Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4843/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı şəhəri 50 saylı Notariat Ofisi cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 2(007)-2091/2024 saylı qərardadından Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı şəhəri 50 saylı Notariat Ofisi cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi Maraqlı şəxs2 bacısı olma faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 2(007)- 2091/2024 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Bakı şəhəri 50 saylı Notariat Ofisi cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizənin qəbulundan imtina edilmiş və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizənin məzmunundan aydın olur ki, ərizəçi əslində hüquqi faktın müəyyən olunmasını yəni qohumluq faktının müəyyən edilməsini deyil, bacısına əmlak bağışlamaq istəyir. Lakin Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi olmadığından Notariat Ofisi ərizəçi ilə maraqlı şəxs kimi qeyd olunmuş Maraqlı şəxs2 bacı olmasını başqa qaydada müəyyən edə bilmir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs2 Rusiya Federasiyasının vətəndaşıdır. Ərizədən görünür ki, Maraqlı şəxs2 Ermənistan SSR Masis rayonunun Dəmirçi kəndində anadan olmuşdur. Göründüyü kimi Maraqlı şəxs2 Ermənistan SSR-də anadan olmuşdur. Belə olan halda ilk öncə Maraqlı şəxs2 doğum haqqında akt qeydi bərpa edilməlidir. Əgər doğum haqqında akt qeydi bərpa edilərsə, qohumluq faktının müəyyən edilməsi zərurəti aradan qalxmış olacaqdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ərizə məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, Maraqlı şəxs2 Rusiya Federasiyasının vətəndaşı olduğundan o, vətəndaşı olduğu ölkənin Qeydiyyat Şöbəsinə müraciət etməlidir. “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən doğum akt qeydini Qeydiyyat Şöbəsinin sorğusuna əsasən Ermənistan Respublikası Rusiya Federasiyasına təqdim etmək öhdəliyi götürmüşdür. X2 doğum akt qeydini bərpa etməkdən imtina edərsə, ərizəçi kimi maraqlı şəxs Qeydiyyat Şöbəsi cəlb olunmaqla doğum akt qeydinin bərpa edilməsi barədə Rusiya Federasiyasında məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin qərardaddan Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardadda məhkəmə işə ağlabatan müddətdə baxmaq əvəzinə ərizəçinin konstitusion hüququnu nəzərə almamış, maraqlı şəxsin Rusiya Federasiyası Məhkəməsinə müraciət etməsini təklif etmişdir. Ərizənin mahiyyəti doğum akt qeydinin bərpa edilməsi deyil, qohumluq faktının təsdiq edilməsidir. Belə ki, ərizəçi öz mülkiyyətində olan əmlakı bacısına bağışlamaq istəyir və vergidən azad olmaq istəyir, lakin maraqlı şəxs olan Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi olmadığından Azərbaycan Respublikası ərazisində bu istəyini həyata keçirə bilmir. Bu barədə 50 saylı Notariat ofisinin də məktubu iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə ərizəçinin bu hüququnu həyata keçirməsi üçün işə baxmaq əvəzinə, maraqlı şəxsin Ermənistan Respublikası ərazisində doğulduğunu bilə-bilə ərizənin qəbulundan imtina etmişdir. Yekun olaraq, məhkəmə işə ağlabatan müddətdə baxmayaraq, ərizənin qəbulundan imtina barədə qərardad qəbul etmiş və bu da ərizəçinin bu konstitusion hüququnun pozulması ilə nəticələnmişdir. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu konstitusion norma məhkəmə tərəfindən nəzərə alınmamış, həqiqətin müəyyən edilməsi və bunun da nəticəsində ərizəçinin hüquqlarının bərpası istiqamətində heç bir addım atılmamış, əsassız şəkildə ərizənin qəbulundan imtina edilmişdir. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Mübahisələndirilən qərardadda isə məhkəmə Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarını əsas götürmək əvəzinə Ermənistan Respublikasının azərbaycanlı milliyətinə qarşı davranış şəklini nəzərə belə almadan, Ermənistan Respublikasının 1993-cü il tarixli Konvensiyaya əsasən Rusiya Federasiyası qarşısında öhdəlik götürməsini əsas tutaraq qərardad qəbul etmişdir. Həmin Konvensiyanı imzalayan dövlətlərdən biri də Azərbaycan Respublikasıdır. Azərbaycan Respublikasının ərazisində olan hər hansı bir dövlət orqanının Ermənistan Respublikasında olan dövlət orqanından sorğu nəticəsində hər hansı bir sənəd ala bilməsi ağlabatandırmı? Məhkəmə bu kimi halları nəzərə almamışdır. Mübahisələndirilən qərardadın 6-cı bəndinin son cümləsində məhkəmə ərizənin məhkəmə qaydasında baxılmalı olmadığını səbəb gətirmiş, 9-cu bənddə isə ərizəyə mülki məhkəmə icraatı qaydasından baxılmalı olmadığını səbəb gətirərək ərizənin icraata qəbul edilməsindən imtina edilməli olduğu qənaətinə gəlmişdir. Bu isə ərizəçinin hansısa bir orqana və ya inzibati icraat qaydasında məhkəməyə müraciət etməli olduğuna dair dəqiq bir fikir formalaşdırmır. Qərardadın nəticə hissəsində də bu barədə hər hansı bir dəqiq bir məlumat göstərilməmişdir. Bu qərardadı oxuyan ərizəçi hansı orqan və ya məhkəməyə müraciət etməli olduğunu başa düşməkdə çətinlik çəkir. Əmindir ki, bu qərardadla tanış olan məhkəmə də ərizəçinin mülkiyyətini bağışlamaq və vergilərdən azad olmaq hüququnu həyat keçirməsi üçün nə etməli olduğunu izah edə bilməz. Bu pozuntu ciddi bir prossesual pozuntudur və qərardadın ləğv edilməsi üçün əsas olmalıdır. Həmin qərarın 1.2-ci bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bu ərizədə əsas mübahisə edilən məsələ itirilmiş olan doğum haqqında şəhadətnamənin alına bilməməsidir. Belə ki, maraqlı şəxs Ermənistan SSR, Mesis rayonu, Dəmirçi kəndində anadan olmuş, həmin doğum haqqında şəhadətnamənin ümumiyyətlə mövcudluğu sual altındadır. Həmin doğum akt qeydini bərpa etmək mümkünsüzdür. Məhkəmə Ermənistan Respublikasının azərbaycanlı milliyətinə qarşı hər hansı bir hüquqi yardım edə biləcəyi qənaətinə gəlmiş, həmin sənədin arxivdə belə ola bilməyəcəyini nəzərə almamışdır. İşin faktiki halları nəzərə alınmamışdır. Ərizəçi tərəfindən isə həmin sənədi başqa qaydada alına bilməsindən söhbət belə gedə bilməz. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Maddədə qeyd olunan bütün hallar ərizəyə əlavə olunmuşdur. Məhkəmə isə maraqlı şəxsin itən sənədinin bərpasının mümkün olduğu qənaətinə gəlmiş, bunun nəticəsində ərizəyə bu barədə hər hansı bir sübut əlavə olunmadığı qənaətinə gəlmişdir. Belə olan halda həmin ərizənin icraata qəbulundan imtina edilməsi əsassızdır. İşin faktiki hallarından görünür ki, Maraqlı şəxs2 milliyyətcə azərbaycanlıdır və Ermənistan SSR, Mesis rayonu, Dəmirçi kəndində anadan olmuşdur və həmin ərazi hazırda Ermənistan Respublikasının ərazisidir. Ərizəçinin öz əmlakını bacısı olan maraqlı şəxs Bağırova Mehribana bağışlaması üçün Ermənistan Respublikasının kömək etməsi əsası ilə gözləməsi faktiki olaraq şübhə altındadır və ərizəçinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. 1993-cü il tarixli Minsk konvensiyasının şərtlərini əsas götürməklə ərizəçinin ərizəsinin qəbulundan imtina edilməsi bütün faktiki halların aydınlaşdırılmadığını göstərir birinci instansiya məhkəməsi mülki iş üzrə əhəmiyyətli olan halları müəyyən etməmişdir. Qəbul edilmiş qərardad birinci instansiya məhkəməsi tərəfindən düzgün əsaslandırılmamış, qanunsuz qərardaddır. İş üzrə mövcud olan faktlar qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir. Qərardaddan da göründüyü kimi birinci instansiya məhkəməsi ərizə üzrə tamamilə başqa və həm də yanlış nəticələr çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında da göstərilən maddi normalar kimi əsas götürülsə də, həmin normaların məzmununa uyğun qərardad qəbul edilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2(007)-2091/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizənin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Ərizəçi, özünün Maraqlı şəxs2 bacısı olma faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, xahişini həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, faktın təsdiq edilməsinin isə ona, mülkiyyətində olan əmlakı bacısına bağışlamaq üçün lazım olduğunu bildirmişdir. Başqa sözlə, ərizənin mahiyyəti doğum akt qeydinin bərpa edilməsi deyil, qohumluq faktının təsdiq edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin xüsusi prosessual qaydasını - “Xüsusi icraat” qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Məcəllənin 307.2-ci maddəsi xüsusi icraat qaydasında müəyyən edilməli olan faktların konkret siyahısını əks etdirir, 307.2.1-ci maddəsinə əsasən məhkəmə, şəxslərin qohumluq münasibətlərinin; 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur, eyni zamanda qanunun mənasına görə, ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olması bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Birinci instansiya məhkəməsi isə ərizənin mahiyyətinə düzgün qiymət verməmiş, ərizənin icraata qəbul edilib-edilməməsi məsələsini yuxarıda göstərilən meyarlar kontekstində qiymətləndirməli olsa da, Maraqlı şəxs2 doğum haqqında akt qeydinin bərpa edilməsi, əgər doğum haqqında akt qeydi bərpa edilərsə, qohumluq faktının müəyyən edilməsi zərurətinin aradan qalxmış olacağına istinad etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin əsaslandığı həmin hal ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması anlamına gəlmir, həmin hallara məhz ərizəyə mahiyyəti üzrə baxılan zaman qiymət verilməlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, ərizəçi müvafiq faktın təsdiq olunmasının ona, məhz əmlakını bacısına bağışlamaq üçün lazım olduğunu vurğulamışdır; hansı ki, bu məqsəd müvafiq faktın təsdiqi üçün qanunvericiliyin nəzərdə tutduğu məqsəd deyildir. Belə ki, MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər üçün müəyyən edilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində əmlakın bağışlanıldığı şəxsin əmlakını bağışlamaq istəyən şəxslə qohumluq münasibətində olmasının zəruriliyi nəzərdə tutulmamışdır və əgər notarius ərizəçinin əmlakını bağışlama istəyinin rəsmiləşdirilməsindən həmin əsasla imtina etmişdirsə, o, əmlakını bağışlamaq istədiyi şəxslə qohumluq faktının müəyyən olunmasını deyil, notariusun qərarının qanunsuz sayılmasını da tələb edə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yanlış əsaslandırma aparmaqla və ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını vurğulamaqla ərizənin icraata qəbul edilməsindən imtina etdiyindən qərardad ləğv olunmalı, iş ərizənin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli 2(007)-2091/2024 saylı qərardadı ləğv edilsin və iş, ərizənin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4843/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4843/2024
12.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver