Məhkəmə qərarları › İş №2(103)-4863/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4863/2024

11.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4863/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satıcı vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. Tərəflərdən heç biri əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməmiş, əmək münasibətləri xx.xx.2024-cü il tarixinədək davam etmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 19X/K.Ş saylı əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Bundan əvvəl altı ay ərzində onun barəsində iki dəfə “töhmət” növündə intizam tənbehi tətbiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin baş direktoru Gəncəli İsmayılovun 30 yanvar 2024-ci il tarixli 19X/K.Ş saylı əmri yəni iddiaçının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə işdən azad etməyi barədə xx.xx.2021-ci il tarixli 19X/K.Ş saylı əmrinin ləğv edilməsi, iddiaçının yenidən Cavabdeh MMC-yə satıcı vəzifəsinə işə bərpa edilməyi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunacağı tarixədək hər ay aylıq 600 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC-nin direktoru Gəncəli İsmayılov arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-yə satıcı vəzifəsinə işə qəbul edilmiş və işə başlama tarixi xx.xx.2023-cü il olmaqla, əmək müqaviləsi müddətli olaraq xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. Lakin tərəflərdən heç biri yəni nə iddiaçı, nə cavabdeh işəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etməmişlər. Əmək münasibətləri davam edərək, xx.xx.2024-cü il tarixinədək davam etmişdir. Əmək müqaviləsi bağlandığı vaxtdan xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək fasiləsiz olaraq işləsə də, 23 yanvar 2024-cü il tarixdə iş yerinin rəhbərliyi ona MMC-nin Xalqlar Dostluğu filialındakı mağazasının e-mail adresinə eyni vaxtda 20 manat cərimə, şiddətli töhmət və işdən azad edilməyi barədə bildiriş göndərilməsi barədə məlumat vermişdir. İddiaçı eyni vaxtda həm tənbeh tədbirlərinin verilməsi və eyni tarixdə işdən azad olunmağına etirazını bildirdikdə, onun etirazına məhəl qoymayaraq, 29 yanvar 2024-cü il tarixdə işə gedən zaman ona artıq işdən azad olunduğu barədə məlumat vermişlər. Həmin vaxtdan da iddiaçı artıq işə getməmişdir. Dərhal bu barədə 29 yanvar 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Onun müraciəti xx.xx.2024-cü il tarixdə Əmək Müfəttişliyinə göndərilmiş və orada müvafiq araşdırma aparılmışdır. Lakin araşdırma zamanı cavabdehin nümayəndələri iştirak etməmiş, zəruri sənədləri Əmək Müfəttişliyinə təqdim etməmişlər. Bu səbəbdən iddiaçıya məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Hesab edir ki, Cavabdeh MMC-nin baş direktoru Gəncəli İsmayılovun 30 yanvar 2024-ci il tarixli 19X/K.Ş saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması əsasına istinad etsə də, iddiaçının 71-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına əsas olan halların heç biri mövcud olmamışdır. Şərh olunanlara əsasən hesab edir ki, Cavabdeh MMC-nin baş direktoru Gəncəli İsmayılovun 30 yanvar 2024-cü il tarixli 19X/K.Ş saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməyi barədə əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, Cavabdeh MMC-nin baş direktoru Gəncəli İsmayılov işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında Əmrdə Cavabdeh MMC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir.

4. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı və digər əməkdaş olan Rita adlı şəxs mağazanın içərisində dava etmişlər. Müdiriyyət tərəfindən onların hər ikisinə töhmət verilmişdir. Ümumiyyətlə, iddiaçı bir neçə dəfə mağazada səs-küy salmış və mağazanın iş fəaliyyətini pozmuşdur. Buna görə də mağazanın baş meneceri təqdimat yazmış və iddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin təqdimatla bağlı aktlar tərtib edilmiş və onun barəsində tənbeh tətbiq edilmişdir. İddiaçıya etdiyi hərəkətlərlə bağlı izahat verməsi tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Daha sonra onun işdən çıxması barədə əmr verilmişdir. Hesab edir ki, iddiaçı əsaslı olaraq işdən azad edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2557/2024 saylı, 07 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən əmrin qanunsuz olması ilə bağlı iddiaçının dəlilləri əsassızdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı əmək funksiyasını vicdanla yerinə yetirmədiyindən və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələri dəfələrlə pozduğundan ona töhmət verilmişdir. Lakin o, intizam tənbehindən (töhmət) nəticə çıxarmayaraq təkrarən şirkətin daxili nizam-intizamını və əmək funksiyalarını kobud şəkildə pozmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərinə davam etmişdir.

7. Məhkəmə işəgötürənin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olması ilə bağlı (Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsi) hesab etmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən iddiaçının törətdiyi xətanın xarakterini nəzərə almaqla intizam tənbehi növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» kimi hüququndan haqlı olaraq istifadə etmişdir. Belə ki, işin araşdırılmış halları tam sübut olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməmiş, əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 68-ci maddəsinin 1-ci, 2-ci, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2, 3-cü hissəsi, 72-ci maddəsi “e” bəndi, 76-cı maddənin 1-ci hissəsi, 186-cı maddəsinin 1-ci, 2-ci hissələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 10 Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Maddə 68, hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, hissə 2, «a» bəndi. Tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Maddə 70, bənd «ç». İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Maddə 71, hissə 3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72, bənd «e». Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. Maddə 186, hissə 2. İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd edir.

18. İddiaçı bildirir ki, Cavabdeh MMC 30 yanvar 2024-ci il tarixli 19X/K.Ş saylı əmrdə onunla əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə, yəni işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına istinad etsə də, əslində Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına əsas olan halların heç biri mövcud olmamışdır.

19. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtlər müəyyən edilmişdir: - işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməlidir; - işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; - işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

20. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həm 24 yanvar, həm də 29 yanvar 2024-cü il tarixlərində öz əmək funksiyalarını yerinə yetirmək əvəzinə mağazada dava, səs-küy salmış, mağazada daxili intizam qaydalarını, normal iş ahəngini pozmuş, 29 yanvar 2024-cü il tarixdə bununla bağlı ona irad tutan, intizama dəvət edən inzibatçıya təhqiramiz şəkildə “sizin kimi yekəbaşlardır burda işləyən” demişdir. Hər bir intizam, qayda pozuntusu ayrıca rəsmiləşdirilmiş, müvafiq aktlar tərtib edilmiş və həmin pozuntulara da ayrıca qiymət verilmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr yalnız xx.xx.2024-cü il tarixdə baş vermiş intizam pozuntusu ilə bağlı verilmişdir və bu əmrin verilməsi üçün də əsas işçinin xx.xx.2024-cü il tarixdə barəsində tətbiq olunmuş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən intizam xətası törətməsi olmuşdur.

22. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq Əmək Məcəlləsinin 10-cu maddəsində işçinin əsas vəzifələri kimi nəzərdə tutulmuşdur.

23. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmuşdur. Belə əsasların mövcud olmaması barədə iddiaçının dəlilləri əsassız olmaqla öz təsdiqini tapmır.

24. Həm iddia ərizəsinin, həm də apellyasiya şikayətinin əsas dəlillərindən biri əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əvvəlcədən Əmək Məcəlləsi ilə müəyyən edilmiş bir sıra tədbirlərin görülməməsi barədədir. Apelyatorun fikrincə, işəgötürən iddiaçı ilə əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl onu rəsmi qaydada xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü onu əmək funksiyasının icrasından azad etməli idi.

25. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən belə tədbirlərin görülməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericiliyə əsasən işəgötürən tərəfindən bu kimi tədbirlərin görülməsi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, yəni işçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə bağlı xitam verilərkən tələb olunur. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

26. Apelyatorun başqa bir dəlili əmək müqaviləsinə xitam verilməsi barədə əmrin düzgün tərtib olunmaması, orada müəssisənin hüquqi ünvanının və əmək müqaviləsinin ləğv edilmən əsasını göstərilməməsi barədədir. Məhkəmə kollegiyası bu dəlilləri də əsassız sayır və iş materiallarına əlavə olunmuş əmrin məzmununa əsaslanaraq qeyd edir ki, mübahisələndirilən əmrdə işəgötürənin hüquqi ünvanı “AZ1022, ünvan 1l 38” kimi göstərilmişdir.

27. Əmək müqaviləsinin ləğv edilmə əsasına gəldikdə isə, əmrin məzmununda bu əsas da konkret şəkildə qeyd olunmuşdur. Əmrdə iddiaçının əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi) və buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilməsi xüsusi olaraq qeyd edilmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə cavab verir və apelyatorun bununla bağlı dəlilləri əsassızdır.

29. İddiaçının başqa bir dəlili intizam tənbehi verilməmişdən əvvəl ondan izahat alınmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayaraq qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəələsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinə əməl edilməklə ondan izahat tələb olunmuş, lakin o, izahat verməkdən imtina etmiş və bu fakt işəgötürən tərəfindən aktlaşdırlmışdır.

30. Adı çəkilən maddənin məzmunundan da göründüyü kimi, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar