Məhkəmə qərarları › İş №2(103)-4856/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4856/2024

23.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4856/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3188/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh cəmiyyətin 33 saylı mühafizə hissəsinə (sonradan adı dəyişdirilərək, Mərkəzi – Aran regionu üzrə mühafizə xidməti olmuşdur) 4-cü dərəcəli atıcı vəzifəsinə işə qəbul edilmişdir. 9 avqust – 10 avqust 2023-cü il tarixdə cəmiyyətin Mərkəzi-Aran regionu üzrə mühafizə xidmətinin “Göranboy 330 kv y/st-nin 1-ci postunda X3 xidmətdə olan X9 və xidmət etdiyi 2-ci postu özbaşına tərk edərək, 1-ci posta gələn atıcı İddiaçı, X3, yəni 1-ci post otağında yatılı vəziyyətdə aşkar edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli əmri ilə məsələ ilə bağlı araşdırmanın aparılması və nəticəsinə dair atıcı X9 və İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin irəli sürülməsi tapşırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasından Gürcüstan Respublikasına və İran İslam Respublikasına enerjinin ötürülməsində mühüm əhəmiyyət kəsb edən, həmçinin, ölkənin işğaldan azad edilmiş Qarabağ iqtisadi zonasında dövlət əhəmiyyətli mühüm strateji obyektləri, yaşayış məntəqələrini enerji ilə təmin edilməsinin vacib zənciri olan Göranboy 330 kv-luq paylayıcı məntəqəsinin 2-ci postunun mühafizəsinə təyin edilmiş atıcı İddiaçı ciddi nöqsana yol verərək, qadağan olunmasına baxmayaraq, mühafizə etdiyi postun ərazisini özbaşına tərk edib birinci postda, X3 xidmətdə olan atıcı X5 yanına gəlmişdir. Onların hər ikisi vəzifələrinin icrasından yayınmış, əmək funksiyalarının tələbinə zidd olaraq, həyat əhəmiyyətli mühüm strateji obyekt olan “Göranboy 330 kv-luq Paylayıcı Məntəqəsini mühafizəsiz qoymuş, postda stulların üzərində uzanaraq yatmışlar. Gecə saat 01:45 radələrində müəssisəyə yoxlamaya gələn Nəzarət idarəsinin əməkdaşları müəssisənin giriş qapısında səsləmələrinə, işıq siqnalı vermələrinə, eləcə də həndəvərdəki itlərin hürməsinə baxmayaraq, postda xidmətdə olan atıcı tərəfindən heç bir reaksiyanın olmadığını görmüş, post otağının pəncərəsindən içəridə atıcı İddiaçı oturacağın üzərində uzanaraq, yatmış vəziyyətdə aşkar etmiş və telefonla onun fotoşəklini çəkmişlər. Göstərilənlərlə bağlı xx.xx.2023-cü il tarixdə akt, habelə xx.xx.2023-cü il tarixdə arayış tərtib edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə yazdığı izahatda xidmət etdiyi 2-ci postu özbaşına tərk edərək, 1-ci posta getdiyini və orada yatdığını və bu vəziyyətdə aşkar edildiyini etiraf etmişdir. Bundan sonra cəmiyyətin direktor müavini tərəfindən təqdimatla cəmiyyətin direktoruna müraciət edilərək, strateji obyektin mühafizəsində xidmətlə bir araya sığmayan, bağışlanılmaz cidd nöqsana yol verdiklərinə görə iddiaçı barəsində ciddi intizam tədbirinin görülməsi üçün müvafiq göstərişin verilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə isə cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Müraciətə uyğun olaraq, məsələ Komitənin xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında müzakirə edilmiş və qəbul edilmiş qərara əsasən komitə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına razılıq vermişdir. Cavabdeh cəmiyyətin xx.xx.2023-cü il tarixli, 99/K saylı əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü tarixli, 99/k saylı əmrinin ləğv edilməsi, vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına, o cümlədən cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna və işdən çıxarılması barədə əmrinə istinad edərək onunla əsaslandırmışdır ki, indiyənə kimi belə bir hadisə olmamışdir. Özünü narahat hiss eldiyi üçün bir balaca mürgüləmişdir. Bu da birinci səfər idi ki, elə hadisə baş verirdi. Bundan əlavə mühafizə xidmətinin atıcı vəzifəsində işləyərkən intizam qaydasında heç vaxt məsuliyyətə cəlb edilməmişdir.

4. Cavabdeh MMC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə "Goranboy 330 kv-luq Paylayıcı Məntəqəsini" mühafizə edən "xxxx" MMC-nin Mərkəzi Aran regionu üzrə mühafizə xidmətinin atıcısı İddiaçı qadağan olunmasına baxmayaraq, xidmət etdiyi 2-ci postu, özbaşına tərk edib 1-ci posta X6 gəlmiş və orda xidmət aparan X9 ilə bir qədər söhbət etdikdən sonra hər ikisi mühafizədən yayınaraq stulların üzərində yatmışdır. Həmin şəxslər öz hərəkətələri ilə "xxxx" MMC-nin Xidmətin təşkili və aparılması haqqında Təlimat'ın tələblərini kobud şəkildə pozmuş və əmək müqaviləsi üzrə əmək funksiyalarını və vəzifə öhdəliklərini bilərəkdən yerinə yetirməməklə əmək və icra intizamının normal ahəngini pozmuşdur. Halbuki, iddiaçı cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinin 3.1-ci maddəsinin “ə” bəndinə əsasən təlimatla müəyyən edilmiş əmək vəzifələrini əməl etmək barədə əmək funksiyasının icrasını öz öhdəsinə götürmüş və bu əmək müqaviləsi iddiaçının özü tərəfindən imzalanmışdır. Belə ki, təlimatın 17-ci bəndinə əsasən atıcıya yatmaq, həmçinin, xidmət postunu tərk etmək, xidmətdən yayınmaq qadağan edilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3188/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X8)

6. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, göstərilən ərazinin dövlət əhəmiyyətli mühafizə olunmalı ərazi olduğunu nəzərə aldıqda, iddiaçının postu nəzarətsiz qoyaraq yatması həmin əraziyə nəzarət etməli olan iddiaçının əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinin göstəricisidir. İddiaçı iddia ərizəsində özünü narahat hiss etdiyi üçün mürgülədiyini qeyd etsə də, məhkəmə iddiaçının qeyd edilən mülahizəsinə qiymət verərək, hesab etmişdir ki, iddiaçı cavabdehlə əmək müqaviləsi bağlayaraq, onun nəzarətinə verilmiş ərazinin mühafizəsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Əgər o, səhhətində olan hər hansı bir nasazlığa görə həmin gün öz vəzifəsini icra edə bilmirdisə, bu barədə işəgötürən cavabdehi xəbərdar edə və tədbir görülməsini xahiş edə bilərdi. İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş özünün əmək funksiyalarını yerinə yetirmədiyindən və əmək vəzifələrini kobud şəkildə pozduğundan, onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi əsaslı olmuşdur. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh əmək qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Yəni, məhkəmə hazırkı mübahisə üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyin hər hansı müddəalarının pozulmasını aşkar etməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı işə bərpa barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir.

7. Məhkəmə iddianın “məcburi iş buraxma ilə bağlı ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının hazırkı tələbləri onun əsas “işə bərpa” iddiası ilə birbaşa bağlı olduğundan, iddiaçının isə “işə bərpa” barədə iddiası əsassız olduğundan, bununla da iddiaçının məcburi iş buraxması müəyyən edilmədiyindən, iddia qeyd edilən hissədə də əsassızdır və təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 375ci, 377-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci, 80-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci, 377.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə konkret olaraq əmək müqaviləsinə hansı əsasla xitam verilməsini dəqiq müəyyən etməmişdir. Əslində, onun yol verdiyi intizam xətası əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi deyil, əmək vəzifələrinin kobud surətdə pozulması kimi qiymətlədirilməlidir. Məhkəmə işdən azad edilmənin əsasını dəqiq müəyyən etmədiyi üçün yekun qərar çıxararkən səhvə yol vermişdir. İşçinin işdən azad edilməsi üçün o hallar əmək müqaviləsinin kobud surətdə pozulması hesab edilir ki, onlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilmiş olsunlar. Bu siyahı işçiyə qarşı ən ağır intizam tənbehinin tətbiq edilməsi üçün əsasların siyahısını nəzərdə tutduğu üçün həmin siyahının geniş təfsirinə yol verilmir. Hazırki işdə iddiaçının yol verdiyi intizamsızlıq bu maddənin hec bir bəndinin təsiri altına düşmür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdirlər.

13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a”, “b” və “e” bəndlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, habelə iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası işin hallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə Cavabdeh MMC-nin 33 saylı mühafizə hissəsinə (sonradan adı dəyişdirilərək, Mərkəzi – Aran regionu üzrə mühafizə xidməti olmuşdur) 4-cü dərəcəli atıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, 99/K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək, növbə zamanı təhkim edilmiş 2 saylı postu özbaşına tərk etmiş və mühüm strateji obyektin mühafizəsindən yayınaraq 1 saylı posta gedib orada yatmışdır) xitam verilmişdir.

21. Hazırda iddiaçı əmrdə göstərildiyi kimi, 1 saylı postda yatmadığını, təhkim olunduğu 2 saylı postdan 1 saylı posta sərinləmək məqsədi ilə getdiyini və özünü narahat hiss etdiyi üçün orada stulun üstündə mürgülədiyini bildirir. Lakin buna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini əsassız hesab edir. İşlədiyi 10 illik müddət ərzində ilk dəfədir ki, belə bir pozuntuya yol verdiyini və bu səbəbdən bu hərəkətinin işdən çıxarılma ilə nəticələnməli olmadığını vurğulayır. Eyni zamanda, yol verdiyi pozuntunun əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi deyil, əmək vəzifələrinin kobud surətdə pozulması kimi qiymətləndirilməli olduğunu, lakin yol verdiyi bu intizamsızlığın Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların hər hansı birinin təsiri altına düşmədiyini göstərir. Cavabdeh iddiaçının əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə işdən azad edildiyini, iddiaçının xidmətdə olduğu ərazinin dövlət təhlükəsizliyi baxımından strateji mühüm obyekt olduğunu, növbədə olarkən həmin ərazidə yerləşən mühafizə postunu özbaşına tərk edərək, digər mühafizə postuna getdiyini və orada yatdığını, bununla da əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini pozduğunu bildirir.

22. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir.

23. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı; 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının işlədiyi Mərkəzi – Aran regionu üzrə mühafizə xidmətinin mühafizəsini həyata keçirdiyi 330 kv-luq “Goranboy” Paylayıcı Məntəqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı”na daxil edilmişdir. Mühafizə olunan ərazinin ümumi sahəsi 16 ha, sahədə yerləşən 1-ci mühafizə postunda növbədə olan mühafizəçinin hərəkət radiusu isə 60 metr təşkil edir. 2-ci mühafizə postunda növbədə olan mühafizəçi isə bütün sahəyə nəzarət edir və onun mühafizəsini həyata keçirir. Bu baxımdan 9 avqustdan – 10 avqusta keçən gecə 2-ci postda olan mühafizəçi olaraq iddiaçı bütün ərazinin mühafizəsini həyata keçirmək vəzifəsini daşımışdır.

25. Cavabdeh cəmiyyətin vəzifə təlimatının 17-ci maddəsinə əsasən öz postunu sayıq və mətanətlə müdafiə etmək, ayıq xidmət etmək, fikrini yayındırmamaq, təyin olunmuş Marşrutla hərəkət edərək, postun yaxınlığındakı keçidləri və hasarları nəzərdən keçirmək, həmçinin, postun siqnalizasiya və işıqlandırma vasitələrinin sazlığını yoxlamaq, həyatı təhlükədə olsa belə dəyişilməyincə və postdan çıxarılmayınca onu tərk etməmək atıcının xidmət vaxtı vəzifələrinə aid edilmiş, eyni zamanda, yatmaq, yazmaq, kitab oxumaq, xidməti postunu tərk etmək, xidmətdən yayınmaq və sayıqlığı itirmək atıcıya qadağan edilmişdir. Həmin vəzifələr və qadağalar mahiyyət etibarı ilə mühafizəsi həyata keçirilən ərazinin strateji əhəmiyyətinin göstəricisi olmaqla onun mühafizəsinə cəlb edilmiş (mühafizə postlarında yerləşdirilmiş) əməkdaşların yüksək sayıqlığının və bütün diqqətinin məhz mühafizədə mərkəzləşdirməsinin təmin edilməsinə yönəlmişdir. Bu səbəbdən hətta kitab oxumaq və ya mülkiyyətçinin göstərişinə əsasən mühafizəsinə aid olmayan işləri görmək belə mühafizəçilərə qadağan edilmişdir.

26. Həmin təlimatda müəyyən edilmiş əmək vəzifələrinə əməl etmək isə öz növbəsində iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə əsasən (3.1-ci bəndin, “ə” hissəsi) iddiaçının əmək funksiyalarına daxil edilmişdir. İddiaçı həmin təlimatın məzmunu ilə tanış edilmiş və müqaviləni imzalamaqla təlimatla müəyyən edilmiş əmək vəzifələrinə əməl edilməsi öhdəliyini üzərinə götürmüşdür.

27. Buna baxmayraq, iddiaçı 2023-cü ilin avqust ayının 9-dan 10-na keçən gecə 2-ci mühafizə postu üzrə növbədə olan zaman həyata keçirilmiş yoxlamadan sonra (özü də etiraf edir ki, bir dəfə yoxlanılmışdır) bu barədə aidiyyəti üzrə məlumat vermədən (özbaşına) öz postunu tərk edərək, 1-ci posta getmiş və orada stulların üzərində yatmışdır. Bu hal iş materiallarında olan sənədlərlə, o cümlədən fotoşəkillə öz təsdiqini tapır. Bununla belə, qeyd edilən hərəkəti ilə iddiaçı vəzifə təlimatı üzrə müəyyən edilmiş məntəqənin sayıq mühafizəsi və mətanətlə müdafiə edilməsi vəzifəsi də daxil olmaqla, üzərinə götürdüyü bir çox vəzifəsini, habelə vəzifələrindən irəli gələn qadağaları (yatmaq, xidməti postunu tərk etmək və sair) pozmuşdur. Həyatı təhlükədə olsa belə dəyişilməyincə və postdan çıxarılmayınca onu tərk etməmək vəzifəsi daşıyan, habelə xidməti vəzifələrini yerinə yetirərkən üzərində hətta kitabın oxunması qadağası olan iddiaçı nəticədə bu postunu yatmaq niyyəti ilə tərk etmiş, bununla da xidmətdən yayınmışdır. İddiaçının bu hərəkəti onun həmin günü əmək funksiyalarını və əmək müqaviləsindən irəli gələn vəzifələrini yerinə yetirmək niyyətində olmadığını bitmənalı şəkildə təsdiq edir.

28. İddiaçının özünü narahat hiss etdiyi üçün 1-ci postda, stulun üstündə bir balaca mürgüləməsi barədə fikirləri isə ümumiyyətlə əsassızdır. Belə ki, hadisədən bir müddət əvvəl keçirilmiş yoxlama zamanı iddiaçı həmin əməkdaşlara bu barədə hər hansı məlumat verməmişdir. Bu prosesin “bir balaca mürgüləmə” adlandırılması isə ümumiyyətlə anlaşılmazdır. Belə ki, iddiaçı öz postunda, ayaq üstü və ya oturaq vəziyyətdə, yəni hardasa ondan asılı olmayan, ani surətdə yaranmış fiziki gücsüzlüyün təsiri altında yuxuya getməmişdir. Keçirilmiş yoxlamadan sonra artıq yoxlamanın bitməsinin əminliyi altında və məhz yatmaq niyyəti və məqsədi ilə aidiyyəti üzrə məlumat vermədən (özbaşına) öz postunu tərk edərək, 1-ci posta getmiş və orada mövcud olan imkanlardan istifadə edərək, yaratdığı şəraitdə yatmışdır. Bununla da nəzarətində olan 16 ha ərazini faktiki olaraq nəzarətsiz qoymuş, bunun nəticəsi olaraq iş yerində işin normal ahəngi pozulmuşdur. Halbuki, artıq müəyyən edildiyi kimi onun fəaliyyətini tənzimləyən vəzifə təlimatı, həm də əmək funksiyaları birmənalı şəkildə iş yerində yatmanı istisna edir. Hətta bu məsələ ilə bağlı yarana biləcək hər hansı anşlaşılmazlıqların qarşısını almaq üçün təlimatda konkret olaraq belə bir qadağa təsbit edilmişdir.

29. Bu baxımdan iddiaçının həmin hərəkətləri hüquqi nəticə etibarı ilə məhz onun əmək funksiyasını və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlıqla yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilənlər öz növbəsində işəgötürən tərəfindən iddiaçıya Əmək Məcəlləsi ilə müəyyən edilmiş intizam tənbehlərindən birinin verilməsi üçün əsas yaradır və həmin tədbirlər çərçivəsində onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsini mümkün edir.

30. Bununla belə, 2023-cü ilin avqust ayının 9-dan 10-na keçən gecə “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı”na daxil edilməklə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına və İran İslam Respublikasına enerjinin ötürülməsində mühüm əhəmiyyət kəsb edən, həmçinin, ölkənin işğaldan azad edilmiş Qarabağ iqtisadi zonasında dövlət əhəmiyyətli mühüm strateji obyektləri, yaşayış məntəqələrini enerji ilə təmin edilməsinin vacib zənciri olan 330 kv-luq “Goranboy” Paylayıcı Məntəqəsinin 2-ci postunun mühafizəsinə təyin edilmiş iddiaçı birbaşa vəzifə təlimatı ilə qadağan olunmasına, habelə əmək funksiyalarına və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə zidd olmasına baxmayaraq, keçirilmiş yoxlamadan sonra mühafizə etdiyi postun ərazisini yatmaq niyyəti və məqsədi ilə tərk edib 1-ci posta getmiş və orada yatmışdır. Bununla da iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlıqla yerinə yetirməmişdir. Bunun nəticəsi olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi növündə intizam tənbehinin tədbiq edilməsi ilə cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmamışdır.

31. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı rəsmiləşdirilmə də əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmışdır. Belə ki, iddiaçının izahatı alınmaqla hadisə araşdırılmış, müvafiq aktlar tərtib edilmiş, araşdırmanın nəticələrinə dair arayış tərtib edilmiş, cəmiyyətin rəhbərinə və Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edilmiş və Komitənin qabaqcadan razılığı alınmış, qəbul edilmiş əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır.

32. Hüquqi nəticə etibarı ilə xx.xx.2023-cü il tarixli, 99/K saylı əmr qanuni və əsaslıdır və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bu da öz növbəsində onun ləğv edilməsi barədə tələbin, habelə bu tələbə münasibətdə törəmə tələblər olan işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinin təmin edilməməsini şərtləndirir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3188/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar