Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-486/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı X9 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun qaytarılması tələbi barədə” iddiasına dair № 2(004)-3382/2019 saylı iş üzrə (birinci iş) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2019-cu il tarixli qətnamədən iddiaçı N.Mamedovun verdiyi apellyasiya şikayətinə, İddiaçı1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xxxx” ilk iddiasına, cavabdeh MMC-nin iddiaçıya qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiasına dair 2(004)-3383/2019 saylı iş üzrə (ikinci iş) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2019-cu il tarixli qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı N.Mamedovun özünün, hər iki iş üzrə iddiaçıların birgə vəkili (nümayəndəsi) X16, cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birinci iş barədə məlumat. İddia tələbi və iddiaçının dəlilləri: İddiaçı N.Mamedov iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 68.000 manat məbləğində pulun cavabdeh MMC-dən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-nin təsisçisi X6 10.05.2018-ci il tarixdə 15.000 ABŞ dolları, 15.05.2018-ci il tarixdə 15.000 ABŞ dolları, 18.06.2018-ci il tarixdə isə 17.000 manat olmaqla, ümumilikdə 68.000 manat borc vermişdir. H.İbrahimov ondan aldığı borcları 2-3 ay müddətinə qaytarmağa söz vermişdir. 3 aydan sonra H.İbrahimovdan verdiyi borcları almaq istədikdə iddiaçıya bildirmişdir ki, onun əmisi oğlu X11 deyir ki, “Narahat olmasın, qısa müddətə Nağının borcları qaytarılacaq”. Bir neçə ay keçəndən sonra yenidən H.İbrahimovdan verdiyi borcları almaq istədikdə iddiaçı ilə çox kobud şəkildə rəftar edərək bildirmişdir ki, əmisi oğlu T.İbrahimov borcu ona nə vaxt versə, həmin borcu ona qaytaracaqdır. Lakin bugünə qədər borcdan bir manat da olsun belə qaytarılmayıb. 08.02.2019-cu il tarixində MMC tərəfındən iddiaçıya göndərilmiş 01/089 saylı məktubda alınmış borc etiraf edilir və əlavə olaraq bildirilir ki, həmin borcun müqabilində zəmanət olaraq iddiaçının arvadı (ikinci iş üzrə iddiaçı) İddiaçı1 adına 14.05.2018-ci il tarixli “xxxx” müqaviləyə əsasən MMC tərəfindən Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1 saylı binada, “D” bloku, mərtəbə 6, mənzil 31, sahəsi 72 kv.m olan 1 otaqlı mənzil (bundan sonra – mübahisəli mənzil) rəsmiləşdirilmişdir. İddiaçıya olan borc tam olaraq ödənilmiş və MMC tərəfindən arvadının adına rəsmiləşdirilmiş müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, İddiaçı1 adına rəsmiləşdirilmiş müqavilə və xxxxna notarial qaydada etiraz ərizəsini təqdim edilməsi xahiş olunur. Həmin məktubla bağlı iddiaçı bildirir ki, mənzilin onun arvadı İddiaçı1 adına rəsmiləşdirilməsinin verdiyi borca heç bir aidiyyəti yoxdur və həmin mənzil heç bir zəmanət əsasında arvadının adına rəsmiləşdirlməmişdir. “xxxx” 14.05.2018-ci il tarixli müqavilə MMC-nin direktoru H.İbrahimov ilə İddiaçı1 arasında bağlanmışdır. Müqavilənin 3.2-ci maddəsindən də görünür ki, mənzilin dəyəri İddiaçı1 tərəfindən MMC-yə nağd şəkildə ödənilmişdir. İddiaçı daha sonra bildirir ki, borc məsələsi ilə bağlı ondan Binəqədi Rayon Polis İdarəsində izahat alınmışdır. O izahat verən vaxt MMC-nin təsisçisi H.İbrahimov və onun xüsusi mühafizəçiləri ona təzyiq edirdilər. Latın qrafikası ilə yaza və oxuya bilmədiyinə görə müstəntiq izahatı kompüterdə yazmış və o, izahatı oxumadan imzalamışdır. Müstəntiq iddiaçıya bildirmişdir ki, bu iş mülki iş olduğundan mülki qaydada məhkəməyə müraciət etməlidir. Cavabdehin iddiaya qarşı etirazı və dəlilləri: Cavabdeh MMC-nin iddiaya etirazı isə belə əsaslandırılmışdır ki, N.Mamedovdan cəmi 61.200 manat pul alınmış və bunun əvəzində ona MMC tərəfındən 66.500 manat pul qaytarılmışdır. Borc götürülmüş həmin məbləğdən əvvəlcə hissə-hissə cəmi 16.500 manat, 18.12.2019-cu il tarixdə isə şahidlərin iştirakı və video çəkilişlə qalan 50.000 manat ona ödənilmişdir. Buna baxmayaraq N.Mamedova həmin borc müqabilində zəmanət olaraq onun arvadı İddiaçı1 adına MMC tərəfındən rəsmiləşdirilmiş mənzilin sənədlərin qaytarılması barədə iddiaçıya məktub göndərilsə də, iddiaçı həmin sənədləri təhvil verməkdən imtina etmiş və tam əsassız olaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, MMC-nin təsisçisi H.İbrahimov iddiaçıdan alınan borc vəsaitlərindən ikinci dəfə verildiyi bildirilən 15.000 ABŞ dollarından xəbəri olmamış, həmin pul vəsaitini şəxsən almamışdır. N.Mamedovdan alınan borc onun qardaşı Ələsgər, bacanağı Nadir və Akifın iştirakı ilə qaytarılmışdır. Bu faktı sübut edən video çəkiliş də mövcuddur. N.Mamedov hazırkı iddia tələbini qaldırmazdan əvvəl polis orqanına şikayət etmiş və Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılmış araşdırma zamanı onun pulunun tam qaytarılması təsdiq olunmuşdur. N.Mamedovun hazırkı iddia tələbini verməkdə məqsədi əlavə faiz tələb etməsidir. İş üzrə qəbul edilmiş qətnamə: İşə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.07.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini, iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı N.Mamedovun özünə aid edilməsini qət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı N.Mamedov qeyd olunan qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İkinci iş barədə məlumat. İddia tələbi və iddiaçının dəlilləri: İddiaçı1 cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin direktoru K.İbrahimov ilə onun arasında bağlanmış 14.05.2018ci il tarixli müqaviləyə əsasən, (yuxarıda qeyd edilmiş) mübahisəli mənzilin tikintisi üçün MMC-yə ödədiyi 61.200 manat pulun MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, MMC-nin direktoru X12 ilə İddiaçı1 arasında bağlanmış 14.05.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı mübahisəli mənzili MMC-dən satın almış və mənzilin dəyəri olan 61.200 manatı tam həcmdə elə həmin tarixdə MMC-yə ödəmişdir. Həmin ödəniş MMC tərəfindən iddiaçıya verilmiş 14.05.2018-ci il tarixli “xxxxnda” öz təsdiqini tapır. Belə ki, İddiaçı1 tərəfindən 72 kv.m olan mənzilin hər bir kv.m üçün 850 manat ümumilikdə 61.200 manat ödənilmişdir. İddiaçının əri (birinci iş üzrə iddiaçı) N.Mamedov həmin ərəfədə MMC-nin təsisçisi H.İbrahimova ümumilikdə 68.000 manat borc vermişdir. 08.02.2019-cu il tarixində MMC tərəfındən iddiaçının əri N.Mamedova göndərilmiş 01/089 saylı məktubda alınmış borc etiraf edilir və əlavə olaraq bildirilir ki, həmin borcun müqabilində zəmanət olaraq İddiaçı1 14.05.2018-ci il tarixli “xxxx” müqaviləyə əsasən MMC tərəfindən Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan 1 saylı binada, “D” bloku, mərtəbə 6, mənzil 31, sahəsi 72 kv.m olan 1 otaqlı mənzil (bundan sonra – mübahisəli mənzil) rəsmiləşdirilmişdir. N.Mamedova olan borc tam olaraq ödənilmiş və MMC tərəfindən arvadının adına rəsmiləşdirilmiş müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Odur ki, İddiaçı1 adına rəsmiləşdirilmiş müqavilə və xxxxna notarial qaydada etiraz ərizəsini təqdim edilməsi xahiş olunur. Həmin məktubla bağlı iddiaçı bildirir ki, mənzilin onun adına rəsmiləşdirilməsinin onun əri tərəfindən MMC-yə verilmiş borca heç bir aidiyyəti yoxdur və həmin mənzil heç bir zəmanət əsasında onun adına rəsmiləşdirlməmişdir. “xxxx” 14.05.2018-ci il tarixli müqavilə MMC-nin direktoru H.İbrahimov ilə onun arasında bağlanmışdır. Müqavilənin 3.2-ci maddəsindən də görünür ki, mənzilin dəyəri onun tərəfindən MMC-yə nağd şəkildə ödənilmişdir. İddiaçı daha sonra bildirir ki, o, MMC ilə müqavilə bağlayan zaman binanın 4-cü mərtəbəsi tikilmişdir. İddiaçı müqavilə bağlayandan sonra bugünkü tarixədək binada heç bir iş görülməmişdir, heç bir iş görmək fikirləri də yoxdur. Ona görə də, o, mənzilə görə ödədiyi 61.200 manat məbləğində pulun qaytarılmasını bir neçə dəfə MMC-dən tələb etsə də, MMc-nin rəhbər işçiləri müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən də, o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia tələbinin dəlilləri. Cavabdeh MMC, iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı1 arasında mübahisəli mənzilə dair 14.05.2018-ci il tarixdə bağlanmış “xxxx” müqavilənin etibarsız hesab edilməsi və həmin tarixli “xxxx” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin ilk iddiaya qarşı etirazı və qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı1 mübahisələndirilən mənzil üçün ödənilmiş məbləğ olaraq 61.200 göstərir. 14.05.2018-ci il tarixli müqavilənin surəti və eyni tarixli “xxxx” surətini ərizəyə əlavə etmişdir. Lakin bu məbləğin onun tərəfindən MMC-nin kassasına ödənilməsini təsdiq edən kassa mədaxil orderi onun tərəfindən təqdim edilməmişdir. Çünki qeyd edilən məbləğ İddiaçı1 tərəfindən MMC-nin kassasına ödənilməmişdir. Əslində həmin mənzil barədə müqavilə İddiaçı1 həyat yoldaşı N.Mamedov tərəfindən MMC-nin rəhbərliyinə borc olaraq verilmiş pula zəmanət olaraq bağlanmışdır. Burada mənzil üçün heç bir ödənişdən söz gedə bilməz. Çünki, kassaya pul ödənilən zaman mütləq kassa mədaxil çeki yazılır və müqaviləyə əlavə olunur. Bu mənzil barədə müqavilə ancaq borc alınmış pula zəmanət olaraq bağlanmışdır, əgər alınan borc qaytarılmasa idi qeyd edilən mənzil N.Mamedovda, yəni iddiaçının yoldaşının adında qalacaqdı. Yuxarıda göstərilən məbləğdə borc olaraq alınmış pul N.Mamedova MMC-nin direktoru H.İbrahimov tərəfindən qaytarılmışdır. Buna baxmayaraq N.Mamedova həmin borc müqabilində zəmanət olaraq onun arvadı İddiaçı1 adına MMC tərəfındən rəsmiləşdirilmiş mənzilin sənədlərin qaytarılması barədə İddiaçı2 məktub göndərilsə də, o, həmin sənədləri təhvil verməkdən imtina etmiş və özü habelə İddiaçı1 müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 iddia tələbi ziddiyyətli və tam əsassız olduğundan rədd edilməlidir. Birincisi, İddiaçı1 zəmanət üçün müqavilə bağlanan zaman MMC-nin ofisində olmamışdır, özü şəxsən iştirak etməmişdir. Belə olan halda o, qeyd edilən məbləğin onun tərəfindən ödənildiyini necə izah edə bilər. İkincisi, həmin müqavilənin İddiaçı1 tərəfindən imzalandığı da şübhə doğurur. Çünki, xanım özü şəxsən iştirak etməmiş, yoldaşı N.Mamedov isə imzalatmaq üçün apardığı müqaviləni çox çəkmədən yəni on dəqiqədən sonra imzalanmış şəkildə gətirmişdir. İddiaçı1 şəxsiyyət vəsiqəsində ona məxsus şəxsi imzasına da diqqət yetirdikdə imzaların fərqli olduğu aydın olur. Göstərilənlərə əsasən MMC hesab edir ki, onunla İddiaçı1 arasında 14.05.2018-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməli və həmin müqavilə əsasında verilmiş “xxxx” ləğv edilməlidir. Bunun nəticəsi olaraq isə İddiaçı1 MMC-yə qarşı irəli sürdüyü iddia rədd edilməlidir. İş üzrə qəbul edilmiş qətnamə: İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.07.2019-cu il tarixli qətnamə ilə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini qət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları ilk iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, iş üzrə mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyil. İşlərin bir icraatda birləşdirilməsi məsələsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatına daxil olmuşdur. Məhkəmə, icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir (İş № 2(103)-486/2020). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin baxılması ilə bağlı Məhkəmə aşağıdakıları qeyd edir: İş üzrə iddiaçı N.Mamedov özü və hər iki iş üzrə iddiaçıların vəkili (nümayəndəsi) K.Əliyev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdilər, şikayətlərin, habelə iddia ərizələrinin məzmununa uyğun izahat verdilər. İş üzrə cavabdeh MMC-nin nümayəndəsi İ.Yediyarov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və Rayon Məhkməsinin qətnamələrinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin hər iki iş üzrə qəbul etdiyi qətnamələri ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək N.Mamedovun iddiası və Z.Məmmədovun ilk iddiası təmin edilməli, ikinci iş üzrə MMC-nin qarşılıqlı iddiası isə rədd edilməlidir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11.03.2019cu il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, (birinci iş üzrə iddiaçı) X19 19.12.2018-ci il tarixdə şikayətlə müraciət edərək bildirmişdir ki, 13.01.2018-ci il tarixdə dayısı oğlu İddiaçı2 Yunis oğlu bir həftəyə qaytarmaq şərti ilə ondan tanışı Kazım İbrahimovun vasitəsi ilə 4.000-5.000 manat məbləğdə pul almış, bir həftə sonra avtomobilini girovdan çıxarmaq məqsədi ilə 1-2 aya bağlayacağını söz verib qardaşı X7 vasitəsi ilə lombardan onun adına pul götürmüş, 1 ay sonra şirkətə ümumilikdə 5.000 ABŞ dolları məbləğdə pul lazım olduğunu deyərək bütün pulları bir aya qaytaracağını bildirmiş, 5 gün sonra Vergilər Nazirliyinə olan borclarını bağlamaq üçün ondan yenə 15.000 ABŞ dolları məbləğdə pul istəmiş, daha sonra Həmid İbrahimovun ölümlə hədələndiyini deyib 15 gündən sonra qaytaracağını bildirərək 10.000 manat pulunu almış, ertəsi gün X3 getməsi üçün 2 həftəyə verəcəklərini deyərək 6.000 manat məbləğdə pulunu almışdır. Sonra o, həmin şəxslər tərəfindən aldadıldığını anlayıb pullarını geri istəmiş, lakin bibisi oğlu ona faiz verməsini bildirdikdə, o razılaşmamışdır. Sonra ona bildirmişdir ki, pulları Tağı və Həmid İbrahimovlardadır, şirkəti onlar idarə edir və pullarını da həmin şəxslər geri qaytaracaqlar. Ərizəçi İddiaçı2 pullarının İddiaçı2 Yunis oğlu, Tağı İbrahimov və Həmid İbrahimovdan alınaraq özünə qaytarılmasını xahiş etmişdir. Material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X11 və X13 rəhbər vəzifədə işlədikləri və Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr-da yerləşən “Ağac Emalı” zavodunun inzibati binasında şirkətdə müavin işləyən İddiaçı2 Yunis oğlunun bibisi oğlu İddiaçı2 borc olaraq 2018-ci il ərzində, yəni 19.01.2018-ci il tarixdə 4.000 manat, 10.05.2018-ci il tarixdə zavoda lazım olduğu üçün faizlə 15.000 ABŞ dolları, 15.05.2018-ci il tarixdə Vergi Nazirliyinə ödənilməsi üçün 15.000 ABŞ dolları, 21.05.2018-ci il tarixdə Tağı İbrahimovun öldürülməməsi üçün 11.000 manat və 26.05.2018-ci il tarixdə Tağı İbrahimovun arvadı X4 Respublikasına göndərə bilmək üçün 6.000 manat məbləğdə pulu borc almışlar və faizləri ilə birlikdə 2018-ci ilin iyul ayında cəmi 7.000 manat və 18.12.2018-ci il tarixdə isə, zavodda olarkən 50.000 manat borcunu ödəmiş və İddiaçı2 heç bir pul borcu olmamışdır. Bundan əlavə, bibisi oğlu İddiaçı2 Yunis oğlu da “Prado” markalı avtomobilini girov yükündən azad etdirə bilməsi üçün İddiaçı2 06.03.2018-ci il tarixdə 10.000 ABŞ dolları məbləğdə pulu faizlə borc almış və 23.06.2018-ci il tarixdə faizi ilə birlikdə 12.300 ABŞ dolları məbləğdə pulu ümumi qohumları “Xaliq” adlı şəxsin vasitəsi ilə geri qaytarmışdır. Göstərilənlərə əsasən, İddiaçı2 Bayman oğlunun ərizəsi əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd olunmuş, ərizəçi İddiaçı2 İddiaçı2 Yunis oğlu, X11 və X13 ilə aralarında mülki münasibətlərin pozulması ilə bağlı borc pulunun geri qaytarılması barədə mülki məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən daxil olmuş X9 şikayəti üzrə toplanmış həmin materiallara əlavə edilmiş X9 06.06.2019-cu il tarixli izahatından görünür ki, iddiaçı həmin izahatında verdiyi borca görə 2018-ci ilin iyun ayının 10-dək Həmid İbrahimovun hər gün ona 300 manat pul ödədiyini, 2018-ci ilin iyul ayında bacanağı Akifin vasitəsilə birinci dəfə 3.000 manat, ikinci dəfə 4.000 manat, cəmi 7.000 manat aldığını, 2018-ci ilin dekabr ayının 18-də Həmid İbrahimovun ona zəng edərək, zavoda gəlməsini xahiş etməsini, saat 16.00 radələrində zavodda onunla görüşdüyünü, Həmidin ona 50.000 manat nağd pul verdiyini və həmin pulu ondan aldığını bildirmişdir. (İkinci iş üzrə iddiaçı) İddiaçı1 ilə MMC arasında 14.05.2018-ci il tarixdə bağlanmış “xxxx müqavilədən” görünür ki, MMC, onun tərəfindən Yeni Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında tikilməkdə olan binada yerləşən mübahisəli mənzili İddiaçı1 verməyi, İddiaçı1 isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqını, yəni 61.200 manatı vaxtında MMC-yə ödənilməsini öhdəsinə götürmüşdür. MMC tərəfindən verilmiş 01/010 saylı, 14.05.2018-ci il tarixli “xxxxndan” görünür ki, qeyd edilən mənzilin tikinti dəyəri İddiaçı1 tərəfindən MMC-yə ödənilmişdir. İddiaçı1 MMCyə borcu yoxdur. MMC tərəfindən N.Mamedova ünvanlanmış 01/089 saylı, 08.02.2019-cu il tarixli bildirişdən görünür ki, 2018-ci ilin may-iyun aylarında borc olaraq götürülmüş 30.000 ABŞ dolları və 17.000 manat, ümumilikdə 68.000 manat pul müqabilində, zəmanət olaraq X2 adına, 14.05.2018-ci il tarixli “xxxx müqavilə” və həmin tarixli “xxxxna” əsasən, MMC tərəfindən Yeni Yasamal yaşayış məntəqəsi Ə.Əhmədov ünvanında tikilməkdə olan binasında bina 1, D bloku, mərtəbə 6, mənzil 31, sahə 72 kv.m olan 1 otaqlı mənzil rəsmiİəşdirlmişdir. Onlara olan borc tam olaraq ödənilmiş və MMC tərəfindən İddiaçı1 adına rəsmiləşdirilmiş ev AKT vasitəsi ilə bir tərəfli qaydada ləğv edilmişdir. Odur ki, İddiaçı1 adına rəsmiləşdirilmiş müqavilə və xxxxna notarial qaydada etiraz ərizəsini MMCyə təqdim etmələri xahiş edilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, iddiaçının bacanağıdır. MMC-nin direktoru X13 ayrı-ayrı vaxtlarda, bir dəfə 3.000, ikinci dəfə isə ona 4.000 manat pul vermiş, o da, həmin pulları iddiaçı X14 çatdırmışdır. Sonuncu dəfə X13 tərəfındən X14 borc məbləğindən 50.000 manat qaytarılması zamanı o da iştirak etmişdir. Pulun sayılması ona təklif olunsa da, pulu saymamışdır. Nağının pulu götürməsini görməmişdir. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, MMC-nin direktoru X5 bacısı oğludur və onun köməkçisi vəzifəsində işləyir. X14 ayrı-ayrı vaxtlarda hissə-hissə ilə cəmi 16.500 manat, sonuncu dəfə isə 18.12.2018-ci il tarixdə 50.000 manat pul qaytarılmışdır. Nağı pulu sayaraq aparmışdır. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X15 və X10 ifadələrində MMC-nin əməkdaşları olduğunu və 18.12.2018-ci il tarixdə onların iştirakı ilə iddiaçı X14 50.000 manat pul verildiyini, Nağı Mamedovun həmin pulu sayıb apardığını bildirdilər. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki işin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390-cı maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcbur etməyə yol verilmir (maddə 390.1.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Rayon Məhkəməsi İddiaçı1 iddiası üzrə öz qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı1 14.05.2018-ci il tarixli xxxx müqavilə üzrə cavabdehə ödədiyi 61.200 manat məbləğində pulun qaytarılmasını tələb etsə də, o, həmin pulu ödədiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, tərəflər arasında 14.05.2018-ci il tarixli xxxx müqavilə bağlansa da, həmin müqavilə üzrə mənzilin dəyəri müəyyən edilməmiş, nə müqavilədə, nə də ki, xxxxnda 61.200 manat məbləğində pulun İddiaçı1 tərəfindən MMC-yə ödənilməsi qeyd edilməmişdir. Digər tərəfdən, İddiaçı1 əri N.Mamedov 2018-ci ilin may-iyun aylarında MMC-nin təsisçisi H.İbrahimova 68.000 manat məbləğində borc vermişdir. Heç təsadüfi deyildir ki, İddiaçı1 ilə MMC-nin direktoru K.İbrahimov arasındakı xxxx müqavilə 14.05.2018-ci il tarixdə bağlanmışdır və hal-hazırda iddiaçı tərəfindən həmin müqavilə üzrə tələb edilən pul vəsaiti də həmin borc məbləğinə yaxın məbləğdir. Belə ki, MMC-yə 68.000 manat borc verdikdən sonra 61.200 manat pul verməklə həmin MMC-dən mənzil alınması ağlabatan və inandırıcı deyil. Eyni zamanda, müqavilə bağlanarkən İddiaçı1 həmin müqaviləni digər tərəfin, yəni MMC-nin iştirakı olmadan, evdə imzalaması qanunvericiliyin yuxarıda qeyd olunmuş müqavilənin bağlanması üçün əsas olan hər iki tərəfin qarşılıqlı iradə ifadəsi prinsipinə uyğun gəlmir. Bu isə onu təsdiq edir ki, əslində tərəflər arasında olan münasibət borc münasibətləri olmuş, 14.05.2018-ci il tarixli xxxx müqavilə isə həmin borcun təminatı olaraq, bu borcu pərdələmək məqsədilə imzalanmışdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, bağlanmış əqdin (mənzil tikintisi haqqında müqavilənin) yalan əqd olaraq başqa bir əqdi (yəni tərəflər arasında mövcud olmuş borc münasibətlərini hansını ki, tərəflər mübahisələndirmir) pərdələnmiş olmasını təsdiq edən digər bir hal ondan ibarətdir ki, iddiaçıya digər mənzil alanlardan fərqli olaraq kassa mədaxil orderi verilməmişdir, iddiaçı isə bunu tələb etməmişdir. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Həmin Məcəllənin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Eyni zamanda, Rayon Məhkəməsi N.Mamedovun iddiası üzrə öz qənaətini onunla əsaslandırmışdır ki, N.Mamedov məhkəmə iclasında MMC-nin hazırda ona 68.000 manat borcu qalması barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən iddia tələbi təmin oluna bilməz. Məhkəmə bu nəticəyə gələn zaman həmçinin, Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində N.Mamedovun şikayəti üzrə aparılmış araşdırma nəticəsində iddia ərizəsində qeyd olunan borcun ona tam ödənilməsinin müəyyən olunmasını və həmin material üzrə 11.03.2019-cu il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsini, həmin qərarın ərizəçi N.Mamedov tərəfindən mübahisələndirilməməsini də nəzərə alır. Mülki Məcəllənin 560.1-ci maddəsinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə, hər iki iş üzrə Rayon Məhkəməsinin gəldiyi qənaəti əsassız hesab edərək qeyd edir ki, birinci iş üzrə N.Mamedovun MMC-nin təsisçisi H.İbrahimova 68.000 manat borc verməsi cavabdeh tərəfindən etiraf edilir və işin mübahisəsiz halıdır. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin cavabdeh həmin məbləğin onun tərəfindən N.Mamedova qaytarıldığını bildirsə də, həmin borcun qaytarıldığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş şahid ifadələrinə tənqidi yanaşan Məhkəmə qeyd edir ki, şahid X8 pulun birbaşa N.Mamedova verilməsini təsdiq edə bilməmiş, digər şahidlər X20 H.İbrahimovun qohumu, X15 və X10 isə MMC-nin rəhbərliyindən xidməti asılılıq münasibətlərində olduğundan onların ifadələri mötəbər qəbul edilə bilməz. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı N.Mamedovun cavabdeh tərəfə 68.000 manat borc verməsi təsdiq edildiyindən və həmin borcun qaytarılması işdə olan mötəbər sübutlarla öz təsdiqini tapmadığından N.Mamedovun iddiası əsaslı hesab edilməlidir. Məhkəmə eyni zamanda, İddiaçı1 iddiası üzrə ikinci işlə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri barədə bildirir ki, həmin iş üzrə cavabdeh MMC ilə İddiaçı1 arasında mübahisəli mənzil barədə bağlanmış 14.05.2018-ci il tarixli “xxxx müqavilənin” etibarsız hesab edilməsi üçün əsas verən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Həmin müqavilənin MMC tərəfindən bağlanması MMC-nin nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Müqavilənin N.Mamedovun MMC-yə verilmiş borcun təminatı olaraq bağlanması iş materialları ilə təsdiq olunmur. “Kassa mədaxil orderinin” olmaması isə müqavilənin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə eyni zamanda, Rayon Məhkəməsinin müqavilənin N.Mamedov tərəfindən borcun verilməsindən sonra bağlanması barədə dəlilini də əsassız hesab edir və bildirir ki, İddiaçı1 əri N.Mamedovun cavabdeh tərəfə 68.000 manat borc verməsindən sonra mənzilə görə pul ödəməsinin inandırıcı olmaması müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsas deyil və həmçinin nəzərə alınmalıdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə Binəqədi RPİ-nin qərarından da görünür ki, həmin araşdırma zamanı verilmiş borcun təminatı olaraq N.Mamedovun həyat yoldaşının adına mənzil keçirilməsi barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, cavabdeh MMC, 14.05.2018-ci il tarixli “xxxx müqavilənin” etibarsızlığının daha bir əsası kimi həmin müqavilənin İddiaçı1 tərəfindən imzalanmadığını göstərir. Cavabdehin bu dəlilinin yoxlanılması məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 29400 nömrəli, 12.12.2019-cu il tarixli rəydən görünür ki, “mülki işin 63-65-ci vərəqlərində 14.05.2018-ci il tarixi “xxxx müqavilənin” “Payçı” qrafasındakı imza İddiaçı1 tərəfindən icra olunmuşdur”. Qeyd olunanlara əsasən hesab edilməlidir ki, İddiaçı1 və cavabdeh MMC arasında bağlanmış 14.05.2018-ci il tarixli “xxxx müqavilə” başqa şəxs tərəfindən deyil, İddiaçı1 özü tərəfindən imzalanmışdır. Cavabdeh MMC-nin bununla bağlı da dəlili əsassızdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ikinci iş üzrə də səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. İddiaçı1 ilk iddiası əsaslı, MMCnin qarşılıqlı iddiası isə əsassız hesab edilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hər iki iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. iddiaçılar N.Mamedov və İddiaçı1 apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır – dəlillər əsaslıdır. Qeyd edilənləri və MPM-nin 385.1-ci maddəsinin tələblərini nəzərə alaraq, habelə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, hər iki iş üzrə verilmiş apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin hər iki iş üzrə qəbul etdiyi qətnamələr ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək N.Mamedovun iddiası və İddiaçı1 ilk iddiası təmin edilməli, MMC-nin qarşılıqlı iddiası isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2019-cu il tarixli qətnamədən iddiaçı X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi (İş № 2(004)-3382/2019) ləğv edilsin. İddiaçı X9 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun qaytarılması tələbi barədə” iddiası təmin edilsin. 68.000 (altmış səkkiz min) manat məbləğində pul cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X14 ödənilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyul 2019-cu il tarixli qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi (İş № 2(004)-3383/2019) ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xxxx” ilk iddiası təmin edilsin. 61.200 (altmış bir min iki yüz) manat məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı1 qarşı “əqdin etibarsız hesab edilməsi və sair tələbləri barədə” qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Bu məqsədlə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 45 (qırx beş) manat məbləğində pul X9 xeyrinə və 45 (qırx beş) manat məbləğində pul İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-486/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-486/2020
14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver