Məhkəmə qərarları › İş №2(103)-4862/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4862/2024

02.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4862/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı Feyzi qızının, onun nümayəndəsi-vəkili Sadıqov İbrahim Miri oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Feyzi qızının Cavabdehnə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(006)-46/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Mülki işin materiallarında olan «İcraçı» qismində Cavabdeh MTK ilə «Sifarişçi» qismində X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 49/58 nömrəli müqavilədən görünür ki, İcraçı qismində çıxış edən Cavabdeh MTK Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə onun tərəfindən inşa edilən Cavabdeh MTK çoxmərtəbəli yaşayış binasında bina 1, mərtəbə 13, ümumi sahəsi 110,92 kv.m olmaqla 3 otaqlı 83 nömrəli mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. (bənd 1.1). Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. (bənd 1.2). Bu müqavilənin qiyməti (ƏDV xaric) mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1200 manat hesablanmaqla 83 nömrəli mənzilin ümumi sahəsi 110,92 kv.m olduğunu nəzərə alsaq ödəniləcək məbləğ 133104 manat müəyyən edilmişdir. (bənd 3.1) Mülki işin materiallarında olan Cavabdeh MTK tərəfindən verilən 04 noyabr 2020ci il tarixli, 49/58 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MTK ilə X4 arasında bağlanılmış 49/58 saylı, xx.xx.2019-cu il tarixli ev alqı-satqı müqaviləsinin şərtlərinə əsasən onun 133104 manat 00 qəpik öhdəliyi tam ödənilir və bu müqavilə üzrə borcu qalmır. Mülki işin materiallarında olan X4 tərəfindən Cavabdeh MTK-ya ünvanlanan **********031 nömrəli 28 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixli, 49/58 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə yerləşən Cavabdeh MTK-nın çoxmərtəbəli yaşayış binasında, bina 1, mərtəbə 13, ümumi sahəsi 110.92 kv.m olmaqla, 3 otaqlı 83 saylı mənzilə ehtiyacı yoxdur. Bununla bağlı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinə və həmin mənzilin Cavabdeh MTK-nın nizamnaməsinə müvafiq qaydada Cavabdeh MTK-ya qaytarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Mübahisəli mənzillə bağlı daha sonra iş materiallarında olan «İcraçı» qismində Cavabdeh MTK ilə «Sifarişçi» qismində İddiaçı Feyzi qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 49/58 A nömrəli müqavilədən görünür ki, İcraçı qismində çıxış edən Cavabdeh MTK Bakı şəhəri, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə onun tərəfindən inşa edilən Cavabdeh MTK çoxmərtəbəli yaşayış binasında bina 1, mərtəbə 13, ümumi sahəsi 110,92 kv.m olmaqla 3 otaqlı 80 nömrəli mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. (bənd 1.1). Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. (bənd 1.2). Bu müqavilənin qiyməti (ƏDV xaric) mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1442,49 manat hesablanmaqla 80 nömrəli mənzilin ümumi sahəsi 110,92 kv.m olduğu nəzərə alınsa ödəniləcək məbləğ 160000 manat müəyyən edilmişdir. (bənd 3.1) İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilən 27 iyul 2021-ci il tarixli, 49/58 A nömrəli Maliyyə Arayışından görünür ki, Cavabdeh MTK ilə iddiaçı arasında bağlanılmış 49/58A saylı, xx.xx.2021-ci il tarixli ev alqı-satqı müqaviləsinin şərtlərinə əsasən onun 160000 manat 00 qəpik öhdəliyi tam ödənildi və bu müqavilə üzrə borcu qalmır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən verilmiş çıxarışın surətindən görünür ki, ümumi ölçüsü 93.40 kv.m olan və Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 149, M13, m6) İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 93,4 kv.m qeyd edilmişdir. Mülki işin materiallarında olan məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/7606 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/2455 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 110,92 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6428 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 110,92 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Hazırda İddiaçı Feyzi qızı Cavabdeh Mənzil Tikinti Kooperativi ilə xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ümumi sahəsi 110,92 kv.m. olan mənzili almış və xx.xx.2022-ci il tarixdə iddiaçı mənzilə dair çıxarış əldə edərkən ümumi sahənin ölçüsündə fərqin yarandığını iddia edərək 17,52 kv.m az olduğunu bildirərək mənzilə görə ödədiyi 160000 (yüz almış min) manat pulun bir hissəsinin geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Feyzi qızı Cavabdehnə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 iyul 2021-ci il tarixində Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Mövsüm Sənani küçəsinin kəsişdiyi ərazidə çıxarış üzrə ünvanı ünvan 3arla: AZ 1007, ünvan 4 ünvanındakı 3 otaqlı 80 saylı mənzilin ümumi sahəsi 110,92 m2 olmaqla müqavilə bağlayaraq həmin mənzilə görə 160000 (yüz altmış min) manat ödəyərək almışdır. Həmin mənzili aldıqdan sonra mənzilin sahəsində heç bir dəyişiklik etdirmədən, söküntü işləri aparmadan və yaxud əlavə sahə artırmadan mənzili yaşayışı üçün tam təmir etdirmişdir. Bundan sonra cavabdeh tərəfindən verilən maliyyə arayışı və digər sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə təqdim etməklə adına mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış və texniki pasport da almışdır. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsindən mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən mənzilin çıxarışını və texniki pasportu aldıqdan sonra həmin sənədlərdə mənzilin ümumi sahəsinin 110.92 kv.m deyil, cəmi 93,40 kv.m olduğunu görmüşdür. Bundan sonra o, şifahi olaraq bir neçə dəfə Cavabdeh rəhbərliyinə mülkiyyətindəki mənzilin sahəsinin 17,52 kv.m az olduğunu bildirərək mənzilə görə ödədiyi 160000 (yüz almış min) manat pulun bir hissəsinin geri qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh rəhbər şəxsləri və satışı dələduzluq yolu ilə həyata keçirən digər əməkdaşları «Sizinlə bağlanmış müqavilə üzrə bu qədər sahə düşür, heç bir müqavilələrimizdən bu günə kimi Sizin kimi bizim MTKdan şikayət edən olmayıb. İstəmirsizsə mənzili özümüzə geri qaytarın baha qiymətə başqasına satıb. Sizin ödədiyinizi tam geri qaytaraq» kimi ədalətsiz cavablar veriblər. Qeyd etmişdir ki, mənzili iddiaçı alıb pulunu ödədikdən sonra həmin ərazidə mənzillər artıq iki dəfə bahalaşıbdır. Cavabdehə narazılığı bildirib, iddiaçıdan artıq aldıqları pulu geri istədiyini bildirib və onları xəbərdar etdikdən sonra vəkilə müraciət edərək müqavilə üzrə mülkiyyətindəki mənzildə MTK tərəfindən tikilmiş sahənin azlığı ilə bağlı iradını bildirmiş və mənzilə mütəxəssislərin dəvət olunaraq, obyektiv və ədalətli ölçülər aparılmasını xahiş etmişdir. Müstəqil ekspert mütəxəssislər tərəfindən mənzilə baxış keçirilib, ölçülər aparıldıqdan sonra da mənzilin müqavilə, texniki pasport və çıxarış üzrə köhnə ölçülərinin az olduğu müəyyən olunmuşdur. 27 iyul 2021-ci il tarixli müqavilə bağlayaraq aldığı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəşi, ev 147, 149, mənzil 80, yeni qaydalarla: AZ 1007, ünvan 5 ünvanındakı 3 otaqlı 80 saylı mənzilin ümumi sahəsi 110.92 kv.m olmaqla hər kv.m-nə 1442.49 manat olmaqla ümumilikdə 160000 (yüz altmış min) manat pul ödəmişdir. Hazırda həmin ərazidə mənzillərin bugünkü gün 1 kv.m-nin bazar satış qiyməti 2150 manat təşkil edir. Müqavilədə göstərilən rəqəmlər ilə çıxarış və texniki pasportdakı ölçülər və mənzilin daxilində olan real ölçülər arasında ümumi sahə üzrə fərq 17.52 kv.m azdır. Bu barədə Cavabdeh rəhbərliyinə pretenziya qaydasında da rəsmi müraciət ünvanlasa da, cavabdeh tərəfindən heç bir razılıq və yaxud hər hansı təklif olunmayıb. Ona görə də mənzili alan zaman nəzərdə tutulan deyil, daha az sahəyə görə artıq ödədiyi, yəni cavabdeh MTK tərəfindən iddiaçını aldadaraq artıq aldıqları 37668 (otuz yeddi min altı yüz altmış səkkiz) manat pulun, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq ümumilikdə 12000 (on iki min) manat pulu və cavabdehlərin bu müddət ərzində iddiaçıya vurduqları mənəvi zərərə görə 10000 (on min) manat pulun, vəkil bürosuna, kassa mədaxil orderi üçün və məhkəməyə müraciət etməyi üçün ödədiyi 241 (iki yüz qırx bir) manat dövlət rüsumlarının da Cavabdehndən alınaraq xeyrinə tutulmasını tələb edir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün və mənzilinə görə artıq alınmış pulların ona geri qaytarılması üçün hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147. 149. Mənzil 80, yeni qaydalarla: AZ1007. ünvan 6 ünvanındakı 3 otaqlı 80 saylı ümumi sahəsi 110,92 kv.m olmaqla müqavilə üzrə pulunu tam olaraq ödəyib iddiaçının aldığı mənzilin sahəsindən 17.52 kv.m az göstərilmiş hər kv.m üçün 1442,49 manat ödədiyi və real bazar satış qiymətinin 2150 manat olduğundan artıq alınmış hər kv.m üçün ümumilikdə 37668 (otuz yeddi min altı yüz altmış səkkiz) manat pulun, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq 12000 (on iki min) manat pulun, cavabdehlərin bu müddət ərzində iddiaçıya vurduqları mənəvi zərərə görə 10000 (on min) manat pulun, vəkil bürosuna ödədiyi 181 manat pulun, X1 ödənilmiş 150 manat pulun, iddia tələbinə görə məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 241 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı Feyzi qızına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Feyzi qızının "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı məhkəmədə iddia qaldırıb, Bakı şəhəri Nərimanov rayonu, Möhsün Sənanı küçəsi, ev 147. 149. Mənzil 80, yeni qaydalarla: AZ1007. ünvan 6 ünvandakı 3 otaqlı 80 saylı ümumi sahəsi 110,92 kv.m. olmaqla müqavilə üzrə pulunu tam olaraq ödəyib aldığı mənzilin sahəsindən 17,52 kv.m. az göstərilmiş hər kv.m. üçün 1442,49 manat ödədiyi və real bazar satış qiymətinin 2150 manat olduğundan ondan artıq alınmış hər kv.m. üçün ümumilikdə 37.668 manat pulu, həmin pullara görə hər ay əldən çıxmış fayda olaraq ümumilikdə 12000 manat pulu, cavabdehlərin bu müddət ərzində ona vurduqları mənəvi zərər olaraq 10000 manat pulun, hüquqi xidmət üçün vəkilə 181 manat, ekspertizaya 150 manat və dövlət rüsumu ödədiyi 241 manat pulun cavabdeh "xxxx" MTK-dan tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Adı çəkilən iddia hazırda Nəsimi rayon məhkəməsinin icraatında baxılır, iş hazırlıq mərhələsindədir və iş üzrə məhkəmə texniki tikinti ekspertizası təyin edilmişdir. İddia tələbinin əsası kimi cavabdehdən müqavilə əsasında almış olduğu mənzilin sahəsinin müqavilədə qeyd olunan sahədən 17,52 kv.m. az olmasına, bu az olan sahə üçün cavabdehə 37.668 manat artıq ödədiyinə, artıq ödədiyini hesab etdiyi 37.668 manata görə hər ay əldən çıxmış fayda qismində 12.000 manat və bu müddət ərzində cavabdeh ona 10.000 manat məbləğində mənəvi ziyan vurmuş olduğuna istinad etmişdir. İddia tələbinin mənzil sahəsinin azlıq təşkil etdiyi hissəsini əsası kimi onu qeyd edir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə, ona verilmiş mənzilin sahəsi 110,92 kv.m. göstərilmiş, lakin həmin mənzilə DƏDK və RP hüquqi şəxs tərəfindən verilmiş çıxarışda isə mənzilin sahəsi 93,40 kv.m. göstərildiyindən, 17,52 kv.m. sahənin az olduğu, mənzilin 1 kv.m. qiyməti 1442,49 manata razılaşdırıldığından, az verilmiş sahənin dəyəri 37.668 manat təşkil edir. İddia tələbinin 12.000 manat əldə çıxmış fayda və 10.000 manat mənəvi ziyanın haradan meydana gəldiyi barədə istinad yoxdur. Lakin iddia ərizəsinin məzmununda istinad etdiyi dəlilərdən biri tam bunun əksini göstərir. Belə ki, iddia ərizəsində iddiaçı 1 kv.m. 1442,49 manata aldığı mənzilin, hazırda 1 kv.m. bazar dəyərinin 2.150 manat olduğunu qeyd edir. Yəni hər bir halda mübahisələndirilən mənzilin alışından iddiaçı, hər 1 kv.m. görə 707,51 manat, ödədiyi məbləğə nisbətdə 49,05% qazanc əldə etmişdir. Bu baxımdan iddiaçının əldə çıxmış fayda və ya mənəvi ziyanla bağlı tələbi məntiqsiz olduğundan üstündə dayanmağa dəyməz. Mənzilin sahəsinin az olması ilə bağlı məsələyə gəlincə, cavabdeh tərəf mənzili iddiaçıya çıxarış əsasında, alqı-satqı ilə deyil, mənzili tikib ona təhvil verəcəyi öhdəçiliyi üzrə ilkin müqavilə əsasında verilmişdir. Bununla bağlı tərəflər arasında, şərtləri mübahisələndirilməyən xx.xx.2021-ci il tarixli, 49/58A nömrəli müqavilə mövcuddur. Cavabdehin hüquqi forması mənzil-tikinti kooperativi olduğundan, bina onun üzvlərinin xərci hesabına tikilir. Yəni bütün binanın xərcləri onun üzvləri arasında bölünməklə, aldığı sahənin 1 kv.m. dəyəri müəyyənləşdirilir. İddiaçının özü də aldığı mənzil payı ilə MTK-nın üzvüdür. Mənzil sahələrinə üzvlərlə müqavilə bağlanılan zaman, mənzilin sahəsi binaya təsdiqlənmiş layihə əsasında müəyyən edilir. Mənzilin tikintisinə daxil edilən sahənin ölçüləri isə tərəflər arasında bağlanmış müqavilənin 1.2ci bəndində razılaşdırılmış 1 saylı əlavədə göstərilmiş sxemlə müəyyən edilir. Belə ki, tərəflər üçün hüquq, vəzifələr və öhdəçiliklərin müəyyən edildiyi, tərəflər arasında bağlanmış 27.07,2021-ci il tarixli, 49/58A nömrəli müqavilənin 1.2-ci bəndi bu şəkildə razılaşdırılmışdır: "... Mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir...". Həmçinin mənzilin sahələri ilə bağlı müqavilənin 11.2-ci bəndində qeyd edilir: "Mənzilin struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, kolidor, pəncərə(lər), köməkçi sahə(lər) və.s.) və mərtəbənin təsvir olunduğu (təsdiqlənmiş) sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. " Müqaviləyə 1 saylı əlavə kimi təsdiqlənmiş mənzilin ümumi sahəsindən aydın şəkildə görünür ki, müqavilənin 1.2-ci bəndində razılaşdırılmış şərtə uyğun olaraq, mənzilin əsas sahələri, köməkçi sahələri, eyvanı, mənzil perimetri boyu mənzilə aid divarlar fərqli rənglə ayrılmaqla, hesablanmış və ümumilikdə 110,92 kv.m. təşkil edir. Bu da mübahisələndirilən mənzilin iddiaçıya müqavilədə şərtləndirilmiş forma və ölçüdə verildiyini bir daha təsdiqləyir. Xatırladır ki, tərəflər arasında mənzilin verilməsi ilə bağlı münasibətlər onlar arasında bağlanmış müqavilə əsasında yaranmışdır. Mənzilin ölçüləri də müqavilə əsasında müəyyən edilmişdir. DƏDK və RP hüquqi şəxs tərəfindən mənzilə çıxarışda qeyd olunan sahənin ölçüləri isə tərəflər arasında olan müqavilə şərtləri əsasında deyil, yalnız əsas faydalı sahələrlə müəyyən edilir. Köməkçi sahələr tam, eyvanların sahəsinin 2/3 hissəsi, qapı və pəncərə yerləri isə mənzilin ölçüsünə daxil edilmir. Məhz müqavilədə qeyd olunan ölçülərlə, çıxarışda göstərilən ölçülər arasında fərqlər buradan meydana gəlir. Tərəflərin iddia tələbi, etirazları, mənzilə sonradan verilmiş çıxarışla deyil, aralarında razıalşdıqlan müqavilədən irəli gələn hüquq, vəzifələr və öhdəliklərdən qaynaqlanmalıdır. Göründüyü kimi cavabdehin iddiaçıya verdiyi mənzil forma və ölçüsünə görə, mənzil verilməsi ilə bağlı tərəflər arasında mövcud müqavilədə üzərinə götürdüyü öhdəliklə tam şəkildə uyğundur. Müqavilə tərəfi olaraq iddiaçı müqavilədə şərtləndirilmiş halları, sonradan başqa forma və ölçüdə tələb etməsinin əsas yoxdur. İddia tələbi onda əsaslı hesab edilə bilər ki, tələb müqavilədə şərtləndirilmiş və cavabdehə aid edilən öhdəliyə uyğun olsun. Ona görə də məhkəmədən iddia ərizəsinə baxılarkən, qeyd olunanları nəzərə alınmasını və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(006)-46/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin İddiaçı Feyzi qızından tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi mənzilin ümumi sahəsi 110,92 kv.m təşkil edir və mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir (1.2-ci bənd). Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 11.2-ci bəndinə əsasən mənzilin struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, kolidor, pəncərə(lər), köməkçi sahə(lər) və.s.) və mərtəbənin təsvir olunduğu (təsdiqlənmiş) sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır.Eyni zamanda, məhkəmə tərəfindən hazırki iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizaları keçirilmişdir. Məhkəməyə təqdim edilən ekspert rəylərindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarına əsasən, tərəflər arasında bağlanmış 27 iyul 2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 110,92 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 1.2-ci bəndində mübahisəli sahəyə dair plan sxem müəyyən edilmiş və həmin sxemlə də iddiaçı tanış olaraq razılaşmışdır. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı mənzil ilə bağlı cavabdeh tərəfindən aldadılmamış və öz iradəsi ilə mənzilə baxmış, sərbəst müqavilə bağlamışdır. Göründüyü kimi ekspert rəyi əsasında həqiqətən də iddiaçıya verilən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanılmış müqavilənin şərtləri ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. Hazırki iş üzrə araşdırma zamanı ekspert rəylərində (xx.xx.2023 və xx.xx.2024 cü il tarixli ekspert rəyləri) müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab etmişdir ki, sonuncu ekspert rəyinin tərtib edilməsi zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsinin də iştirakı təmin edilmişdir. Beləliklə də məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar əsasında iddiaçının qeyd etdiyi kimi mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olması müəyyən edilmədiyindən iddiaçının hazırki iddia tələbi ondan cavabdeh tərəfindən 37.668 manat məbləğində artıq alınmış pul vəsaitinin qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin digər hissələrinə (artıq ödənilmiş pullara görə əldən çıxmış fayda olaraq 12000 manat pulun və mənəvi zərər olaraq 10000 manat pulun cavabdehdən tutulması) münasibətdə isə qeyd etmişdir ki, iddia tələbi əsas hissəyə münasibətdə təmin edilmədiyindən bu hissədə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan təmin edilməməlidir. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 181 manat vəkil xərci, müstəqil ekspert rəyi xərci kimi 150 manat və 241 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia tələbi əsas hissələrdə rədd edildiyindən İddiaçı Feyzi qızı tərəfindən ödənilən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab etmişdir ki, İddiaçı Feyzi qızının Cavabdehnə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kolegiyasının xx.xx.2012-ci il tarixli, 07 №-li qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaylalarının 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşkələrin sahələri divar və arakəsmələrin tamamlanmış sahələri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Həmin qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri sahələrinin, eləcə də balkon lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsalarına vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0.3, şüşəbənd və lodjiyalar – 0.5, eyvanlar (verandalar) 1.0, azaltma əmsalarına vurulmaqla hesablanır. Bu o deməkdir ki, vətəndaşlar ödəniş edərkən balkonlara görə 30%, yəni balkon sahəsinin 30%-nə görə, lodjiyaların isə 50%-nə görə ödəniş etməlidirlər. Məhz DƏDRX-nin əməkdaşları çıxarış verərkən bu qaydaya əsaslanıb hesablama edirlər. Ancaq, mənzilin əsas sahəsi daxildən hesablanır, hətta həmin qaydaların 4-cü bəndində göstərilir ki, mərtəbələrin sahəsi bayır divarların daxili səthləri hüdudunda ölçülür. Artıq hesablanmış sahə gələcəkdə artıq kommunal haqqının da çox hesablanmasına səbəb olur ki, nəticədə vətəndaşların hüquqları pozulur. Hesab edir ki, MTK tərəfindən aldadılması Dövlət Reyesterindən çıxarışı alan zaman xx.xx.2022-ci ildə məlum olmuşdur və həmin vaxtdan da MTK rəhbərliyinə onu aldatdıqları barədə müraciət etmişdir. Məhkəmə işə baxan zaman MTK ilə aralarında bağlanmış müqavilədə “müqavilənin mövzusu başlığı altında 1.2-ci bölmədə “mənzilin ümumi sahəsinə bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş sxemdə xüsusi rənglə fərqləndirilmiş sahə daxilində olan yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir” qeydinə əsaslanmış, həmin müqavilənin tərəflərin hüquq və vəzifələrini özündə etiva edən bölümün 2.1.6-cı maddəsinə diqqət yetirməmişdir. Müqavilə bağlanan zaman MTK-nın əməkdaşları müqavilə şərtlərini elə müəmmalı ifadə etmişlər ki, oradan gələcəkdə əldə edəcəyi yaşayış sahəsinin içdən-içə ölçüsünün 110.92 kv.m dən az olacağı görünməmişdir. Lakin, müqavilə bağlayan zaman 110.92 kv.m mənzil sahəsinin sahibi olacağını əsas götürüb MTK-ya 160000 manat pul ödəmişdir. Belə çıxır ki, MTK hazırki müqavilə vasitəsi ilə aldadılmışdır. Məhkəmə qətnaməsində guya həmin mənzili başqa şəxsdən aldığı göstərilsə də bu həqiqətə uyğun deyildir, əvvəllər həmin mənzillə əlaqədar kiminlə müqavilə bağlandığını bilməmiş və belə bir müqaviləni görməmişdir, sadəcə olaraq MTK-ya müraciət edib hazırki mənzilin alınması ilə bağlı müqavilə bağlanmışdır və həmin müqavilə ilə öhdəsinə götürdüyü vəzifələri yerinə yetirmiş, məhkəmə isə buna səthi yanaşmışdır və qətnamədə yanlışlığa yol vermişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Feyzi qızı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Şəhərsalma və Tikinti Məcəlləsi:

59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında müqavilədə qeyd edilən ümumi sahəsi 110,92 kv.m olan mənzilin sifarişçiyə təhvil verilməsi və sifarişçi tərəfindən də icraçıya müəyyən edilmiş müddət ərzində pul vəsaitinin ödənilməsi və müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsinə dair 27 iyul 2021-ci il tarixdə 49/58A nömrəli müqavilə bağlanmışdır. Tərəflər müqavilə üzrə öz üzərlərinə düşən öhdəliyi yerinə yetirmişlər. Lakin, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən sözügedən mənzillə bağlı mülkiyyət hüququna dair çıxarışda mənzilin ümumi sahəsinin 110,92 kv.m yox 93.40 kv.m yazıldığını iddia etsə də, tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi mənzilin ümumi sahəsi 110,92 kv.m təşkil edir və mənzilin ümumi sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir (müqavilənin 1.2-ci bənd). Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 11.2-ci bəndinə əsasən mənzilin struktur bölmələrinin (otaqlar, mətbəx, sanitar qovşağı, koridor, pəncərə(lər), köməkçi sahə(lər) və.s.) və mərtəbənin təsvir olunduğu (təsdiqlənmiş) sxem-layihə müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı hazırki iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə bir neçə dəfə keçirdiyi məhkəmə tikinti-texniki ekspertizaların da rəylərindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarına əsasən, Tərəflər arasında bağlanmış 27 iyul 2021ci il tarixli müqaviləyə əsasən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin faktiki və ümumi sahəsinin 96,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 147, 149, mənzil 80 (yeni qaydalarla: ünvan 1 mənzilin sahəsinə arakəsmə divarlarının yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə və balkonların (eyvanın) sahələri (azalma əmsalları tətbiq olunmadan) daxil edilməklə hesablandıqda mənzilin sahəsi 110,92 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 1.2-ci bəndində mübahisəli sahəyə dair plan sxem müəyyən edilmiş və həmin sxemlə də iddiaçı tanış olaraq razılaşmışdır. Bu isə onu deməyə bir daha əsas verir ki, iddiaçı mənzil ilə bağlı cavabdeh tərəfindən aldadılmamış və öz iradəsi ilə mənzilə baxmış, sərbəst müqavilə bağlamışdır. Qeyd olunanlara əsasən iddiaçıya verilən mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanılmış müqavilənin şərtləri ilə uyğunluq təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış müqavilənin 2.1.6-cı maddəsinə diqqət yetirməməsini bildirmişdir. Müqavilənin həmin bəndinə əsasən müəyyən edilir ki, yaşayış sahəsi sifarişçiyə təhvil verilən zaman faktiki vəziyyətdə ölçülür. Əgər ölçülən sahə müqavilədə göstərilən sahədən artıq olarsa, mənzil alan əlavə sahənin ödənişini müqavilədə nəzərdə tutulmuş 1 kv.m sahənin satış qiyməti ilə ödəyir, əks halda faktiki sahə müqavilədə göstərilən sahədən az olduğu halda MTK həmin ev alana həmin məbləği ödəyir. Lakin işin araşdırılmış halları ilə mənzilin faktiki sahəsinin müqavilədə göstərilən sahədən az olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd olunan halın müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı təqdim edilmiş rəyləri şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bundan başqa mənzilə dair plan sxem müəyyən edilmiş və həmin sxemlə də iddiaçı tanış olaraq razılaşmışdır ki, müqavilə bağlanan zaman iddiaçının aldadılması halı müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan sahədən az olması müəyyən edilmədiyindən iddiaçının hazırki iddia tələbi ondan cavabdeh tərəfindən 37.668 manat məbləğində artıq alınmış pul vəsaitinin qaytarılması hissəsində əsassız hesab edilməklə rədd edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mənzili başqa şəxsdən aldığı göstərilsə də, bu həqiqətə uyğun olmamaqla, əvvəllər həmin mənzillə əlaqədar kiminlə müqavilə bağlandığını bilməməsi və belə bir müqaviləni görməməsi dəlili ilə bağlı hesab edir ki, bu dəlilin də mahiyyəti üzrə düzgün olan qətnaməyə heç bir hüquqi təsiri yoxdur. Belə ki, hər bir halda mənzildə əvvəl kimin yaşayıb-yaiamamasından asılı olmayaraq iddiaçının cavabehlə bağladığı müqavilə şərtləri ilə tanış olması faktı mübahisəsizdir və belə olan halda qeyd edilən dəlil apellyasiya şikayətinin digər dəlilləri kimi hüquqi əsası olmamaqla əsassızdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsas hissəyə münasibətdə təmin edilmədiyindən iddia tələbinin digər - artıq ödənilmiş pullara görə əldən çıxmış fayda olaraq 12000 manat pulun və mənəvi zərər olaraq 10000 manat pulun cavabdehdən tutulması hissələrində də təmin edilməsi üçün əsaslar olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(006)-46/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar