Məhkəmə qərarları › İş №2(103)-4842/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4842/2025

27.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4842/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli qətnamədən ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) tələb və tələbə qarşı verilmiş etiraz barədə məlumat

1. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: **********) dövlət büdcəsinə 2.347.412,74 manat, Dövlət Sosial Müdafiə Fonduna 3.803.743,68 manat, İşsizlikdən Sığorta Fonduna olan 89.994,94 manat məbləğində borcu var. Borc barədə Birliyin rəhbərinə - iş üzrə Maraqlı şəxs dəfələrlə məlumatın verilərək, borcun ödənilməsi tələb olunsa da, o, borcun ödənilməsini təmin etməmişdir. Buna görə də Birliyin rəhbəri olaraq onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

2. Birliyin rəhbəri, Rayon Məhkəməsinə, tələbə qarşı yazılı etiraz verərək, bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsində qeyd edilən borclarım əksər hissəsi onun həmin Birliyin rəhbəri təyin edilməsindən əvvəl yaranmışdır. O. həmin vəzifəyə təyin olunduqdan sonra Birliyin borclarını vaxtlı vaxtında dövlət büdcəsinə və aidiyyəti qurumlara ödəyir. Lakin həmin borcların bir dəfəyə ödənilməsi qeyri-mümkündür, çünki Birliyin hesabında o qədər pul vəsaiti yoxdur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsində qeyd edilən borclar ilə bağlı cinayət işi də başlanmış və iş üzrə kifayət qədər istintaq hərəkətləri aparıldıqdan sonra cinayət işinin icraatına xitam verilmiş və bu haqda xx.xx.2021-ci il tarixdə müvafiq qərar qəbul edilmişdir. Odur ki, “vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəyə baxılarkən nəzərə alınmalıdır ki, həmin borclar o, Birliyin rəhbəri təyin edilməməşdən əvvəl yaranmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2021-ci ildə də, bu kimi ərizə ilə məhkəməyə müraciət edərək, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir (həmin vaxt borcların məbləği bir qədər az idi). Həmin ərizə əvvəl təmin edilsə də, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)-5685/2023) ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2316/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsinin rədd edilməsini qət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası isə iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı (iş № 2(102)-739/2024) ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” bu ərizəsi də təmin edilməməlidir. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə ərizənin təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsində maraqlı şəxsin rəhbəri olduğu Birliyin ərizədə qeyd edilən məbləğlərdə və növlərdə borcunun olduğunu bildirsədə, sözügedən borcların yaranma tarixinə dair xronoloji ardıcıllığı məhkəməyə təqdim etməmiş, həmçinin ərizəçi İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərin bitib-bitməməsinə dair məhkəməyə məlumat habelə qanunvericilik ilə nəzərdə tutulmuş müddətin bitmiş olsa da müddəti bitmiş borcun hazırki borcun hansı hissəsini təşkil etməsinə dair məlumatları məhkəməyə verməmişdir. Bundan başqa, İdarə, Birliyin vergi borcunun olmasını əsas gətirərək Birliyin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etsə də, İdarə, məhkəməyə müraciət edənədək hansı tədbirlərin görülməsi barədə (tələb olunan vəsaitin Birliyin hesabından silinməsi üçün banklara müraciət edilməsi, onlardan vəsaitin çatışmamasına dair cavab alması, Birliyin əmlaklarının üzərinə ixtisaslaşdırılmış hərracdan satılması məqsədi ilə həbs qoyulması və yaxud da ki kifayət qədər əmlakının olmamasına dair cavab almasına dair) məlumatı ərizəyə əlavə etməmişdir. Buna görə də ərizə əsaslı hesab edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat

5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və “hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Əsasları “vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizənin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

7. Apellyatorun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.

8. İş üzrə maraqlı şəxs – Birliyin rəhbəri apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə ərizəçinin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

10. Belə ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin “vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizənin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsində göstərilən növlərdə və məbləğlərdə borclarının olması iş üzrə tərəflər arasında mübahisə doğurmur. Buna görə də, Məhkəmə, həmin borcların mövcud olubolmamasını, borcların həmin və ya başqa məbləğdə olmasını araşdırmır və Birliyin yuxarıda qeyd edilən borclarının mövcud olmasını işin mübahisəsiz halı kimi qəbul edir.

11. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə, vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

12. MPM-in 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

13. Baxılan işin mahiyyətini nəzərə alan Məhkəmə qeyd edir ki, “vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizələrin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələr hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab verib-verməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir (maddə 71., hissə İİ.).

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın tərkib hissəsi olan “4 saylı Protokol”un 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (“Battista İtaliyaya qarşı” iş üzrə qəbul edilmiş xx.xx.2014-cü il tarixli, “Stamose Bolqarıstana qarşı” iş üzrə qəbul edilmiş xx.xx.2012-ci il tarixli, “Bartik Rusiyaya qarşı” iş üzrə qəbul edilmiş xx.xx.2006-cı il tarixli qərarlar).

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X5 (X8) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququnun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

17. Bu mənada nəzərə alınmalıdır ki, vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər və tədbirlərin (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir. Vergi orqanı tərəfindən borcun alınması üçün gördüyü digər tədbirlər və onların nəticə verib-verməməsi (ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) barədə məlumat təqdim edilmədiyindən məhkəmə hesab edir ki, maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda əks olunan hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

18. Buna görə də göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qeyd edilənlərə əsasən “vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsini təmin etməməkdə haqlı olmuşdur. İdarənin həmin qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. f) apellyasiya baxışının nəticəsi

19. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə həmçinin bildirir ki, ərizənin təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, maraqlı şəxs hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz, ərizəçi İdarə isə kassasiya şikayəti vermək hüququna malikdir.

22. Buna görə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyator hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə maraqlı şəxs hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar