Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4844/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və X1rşı mülki iş (Açar sözlər: «işə bərpa və əmək haqqı tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 nümayəndəsi X11 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2011/2023 saylı, 01 iyun 2023cü il tarixli qətnaməsindən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İşəgötürən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin 1670 saylı 27 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanının 1, 1.2 və 2.4-cü bəndlərində qeyd olunub ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin(bundan sonra-Xidmət) əsasında (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) Nazirliyin tabeliyində X8 publik hüquqi şəxs yaradılsın. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin(bu Fərmanın 4.3-cü bəndi istisna olmaqla) hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir.
3. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli Ləğvetmə Komissiyasının yaradılması haqqında əmri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilmişdir.
4. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmri ilə Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 29 dekabr 2022-ci il tarixdən ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdehlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Cavabdeh1 publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi, işə bərpa, müddətsiz əmək müqaviləsi bağlanması və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmrinin ləğv edilməsi, 29 dekabr 2022ci il tarixdən X13 baş mühəndisi vəzifəsinə uyğun vəzifəyə bərpa olunması, onunla müddətsiz əmək müqaviləsi bağlanması və qanunsuz işə bərpa olunmadığına görə 29 dekabr 2022-ci il tarixdən buraxılmış müddət üçün əmək haqqı ödənilməsi vəzifəsinin Cavabdeh1n üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiada və iddia tələbinin dəyişdirilməsi barədə ərizədə göstərilir ki, 39 il fasiləsiz olaraq dağ mədən işləri üzrə müxtəlif vəzifələrdə çalışmışdır. Sonuncu iş yeri Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini idi. 12 Aprel 2019-cu il cavabdehin əmri ilə Ləğvetmə Komissiyası yaradılıb və həmin komissiyanın sədri təyin olunmuş, öz vəzifəsi ilə yanaşı həmin komissiyanın sədri işlərini də görmüşdür. 12 İyun 2019-cu il tarixdə ləğvetmə məsələlərinə görə getdiyi ezamiyyətdən qayıdarkən yeni rəis təyin olunduğunun şahidi oldu. Həmin rəis onu dəvət edərək bildirdi ki, ərizə yaz öz vəzifəndən azad ol və yeni yaradılan X4 müavin vəzifəsinə təyin olunacaqsan. Nə qədər ki, həmin Ağentlik hələ fortmalaşma ərəfəsindədir, Milli Geoloji Kəşfiyyat Xidmətinin X13 rəisi vəzifəsinə təyin olunmağın barədə ərizə yaz. İnanaraq Texniki məsələlər üzrə rəis müavini vəzifəsindən azad olunmağı və daha aşağı vəzifə hesab olunan X14 rəis təyin olunmağı barədə ərizə yazıb təqdim etdi. Bundan sonra, cavabdehin əmri ilə işdən azad olunsa da 2 ay ərzində yeni vəzifəyə təyin olunmadı. Lakin ləğvetmə komissiyasının sədri olaraq vəzifələrini icra etdi. 2019-cu il iyul ayının sonunda nazirə müraciət edərək rəhbərliyin göstərişi ilə yeni işə keçmək üçün ərizə yazdığını, işdən azad olunduğunu, yeni işə təyin olunmadığını, lakin ləğvetmə komissiyasının sədri olaraq vəzifələrini icra etdiyini, əmək haqqı isə almadığını bildirdi. Rəis isə cavabında bildirdi ki, artıq rəis deyil, Milli Geoloji Kəşfiyyat Xidmətinin X14 baş mühəndis vəzifəsinə təyin olunmağı barədə ərizə versin. Məcbur olub iyul ayının sonunda X14 baş mühəndis təyin olunmağı barədə ərizə verdi. Bundan sonra, 15 iyul 2019-cu il tarixdən X13 baş mühəndisi vəzifəsində təyin edildi. Nəticədə bir ay yarım əmək haqqı almaqdan məhrum oldu. 2019-cu ilin payız aylarında X4 işçilər yığılarkən həmin Ağentliyə işə təyin olunmadı, aldadıldığını bildi və cavabdehə müraciət edərək əvvəlki işinə bərpa olunmağını və ya əvvəlki vəzifəsinə uyğun başqa işlə təmin olunmağını xahiş etdi. 27 aprel 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə X9 Publik Hüquq şəxs yaradılıb. 26 may 2022-ci il tarixdə işlədiyi Xidmətdə ixtisar olunacaq 176 nəfər işçidən biri kimi ona da bildiriş verilib və xəbərdarlıq edilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad oluna bilər. Cavabdehin 526/Ü saylı 8 iyun 2022-ci il tarixli əmrilə işlədiyi Milli Geoloji Kəşfiyyat Xidməti ləğv edilib. Həmin əmrin 3.6-cı bəndində göstərilib ki, Xidmətin işçiləri ilə münasibətlər əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq təmin edilsin. Əmrin 4-cü bəndində hüquq və insan resursları şöbəsinə tapşırılıb ki, dövlət qeydiyyatına alındıqdan sonra X3 kardlarla komplektləşdirilməsi ilə bağlı təkliflər versin, işçilərin təyinatını obyektivlik və şəffaflıq meyarları əsasında müsabiqə keçirilməsi yolu ilə təşkil etsin. Ləğv edilən qurumun işçilərinin Nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilmələri ilə bağlı məsələlərin həllini təmin etsin. Avqust 2022-ci il tarixdə rəhbərliyin qəbulunda olub və başqa agentlikdə yüksək maaşlı işlə təmin olunmağını xahiş etdi. Bildirdilər ki, gözlə, Ağentliklər üzrə test imtahanları olacaq, imtahan verərsən. Bunun gec olacağını və onun ixtisasına uyğun olmayan suallarla bağlı test imtahanı da verməyə məcbur edilməyinin qanunsuz olduğunu bildirmişdir. Yeni agentliyin də əsasnaməsi Milli Geoloji Kəşfiyyat Xidmətinin Nizamnaməsi ilə demək olar ki, eynidir. X10 təsdiq olunandan sonra cavabdeh 24 Noyabr 2022-ci il tarixdə qanunsuz olaraq test imtahanı keçirib. Onun ixtisası dağ qazmaları işləri üzrə (karxanalar və yeraltı işlər) mütəxəssisdir. Həmin işlər üzrə uzun müddət baş mühəndis, idarə rəisi, rəis müavini işləmişdir. Heç vaxt da işdə qüsuru olmayıb. Dəfələrlə attestasiyadan keçmişdir. 24 noyabr 2022-ci ildə keçirilən test imtahanının suallarında onun ixtisası olan dağ mədən və dağ qazma işləri üzrə imtahan sualları olmayıb. Ondan tələb olunub ki, ixtisası olmayan buruq qazma işləri üzrə test suallarına cavab verməyi üçün test imtahanından keçsin. İxtisası üzrə suallar olmadığı üçün test imtahanı verməkdən imtina etmişdir. Bundan sonra 497/k saylı 28 dekabr 2022-ci il tarixdə əsassız və qanunsuz olaraq işdən azad olunduğu barədə əmr verildi. Həmin əmr ona 24 yanvar 2023-cü il tarixdə verilib. Cavabdehin 526/Ü saylı 8 iyun 2022-ci il tarixli əmri Azərbaycan Respublikası Prezidentinin 1670 saylı 27 aprel 2022-ci il tarixli Fərmanının 1.2 və 2.4-cü bəndlərinə ziddir. Çünki, Fərmanın Milli Geoloji Kəşfiyyat Xidmətinin işçiləri ilə əmək müqavilələri üzrə öhdəliklərinin də yeni yaranmış publik hüquqi şəxsə keçməsi ilə bağlı tələbi 526/Ü saylı 8 iyun 2022-ci il tarixli əmrin 4-cü bəndində pozulub. Xidmətin işçisi kimi onun Agentlikdə işini davam etdirilməyinə imkan verilməyib, qanunsuz müsabiqə keçirilib, kənardan işçilər gətirilib, bunun əsasında da on qanunsuz işldən çıxarılıb.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2011/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbinin təmin edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmri ilə yaradılmış Ləğvetmə Komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmrinin ləğv edilməsi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 İddiaçı baş mühəndis vəzifəsinə uyğun vəzifəyə xx.xx.2022-ci il tarixdən bərpa olunması; İddiaçı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 arasında müddətsiz əmək müqaviləsinin bağlanılması və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 tərəfindən xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə kimi İddiaçı baş mühəndis vəzifəsinə uyğun vəzifənin əmək haqqının ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli Fərmanına əsasən publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin hüquqi varisləri olaraq Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərir ki, məhkəmə məsələyə obyektiv yanaşmamış və sözügedən Fərmanın müddəalarını düzgün təhlil etməmiş və nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, Fərmanın 2.3-cü bəndində aşkar formada 1.2-ci bəndində göstərilən Milli Geoloji Kəşfiyyat Xidmətinə münasibətdə “ləğvi” ifadəsindən istifadə edilmişdir. Məhkəmə X3 üzərinə İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq öhdəliyini qoysa da, bunu qətnamədə əsaslandırmamışdır. Bundan başqa, məhkəmə Ləğvetmə Komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmrini bütünlüklə ləğv edərək, həmin əmrdə iddiaçıdan başqa 42 nəfər şəxsin olduğunu görsə də, həmin şəxsləri prosesə cəlb etməmiş, onların hüquqi vəziyyəti ilə bağlı məsələni həll etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili X7 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Azərbaycan Respublikasinin Ekologiya və Təbii Sərvətlər rliyi Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 45.4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 "xxxx" bəndi. Müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71. 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
15. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli Fərmanında Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutaraq qərara alıb: 1,1.1.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilsin; 1,1.2.tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin (bundan sonra –Xidmət) əsasında (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) Nazirliyin tabeliyində X8 publik hüquqi şəxs yaradılsın. Həmin Fərmanın 2.3-cü bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, nizamnamələrinin təsdiq edilməsi və nizamnamə fondunun miqdarının müəyyən olunması və onların dəyişdirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi isə Nazirliyə həvalə edilir. Fərmanın 2.4-cü maddəsinə əsasən, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslər müvafiq olaraq Nazirliyin tabeliyindəki Cəmiyyətin və Xidmətin (bu Fərmanın 4.3-cü bəndi nəzərə alınmaqla) hüquqi varisləridir, Cəmiyyətin və Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə həmin publik hüquqi şəxslərə keçir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından, iddia haqlı sayılır.
24. Apellyasiya şikayətində göstərilən-birinci instansiya məhkəməsi sözügedən Fərmanın müddəalarını düzgün təhlil etməməsi və əsassız qərar qəbul etməsi barədə dəlillər əsaslı deyil. Çünki, Azərbaycan Respublikası Prezidentinin 1670 saylı 27 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında Nazirliyin tabeliyində X8 publik hüquqi şəxs yaradılması və bu publik hüquqi şəxsin Nazirliyin tabeliyindəki Xidmətin hüquqi varisi, Xidmətin hüquq və öhdəlikləri, habelə əmlakının həmin publik hüquqi şəxsə keçməsi dəqiq və aydın şəkildə göstərilmişdir. Başqa sözlə, Fərmanda Agentliyin Xidmətin əsasında yaradıldığı üçün onun hüquqi varisi olduğu, hüquq və öhdəlikləri və əmlakının ona keçməsi açıq-aşkar təsbit edilib. Ancaq, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli Ləğvetmə Komissiyasının yaradılması haqqında əmri ilə Azərbaycan Respublikası Prezidentinin 1670 saylı 27 aprel 2022-ci il tarixli Fərmanını və bu Fərmanın icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 12 may tarixli 289s nömrəli Sərəncamını əsas tutub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidmətini ləğv etmişdir. 25.Düzdü, xx.xx.2022-ci il tarixli 526/Ü nömrəli əmrin 1-ci bəndinin qanuniliyinin yoxlanılması hazırki iddianın və məhkəmə icraatının predmeti olmasa da, o bəndin qüvvədə olması Ləğvetmə Komissiyasına xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən 29 dekabr 2022-ci il tarixdən ləğv edilməsinə əsas vermirdi. Çünki, həmin əsasla əmək müqaviləsinin ləğv edilə bilməsi üçün müəssisə, yəni qeyd olunan Xidmət qanunla müəyyən edilmiş əsasla ləğv edilməli idi. Yəni, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir(MM.m. 59.1.).Ancaq yuxarıda qeyd olunduğu kimi, Agentliyin əvvəliki Xidmətin hüquqi varisi olduğu, hüquq və öhdəlikləri və əmlakının ona keçdiyi Fərmanla açıq-aşkar müəyyən edilib. Demək ki, burada hüquqi şəxsin ləğvindən söhbət gedə və iddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin əsasla ləğv edilə bilməzdi.
26. Apellyasiya şikayətinin növbəti dəlili - “Fərmanın 2.3-cü bəndində aşkar formada 1.2-ci bəndində göstərilən Milli Geoloji Kəşfiyyat Xidmətinə münasibətdə “ləğvi” ifadəsindən istifadə edilmişdir, məhkəmə qətnaməni əsaslandırarkən bu məsələyə obyektiv yanaşmamışdır” ilə bağlı qeyd olunur ki, cavabdeh Fərmanın həmin bəndinin həqiqi məzmununu təhrif etməyə çalışıb. Çünki, Fərmanın 2.3-cü bəndində “bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yenidən təşkili və ləğvi ilə bağlı təsisçinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə,...həvalə edildiyi” göstərilib. Başqa sözlə həmin bənddə “Milli Geoloji Kəşfiyyat Xidmətinə münasibətdə “ləğvi” ifadəsindən” deyil, artıq Fərmanla yeni yaradılmış “publik hüquqi şəxslərə münasibətdə “ləğvi” ifadəsindən istifadə edilmişdir ki, bu da gələcəkdə baş verə biləcək məsələlərə aiddir və bu halın baş verəcəyi təqdirdə təsisçi səlahiyyətlərinin Azərbaycan Respublikasının Prezidentinə həvalə edildiyini nəzərdə tutur. Göründüyü kimi, cavabdehin bu dəlilinin də açıq-aşkar əsassız olduğu aydın görünür.
27. Apellyasiya şikayətinin növbəti dəlili - məhkəmə X3 üzərinə İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlamaq öhdəliyini qoysa da, bunu qətnamədə əsaslandırmamışdır ilə bağlı qeyd olunur ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı 39 illik əmək fəaliyyətinin 30 ilə yaxın hissəsini cavabdeh qurumda müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə, yəni iddiaçının yaşı və gördüyü işin daimi xarakterə malik olduğu onunla əmək müqaviləsini müddətli bağlamağı istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlanmamalıdır.
27. Apellyasiya şikayətinin növbəti dəlili - məhkəmə Ləğvetmə Komissiyasının xx.xx.2022-ci il tarixli 497/K nömrəli əmrini bütünlüklə ləğv edərək, həmin əmrdə iddiaçıdan başqa 42 nəfər şəxsin olduğunu görsə də, həmin şəxsləri prosesə cəlb etməmiş, onların hüquqi vəziyyəti ilə bağlı məsələni həll etmişdir – ilə bağlı da qeyd olunur ki, cavabdehin bu dəlili də qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, mübahisələndirilən əmrdə iddiaçıdan başqa 42 nəfərin olduğu açıq-aşkar görünmür, yəni həmin əmrin 42 nəfərin soyadı, adı, atasının adı olduğu nüsxəsi məhkəməyə təqdim edilməyib. İkincisi, həmin şəxslərin prosesə cəlb edilməsinə də ehtiyac və zərurət ola bilməzdi. Çünki, hazırki iddianın yalnız bir şəxsə, yəni iddiaçıya aid olduğu və təmin edildiyi işdən açıq-aşkar bəlli olur. Qətnamə ilə həmin şəxslərin hüquqi vəziyyəti ilə bağlı heç bir məsələ həll edilməmişdir. Ona görə də mübahisələndirilən əmr yalnız iddiaçıya münasibətdə ləğv edildiyindən onun bütövlükdə ləğv edilməsindən söhbət gedə bilməz. Cavabdehin bu cür dəlillərdən istifadə etməsi anlaşılan olsa da onların nəyisə dəyişməyəcəyi də əvvəlcədən ona bəlli olmalı idi.
28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qətnamənin cavabdehin formal mülahizələri ilə ləğv edilməsi üçün heç bir əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-2011/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2011/2023 saylı, 01 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.