin qətnamə ilə müəyyən edilmişdir ki, X18 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020ci il tarixdə 1289 nömrə ilə qeyd edilmişdir. Onun adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 42 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Məhkəməyə təqdim olunmuş vərəsəlik işində olan Bakı şəhəri 42 sayı Notariat ofisinə X10 tərəfindən verilmiş **********754 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizədən görünür ki, o, anası X5 irs qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evindən ibarət mirası qəbul edir. Onunla yanaşı Ərizəçi və Maraqlı şəxs2 da vərəsədirlər.

26. Bakı Apellyasiya Məhkəməsinin məhkəmə tapşırığının icrası ilə əlaqədar olaraq qəbul edilmiş Tovuz Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 10(62)-8/2022 nömrəli qərardadından görünür ki, Abdullayeva Fəridə qızının, X6 və X7 18 avqust 2022-ci il tarixdə Tovuz rayon Məhkəməsinə dəvət edilsə də, məhkəməyə gəlməmişlər. X6 və X2 məhkəməyə icra nümayəndəliyi tərəfindən 23 avqust 2022-ci il tarixdə gətirmək mümkün olmuş və Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən, həmin şəxslər Tovuz rayon Məhkəməsinin inzibati binasında şahid qismində dindirilmiş və bu barədə protokol tərtib edilərək tapşırıq verən məhkəməyə göndərilməli olan sənədlərdə lazımi qeydlər aparılmışdır. Abdullayeva Fəridə qızı isə nümayəndəlik ərazisində olmadığına görə dindirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər X15 və X7 ifadələrində göstərmişlər ki, mərhum Sultan Tağıyeva onların qonşusu olmuşdur. Onun 3 övladı olmuşdur. Hər üç övladı ana yurduna gəlib-gedir. Məlahət xanım daha çox gəlibgedir. Sultan Tağıyeva sağlığında evi hərbiçilərə kirayəyə vermişdir, həmin vaxtlar kirayə haqqı alırdı. Sultan Tağıyevanın ölümündən sonra oğlu Firdovsi hərbiçilərə hörmət etdiyinə görə kirayə haqqı almır. Ata və analarının ölümündən sonra hər üç övladı gəldi, ehsan verdi. 1 həftə bundan qabaq qızı Mətanət xanım gəldi, ata anasının qəbrini ziyarət edib getdi.

27. Göründüyü kimi, şahid ifadələri ilə təsdiq edilir ki, ərizəçi eləcə də digər vərəsələr, xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmiş X9 mülkiyyətində olan Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 31.1 kv.metr sahəsi olan fərdi yaşayış evinə analarının sağlığında, eləcə də mərhumun vəfatından sonra gəlib-getmişlər, yas mərasimlərində iştirak etmişlər.

28. Eyni zamanda hazırki iş üzrə şahid qismində dindirilmiş iddiaçının X24də ifadəsində bildirmişdir ki, həmin miras əmlakı hər üçü faktiki olaraq qəbul etmişlər. Hər iki bacısı mirası qəbul etsə də, notariusa vaxtında müraciət etməmişlər. Hazırda o bacılarının miras əmlaka dair vərəsə kimi qəbul edilməklə şəhadətnamə almalarına etiraz etmir. Həmçinin, hazırda qətnamədən apellyasiya şikayəti vermiş olsa da, birinci instansiya məhkəməsinin iclasında Maraqlı şəxs2 həmin miras əmlakı faktiki olaraq özü , qardaşı Firdovsi və bacısı Ərizəçi qəbul etməsini, lakin bacısı ilə özünün notariusa müraciət etməmələrini bildirmişdir. Lakin buna baxmayaraq Firdovsi və bacısı onun şəhadətnamə olması üçün gəlib ərizə vermədiklərindən, onun tərəfindən məhkəməyə müraciət edilməklə bu hüququ əldə etmişdir. Bu baxımdan bacısının da onun kimi əziyyət çəkməklə sənəd əldə etməsini istəyir. Beləliklə, yuxarıda göstərilənlər nəzərə alınmaqla qeyd edilməlidir ki, hazırki halda iş üzrə Ərizəçi da bacısı kimi, eyni qaydada miras əmlakın faktiki qəbulu ilə bağlı konkret hərəkətlər etmiş və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi kimi qəbul edilməklə ərizəçinin dəlilləri əsaslı olmuş və miras əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmişdir.

29. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, apellyatorun bacısının mirası qəbul etmədiyini, vaxtı ötürdüyünü onun ərizəsinin təmin edilməməsini xahiş etsə də, bacısı barədə qeyd edilən bütün hallar ona münasibətdə də eyni qaydada olmaqla nəzərə alınmış və onun ərizəsi təmin edilmişdir. Maraqlı şəxs2 mərhum anası X5 miras qalmış Tovuz rayonu Yuxarı Öysüzlü kəndində olan fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etməsi faktı müəyyən edildiyindən hazırkı iş üzrə ərizəçinin də onunla bərabər şəkildə eyni hüquqlarının tanınması üçün məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Hazırki halda Ərizəçi münasibətdə əksi yanaşmanın tətbiq edilməsi məhkəmə tərəfindən bərabər mənafelərə bərabər nisbət yanaşması baxımından düzgün hesab edilə bilməz.

30. X3 hazırkı iş üzrə maraqlı şəxs qismində deyil, şahid qismində dindirilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Firdovsi Tağıyev birinci instansiya məhkəməsində verdiyi izahatında da göstərmişdir ki, miras qalmış əmlakdan bacıları Mətanət və Məlahətin miras əmlaka dair şəhadətnamə almalarına etiraz etmir. Göründüyü kimi, hazırkı miras predmeti onun tərəfindən mübahisələndirilmir. Bu əsasla da məhkəmə kollegiyası onun mübahisəyə dair şahid qismində dindirilməsində hər hansı bir pozuntu halı aşkarlanmadığından dəlili əsassız hesab edir.

31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Maraqlı şəxs2 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1766/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar