Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4851/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il il tarixli, 2(004)-324/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 manat borc həmçinin məhkəməyə ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(004)- 324/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 6000 manat məbləğində pul vəsaiti və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini və qətnamədən verilmiş şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(004)-324/2024 nömrəli qətnaməsini rəsmi qaydada 23 may 2024-cü il tarixdə almışdır və vaxtında apellyasiya şikayəti vermişdir. Lakin Yasamal Rayon Məhkəməsinin müvafiq qərardadı ilə apellyasiya şikayəti üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən sənədlər geri qaytarılmışdır. Əgər müddət ötürülmüşdürsə, bu üzrlü səbəbdən baş vermişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il il tarixli, 2(004)- 324/2024 nömrəli qərardadı ilə qətnamədən şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin müddətin bərpasına dair ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır.
6. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(004)-324/2024 nömrəli qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə 28 fevral 2024-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Belə olduğu təqdirdə, cavabdehin qətnaməni rəsmi qaydada alması vaxtı mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qətnamənin cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirildiyi vaxt, yəni 28 fevral 2024-cü il tarixi hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(004)-324/2024 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 24 may 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, Cavabdeh apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmış və cavabdeh qətnaməni rəsmi qaydada aldığı 28 fevral 2024-cü il tarixdən 1 ay müddətində apelyasiya şikayəti verməmişdir. Yəni, cavabdeh 28 fevral 2024-cü il tarixdə məhkəmə qətnaməsini rəsmi qaydada aldığına görə, o, ən geci 29 mart 2024-cü il tarixdə (saat iyirmi dördə qədər) apelyasiya şikayətini elektron qaydada göndərməli idi. Lakin, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh apelyasiya şikayətini 24 may 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bununla da o, qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti 2 aya yaxın müddətə ötürmüşdür.
7. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir. 8.Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən prosessin əvvəlindən ancaq iddiaçının mənafeyi üstün tutulmuş və nəticədə düzgün olmayan bir qərardad qəbul edilmişdir. Məhkəmənin bu qərardadı iddiaçının mənafeyinə tamamilə zidd olduğu və işin obyektiv araşdırılmasının qarşısını aldığı üçün həmin qərardadddan şikayət verilir. Məhkəmə tərəfindən Avropa Məhkəməsinin hüquqi mövqeyini məhkəmələrə əlçatanlığın təmin edilməsi prinsipini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanıda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsinə, məhkəməyə əlçatanlığın və ictimai etimadın, ədalət və s. prinsiplərə dönmədən riayət edilməsinin təmin edilməsi prinsipini nəzərə alınmamışdır. Obyektiv səbəbdən buraxılmış müddətin bərpasından imtina etməklə, Yasamal rayon Məhkəməsi tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuş və şəxsin yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnu məhdudlaşdırır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2024-cü il il tarixli, 2(004)- 324/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(004)-324/2024 nömrəli 28 fevral 2024-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Lakin Cavabdeh 24 may 2024-cü il tarixdə apellyasiya şikayəti və onun verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etmişdir.
13. Cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəbi kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(004)-324/2024 nömrəli qətnaməsini rəsmi qaydada 23 may 2024-cü il tarixdə almasını və vaxtında apellyasiya şikayəti verməsini göstərmişdir.
14. Kollegiya cavabdehlərin bu dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, məhkəmənin qətnaməsi cavabdehin elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada çatdırılmışdır və müddətin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır.
15. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MlÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
16. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il il tarixli, 2(004)-324/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il il tarixli, 2(004)- 324/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.