Məhkəmə qərarları › İş №2(103)-4847/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4847/2024

07.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4847/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlundan və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh5 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mübahisəli ərazinin Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşdiyini, eyni zamanda, bütün cavabdehlərin də həmin ünvanda - Nəsimi rayonunda yaşadığını qeyd edərək mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2376/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Hazırda Cavabdeh5 şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət vəsatətin dəlilərinə uyğun əsaslandırılmışdır. Bakı şəhəri Nərimanov Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (maddə 36.2). İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir (maddə 51.1). Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsi bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bununla yanaşı, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia iddiaçının seçiminə əsasən cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə də bilər. EMİS-dən əldə edilən şəxsi məlumatlar əsasında müəyyən olunur ki, Cavabdeh1 ünvan 4 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi qeydiyyata olduğu yer üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuş, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət olunmaqla icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qərardadın ləğv olunması və işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası müstəsna aidiyyət qaydalarının tətbiqi üçün də əsas müəyyən etmədi. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar