Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-486/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh Melissa Park Cavabdeh MTK-ya qarşı “pul” iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Bank VTB (Azərbaycan)” ASC cəlb edilməklə cavabdeh Melissa Park Cavabdeh MTK-ya (bundan sonra cavabdeh)qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzili və pulu qeyri-qanuni mənimsədiyinə görə, etdiyi ilkin ödənişdən qalıq 17.000 manat və subsidiar 18.000 manat ödənişləri, yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın əvəzi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclar üçün 44.000 manat olmaqla, cəmi 188.400 manat maddi ziyanın, 221 manat və 440 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-1398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 19500 (on doqquz min beş yüz) manat məbləğində pul və ödənilmiş 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumunun 100 (yüz) manatın tutularaq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissəyə münasibətdə təmin edilməməsi qərara alınmışdır.
3. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətləri və onun dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, cavabdehə uzun muddətli daxili kredit ilə, Bakı şəhəri, Zərdabi pr., A binası, 04 sayli, 54 kv.m. mənzil sifariş etmiş, mənzilin ümumi qiyməti 67.500 manat qeyd edilib. Mənzilin ozəydən tikintisinə 2014-cü ildən ödənişlər etmiş, bu fakt 17.000 manat ilkin ödəniş edilməsi kimi, tikinti şirkəti tərəfindən ona verilən 2015-ci il 26 yanvar tarixli arayışda əksini tapıb. Tikintiyə çatmayan vəsait üçün onu VTB Bankayönəltdilər. VTB Bank ona kredit xətti açıb, məbləği bank hesabı ilə cavabdehə köçürüb. Etirazına baxmayaraq kredit ona dollarla verilib, daha sonra isə devalvasiya başladı. Buna baxmayaraq, cavabdehə kreditləri ödəyir, aylıq 560- manat odənməli ev üçün ayda 1000-1500 manat ödəniş etmişdir. Həmin subsidiar kreditdən 18000 manat ödəniş etmiş, həmin dövrdə onun rəsmi maaşı 145 manat idi. Mənzilin 70% yaxın məbləğini 2 ilə ödədi, ona evin açarları belə təqdim edilmədi, qalıq borca görə ev cavabdeh tərəfindən satıldı. Yasamal Rayon Məhkəməsinə iddia ilə müraciət edərək, iddianın təmin edilməsini istəmişdir. 7 il yarımdır ki, o və ailəsi yeganə evimizdən məhrum olmuş və kirayələrdə qalmış, ona külli miqdarda maddi və mənəvi ziyan dəyib, pulsuz və evsiz qalıb, kirayə evə köçmüşlər və borclar qabarmaga başladı. İddia tələbində mənzil üçün etdiyi ilkin ödəniş və banka subsidiar ödəniş 18.000 manat, 7 il yarım üçün kirayə haqqı 29.400 manat, tikinti şirkətinin mənzilin 2022-ci il üçün 70.000 manat (qiymət fərqi) xeyir əldə etməsi, professional peşə fəaliyyətinə dəyən maddi ziyan 20.000 manat, cavabdehin pullarını alıb, onu evsiz qoyduğu üçün əmələ gələn zəncirvari borclara görə 46000 manat ziyan, jurnalist anasının və onun səhhətinə dəyən ziyan kimi, ümumən 188.400 manat (rüsumla) tələb etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh ona 2017-ci ildə 5500 manat və 2022-ci ildə isə məhkəmə iclasında etdiyi təklifə əsasən, 10.000 manat pul qaytarıb. Qətnamə ilə onun iddia tələbi qismən təmin edilib. Cavabdeh ona verməli olduqları 17.000 manat ilkin ödəniş və 18.000 manat subsidiar ödənişlərdən qalıq 19.500 manatın (100 manat rüsum pulu) ona ödənilməsi qərara alınıb. Ona dəyən maddi ziyan hissəsində isə, əsaslı tələbləri təmin edilməyib. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən, cavabdehin onun pulunu və evini mənimsəməsinə görə, o və ailəsinin 7 il yarımdır odədiyi kirayə ödənişləri -ayi 350 manatdan 29.400 manat (çek və s. qoşma) nəzərə almayıb. Ona peşə fəaliyyətində dəyən ziyan kimi 20.000 manat, cavabdehin üzündən düşdüyü borclar üçün 44.000 manat- istər istehlak krediti kimi bank borcu və ya faizlə şəxsi borclar (asan xidmətdən bank çıxarışı qoşma) və mənzilin qiymətində fərq 70.000 manat nəzərə alınmayıb. Cavabdehin ona və ailəsinə qəsdən vurduğu maddi ziyana görə bu günədək kirayələrdə qalır. Bu gün də kirayə pulu və müxtəlif borçlar üzrə ödənişlər edir. Bu xüsusda da, faktiki hallar nəzərə alınmayıb. Bu səbəbdən, qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, cavabdehdən ona dəyən maddi ziyana görə 159.900 manat pulun, cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, rayon məhkəməsinin iddianı qismən təmin etməsi tamamilə əsassız və qeyri-qanunidir. Belə ki, hazırkı işin materiallarında olan barışıq sazişi, barışıq sazişinə əsasən razılaşdırılmış pulun alınması haqqında kassa məxaric orderi və həmin sazişin təsdiq edilməsi haqqında ərizələrdən də göründüyü kimi, tərəflər mübahisənin barışıq sazişi ilə qurtarması haqqında razılıq əldə etmişdir və cavabdeh həmin barışıq sazişi üzrə bütün öhdəliklərini tam şəkildə icra etmişdir. Lakin buna baxmayaraq məhkəmə qüvvədə olan və artıq icra edilmiş barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad çıxarmaq əvəzinə, iddianın qismən təmin edilməsi haqqında qətnamə çıxarmışdır ki, bununla da cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə qətnamədə onların iddiaçıya münasibətdə məhz hansı öhdəliyini icra etmədiyini və bunun nədə ifadə olunmasını əsaslandırmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, o və ailəsi uzun müddətdir kirayələrdə yaşayır, ona külli miqdarda maddi və mənəvi ziyan dəyib, belə ki, xx.xx.2015-ci il tarixdə cavabdehlə mənzil alqı-satqısına görə müqavilə bağlamış, sonra 17.000 manat mənzilə görə ilkin ödəniş etmiş, daha sonra cavabdehə ona maliyyə dəstəyi üçün onu bankla kredit müqaviləsinə yönəltdi, onun üçün nəzərdə tutulan evin tikintisi üçün çatışmayan 55.500 manat məbləğində kredit verildi, lakin onun etirazına baxmayaraq kredit dollarla verildi, 18.000 manat da banka ödəniş etdi, devalvasiyadan sonra xaos vəziyyəti yarandı, cavabdeh ona mənzilə alıcı çıxdığını mənzildən imtina etməsini, lakin onun mənzilə görə ödədiyi məbləği qaytaracaqlarını bildirdiyindən xx.xx.2016-cı il tarixdə cavabdehlə qarşılıqlı razılıqla mənzildən imtina etmişdir, onun dəfələrlə olan müraciətlərinə, get və gəllərinə baxmayaraq cavabdeh ödədiyi 35000 manat pulun verilməsindən imtina etməsə də, hər dəfə onu aldatmış, maliyyə çətinliklərinin olduğunu bildirmiş, onun pulunu bu müddət ərzində qanunsuz saxlamış, ona qaytarmamış, o da məcbur olub məhkəməyə müraciət etmiş, yalnız əvvəl 2000, xx.xx.2016-cı il tarixdə 3500, hazırkı işə baxılan ərəfədə isə 10000 manat olmaqla, cəmi 15500 manat qaytarıldığını bildirmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin qalan hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini bildirdi, qeyd etdi ki, həqiqətən tərəflər arasında mənzilin alqı-satqı müqaviləsi olmuş, həmin mənzil üçün iddiaçı cəmi 35000 manat ödəmiş, daha sonra iddiaçı xx.xx.2016-cı il tarixdə qarşılıqlı razılıqla müqavilədən çıxmışdır, hazırkı işə baxılarkən tərəflər arasında barışıq sazişi olduğunu, rayon məhkəməsinin həmin sazişə qiymət vermədiyini bildirdi, onların barışıq sazişi ilə üzərinə düşən öhdəliyi icra etdiyini, bu səbəbdən qətnamənin ləğv edilərək, barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, ümumi sahəsi 54 kv.m olan 4 saylı mənzil xx.xx.2015-ci il tarixli 214 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında İddiaçı satılmışdır (i/v 21).
11. "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri 67500 manat təşkil edir, iddiaçı tərəfindən 17000 manat ilkin ödəniş edilmiş, 50500 manat borcu qalmışdır (i/v 20).
12. Azərbaycan Kredit Bürosundan çıxarışdan və xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əlavədən məlum olur ki, İddiaçı "Bank VTB (Azərbaycan)" ASC-dən 64380 ABŞ dolları məbləğində kredit götürmüş və ödəniş edilmişdir (i/v 24-30).
13. "Bank VTB (Azərbaycan)" ASC-dən verilmiş xx.xx.2017-ci il tarixli, 25276 saylı İddiaçı verilmiş məlumatdan məlum olur ki, xx.xx.2015-ci il tarixdə həmin bankla İddiaçı arasında bağlanmış 141635-1-13725 saylı kredit müqaviləsinə əsasən, 120 ay müddətinə 64.380,00 ABŞ dolları məbləğində kredit verilmişdir, hazırda o, həmin müqavilə üzrə öhdəliyi tam icra etmişdir və bank qarşısında heç bir öhdəliyi yoxdur (i/v 36).
14. Cavabdeh MTK tərəfindən mənzil geri qaytarılmış və iddiaçıya əvvəl 2000 manat, xx.xx.2016-cı il tarixli ********* nömrəli məxaric qəbzinə əsasən 3500 manat (i/v 104), xx.xx.2022-ci il tarixli ********* nömrəli məxaric qəbzinə görə isə 10.000 manat (i/v 152), olmaqla, cəmi 15500 manat pul qaytarılmışdır.
15. Həmçinin cavabdeh tərəfindən etiraf olunur ki, mənzilə görə iddiaçı tərəfindən "Bank VTB (Azərbaycan)" ASC-yə cəmi 18000 manat pul vəsaiti ödənilmişdir.
16. İddiaçı xx.xx.2022-ci il tarixdə Melissa Park Cavabdeh MTK-ya ərizə ünvanlayaraq evinin, və yaxud ödədiyi pulun ona verilməsini xahiş etmişdir (i/ 37).
17. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmunundan məlum olur ki, hazırkı iddiaçı cavabdehin ona 10.000 manat ödəməsi müqabilində ona olan hazırkı iddia tələbindən imtina edir, cavabdeh də iddiaçının ona qarşı olan hazırkı iddia tələbindən imtina etməsi müqabilində ona 10.000 manat ödəməyi öhdəsinə götürür (i/v 142-143).
18. Mülki iş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məlumatdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə cavabdehə ona həmin sazişi təklif edəndə, onun maddi vəziyyəti çıxılmaz olmuş, cavabdehin onun pulunu qanunsuz sahibliyində saxlaması ucbatından o və ailəsi kirayə haqqından yığılıb qalan pulları, bu müddətdə yaranmış borcları qaytara bilmirdi, cavabdeh onun ağır maddi vəziyyətindən istifadə edərək onu borcunun az bir hissəsini qaytarmaqla qalan iddia tələbindən imtina etməyə məcbur etmiş, həmçinin ona şifahi bildirmişdir ki, sazişə baxmayaraq qalan borcları da ödəyəcəklər, bu səbəbdən cavabdehin onun ağır maddi vəziyyətindən istifadə edərək şərtlə imzalatdığı həmin sazişin etibarsız hesab edilməsini, ona verilən 10.000 manat pulun iddia tələbi üzrə ümumi məbləğdən qaytarılan məbləğ kimi hesab edilməsini xahiş etmişdir (i/v 144-145).
19. İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən məlum olur ki, Cavabdeh MTK-nın inşa etdiyi Bakı şəhəri, Zərdabi pr., A binası, 04 sayli, 54 kv.m. mənzildən və paydan imtina edir, həmin mənzilin başqa şəxsin adına sənədləşdirilməsinə, dəyişdirilməsinə və satılmasına heç bir etirazı yoxdur. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
23. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
32. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
33. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.
34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
37. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
38. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
41. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
42. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə ünvanında tikilmiş 16 mərtəbəli A yaşayış binasının, 2-ci blok, 5-ci mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, ümumi sahəsi 54 kv.m olan 4 saylı mənzil xx.xx.2015-ci il tarixli 214 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında İddiaçı satılması, həmin mənzilin dəyərinin 67500 manat təşkil etməsi, iddiaçı tərəfindən həmin mənzil üçün ümumilikdə 35000 manat ödənilməsi, xx.xx.2016-cı il tarixdə qarşılıqlı razılıqla iddiaçının müqavilədən çıxması, MTK tərəfindən iddiaçıya mənzilə görə ödədiyi cəmi 35.000 manat puldan əvvəl 2000, xx.xx.2016-cı il tarixdə 3500 manat, xx.xx.2022-ci il tarixdə 10000 manat olmaqla, cəmi 15500 manat pul qaytarılması, iddiaçıya həmin məbləğdən qalan 19500 manatın qaytarılmadığı hazırkı işin mübahisəsiz haldır.
45. İddiaçı mənzilə görə ödədiyi məbləği və ona dəymiş zərəri tələb edir.
46. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, cavabdeh MTK-dan 19500 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
48. Hazırkı halda tərəflərin mənzilin alqı-satqısına dair müqaviləni qarşılıqlı razılıq əsasında xx.xx.2016-cı il tarixdə ləğv etməsi, iddiaçının həmin müqavilə üzrə öhdəliyini qismən icra edərək 35000 manat cavabehə ödəməsi, cavabdehin isə həmin məbləğdən əvvəl 2000, xx.xx.2016-cı il tarixdə 3500, hazırkı işə rayon məhkəməsində baxılan ərəfədə isə 10000 manat olmaqla, cəmi 15500 manat qaytarıldığı, 19500 manat məbləğin isə qaytarılmadığı işin mübahisəsiz halıdır.
49. Məhkəmə kollegiyası mübahisənin qanuni əsası ilə bağlı bildirir ki, xx.xx.2016cı il tarixdə müqavilənin ləğvi ilə tərəflərin müqavilə üzrə gələcəkdəki öhdəliklərinə xitam verilmişdir, yəni mənzil cavabdehdə qalmış, eyni zamanda iddiaçının müqavilə üzrə ödəmiş olduğu pul vəsaitinin də böyük hissəsi də cavabdehdə qalmışdır, ədalətli kompensasiyası zərurəti yaranmışdır. Belə olan halda aydın olur ki, həm mənzilin, həm də cavabdehin mənzilə görə ödədiyi vəsaitin böyük hissəsinin cavabdehdə qalması ədalətli olmamışdır. Bu baxımdan, Məhkəmə kollegiyası hesab edir ki, nəticələri oxşar olan əqdlərin etibarsızlığı ilə bağlı qaydalar hazırkı hala tətbiq edilməlidir.
50. Çünki MM-in 337.5-ci maddəsində təsbit olunmuşdur ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
51. Bu baxımdan, Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, əqdlərin etibarsızılığı ilə, müqavilədən çıxmanın hüquqi nəticələri, bir sıra hallarda o cümlədən hazırkı halda oxşarlıq təşkil edir. Belə ki, əqdlərin etibarsızlığı halında tərəflərin əqddən əvəlki vəziyyətə gətirilməsi ona görə tələb olunur ki, əqd bağlandığı andan etibarsız olur, yəni tərəflər üçün hər hansı hüquq və vəzifə yaratmır. Tərəflərin müqavilədən çıxması halında isə müqavilə (əqd) bağlandığı andan etibarlı olur, yəni tərəflər üçün hüquq və vəzifələr yaradır, lakin sonradan bu və ya digər səbəbdən tərəflər qarşılıqlı olaraq müqavilənin ləğvinə, başqa sözlə müqavilədən çıxmağa dair razılığa gəlirlər.
52. Hazırkı halda da məhz bu baş vermişdir, lakin hazırkı işin faktiki halları baxımından tərəflərə münasibətdə qeyri-bərabərlik yaranmışdır. Yəni həm mənzil, həm də mənzilə görə iddiaçının ödədiyi məbləğ cavabdehdə qalmışdır. Bunun isə hüquqa uyğun olmadığı və ədalətsiz olduğu aşkardır.
53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda da əqdlərin etibarsızlığında olduğu kimi, qarşılıqlı restitusiyanın qaydaları tətbiq edilməlidir. Hazırkı işin araşdırılmış halları ilə də tərəflərin müqaviləni ləğv edərkən buna dair razılığa gəldiyi də müəyyən olunur. Çünki cavabdeh müqavilə ləğv edərkən, iddiaçının müqaviləyə görə ödədiyi məbləğin bir hissəsini iddiaçıya geri qaytarmış, digər hissəni qaytarmağa söz versə də öhdəliyinə əməl etməmişdir.
54. İddiaçı həmin məbləğin ona qaytarılması üçün cavabdehə dəfələrlə müraciət etsə də, cavabdehin hər dəfə bir bəhanə ilə bundan yayındığını, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
56. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır
57. İddia tələbini qismən təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, cavabdeh MTK tərəfindən mənzil geri alındıqdan sonra mənzilə görə ödənilmiş ümumi 35000 manatdan cəmi 15500 manatı İddiaçı qaytarılması, 19500 manat məbləğində pulun isə qaytarılmaması iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur.
58. Göründüyü kimi rayon məhkəməsi iddiaçının mənzilə görə ödədiyi 35000 manatdan ona qaytarılan 15.500 manatı çıxmaqla qalan 19.500 manatı tutmuşdur.
59. Halbuki Mülki Məcəlllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
60. Hazırkı halda iddiaçıya mənzilə görə ödədiyi 35.000 manatdan xx.xx.2016-da 5500 qaytarılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə isə 10000 manat qaytarılmışdır.
61. İddiaçıya olan 35000 manat borcdan xx.xx.2016-cı ildə ödənilmiş 5500 çıxıldıqda qalan (35.000-5500=29500) 29.500 manat məbləğin illik 5%-i (29500x5/100=1475) 1475 manat təşkil edir. İddiaçıya 5500 manatın verildiyi xx.xx.2016-ci il tarixdən iddiaçıya 10.000 manatın ödənildiyi xx.xx.2022-ci il tarixədək olan müddət 5 (2017,2018, 2019, 2020, 2021) il, 8 ay, 26 gün təşkil edir. Belə olan halda, 29.500 manatın 5 il, 8 ay, 26 gün üçün olan illik 5% (29500x5/100=1475:12=122,91:30= 4,097; 1475x5 il=7375; 122,91x8 ay=983,28; 4,097x26 gün=106,522; Həmin məbləğlərin illik, aylıq, günlük cəmi, 7375+983,28+106,522=8.464,802) məbləğ cəmi 8.464,802 manat təşkil edir.
62. İddiaçıya olan 29.500 borcdan cavabdehin xx.xx.2022-ci il tarixdə ödədiyi 10.000 manat çıxıldıqda qalan 19.500 manat üçün hazırkı qətnamə çıxarılan xx.xx.2023-cü il tarixə kimi olan 7 ay müddətdə 5% məbləğ (19.500x5/100=975/12=81,25x7 ay=568,75) 568,75 manat təşkil edir.
63. Beləliklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalı 19.500 manatla yanaşı, MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ, yəni yuxarıdakı hesablama ilə (8.464,802+568,75=9033,552) 9033,552 manat (doqquz min otuz üç manat, əlli beş qəpik) də tutulmaldır.
64. Məhkəmə kollegiyası iddia tələbinin qalan hissəsi, yəni “yeddi il yarım ona və ailəsinə dəyən maddi ziyanın qarşılığı olaraq Bakı şəhəri Zərdabi pr-də 54 kv.m. mənimsənilmiş mənzilin 2022-ci ilə qiymət fərqi olaraq 70.000 manat, 2015-ci ildən kirayə haqqı kimi 29.400 manat, professional peşə fəaliyyətində dəyən maddi ziyanın təlafisi kimi 20.000 manat, yeddi ildir ödədiyi zəncirvari borclara üçün 44.000 manatın cavabdehdən tutulması” barədə tələbləri ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddia tələbləri həmin hissələrdə təmin edilməməlidir.
65. Belə ki, iddia tələbləri həmin hissələrdə əsaslandırılmamış və bu barədə iddiaçı tərəfindən məhkəməyə əsaslı, şübhədənkənar, təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutlar təqdim olunmamışdır.
66. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında hazırkı mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixli barışıq sazişinin olduğunu, həmin sazişlə bağlı onun öz öhdəliyini icra edərək 10.000 manat pul vəsaitini iddiaçıya ödədiyini, buna görə də qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
68. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin məzmunundan məlum olur ki, hazırkı iddiaçı cavabdehin ona 10.000 manat ödəməsi müqabilində hazırkı iddia tələbindən imtina edir, cavabdeh də iddiaçının ona qarşı olan hazırkı iddia tələbindən imtina etməsi müqabilində ona 10.000 manat ödəməyi öhdəsinə götürür (i/v 142-143).
69. Mülki iş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məlumatdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə cavabdehə ona həmin sazişi təklif edəndə, onun maddi vəziyyəti çıxılmaz olmuş, cavabdehin onun pulunu qanunsuz sahibliyində saxlaması ucbatından o və ailəsi kirayə haqqından yığılıb qalan pulları, bu müddətdə yaranmış borcları qaytara bilmirdi, cavabdeh onun ağır maddi vəziyyətindən istifadə edərək onu borcunun az bir hissəsini qaytarmaqla qalan iddia tələbindən imtina etməyə məcbur etmiş, həmçinin ona şifahi bildirmişdir ki, sazişə baxmayaraq qalan borcları da ödəyəcəklər, bu səbəbdən cavabdehin onun ağır maddi vəziyyətindən istifadə edərək şərtlə imzalatdığı həmin sazişin etibarsız hesab edilməsini, ona verilən 10.000 manat pulun iddia tələbi üzrə ümumi məbləğdən qaytarılan məbləğ kimi hesab edilməsini xahiş etmişdir (i/v 144- 145).
70. Məhkəmə kollegiyası həmin barışıq sazişinin cavabdehin ağır maddi vəziyyətindən istifadə edilərək bağlanması və onun əsl iradə ifadəsi olmaması barədə iddiaçının dəlili ilə razılaşır.
71. Çünki iddiaçının almalı olduğu 29500 manatın müqabilində hazırkı ağır maddi və sıxıntılı durumunda 10000 manatla razılaşması inanadırıcı və ağlabatan görünmür.
72. Belə olan halda Məhkəmə kollegiyası həmin barışıq sazişinin aşkar şəkildə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozmasını nəzərə alır və hesab edir ki, bu səbəbdən o, qəbul edilməzdir.
73. MPM-in 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
74. Bu səbəbdən, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iş üzrə icraata xitam verilməsi barədə dəlilini əsassız hesab edir.
75. Bununla belə, cavabdeh rayon məhkəməsi tərəfindən həmin barışıq sazişinə, ümumiyyətlə, hər hansı münasibət bildirilmədiyini göstərmişdir.
76. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşır və qeyd edir ki, MPM-in 191.2-ci maddəsində qeyd edilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
77. MPM-in 191.4-cü maddəsinə görə, məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.
78. Hazırkı mülki iş materiallarında isə rayon məhkəməsinin həmin sazişə nə ayrıca akt şəklində, nə də qətnamədə münasibət bildirdiyi müəyyən olunmur.
79. Belə olan halda məlum olur ki, rayon məhkəməsi həmin barışıq sazişinə münasibətdə MPM-in yuxarıda qeyd edilən imperativ tələblərini pozmuş, sazişə hər hansı münasibət bildirməmişdir.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:
81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə mənzilə görə ödəmiş olduğu pul vəsaitinin qalıq hissəsi olaraq 19500 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz 9033,552 (doqquz min otuz üç manat, əlli beş qəpik) manat olmaqla, cəmi 28.533,552 (iyirmi səkkiz min beş yüz otuz üç manat əlli beş qəpik) tutulmalıdır.
82. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
83. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 221+110=331 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 110 manat onun özünə aid edilməlidir.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
85. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin, cavabdeh Melissa Park Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-1398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Melissa Park Cavabdeh MTK-dan iddiaçının mənzilə görə ödəmiş olduğu pul vəsaitinin qalıq hissəsi olaraq 19500 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz 9033,552 manat olmaqla, cəmi 28.533,552 (iyirmi səkkiz min beş yüz otuz üç manat əlli beş qəpik), ödənilmiş dövlət rüsumu cəmi 331 (üç yüz otuz bir) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Melissa Park Cavabdeh MTK-nın ödədiyi 110 (yüz on) manat onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov