Məhkəmə qərarları › İş №2(103)-4860/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4860/2025

16.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4860/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Cavabdeh2 X2 sanatoriyasına qarşı “torpaq sahəsinin ərazisinin müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-86/2025 nömrəli 30 may 2025-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Cavabdeh2 X2 sanatoriyasına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 Ağalı qızına məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 93 nömrəli evin texniki pasporta əsasən 495.2 kv.metr olan ərazisi və X8 məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 93A nömrəli evin texniki pasportda qeyd olunan ərazisi ilə ona qonşu olan 01 iyun 2004-cü il tarixli sərəncama əsasən Azərbaycan Həmkərlar İttifaqları Konfederasiyasına Əzizbəyov rayon Mərdəkan qəsəbəsində ayrılmış 16,09 hektar torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Əzizbəyov rayonu, Yesenin küçəsindəki ümumi sahəsi 301,6 kv metr olan 93 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X9 adına hüquqi qeydiyyatdan keçmişdir. Belə ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli 902 nömrəli sərəncamına əsasən Bakı şəhəri Sovetinin xx.xx.1976-cı il tarixli 30\413 nömrəli Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında qərara uyğun olaraq komissiyanın xx.xx.2000-ci il tarixli aktını və Bakı şəhər Texniki İnventarlaşdırına bürosunun 30/422 nömrəli xx.xx.2000-ci il tarixli Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən X10 məxsus olan 93 nömrəli evi ilkin hüquqi qeydiyyata alınarkən qeyd olunmuşdur ki, tikili A 1915-ci ildə tikilib. Həmin tikilidə 2 yaşayış otağı 39 kv metr və köməkçi sahə 49,1 kv metrdən ibarətdir. Tikili A-da sahəsi 28,8 kv metr və 15,3 kv metr olan iki yaşayış otağı, sahəsi 13,6 kv metr və 20,2 kv metr olan 2 bağlı eyvan, əlavə tikili 13,6 kv metr olan bağlı eyvan, sahəsi 4,8 kv metr və 2,9 kv metr olan hamam, 6.7 kv metr olan mətbəx, 3,6 kv metr olan dəhliz və sahəsi 6 kv metr və 30,2 kv metr olan açıq eyvan tikilmişdir. Birinci 2 mərtəbəlidə İ mərtəbəsində təsərrüfat otağı 122,1 kv metr, ikinci mərtəbədə 2 yaşayış otağı 39,9 kv metr, mətbəx 7 kv metr, dəhliz 3,4 kv metr, ikinci iki mərtəbəlidə birinci mərtəbədə hamam, ayaqyolu, mətbəx 27,4 kv metr, 2 mərtəbədə bağlı eyvan 27.4 kv metr tikilmişdir. Həmin ərazi 1092,4 kv metr torpaq sahəsindən ibarətdir. Sərəncama əsasən A tikilisinin 44,1 kv metr yaşayış otağının, 64,8 kv metr köməkçi sahəsinin, 36,2 açıq eyvanın, B tikilisinin 2 yaşayış otağının 39,9 kv metr, köməkçi sahəsi 172,4 kv metr, V tikilisində 1 mərtəbədə hamam, ayaqyolu, mətbəx 27,4 kv metr, 2 mərtəbədə bağlı eyvan 27. 4 kv metr, torpaq sahəsində hamam 16,2 kv metr, tövlə 29,4 kv metr olan 1092, 4 kv metr sahədən ibarət 93 nömrəli evin X9 adına ilkin qeydiyyat vəsiqəsinin verilməsi barədə sərəncam verilmişdir. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yesenin küçəsində yerləşən 93 saylı fərdi yaşayış evi 1\3 hissədə onun oğlanları arasında bölünmüşdür. Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 02 iyul 2004-cli il tarixli 333 nömrəli sərəncamına əsasən Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən 93 saylı ata mülkünə yeni ünvan verilərək, həmin mülkün 93 nömrəli evi X14, X8 məxsus hissəyə 93 A, X11 məxsus olan hissədə isə 93 B nömrəsinin verilməsi barədə sərəncam verilmişdir. Qeyd edir ki, Bakı şəhər XDS icraiyyə Komitəsinin 10 noyabr 1959-cu il tarixli 05\820 saylı sərəncamına əsasən mədə-bağırsaq sanatoriyasının tikintisi üçün Əzizbəyov rayon Mərdəkan qəsəbəsində 26 hektar torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla 01 iyun 2004-cü il tarixdə Əzizbəyov rayon Mərdəkan qəsəbəsində cizgidə göstərilən sərhəd daxilində 16,09 ha torpaq sahəsi mədə bağırsaq sanatoriyasının tikintisi üçün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına verilmişdir. Göründüyü kimi iddiaçıların 1092.4 kv metr torpaq sahəsi və onun üzərində olan torpaq sahəsi 2000-ci il tarixli sərəncama əsasən Ə.Zeynalova ayrılmışdır. Qeyd olunan mülk 1915-ci ildə tikilib və ümumi torpaq sahəsi 1092, 4 kv metr olmuşdur. X17 vəfat etdikdən sonra həmin mülk onun oğlanları arasında 1\3 hissədə bölünmüş və hər kəs özünə aid olan hissəni ayırmış və hər ünvana uyğun olaraq ayrıca ünvan qeydiyyatından keçmişlər. Yəni 1092,4 kv metrin 1\3 hissəsində olan sahəsi X12, 1\3 hissədə X7 və 1\3 hissədə X13 adına qeydiyyatdan keçmiş və onun istifadəsində olmuşdur. Abşeron Mədə bağırsaq sanatoriyası iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, ərazisi X16 tərəfindən zəbt edilmişdir, bununla bağlı məhkəməyə müraciət etmiş və məhkəmə gedişatı dövründə mütəxəssis rəyindən məlum olmuşdur ki, İddiaçı1 məxsus fərdi yaşayış evi Azərbaycan Həmkarlar İttifaqına ayrılmış 16,09 hektar torpaq sahəsinin daxilində yerləşmir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 170 kv metri faktiki olaraq 16,09 hektar torpaq sahəsinin hüdudu daxilində yerləşir. Buna əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-135\2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X7 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılmış və Abşeron X2 Sanatoriyasının istifadəsində olan 16,09 kv metr torpaq sahəsinin cənubunda cavabdehə məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən 93 a saylı fərdi yaşayış evinin həyətanı torpaq sahəsi ilə həm sərhəd hissəsində yerləşən və cavabdeh tərəfindən zəbt olunmuş 170 kv metr torpaq sahəsindən çıxarılması qət edilmişdir. Lakin buna baxmayaraq sanatoriyanın torpaq sahəsinin 16,09 hektar torpaq sahəsinin başlanğıcı cizgiyə əsasən müəyyən edilməmişdir. Buna görə də 1092, kv metr torpaq sahəsinə artıq sanatoriya 3 dəfə eyni məzmunlu iddialarla müraciət edərək hər bir qardaşı məhkəməyə verir. Odur ki, hazırki mübahisənin həll edilməsi üçün həmin sanatoriyanın ərazisi müəyyən olunmalıdır. Bundan başqa cavabdeh Abşeron sanatoriyasının baş həkimi tərəfindən xx.xx.2022-ci il tarixdə X6 Zeynalzadəyə məktubla müraciət edilərək, sanatoriyanın ərazisinin uzunluğu 20 metr, eni 15 metr zəbt olunması ilə bağlı məktub göndərilmişdir. Lakin həmin məktubda da zəbt olunmuş sahənin hansı hissədən olması və onun sanatoriyanın hansı hissəsi olduğu qeyd olunmamışdır. Hazıra qədər aparılan məhkəmə araşdırılması zamanı sanatoriyanın cizgiyə əsasən ərazisinin başlandığı hissəsi ümumilikdə 1959-cu ildə ayrılmış dövlət aktı ilə 26 hektar torpaq sahəsinin hansı sahəni əhatə etməsi mümkün deyildir. Əlavə olaraq "Abşeron Mədə bağırsaq" sanatoriyası 1965-ci ildən həmin ərazidə fəaliyyət göstərir. Təqdim edilən qətnamədən də görünür ki, onlar həmin ərazidə yenidən qurma işləri aparmış və yeni korpuslar tikmişdir, lakin 01 iyun 2004-cü il tarixli akta əsasən Mərdəkan qəsəbəsində mədə bağırsaq sanatoriyasının tikilməsi üçün 16,09 hektor torpaq sahəsi ayrılmışdır. Sanatoriyanın mövcud olmasına və artıq 1965-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq yenidən mədə bağırsaq sanatoriyasının həmin ərazidə tikilməsi üçün 16,09 hektar torpaq sahəsinin ayrılması və həmin ayrılmış sahənin məhz hansı hissədə olması bəlli deyil. Çünki 26 hektar torpaq sahəsi 1959-cu ildə ayrılmış və həmin ərazidə sanatoriya 1965-ci ildən fəaliyyət göstərir. X1 2000-ci ildə olsa da orda olan tikililər və faktiki istifadəsində olan torpaq 1915-ci ilə aiddir. Yəni sərəncamdan və dövlət aktından əvvəl onların baba mülkləri və torpaq sahələri orada mövcud olmuşdur. Yəni hal hazırda sanatoriyaya verilmiş 16,09 hektar torpaq sahəsinin ərazisinin başlanğıcı, o ərazi harada başlayır hansı ərazini əhatə etdiyini müəyyən etmək mümkün deyil və sanatoriya eyni məzmunlu iddialarla digər qonşuları da məhkəməyə verir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-86/2025 nömrəli 30 may 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi bildirdi ki, bu işə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmamalıdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. JN-1054 (kod ********) nömrəli 01 iyun 2004-cü il tarixli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktına əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsinin 10 noyabr 1959-cu il tarixli 05/820 saylı sərəncamı ilə Əzizbəyov rayon Mərdəkan qəsəbəsində 16,09 hektar torpaq sahəsi mədə-bağırsaq xəstəlikləri sanatoriyasının tikintisi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə görə Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsindəki 93 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi X12 adına hüquqi qeydiyyatdan keçirilmişdir. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 2000-ci il tarixli 902 nömrəli sərəncamına əsasən Mərdəkan qəsəbəsi Yesenin küçəsində yerləşən X15 məxsus 93 saylı şəxsi evin ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxılarkən və yerində yoxlama zamanı torpaq sahəsinin cəmi 1092,4 kv. metr olduğu, torpaq sahəsinin 480,7 kv.metr artırıldığı, yəni əlavə tikililər və torpaq sahəsinin zəbt olunduğu aşkar olunmuş, buna görə də X16 mərhum atası X9 əvəzinə 100.000 manat cərimə olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-135/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı1 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılmış və Cavabdeh2 İxtisaslaşdırılmış Mədə-Bağırsaq sanatoriyasının istifadəsində olan 16,09 hektar torpaq sahəsinin cənubunda, cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsindəki 93 “a” saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə həmsərhəd hissəsində yerləşən və cavabdeh tərəfindən zəbt olunmuş 170 kv.metr torpaq sahəsindən çıxarılması, zəbt olunmuş 170 kv.metr torpaq sahəsinin üzərində olan qanunsuz inşa edilmiş tikililər və hasarın cavabdeh İddiaçı1 hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi qət olunmuşdur. Hazırki iddia tələbində iddiaçılar 01 iyun 2004-cü il tarixli sərəncama əsasən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına Əzizbəyov rayon Mərdəkan qəsəbəsində ayrılmış 16,09 hektar torpaq sahəsinin ərazisinin naturada müəyyən edilməsi və torpaq sahəsinə qonşu olan torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi barədə, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı2 Ağalı qızına məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 93 nömrəli evin texniki pasporta əsasən 495.2 kv.metr olan ərazisi və X8 məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən 93A nömrəli evin texniki pasportda qeyd olunan ərazisi ilə ona qonşu olan 01 iyun 2004-cü il tarixli sərəncama əsasən Azərbaycan Həmkərlar İttifaqları Kongederasiyasına Əzizbəyov rayon Mərdəkan qəsəbəsində ayrılmış 16,09 hektar torpaq sahəsinin kordinatlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göründüyü kimi iddiaçıların tələbi torpaq sahəsinin kordinatlarının müəyyən edilməsindən ibarətdir ki, bu da öz növbəsində inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi ilə bağlıdır. Hazırki halda isə cavabdehin belə bir səlahiyyəti müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Hazırki iddiaya cavab verməli olan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastr Publik hüquqi şəxsidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və və ya mülki məhkəmə icraatında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.4, 391 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli 2(003)-86/2025 nömrəli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hazırki tələblə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, həmin orqan imtina etdikdə isə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət etməlidir. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar