Məhkəmə qərarları › İş №2(103)-4850/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4850/2024

12.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4850/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil – Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: ərazi aidiyyatı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil – Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(005)-2377/2024 nömrəli qərardadından Cavabdeh5 verdiyi şikayətə yazılı icraat qaydasında bаxаrаq aşağıdakı qərardadı qəbul etdi. . Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MTK cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı pu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh5 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mübahisəli ərazinin Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşdiyini, eyni zamanda, bütün cavabdehlərin də həmin ünvanda Nəsimi rayonunda yaşadığını qeyd edərək mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(005)- 2377/2024 nömrəli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə yazılı vəsatət təmin edilməmişdir.

4. Həmin qərardaddan Cavabdeh5 şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, mübahisəli ərazi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşir. Eyni zamanda, qeyd edir ki, bütün cavabdehlər də həmin ünvanda Nəsimi rayonunda yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə istinadən ilk növbədə qeyd edir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(005)- 2377/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 33.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

8. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 02 iyul 2021-ci il tarixli Qərarı: Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası işin aidiyyatla bağlı hallarını MPM-nin 35.1 və 36.2-ci maddələrinin tələbləri baxımından qiymətləndirir. İşin halları ilə müəyyən olunur ki, iddia ərizəsi Cavabdeh1 qeydiyyat ünvanı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir.

11. İddia tələbi bir neçə cavabdehə qarşı irəli sürüldüyündən iddiaçı MPM-nin 36.2ci maddəsinə əsasən iddiaçı hüququndan istifadə edərək cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir.

12. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddianın mahiyyəti pul tələbi ilə bağlı olduğundan işə müstəsna aidiyyat üzrə binanın yerləşdiyi ərazi üzrə baxılması üçün də əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 02 iyul 2021-ci il tarixli Qərarında da vurğulanmışdır ki, MPM-nin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan).

13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(005)-2377/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(005)- 2377/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar