Məhkəmə qərarları › İş №2(103)-4855/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4855/2020

27.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4855/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X1, Cavabdehlərin (qarşılıqlı iddia üzrə iddiaçıların) nümayəndəsi-vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair ilkin, iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “mülkiyyətin müdafiəsi və mülkiyyətə qəsd hərəkətlərindən çəkinmək” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-375/2020 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlərin apellyasiya şikayətinə əsasən işəBakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərdə yaşayan cavabdehlərin yaşayış sahələrindən çıxarılması, sərəncamla ayrılmış torpaq sahəsində yerləşən tikililərin sökülməsi, yaşayış sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan cavabdehlərə mülkiyyətlərində, istifadələrində (müvəqqəti yaşayan sakinlər istisna olmaqla) mənzillərinin qanuni sahələrindən 20% əlavə yaşayış sahəsi əlavə etdirməklə həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində tam təmirli yaşayış sahəsi ilə tam təmin edilməsi və MMC-nin vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən sahələrə köçürülənədək yaşayış sahələrinin mülkiyyətçilərinə mənzillərində olan otaqların sayına müvafiq olaraq 300-500 manat aylıq kirayə haqlarının MMC tərəfindən verilməsinə; cavabdehlərdən müştərək qaydada maddi zərər qismində 50.000 manat, işgüzar nüfuza görə 100.000 manat pulun MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, MMC-nin üzərinə mülkiyyətdə olan Bakı şəhəri, Ə.Əlizadə küçəsi, 6 nömrəli evin 10 nömrəli mənzilinə qəsd hərəkətlərinə son qoymaq vəzifəsinin qoyulması, MMC-nin onlara qarşı ilkin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 375/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanından (ümumu sahə 44.7 kv.m, yaşayış sahəsi 31.7, yardımçı sahə 13 kv.m olan) çıxarılmaları və sərəncamla ayrılmış torpaq sahəsində yerləşən həmin evin İddiaçı MMC-nin hesabına sökülməsi, ünvan 1 ünvanının mülkiyyətçiləri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 (müvəqqəti yaşayan sakinlər istisna olmaqla) İddiaçı MMC-nin həmin ərazidə inşa etdiyi çoxmənzilli yaşayış binasından 20% əlavə yaşayış sahəsi əlavə edilməklə tam təmirli mənzilin verilməsi və yeni mənzil təhvil verilənədək hər ay cəmi 500 manat kirayə haqqının İddiaçı MMC tərəfindən ödənilməsi, qalan hissədə ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndəsi-vəkili Cavabdeh3 adından ərizə, həmçinin digər cavabdehlər tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələri Məhkəmə Kollegiyasına təqdim edərək, cavabdehlərin apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının və üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətindən imtinanın qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etdilər. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, ərizələr qəbul edilməli və ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-375/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina qəbul edilsin və onlara münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar