Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4865/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi X9, Cavabdehin vəkili X1 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-440/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı X10 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13, ev 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 avqust 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur. Toydan əvvəl cehizləri cavabdehin yaşadığı özbaşına tikiliyə - Bakı şəhəri, Binə qəsəbəsi, X13, ev 1-ə aparılmış, toydan sonra isə özü göstərilən ünvana gəlin köçürülmüşdür. Birgə nikahlarından 24 iyun 2015-ci il tarixdə X10 anadan olmuşdur. Ailə qurduqdan sonra münasibətləri yaxşı olmuşdur, lakin bir müddətdən sonra cavabdehin və onun ailə üzvlərinin ona qarşı münasibətləri dəyişib, onu incitməyə başlamışdır. 30 oktyabr 2019-cu ildə cavabdeh onu döymüş və onu uşağı ilə birlikdə bayıra atmışdır. O, məcburiyyət qarşısında qalıb zəng etmiş, xalası onu gəlib evinə aparmışdır. Bu gün də o, müvəqqəti olaraq xalasının evində - Bakı şəhəri, Nizami Rayonu, H.Əliyev prospekti, 86/19, mənzil 1də yaşayır. O, cəhd göstərib ki, evinə qayıtsın, lakin evinə daxil ola bilməmişdir. Ona görə də onun yaşadığı mənzilə köçürülməyi barədə Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin onlar da onu mənzilə köçürmədilər Bu gün də onun özünün şəxsi əşyaları, cehiz əşyaları, qızıl zinət əşyaları, övladının paltarları mübahisəli evdə - Bakı şəhəri, Binə qəsəbəsi, X13, ev 1- də yerləşən özbaşına tikilidədir. Cavabdehin təqsiri üzündən 19 aprel 2020-ci il tarixdə nikahları pozulmuşdur. O, belə hesab edir ki, cavabdehlə ailə həyatı qurduqdan sonra onu mübahisəli mənzilə gəlin köçürməsi, onun cavabdehlərlə birgə orada yaşamağı, həmin mənzildə övladının anadan olması, mübahisəli mənzildə onun şəxsi cehiz əşyalarının, qızıl- zinət əşyalarının olması, həmin şəxslərlə onun ümumi təsərrüfat aparmağı onun həmin evdə hüququnun olmasını təsdiq edir. Onu gəlin köçdüyü və cavabdehlə yaşadığı mübahisəli ev özbaşına tikilidir, həmin evə mülkiyyət hüququ olmadığından və cavabdehin onunla eyni hüquqlu istifadəçisi olduğundan cavabdeh onu həmin evə buraxmamağa haqlı deyildir. Beləliklə, hesab edir ki, azyaşlı övladı ilə mübahisəli mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13, ev 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-440/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-440/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Məhkəmə qətnaməsini aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamış, məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə işin həqiqi hallarını düzgün qiymətləndirmədən onun iddiasını təmin edilməməsi kimi səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsindən görünür ki, hakim prosessual hüquq normalarını kobud şəkildə pozaraq Cavabdeh koronavirus xəstəliyindən vəfat etmiş nümayəndəsi və vəkili X3 məhkəmə prosesində iştirak etdiyini göstərmişdir.Məhkəmənin 30 oktyabr 2020-ci il tarixdə saat 10:15-ə təyin edilmiş iclasında vəkil T.Əlirzayev iştirak etməmişdir. Məhkəmə prosesi təxirə salınmış və 19 noyabr 2020-ci il tarixə saat 09:50-yə təyin edilmişdir.Həmin iclasda cavabdehin verdiyi məlumata əsasən vəkil T.Əlirzayevin COVİD-19 pandemiyası səbəbindən koronavirusla yoluxduğuna görə iclasda iştirak etməmişdir.Məhkəmə iclası 02 dekabr 2020-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Həmin gün cavabdeh nümayəndəsi və vəkili T.Əlirzayevin koronavirus xəstəliyindən vəfat etdiyini və başqa vəkillə müqavilə bağlanması üçün iclasın təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Hakim özünün də məzuniyyətə gedəcəyini bildirərək iclası 11 yanvar 2021-ci il tarixə təyin etmişdir.Lakin ölkədə COVİD-19 pandemiyası ilə bağlı məhkəmələrin fəaliyyətinin dayandırılması barədə Ali Məhkəmənin tösiyyə xarakterli qərarına əsasən işin baxılması 17 fevral 2021-ci il tarixə təyin edilmişdir.Həmin tarixdə iclasda cavabdehin nümayəndəsi və vəkili olmamışdır. Məhkəmə qətnaməsində göstərir ki, «məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X7 cavabdehin izahatındakı xüsusatları qeyd edərək,iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir». Bundan başqa, məhkəmə iş üzrə tədqiq edilən sübutlara hüquqi qiymət verərək, iddianın rədd edilməsi üçün əsaslandırdığı sübutlardan biri kimi qeyd edir ki, «iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənova X12 MR,Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatdadır». Halbuki, işə əlavə etdiyi şəxsiyyət vəsiqəsində, MAPS arayışında və iddia ərizəsində yaşayış yeri üzrə daimi qeydiyyatda olduğu yer, ünvan 2 ünvanıdır. Bundan başqa, hakim 17 fevral 2021-ci il tarixdə məhkəmə çıxışlarından sonra «məhkəmə müşavirədə qalır, qərar sabah elan ediləcək, gəlmək imkanınız olmasa zəng edib nəticəsini öyrənə bilərsiniz»- deyib zalı tərk edib.Halbuki, qərarın elan olunmasına heç bir maneə yox idi. Qərar növbəti gün, 18 fevralda hansı saatda elan olunması bəlli deyildir.Lakin, qətnamədə qərarın elan olunduğu gün-17 fevral 2021-ci il tarix göstərilmişdir.Məkəmənin müəyyən etdiyi bu hallar işin faktiki halları ilə tamamilə ziddiyyətlidir. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh və sonradan işə cavabdeh qismində cəlb edilmiş X11 məhkəmədə verdikləri izahatlarında göstərmişlər ki, o, mübahisələndirilən Bakı şəhəri, Xəzər rayonu,Binə qəsəbəsi, X13, 1 ünvanda yerləşən evə gəlin köçmüşdür, toydan əvvəl ona məxsus olan cehiz əşyaları həmin evə yerləşdirilmişdir, orada Cavabdehla birlikdə yaşamış və təsərrüfat aparmışdır.Şəxsi və cehiz əşyaları hazırda da həmin evdədir.Cavabdehlər onu döyülərək evdən qovmuşlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apelyasiya şikayətinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev iddiaçının keçmiş əri olan cavabdehin atasınındır.İddiaçı hazır evə gəlin gəlmişdir. Evin sənədləri cavabdehin atasına (digər cavabdehə) məxsusdur. Evin işığı, qazı, telefonu və s. də cavabdehin atasının (iddiaçının keçmiş qaynatasının) adınadır. İddiaçının cavabdeh ilə 2014-cü ildə nikahları olub, aryı evdə yaşamış, sonradan müvəqqəti olaraq cavabdehin atasına məxsus evə köçmüşlər. Daha sonra iddiaçı uşağı da götürüb gedib, onlar boşanmışlar. Bu səbəbdən də apelyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan “Azəriqaz” İB ilə bağlanmış 03.06.2010-cu il tarixli müqavilənin və “xxxx” ASC tərəfindən verilmiş bildirişdən görünür ki, mübahisəli ünvanda işıq və qaz xətti X4 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Abşeron rayon X13 üzrə 09 dekabr 2000-ci il tarixli 16 saylı əmrdən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra hakimiyyətinin 22 avqust 2000-ci il tarixli 171 saylı sərəncamı, X5 Həmkarlar Komitəsinin 08 dekabr 2000-ci il tarixli 21 saylı protokoluna əsasən, sovxozda işləyən X8 ev tikmək üçün 0.05 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin 11.02.2021-ci il tarixli 16 saylı məktubundan görünür ki, X2 qəsəbəsi X13 ərazisində sahə 4 adlanan ünvanda yerləşən torpaq sahəsinə görə Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır və 2000-ci ildən 2011-ci ilə qədər əmlak və torpaq sahəsinə görə vergi ödəmişdir. Müəyyən edilmişdir ki, iddiaçı köçürülməsini tələb etdiyi ev cavabdehin atası tərəfindən tikilmiş, torpaq sahəsi isə fərdi evin tikintisi üçün X4 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi mübahisənin 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən həll olunması ilə bağlı qənatə gəlsə də, mübahisəli ev özbaşına tikili olduğundan Məcəllənin 30.1-ci maddəsini tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, qeyd edildiyi kimi mübahisəli iddiaçının köçürülməsini tələb etdiyi ev cavabdehin (keçmiş ərin) atası tərəfindən tikilmiş, torpaq sahəsi isə fərdi yaşayış evin tikintisi üçün X4 istifadəsinə verilmişdir.Odur ki, mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 68-ci maddəsi analogiya üzrə tətbiq edilməlidir. Belə ki, Mənzil Məcəllənin 60.1. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-440/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4865/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4865/2021
03.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver