Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4861/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğludan ibarət tərkibdə Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)- 2555/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.“Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilə ilə İddiaçı Bakı filialı Cavabdeh övladı X2 müqavilədə nəzərdə tutulan qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 5.1-ci maddəsinə əsasən, 1 tədris ili üçün təhsil haqqı 7500 manat təşkil edir, ilkin ödəniş 2250 manat təşkil edir, qalan məbləğ 2019-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayına kimi hər ay 1050 manat olmaqla ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə 2400 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0,5% olmaqla 8796 manat həcmində dəbbə pulu və iddia ərizəsi üçün verilən 123,59 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 11319,59 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. İddiaçı həmin müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 2400 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanan dəbbə pulunu ödənilməsini xahiş etmişlər. Lakin, xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanan dəbbə pulu ödənilməmiş qalmışdır. Müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öhdəsinə götürür. Cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmiş, heç bir dəbbə pulu hesablanmamışdır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)- 2555/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixdə yazılı müqavilə bağlanmışdır. Lakin 2019-cu ildən başlayaraq uzun müddət davam edən pandemiya dönəmində iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, pandemiya ilə əlaqədar əyani dərsləri davam etdirə bilməmiş, müqavilənin 3-cü bəndində nəzərdə tutulan vəzifələri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə bütün ölkədə əyani dərslərin keçirilməsi dayandırılmış, distant tədris tətbiq olunmuşdur. Bununla yanaşı, özəl təhsil müəssisələri, hazırkı halda iddiaçı şagirdlərlə bağlanmış müqavilələrin pandemiya dövrünə uyğunlaşdırılması, şagirdlərin distant təhsillə həmin tədris müəssisəsində təhsil almağa davam edib-etməməsi ilə bağlı onlara təklif göndərməli, müqavilənin mühüm şərtlərinin dəyişdirilməsinə nail olmalı idi. Lakin, iddiaçı müqavilədə hər-hansı bir dəyişikliyə cəhd etmədən, birtərəfli qaydada distant təhsilə keçmiş (bu dərslərin faktiki olaraq keçirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş) və cavabdehin övladı X1 distant dərslərdə iştirak edib-etməməsini araşdırmadan cavabdehdən 2400 manat təhsil haqqı, eləcə də tədris haqqının gecikdirilməsi ilə əlaqədar əsas məbləğdən təqribən 4 dəfəyə yaxın çox məbləğdə - 8796 manat cərimə tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə cavabdehin təqsiri üzündən pozulmamışdır. Belə ki, iddiaçı tədris müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi barədə cavabdehə təklif göndərməmiş, cavabdehin həmin şərtlərlə razı olub-olmamasını araşdırmamış, sadəcə təhsil haqqının və gecikmə məbləğinin ödənilməsini tələb etmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 422.1, 425.1, 425.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 106.1, 217.4-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)-2555/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə distant təhsil dövrü ərzində şagirdin dərsdə iştirak etməməsi halını təhsil haqqını ödəməmək üçün səbəb hesab edərək, müqaviləni yanlış və məhdud şərh etmişdir. Belə ki, müqavilənin 5.5-ci bəndinə nəzərdə tutulur ki, “hansı səbəbdən baş verməsindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməlidir”. Cavabdeh müqavilənin şərtlərinin dəyişdirilməsi və ya ləğvi ilə bağlı Liseyə müraciət etməmişdir. Belə olan halda, Lisey dərsləri bütün ölkə ərazisində olduğu kimi onlayn qaydada davam etdirmişdir. Cavabdehin təhsilin onlayn şəkildə həyata keçirilməsinə hər hansı bir narazılığı və yaxud etirazı olmamış, bu müddət ərzində şagird dərslərdə iştirak etmiş, lisey tərəfindən təşkil olunan xidmətlərdən istifadə etmişdir. Müqavilənin 6.1-ci maddəsinə əsasən valideyn liseyi 1 ay qabaqcadan yazılı xəbərdar etməklə müqaviləyə istənilən an xitam vermək hüququna malikdir. Lakin tədris prosesinin onlayn formada təşkil edildiyi dövr ərzində cavabdeh bununla bağlı Liseyə heç bir rəsmi müraciət etməmişdir. 2400 manat məbləğində olan borc təkcə təhsilin distant formada təşkil edildiyi mart-iyun ayları aralığını yox, həmçinin təhsilin əyani formada təşkil olunduğu, cavabdehin bütün xidmətlərdən tam şəkildə istifadə etdiyi müddətə də aiddir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)- 846/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)- 2555/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilənin 3-cü bəndinə əsasən, lisey öz üzərinə “təhsil prosesi zamanı, gün ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gügiyenik tələblərə uyğun keyfiyyətli qida ilə təmin etmək, məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq, Liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq, məktəbdə olduğu müddətdə şagirdlərin təhlükəsizliyini təmin etmək, şagirdləri dərsliklərlə təmin etmək, zərurət olduqda şagirdə ilkin tibbi yardım göstərmək” kimi öhdəliklər götürmüşdür. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı halda İddiaçı şagirdlərlə bağlanmış müqavilələrin pandemiya dövranə uyğunlaşdırılmasına, şagirdlərin distant təhsillə həmin tədris müəssisəsində təhsil almağa davam edib-etməməsi ilə bağlı onlara təklif göndərməli və müqavilənin mühüm şərtlərinin dəyişdirilməsinə nail olmalı idi. Həmçinin, iddiaçı tədris müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi barədə cavabdehə təklif göndərməli və cavabdehin həmin şərtlərlə razı olubolmamasını araşdırmalı idi. İddiaçıLiseyi distant qaydada dərslərin faktiki olaraq keçirilməsini təsdiq edən mötəbər sübutları nə birinci instansiya məhəməsinə, nədəki apelyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 389.1, 422.1, 425.1, 425.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 385.2-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2187/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)- 846/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 12.1 Apellyasiya məhkəməsi bir tərəfdən göstərmişdir ki, iddiaçı pandemiya ilə əlaqədar şagirdlərlə bağlı bağlanmış müqavilələrin dəyişdirilməsinə cəhd etməmişdir. Yəni apellyasiya məhkəməsi Azərbaycan ərazisində COVİD-19 pandemiyasını şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi (təhsil şəraitinin dəyişməsi) kimi qiymətləndirmiş (Mülki Məcəllənin 422-ci maddəsi), yeni şəraitə uyğun müqaviləni dəyişilməsi vəzifəsini iddiaçının üzərinə qoymuş, sonuncu belə təşəbbüslə çıxış etmədiyini əsas gətirməklə iddianı rədd etmişdir. 12.2 Lakin, nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi (o cümlədən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində müqavilənin dəyişdirilməsi və ləğv edilməsi) tərəflərin razılaşması ilə mümkündür. Bu zaman müqavilənin dəyişməsi və ya ləğv edilməsi təşəbbüsü hər iki tərəfdən irəli gələ bilər. 12.3 Apellyasiya məhkəməsi iddiaçının müqavilənin dəyişilmiş şəraitə uyğun dəyişdirilməsi üçün təşəbbüs göstərməməsini iddianın rədd olunması üçün əsas kimi qeyd etsə də, yaranmış yeni şəraitin cavabdehin maraqlarına uyğun olmadığı halda, sonuncunun da belə təşəbbüslə müraciət etməməsini nəzərə almamışdır. O cümlədən müqavilənin qüvvədə olduğu 2020-ci ilin aprel-iyun aylarında cavabdehin iddiaçıya sonuncunun öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi ilə bağlı xəbərdarlıq etməsi, ya da ki, şəraitin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilənin ləğv etmək və dəyişdirmək niyyətində olmasına dair bildiriş verməsini məhkəmələr müəyyən etməmişlər. Halbuki, iddiaçının yeni şəraitə uyğun müqavilə üzrə öhdəliklərinin icrasına davam etdirdiyi halda, onun qarşı tərəfdən də vicdanlılıq tələb etdiyi tərzdə öhdəliklərin icrasını tələb etmək hüququ yaranmışdır. 12.4 Məhkəmə kollegiyası həmçinin hesab edir ki, pandemiya şəraitində müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən təhsilin distant formada keçirilməsinin tərəflər arasında bağlanmış müqavilənin ləğvi və cavabdehin öhdəliyin tam icrasından imtina üçün səbəb olması da apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır. Belə ki, Mülki Məcəllənin 422.1-ci maddəsində şəraitin hər hansı dəyişməsi deyil, əhəmiyyətli dəyişməsi müqavilənin ləğvi və ya dəyişməsi üçün əsas kimi göstərilmişdir. 12.5 Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, apellyasiya məhkəməsi yuxarıdakılarla yanaşı, iddiaçı Liseyin dərsləri distant qaydada faktiki keçirməsinin sübut olunmamasına, 19 iyun 2019-cu il tarixli müqavilənin 3-cü bəndində sadalanan, liseyin üzərinə götürdüyü öhdəliklərin pandemiya dövründə icra olunmamasına istinad etmişdir. 12.6 Ümumiyyətlə, məhkəmə kollegiyasının qənaətinə görə dərslərin distant qaydada faktiki keçirilməsinin sübut olunmamasına dair apellyasiya məhkəməsinin mövqeyi anlaşılmazdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında distant dərslərin keçirilməməsini iddia etməmişdir. Cavabdehin izahatında ifadə etdiyi etirazına görə, dərslər distant keçirildiyi üçün, o, iddiaçıya artıq ödənilmiş vəsaitin nəzərə alınmasını xahiş etmişdir. (i.v. 54-55) Cavabdeh uşağına distant təhsil keçirilməməsini yalnız apellyasiya məhkəməsində verilən suala cavab olaraq bildirmişdir. 12.7 Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə Liseyin tərəflər arasında imzalanmış müqavilənin şərtlərini yerinə yetirmədiyini göstərsə də, yalnız müqavilənin 3.1.4-3.1.8-ci bəndlərində olan aşağıdakı vəzifələri sadalamışdır: təhsil prosesi zamanı, gün ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gigiyenik tələblərə uyğun keyfiyyətli qida ilə təmin etmək; məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq; Liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq; məktəbdə olduğu müddətdə şagirdlərin təhlükəsizliyini təmin etmək; şagirdləri dərsliklərlə təmin etmək; zərurət olduqda şagirdə ilkin tibbi yardım göstərmək. 12.8 Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Liseyin, təhsil müəssisəsi kimi əsas vəzifələri müqavilənin 1.1, 3.1.1-3.1.3-cü bəndlərində sadalanmışdır: şagirdə yüksək keyfiyyətli təhsil xidməti göstərmək; bu məqsədlə həm milli, həm də beynəlxalq təhsil standartlarına cavab verən maddi-texniki vasitələrə və yüksək ixtisaslı kadr potensialına, habelə təhsil xidmətləri göstərilməsinə dair lisenziyaya malik olmaq; müasir tədris metodikalarından istifadə etməklə, milliyyətindən və əvvəllər təhsil aldığı dildən asılı olmayaraq qısa müddətdə şagirdə Azərbaycan dilini, rus dilinin, ingilis dilini öyrətmək və bu dillərdə ona keyfiyyətli təhsil vermək; ev tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı şagirdə müəllimlər tərəfindən məktəbdə istiqamət, məsləhət və tövsiyələr vermək. 12.9 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd olunan mövqeyi üzrə işin düzgün həlli üçün iddiaçı Liseyin cavabdehin övladının təhsil aldığı sinfində dərslərin Nazirlər Kabinetinin müvafiq qərarına əsasən distant formada keçirilibkeçirilməməsini, keçirildiyi halda cavabdehin övladının bu dərslərdə onlayn iştirak edibetməməsini, etmədiyi halda isə bunun səbəbini araşdırmaqla, işin hallarına hüquqi qiymət verməli idi. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə əsasən müddətindən, səbəbin üzrlü olub-olmamasından, o cümlədən şagirdin xəstələnməsindən və bunlarla bağlı təqdim olunan hər hansı sənədlərdən asılı olmayaraq, şagirdin iştirak etmədiyi təhsil aylarının (günlərinin) haqqı hər bir halda ödənilməlidir. 12.10 Digər tərəfdən, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin övladının 2019-2020-ci təhsil ilinin nəticəsi olaraq iddiaçı Liseydə təhsil almasının nəzərə alınaraq, növbəti sinfə keçirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən natamam təhsil barədə sənədin verilməsi, başqa təhsil müəssisələrində təhsilinin davam etməsi də iddia üzrə nəticə gəlinməsi üçün əhəmiyyət kəsb edə bilər. 12.11 Məhkəmə kollegiyası razılaşır ki, müqavilədə göstərilən xidmətlərin bir qisminin yaranmış yeni şəraitdə iddiaçı tərəfindən icra edilməməsi müqavilənin qiymətinə təsir edə bilər. 12.12. Lakin qeyd olunmalıdır ki, iddiaçı bu halı nəzərə alaraq cavabdehə güzəşt tətbiq etmişdir. Cavabdeh ona daha yüksək məbləğdə, o cümlədən tələb həddində güzəşt tətbiq edilməli olmasını iddia edirsə, bunu əsaslandırmalı və müvafiq sübutlarda təsdiq etməli idi. 12.13 Apellyasiya məhkəməsi isə yalnız müqavilənin müvafiq bəndlərini sadalamaqla kifayətlənmiş, həmin bəndlərdə qeyd olunan, cavabdehin övladına göstərilməyən xidmətlərin dəyərini tərəflərin dəlilləri və təqdim etdiyi sübutlara əsasən müəyyən etməmiş və buna uyğun tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdir. 12.14 Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilənin 5.1-ci bəndinə əsasən cavabdeh təhsil haqqını hissə-hissə, sonuncu ödəniş 2020-ci ilin yanvar ayında həyata keçirilməklə ödəməli idi. Yəni müqavilə şərtlərinə əsasən cavabdeh təhsil haqqını tam olaraq pandemiya başlanan tarixədək ödəməli olduğu halda, bu öhdəliyini icra etməmiş və sonradan pandemiyanı əsas gətirməklə, icrasından imtina etmişdir. Apellyasiya məhkəməsi isə cavabdehin öhdəliyini vaxtına icra etməməsini səbəbini araşdırmamış və işin bu halına da hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
14. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir ki, izahatında əlavə olaraq bildirdi ki, onun uşağı distant təhsildə iştirak etməyib, heç bir müəllim deyə bilməz ki, dərs keçirilib. Martın ayının sonunda online təhsilə keçiblər. Pandemiya dövrü idi, xəstəlik də həmişə olurdu. Hökümət tərəfindən sərbəstlik verilmişdi. Martın 1-i məktəb bağlanıb, iddiaçı bizə təklif edərdi ki, şərtlər dəyişir, məbləğlə razıdırlar yoxsa yox. Məktəb bağlanılıb, iddiaçı ondan pul niyə tələb edir. İddiaçı müqavilədə nəzərdə tutulan vəzifəni yerinə yetirməmişdir, ona təklif etməli idi ki, yeni sistemə keçir, razılığını almalı idilər. Onun uşağına distant təhsil keçirilməyib. Uşaq başqa məktəbdə sinifdən-sinifə keçib. Həmin zaman 9-cu sinifdə oxuyurdu. Yerdəyişmə ilə 10-cu sinifə keçib. Online dərs keçirilməyib. Bakı Şəhər Təhsil İdarəsinə müraciət edib və uşağın 9-cu sinifi bitirməsi barədə sənəd verilib. Başqa təhsil müəssisəndə təhsilini davam etdirib. 2020-ci ilin yanvar ayında iddiaçı hissə-hissə ödəniş etməyə hər kəsə vaxt verib. Pulun məqamı çatanda sinif rəhbəri xəbər verirdi, ödənilirdi. Sonuncu dəfə də 2550 manat ödəyib.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə baxmayaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı Bakı filialı ilə Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada “Lisey” şagirdə Azərbaycan, Rus və İngilis bölmələrində yüksək keyfiyyətli təhsil xidmətləri, “Valideyn” isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürür.
22. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin icra edilməməsinə görə müqavilə üzrə ödənilməmiş təhsil haqqı borcu, öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən ona istinad edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə cavabdehin təqsiri üzündən pozulmamışdır. Belə ki, iddiaçı tədris müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi barədə cavabdehə təklif göndərməmiş, cavabdehin həmin şərtlərlə razı olub-olmamasını araşdırmamış, sadəcə təhsil haqqının və gecikmə məbləğinin ödənilməsini tələb etmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi” Qaydalarına əsasən Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla xüsusi təhsil rejimi: mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün təhsil müəssisləri üçün xüsusi tədris, təlim-tərbiyə qaydalarının müəyyən edilməsi (dərslərin təxirə salınması, müxtəlif vaxt rejimlərinin tətbiq edilməsi və s.) kimi tədbirlərin görülə bilməsi müəyyən edilmişdir.
25. Tərəflər arasında imzalanmış müqavilənin 8.1-ci bəndində qeyd edilir ki, tərəflərdən heç biri hazırkı müqavilə üzrə öz öhdəliklərini onların iradesindən asılı olmayan müharibə, iğtişaş, epidemiya, epizootiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər, qəzalar, dövlət hakimiyyət orqanlarının qərarı kimi dəfedilməz qüvvələr nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə həmin müddətdə məsuliyyət daşımır. Müqavilənin 8.2-ci bəndində qeyd edilir ki, əgər dəfedilməz qüvvələr şəraiti ardıcıl olaraq 3 ay davam edirsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqaviləyə bir Tərəfin digər Tərəfə bildiriş göndərməsi yolu ilə xitam verilə bilər.
26. Göründüyü kimi, dünya ərazisində, eləcə də Azərbaycan ərazisində baş verən Covid-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qəbul etdiyi qaydalara əsasən məktəblərdə tədrisin keçirilməsi qaydalarında dəyişiklik edilmiş – tədrisin onlayn şəkildə keçirilməsi qərara alınmışdır.
27. Tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci maddəsində qeyd edilir ki, “Valideyn” “Lisey”i azı 30 gün qabaqcadan yazılı şəkildə xəbərdar etməklə istənilən vaxtı bu müqaviləyə xitam verə bilər. “Valideyn” bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və tam yerinə yetirmədikdə “Lisey” birtərəfli qaydada bu müqaviləyə vaxtında və tam yerinə yetirmədikdə “Lisey” birtərəfli qaydada və müqaviləyə vaxtından xitam verə bilər. Şagirdin dərsə davamiyyətinin və intizam qaydalarına riayət olunmasının təmin olunması vəzifələrinin cari tədris ili ərzində üç dəfə pozulması valideynin öz vəzifələrini dəfələrlə pozması hesab olunur.
28. Kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə araşdırma zamanı müəyyən edilir ki, tədrisin onlayn formada keçirilməsi qərara alındıqdan sonra yeni şəraitə uyğun olaraq müqavilənin yenidən tərtib edilməsi və yaxud müqavilənin tərəfi olan “Valideyn” tərəfindən bu müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçıya müraciət edilməmişdir.
29. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh 01 iyul 2022-ci il tarixdə 08/1832 nömrəli son xəbərdarlıq göndərilmiş, məktubda tərəflər arasında imzalanmış 19 iyun 2019-cu il tarixli müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək 2019/2020 tədris ili üzrə 4750 manat məbləğində təhsil haqqı borcunun və gecikdirilən hər gün üçün 0,5 % olmaqla 8796 manat həcmində olan dəbbə pulunun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə tərəflər arasında bağlanmış müqavilələrə birtərəfli qaydada “Lisey” tərəfindən xitam veriləcəyi, 4750 manat əsas borcun və 8796 manat dəbbə pulunun alınması ilə əlaqədar tərəflərindən aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
30. Kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə araşdırma zamanı işə apellyasiya baxışı zamanı cavabdeh izahatında bildirir ki, onun uşağı distant təhsildə iştirak etməyib, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir.
31. Lakin, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh izahatında bildirmişdir ki, dərslər onlayn keçirildiyi üçün o, təhsil haqqının 2400 manatını ödəməmişdir. (i.v 54)
32. İş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, cavabdeh tərəfindən Bakı şəhəri Təhsil İdarəsinə müraciət edilib və cavabdehin uşağının 10-cu sinfə keçməsi ilə bağlı sənəd əldə edilib.
33. Göründüyü kimi, cavabdeh tərəflər arasında imzalanmış müqavilə üzrə iddiaçı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə istinad edərək ödəniş edilməsindən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin övladının 10-cu sinfə keçirilməsi ilə bağlı sənəd əldə edilməsi, dərslərin məcburiyyətdən onlayn keçirilməsi iddiaçı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi kimi qiymətləndirilməlidir.
34. Belə ki, tərəflər arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsinə dair” 19 iyun 2019-cu il tarixli müqavilənin 4.1-ci bəndində qeyd edilir ki, “Valideyn” bu müqavilədə nəzərdə tutulmuş qaydada xidmət haqqının tam və vaxtında ödənilməsi də daxil olmaqla bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirilməlidir.
35. Hazırkı halda iddiaçı güzəşt tətbiq edilməklə 2400 manat məbləğində təhsil haqqı borcunun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə kollegiyası iddia tələbini bu hissədə əsaslı hesab edir.
36. İddiaçı tərəfindən Cavabdeh gecikdirilən hər gün üçün 0,5% olmaqla 8796 manat həcmində dəbbə pulu borcunun tələb edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən 200 manat məbləğində dəbbə pulu borcu tutulmalıdır.
37. Mülki Məcəllənin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)-2555/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə müqavilə üzrə 2400 manat məbləğində təhsil haqqı borcu, 200 manat həcmində dəbbə pulu və 46 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
40. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(007)- 2555/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə müqavilə üzrə 2400 (iki min dörd yüz) manat məbləğində təhsil haqqı borcu, 200 (iki yüz) manat məbləğində dəbbə pulu və iddianın verilməsi üçün dövlət rüsumunun əvəzi 46 (qirx altı) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qalan hissədə rüsum iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 23 (iyirmi üç) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə rüsum apelyatorun özünə aid edilsin. Qətnamədən iddiaçı İdrak” Liseyi rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev