Məhkəmə qərarları › İş №2(103)-4867/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4867/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4867/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və dəymiş zərərə görə kompensasiyanın tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Viktorovanın və X1 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı (Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və dəymiş zərərə görə kompensasiyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş sanitariya və təhlükəsizlik normalarına cavab verən mənzilin ərizəçilərə təhvil verilməsi vəzifəsi qoyulması, 2. 2021-ci ilin mart ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən ərizəçilərin xeyrinə: a. iddia ərizəsi verilən günə qədər yol verilmiş gecikdirilməyə görə 40214,7 (qırx min iki yüz on dörd tam onda yeddi) manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 200000 (iki yüz min) manat məbləğinə illik 5 (beş) faizə bərabər kompensasiya; b. iddia ərizəsi verilən günə qədər əsassız varlanmaya görə 60162,4 (altmış min bir yüz altmış iki tam onda dörd) manat və iddia ərizəsi verilən gündən 200000 (iki yüz min) manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uyğun kompensasiya; c. iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 9054 (doqquz min əlli dörd) manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqı kompensasiyası (hər aya görə 524 manat) tutulması, 3. 2-ci ərizəçinin çəkdiyi vəkil xərcləri cavabdehdən 2-ci ərizəçinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi Cavabdeh MTK-nın üzərinə xx.xx.2018ci il tarixli müqaviləyə əsasən verilməsi nəzərdə tutulmuş sanitariya və təhlükəsizlik normalarına cavab verən mənzilin iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi vəzifəsi qoyulması, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyun ayınadək hesablanmaqla cəmi 2800 (iki min səkkiz yüz) manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi və 2025-ci ilin iyun ayından başlayaraq mənzil təhvil verilənədək iddiaçılara 350 manat aylıq kirayə haqqı ödənilməsi vəzifəsi Cavabdeh MTKnın üzərinə qoyulması 100 (bir yüz manat) dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, vəkilə hüquqi yardımla bağlı edilmiş ödənişin əvəzi olaraq 1000 (bir min) manat Cavabdeh MTK-dan tutularaq İddiaçı2 ödənilməsi, 700 (yeddi yüz) manat dövlət rüsumunun kəsri iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq dövlət büdcəsinə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən xx.xx.2025-ci il iddiaçılar İddiaçı1 Viktorovanın və X1 vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi ödənilir. Həmin qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi qədər ödənilməlidir. Belə ki, iddianın qiyməti 109.431,10 (yüz doqquz min dörd yüz otuz bir tam on) manat məbləğində olduğu üçün birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumu 399,43 (üç yüz doxsan doqquz tam qırx üç) manat müəyyən edilir. Yəni, məhkəmə aktından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş ödənilməli olan dövlət rüsumunun məbləğinə münasibətdə həmin məbləğin 50 faizi qədər dövlət rüsumu ödənilməlidir. Hazırki halda isə ödənilməli olan dövlət rüsumunun məbləği 199,70 (yüz doxsan doqquz tam yetmiş) manat təşkil etməlidir. Lakin iş materiallarında olan apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən və apellyasiya şikayətinin məzmununda dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsinə apellyasiya şikayəti verilməsi üçün apellyator tərəfindən ********** nömrəli qəbzə əsasən, 50,60 (əlli tam altmış) manat dövlət rüsumu ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan məbləğ apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan məbləğdən 149,10 (iki yüz qırx doqquz tam on) manat azdır. Kollegiya qeyd edir ki, iddiaçılar İddiaçı1 Viktorovanın və X2 tərəflərindən qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən göstərilənlər nəzərə alınmaqla iddiaçılar İddiaçı1 Viktorovanın və X1 apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-909/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Viktorovanın və X1 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin . Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar