Məhkəmə qərarları › İş №2(103)-4854/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4854/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4854/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Banka vurulmuş zərərin əvəzi olaraq 3.082,14 avro, faiz borcunun əvəzi olaraq 993,40 avro, cəmi 4.071,94 avro, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93,71 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 28 mart 2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, zərərin əvəzi olaraq 3.082,14 avro (qətnamə icra ediləcək tarixə müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,82 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçı Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılan zaman iş üzrə tərəflər ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) müraciət edərək aralarında bağlanmış “Barışıq sazişinin” təsdiq edilməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər aralarında olan mülki mübahisəni öz məhkəmədən kənar olaraq həll etmişlər və bununla bağlı “Barışıq sazişi” bağlamışlar. Ərizəyə əlavə edilmiş “Barışıq sazişindən” görünür ki, iş üzrə tərəflər aşağıdakı şərtlər ilə razılığa gəlmişlər: - Tərəflər bəyan edirlər ki, cavabdehin iddiaçı Banka olan borcu 3.082,14 avro təşkil edir. - Həmin borcun ödənilməsi məqsədi ilə cavabdeh xx.xx.2025-ci il tarixədək iddiaçı Banka 2.000 avro ödəyir. - Ödənişlə bağlı razılıq əldə olunduğu üçün iddiaçı Bank qalan (3.082,14 – 2.000=) 1.082,14 avro məbləğində borcu cavabdehə güzəşt edir. - “Barışıq sazişi” vaxtında və lazımi qaydada icra edilməzsə, “Barışıq sazişinin” təsdiq edilməsi barədə məhkəmə qərardadı icraya yönəldiləcək. - “Barışıq sazişi” məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədə olur. - Tərəflər bəyan edirlər ki, borc ödənildikdən sonra hazırkı mübahisə ilə bağlı onlar biri-birinə qarşı gələcəkdə iddia, tələb və şikayət verməyəcəklər”. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və sazişi bağlamış şəxslər sazişi imzalamışlar. Sazişi imzalamış iddiaçı Bankın nümayəndəsi X2 verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş və xx.xx.2025-ci il tarixədək qüvvəsi olan etibarnamədən görünür ki, onun Bankın adından “Barışıq sazişini” imzalamaq səlahiyyəti var. Saziş qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 384-ci maddələrinin tələblərindən çıxış edərək, hesab edir ki, hazırkı iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 114.1.4-cü maddəsinin mənasına görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 114, 261, 263, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İş üzrə tərəflərin birgə verdikləri “Barışıq sazişinin təsdiq edilməsi barədə” ərizə təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “- Tərəflər bəyan edirlər ki, cavabdehin iddiaçı Banka olan borcu 3.082,14 avro təşkil edir. - Həmin borcun ödənilməsi məqsədi ilə cavabdeh xx.xx.2025-ci il tarixədək iddiaçı Banka 2.000 avro ödəyir. - Ödənişlə bağlı razılıq əldə olunduğu üçün iddiaçı Bank qalan (3.082,14 – 2.000=) 1.082,14 avro məbləğində borcu cavabdehə güzəşt edir. - “Barışıq sazişi” vaxtında və lazımi qaydada icra edilməzsə, “Barışıq sazişinin” təsdiq edilməsi barədə məhkəmə qərardadı icraya yönəldiləcək. - “Barışıq sazişi” məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədə olur. - Tərəflər bəyan edirlər ki, borc ödənildikdən sonra hazırkı mübahisə ilə bağlı onlar biri-birinə qarşı gələcəkdə iddia, tələb və şikayət verməyəcəklər”. “Barışıq sazişi” təsdiq edildiyindən hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinın iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödədiyi 93 (doxsan üç) manat 71 (yetmiş bir) qəpik məbləğində pul (“Hökumət ödəniş portalından” verilmiş ********** №-li “mədaxil qəbzi”; dövlət rüsumunun ödənildiyi tarix: xx.xx.2023-cü il (saat 14:33:33)) dövlət büdcəsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinə ödədiyi 47 (qırx yeddi) manat məbləğində pul (“Hökumət ödəniş portalından” verilmiş ********** №-li “mədaxil qəbzi”; dövlət rüsumunun ödənildiyi tarix: xx.xx.2024-cü il (saat 17:39:20)) dövlət büdcəsindən Cavabdeh geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar