Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4857/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəlikləri) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən podratçı (Cavabdeh) sifarişçinin (İddiaçı) sifarişi əsasında X4 ərazisində yerləşən 0.03 ha torpaq sahəsində müqaviləyə əlavə olunan layihəyə əsasən təmirsiz fərdi yaşayış evi tikməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, sifarişçi İddiaçı podratçı Cavabdeh tərəfindən ona 72x72 m2 ölçüsü olan ikimərtəbəli fərdi yaşayış evinin təmirsiz şəkildə tikilməsi üçün 4000 manat məbləğində ilkin ödəniş etmiş, qalan 28000 manat pulu isə 48 ay, xx.xx.2019 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 583 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, müqaviləyə əsasən podratçı tərəfindən evin tikintisi üçün sifarişçinin ödəməli olduğu ümumi məbləğ 32000 manat məbləğində müəyyən edilmişdir. Lakin iş materiallarından, eləcə də tərəflərin nümayəndələrinin (vəkillərinin) məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, sifarişçi evin tikintisi üçün 13000 manat məbləğində pul ödədikdən sonra tərəflər razılığa gəlmişlər ki, evin qalan tikinti işlərini sifarişçi özü görsün. Tərəflərin hər ikisinin imzaladığı “təhvil aktı” adlı sənəddə qeyd edilmişdir ki, podratçı Cavabdeh evin beton təməlinin qoyulması, birinci mərtəbəsinin tikintisi, beton monolit, beton balkon və hasar işlərini görmüş, qalan ikinci mərtəbənin inşası, plastik pəncərələr, dam örtüyü, dəmir darvaza və seyf qapı qoyulması kimi işlərin görülməsini isə sifarişçi İddiaçı öz üzərinə götürmüşdür. Bunun qarşılığında sifarişçinin podratçıya ödəməli olduğu pulun 32000 manatdan 17500 manata endirilməsi, sifarişçinin ödədiyi 13000 manat pul çıxılmaqla, qalan 4500 manat pulun xx.xx.2020 – xx.xx.2020-ci il tarixləri arasında ödənilməsi barədə razılığa gəlmişlər. Həmin pul sifarişçi tərəfindən tam ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə imzaladıqları ikitərəfli xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən Podratçı tərəfindən X4 ərazisində 0.03 ha torpaq sahəsində inşası başlanılmış və başa çatdırılmış fərdi yaşayış evinin qanunvericiliyin tələblərin uyğun olaraq hazırlanmış layihə smeta sənədlərinin və tikintinin yerləşdiyi 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün ona təhvil verilməsini, eyni zamanda fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin 2 ay ərzində faktiki təhvil-təsliminin aparılmasının bir vəzifə kimi Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğundan 2019-cu ilin iyun ayında Hövsan qəsəbəsində ev tikintisi ilə məşğul olan Cavabdeh adlı şəxslə tanış olub. Söhbət əsnasında Cavabdeh bildirdi ki, həqiqətən o, Hövsan qəsəbəsində özünə məxsus torpaq sahəsində müştərinin istəyinə və vəsaitinə uyğun evlərin tikintisi və satışı ilə məşğuldur. Onun hesabına evin tikintisi və göstərdiyi ev şəkillərinə uyğun layihə ilə bağlı Cavabdehla razılığa gəldikdən sonra onunla xx.xx.2019cu il tarixli podrat müqaviləsi imzalayıblar. Gəldiyi razılığın şərtlərinə uyğun olaraq o Cavabdeh ümumilikdə 17500 manat məbləğində pul ödəyir, onun üçün öz torpağında inşa etdiyi fərdi yaşayış sahəsinin tikintisini öz vəsaiti hesabına davam etdirir, tikintini başa çatdırdıqdan sonra həmin tikintini və tikintinin yerləşdiyi 0.03 ha torpaq sahəsini hüquqi cəhətdən onun istifadəsinə verir ki, o sonrakı mərhələlərdə mənzilə və torpaq sahəsinə hüquqlarını dövlət qeydiyyatından keçirərək həmin əmlaklara hüquqlar əldə edə bilsin. Bu razılıqdan sonra ödəniş cədvəlində dəyişikliklər edilmiş, əvvəllər 13000 manat ödəniş etdiyi nəzərə alınmaqla geridə ödəməli olacağı 4500 manat pul xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arası dövrlərə bölünmüşdür ki, həmin məbləğlər də qrafikə uyğun olaraq tərəfindən tam ödənilmişdir. Bununla belə paralel olaraq tərəfindən mənzilin tikintisi davam etdirilmiş, 2021-ci ilin sonlarına yaxın tikinti başa çatdırılmış, daha sonra isə tikdiyi evin təmir işlərinə başlayıb. Tikintini başa çatdırıb təmir işlərinə başladığını cavabdehin nəzərinə çatdırıb, evin və 0.03 ha torpaq sahəsinin rəsmi sənədlər əsasında onun istifadəəsinə verilməsini ondan xahiş etsə də, Cavabdeh narahat olmamağını, təmir işlərini davam etdirməyini, özünün inşasını apardığı başqa tikililərin də olduğunu, həmin tikililərin də az bir vaxtda başa çatdırılaraq təhvil-təslim ediləcəyini, o səbəbdən sənədlərin təhviltəslim işlərinin birlikdə eyni vaxtda aparılacağını bildirmişdir. Lakin 2022-ci ilin əvvəllərindən başlayaraq ona məlum oldu ki, tikintisi aparılan digər yaşayış sahələrinin sahibləri ilə Cavabdeh arasında narazılıq yaranıb və narazılıqların sayı artmaqdadır. Belə ki, həmin şəxslər tikintinin pulunu ödəsələr də, tikinti işləri getmir. Bu səbəbdən 2022-ci ilin avqust ayına qədər bir neçə dəfə Cavabdeh müraciətlər etdilər ki, tikintini başa çatdırdığını nəzərə alaraq tikib başa çatdırdığı evi və torpaq sahəsini sənədlər əsasında adına keçirsin. Lakin o, müxtəlif bəhanələr gətirərək bunu etməkdən yayınmış, son zamanlar isə hətta kobud davranışlara və hədə-qorxulara yol vermişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilməsi” tələbinə dаir iddiasının təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərindən görünür ki, həqiqətən də podratçı Cavabdeh yalnız X4 ərazisində yerləşən 0.03 ha torpaq sahəsində təmirsiz fərdi yaşayış evi tikmək vəzifəsini öhdəsinə götürmüş, evin yerləşdiyi torpaq sahəsinin sifarişçi İddiaçı verilməsinə dair müqavilədə heç bir bənd nəzərdə tutulmamışdır. Məhkəmə hesab etmişdir ki, belə bir bəndin müqavilədə nəzərdə tutulması qanuni də olmazdı. Ona görə ki, bu torpaq sahəsi Cavabdeh mülkiyyətində deyil. Bunu iş üzrə hər iki tərəf mübahisələndirmədən qəbul edir. Həmçinin, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsinin (vəkilinin) sorğusuna verilmiş cavabda qeyd edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsidir və bu torpaq üzərində olan tikili özbaşına tikilidir. Nəzərə alınmalıdır ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir Özgəsinin mülkiyyətində olan torpaq sahəsində tikinti aparmaq şəxsə nə torpaq sahəsi, nə də onun üzərində inşa edilmiş tikili üzərində heç bir mülkiyyət hüququ vermir. Əksinə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır .Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin hansısa bəndində podratçının tikintinin aparıldığı torpaq sahəsini iddiaçıya vermək kimi bir öhdəliyi nəzərdə tutulsa idi belə, müqavilənin həmin bəndi əhəmiyyətsiz olardı. Öz növbəsində iddiaçı da torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğunu iddia etməmişdir. Hətta iddiaçının nümayəndəsi (vəkili) cavabdehin dövlət mülkiyyətində olan torpaqda özbaşına tikinti apardığını bildirərək, onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bununla belə iddiaçı həm torpaq sahəsinin “faktiki təhvil-təsliminin aparılmasını”, həm də torpaq sahəsinin plan-ölçü sənədlərini cavabdehdən tələb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) bu tələbini tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.2.5-ci maddəsinə istinadla əsaslandırmışdır. Hansı ki, həmin maddədə podratçının öhdəliklərindən biri kimi qeyd edilir: “”Sifarişçi” tərəfindən verilmiş işi vaxtında və keyfiyyətli təhvil vermək. (Tikinti normativlərinə və görülən işlər siyahısına uyğun). Göründüyü kimi bu maddədə sifarişin təhvil verilməsindən söhbət gedir ki, sifariş dedikdə yalnız fərdi yaşayış evinin tikintisinin nəzərdə tutulduğunu müqavilənin şərtləri əsasında mübahisəsiz müəyyən etmək mümkündür. Digər tərəfdən, müqavilədə sifariş dedikdə torpaq sahəsinin də nəzərdə tutulmasının qanuni olmadığı artıq yuxarıda əsaslandırılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi və onun plan-ölçü sənədlərinə dair tələbi əsassızdır. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə artıq xitam verilmişdir. Ona görə ki, hər iki müqavilə tərəfi öhdəliklərini tam icra etmiş, podratçı evin bir hissəsini tikib sifarişçiyə təhvil vermiş, sifarişçi isə tikilmiş hissə üçün razılaşdırılmış muzdu ödəmişdir. Nəzərə alınmalıdır ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. O da nəzərə alınmalıdır ki, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir .Hazırkı işdən isə görünür ki, iddiaçı sifarişi qəbul etməsinə, bunun üçün razılaşdırılmış muzdu ödəməsinə baxmayaraq, podratçının müqavilə öhdəliklərini lazımınca icra etmədiyini iddia etmişdir. Bununla belə o, bu iddialarını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tələbin digər hissəsi tikilmiş fərdi yaşayış evinin “faktiki təhvil-təsliminin aparılması” vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Bu tələbə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində tikilməsi nəzərdə tutulmuş fərdi yaşayış evi tikilmiş, sifarişçi evin tikintisi üçün podratçı ilə aralarında razılaşdırılmış muzdu tam ödəmiş və sifarişi (fərdi yaşayış evini) təhvil almışdır. Hətta sifarişin sifarişçiyə təhvil verilməsi muzdun tam ödənilməsindən də əvvəl baş vermişdir. Belə ki, podratçı Cavabdeh evin birinci mərtəbəsində müəyyən tikinti işləri apardıqdan sonra tərəflər razılığa gəlmişlər ki, evin ikinci mərtəbəsini və qalan bütün tikinti işlərini sifarişçi İddiaçı özü həyata keçirsin. Bu razılığa uyğun olaraq tərəflər arasında yeni ödəniş cədvəli də təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən hər iki tərəfin nümayəndəsi (vəkili) işin bu halını, yəni evin tikintisinin podratçı olan cavabdeh tərəfindən yox, sifarişçi olan iddiaçı tərəfindən başa çatdırıldığını təsdiq etmişlər. Aydındır ki, tikinti cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsə idi, iddiaçının tikintini davam etdirməsi mümkün olmazdı. Elə bu səbəbdəndir ki, evin tikintisinin qalan hissəsinin iddiaçı tərəfindən həyata keçirilməsinə dair tərəflərin razılaşmasını təsdiq edən sənəd də məhz “təhvil aktı” adlandırılmışdır. Maraqlısı budur ki, iddiaçı da həmin evin özünə təhvil verilmədiyini iddia etmir, bununla belə evin “faktiki təhviltəsliminin aparılması” vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi izahatdan məlum olur ki, iddiaçının bunu tələb etməkdə məqsədi evin, eləcə də evin yerləşdiyi torpaq sahəsinin üzərində “hüquqlarını” rəsmiləşdirmək, bununla da Cavabdeh həmin ev və torpaq sahəsi ilə bağlı gələcək “iddiaları”ndan özünü sığortalamaqdır. Halbuki, bu ev özbaşına tikilidir və bu tikilinin hansı qaydada “təhvil-təslim” edilməsindən asılı olmayaraq, hazırkı vəziyyətdə nə bu tikintini tikmiş podratçı, nə də bu tikintini tikməyi sifariş vermiş sifarişçi tikinti və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilməz. Bu baxımdan belə bir tələbin heç bir hüququ əsası yoxdur və təmin edilməsi mümkün deyil. İddiaçı cavabdehdən həm də fərdi yaşayış evinin layihə sənədini tələb etmişdir. Həmin sənəd işin məhkəmənin icraatında olduğu dövrdə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən iddiaçının nümayəndəsinə (vəkilinə) təqdim edilmiş, cavabdehin nümayəndəsi (vəkili) sənədi qəbul etmiş, bununla bağlı məhkəməyə ərizə vermişdir. Odur ki, tələbin bu hissəsi üzrə tərəflər arasındakı mübahisə artıq həll olunduğundan tələb bu hissədə də təmin edilməməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 385.1, 386.1, 390.1, 390.2, 427.1, 527.1, 528, 529.2, 752.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiаçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, məhkəmə qətnaməsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan görünür ki, adıçəkilən torpaq sahəsində tikintiyə nəzarət etməli olan Suraxanı və Abşeron rayonunun İcra Hakimiyyətlərinin gözü önündə Cavabdeh tərəfindən yüzlərlə evlər tikilir və satılır. Həmin orqanların məhkəmə prosesinə cəlb edilməsinə dair verdiyi vəsatəti təmin etmədən, iddia ərizəsinin rədd edilməsini özbaşına tikili ilə əlaqələndirməkdə məhkəmə podrat müqaviləsinin mahiyyətinə (öhdəliyə) xələl gətirmişdir. Müqavilənin 2.2.5-ci bəndinə görə, işin təhvil verilmə öhdəliyi Podratçının vəzifələrinə aid edilmişdir. Müqavilənin 4.2-ci bəndinə görə isə, tikinti başa çatdıqdan sonra tərəflər arasında işlərin təhvil-qəbulu aparılır və bu barədə Akt tərtib olunur. Yuxarıda göstərilmiş bəndlər öhdəliklərin şərtlərindən hesab olunsa da, iddia ərizəsində göstərildiyi kimi tikinti başa çatmış, lakin cavabdeh tərəf işlərin və torpaq sahəsinin təhvil-təslimindən yayınmışdır. Məhkəmə faktiki olaraq bu yayınmanı qanuni hesab etmiş və mövqeyini cavabdehin torpaq sahəsinə hüququnun olmadığı və torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə əlaqələndirmişdir. Hesab edir ki, məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, burada məsələ müqavilə üzrə götürülmüş öhdəlikdən gedir. Torpaq sahəsini və tikilinin cavabdeh tərəfindən ona Akt əsasında təhvil verilməsi dövlət üçün hər hansı hüquqi nəticələrə səbəb olmur. Məhkəmə burada özünü dövlət mülkiyyətinin qoruyucusu rolunda görmüşdür. Digər tərəfdən isə məhkəmə baxışı zamanı evin layihə sənədinin bir vərəqi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə həmin sənədi qəbul edərək ona vermişdir. Eyni zamanda qətnaməsində qeyd edilir ki, layihə sənədi təqdim edildiyindən tələb bu hissədə də təmin edilməməlidir. Məhkəmə bu mövqeyi ilə, faktiki olaraq, iddia tələbini rədd etsə də, tələbin əsaslı olduğu qənaətinə gəlir. Bu maddəyə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamədən görünür ki, məhkəmə işdə olan podrat müqaviləsinə, sorğu nəticəsində torpağın statusuna dair sənədlərə qərəzli yanaşmış, nəticədə Cavabdeh qanunsuz əməlləri ilə maraqlarına toxunan subyektlər məhkəmə prosesinə cəlb edilməmişlər. İddia tələbindən biri də, əməllərində cinayət əlamətləri olan Cavabdeh barədə xüsusi qərardadın çıxarılaraq prokurora məlumat verilməsi olmuşdur. Məhkəmə bu hissədə də iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə müəyyən edir ki, torpaq sahəsi dövlət mülkiyyətindədir, orada isə tikintilər qanunsuz aparılır. Yəni, Cavabdeh əməllərində CM-nin 188-ci maddəsinin əlamətləri mövcuddur. Belə olan halda məhkəmə xüsusi qərardad çıxarmaqdan imtina etməklə MPM-nin 265.4. maddəsinin tələblərini pozmuşdur
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
10. İddiaçı məhkəmə iclasında iştirak edən zaman apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, qonşu ərazidə yerləşən qonşulara sənəd verilib. Onun da istəyi odur ki, ona da sənəd verilsin. Ona bir etibarnamə verib, o etibarnamə də heç bir yerdə keçmir. Cavabdeh ən azından 99 illik ona sənəd verə bilər. Etibarnaməni iş materiallarına əlavə edib. Onun tikdiyi kimi orada 200-ə yaxın ev tikilib. Torpaq cavabdehin özünün torpağıdır və alqı-satqı edə bilir. Məhkəməni də aldadır. Torpaq cavabdehin kooperativlərinin balansındadır. Cavabdeh onu da, məhkəməni də həmişə aldadıb. Ona cavabdeh deyirdi ki, məhkəmədən ərizəni götür, sənədi verəcək. Cavabdeh ona deyir ki, ona sənəd versə, qonşulara da verməlidir. İddiaçı evi nə qədər düzəldib, xərc çəkib. O hər gün qorxa-qorxa yatır ki, sabah kimsə evdən çıxmağını tələb edəcək. Onların 2 müqaviləsi olub, birinci mərtəbədə işi dayandıranda birinci müqavilədə də var idi ki, müəyyən məbləğ qarşılığında cavabdeh ona 3 sot torpaqda ev tikəcək. Ondan sonra heç müqaviləni də oxumayıb və başına belə bir iş gəldi. Cavabdeh fiziki şəxs getdiyinə görə cavabdehi şirkət yox, vətəndaşı qoyublar. Aralarında yalnız podrat müqaviləsi olub. O torpağı oğurlamayıb, ona cavabdeh etibarnamə verib. Ən azından etibarnaməni ona 99 illlik verməsini istəyir. Onun ailə üzvləri 8 nəfərdən ibarətdir və onların hamısı da orada yaşayırlar. Onun himayəsində 3 əlil insan var. Torpağı ona cavabdeh satanda dedi ki, bu etibarnamə torpağın sənədidir. Etibarnaməni də hara apardısa, evin sənədi olmadığını dedilər.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Hazırki halda iddiаçı İddiaçı apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İş materiallarından görünür ki, iddiaçının tələbi 3 hissədən ibarətdir: tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində 0.03 ha torpaq sahəsində inşası başlanılmış və başa çatdırılmış fərdi yaşayış evinin qanunvericiliyin tələblərin uyğun olaraq hazırlanmış layihə smeta sənədlərinin verilməsi; müqavilə üzrə tikintinin yerləşdiyi 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün təhvil verilməsi; müqavilə üzrə fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin 2 ay ərzində faktiki təhvil-təsliminin aparılması;
19. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı Memar MMC tərəfindən tərtib edilmiş bir vərəqdən ibarət layihə sənədi iddiaçıya təqdim edilmişdir (i.v.93). 21.İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, ancaq bir vərəq təhvil verilib. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələb etdiyi sənədlərin daha artıq nüsxədə olması və onların cavabdehdə olmasına dair sübut təqdim etməmişdir.
22. İddiaçının müqavilə üzrə tikintinin yerləşdiyi 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün təhvil verilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən “Podratçı” Cavabdeh X4 ərazisində yerləşən 0.03 ha torpaq sahəsində ümumi müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirsiz tikintisini öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən hər iki tərəf yerinə yetiriləcək (görüləcək) işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra “Podratçı” bu müqavilədə müəyyən olunmuş müddətə işləri keyfiyyətli yerinə yetirib “Sifarişçi”yə verməyi, “Sifarişçi” isə müqavilədə göstərilən məbləği “Podratçı”ya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin “Podratçının hüquq və öhdəlikləri” hissəsində qeyd edilir ki, podratçının öhdəliklərinə təhlükəsizlik qaydalarına riayət etmək, iş prosesində hər hansı bir texnikaya ehtiyac olduqda texnikanı cəlb etmək, sifarişçinin obyektindəki hər hansı texnikaya ziyan vurmamaq, “sifarişçi” tərəfindən verilmiş işi vaxtında və keyfiyyətli təhvil vermək daxildir.
23. İddiaçının müqavilə üzrə fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin 2 ay ərzində faktiki təhvil-təsliminin aparılması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan təhvil aktından görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2019cu il tarixli podrat müqaviləsi əsasında 3 sot torpaqda beton təməl evin birinci mərtəbə tikintisi və beton manalit işləri beton balkon və hasar işi görülmüşdür. Qalan ikinci mərtəbənin inşası, plastik pəncərələr, dam örtüyü, dəmir darvaza və seyf qapı işlərini “Sifarişçi” öz üzərinə götürür.
24. Tərəflər arasında tərtib edilmiş təhvil aktından görünür ki, müqavilə tərəfi olan “Podratçı” Cavabdeh tərəfindən evin birinci mərtəbə tikintisi və beton monalit işləri beton balkon və hasar işi görülmüş və ikinci mərtəbənin tikintisini isə “Sifarişçi” üzərinə götürmüşdür. Belə olan halda görünür ki, “Podratçı”nın müqavilə üzrə yerinə yetirməyi öhdəsinə götürdüyü işlər icra edilmiş, evin birinci mərtəbəsi təhvil verilmişdir. 25.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının narazılığı odur ki, cavabdeh tikilinin yerləşdiyi torpağı və tikilini iddiaçının adına rəsmiləşdirməkdən imtina edir. 26.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işdən iddiaçı ilə cavabdeh arasında ancaq podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olması müəyyən olunur. İddiaçı dedikləri hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. 27.Apellyasiya şikayətinin digər dəlili odur ki, Suraxanı və Abşeron rayon İcra Hakimiyyətləri işə cəlb olunmamışdır. 28.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tələb cavabdehlə iddiaçının arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliyin icrası ilə bağlı olduğundan İcra hakimiyyətinin üçüncü şəxs kimi cəlb edilməsinə zərurət olmamışdır. 29.Digər tələbi isə odur ki, cavabdehin əməlləri barədə xüsusi qərardad çıxarılmamışdır. 30.Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 31.Məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabdehin iddiaçıya qarşı qanuna zidd əməli olmuşdursa iddiaçı özü hüquq mühafizə orqanına müraciət edə bilər. Hazırki halda isə iddiaçı məhkəməyə belə sübut təqdim etməmişdir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-197/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev