Məhkəmə qərarları › İş №2(103)-4868/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4868/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4868/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X13 və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil4, Cavabdehin hüquqi varisi X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilindən çıxarılma, mənzilin sahibliyə və istifadəyə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(011)-2645/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 105 saylı müqavilə ilə satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alıcıya təhvil verməyi, alıcı həmin mənzilləri qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.

2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə ilə satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmişdir.

3. "xxxx" MMC-nin direktoru K.Kazımzadə dələduzluq cinayəti törətməsi səbəbindən həbs edildiyindən yaşayış binasının tikintisinin tamamlanması Bakı şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə həvalə edilmişdir.

4. xx.xx.2013-cü ildə "xxxx" MMC "xxxx" MMC ilə İddiaçı arasında olan 105 saylı xx.xx.2006-cı il tarixli müqavilədən İqbal Cəfərova “keçid müqaviləsi adlanan müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanda 12 mərtəbəli yaşayı evinin 2-ci blok, 3-cü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili X1.

5. İddiaçı cavabdehlər "xxxx" MMC və X7 qarşı xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə dair istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Şirkətinə (MMC-yə) və X7 qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə əldə edilmiş daşınmaz əmlakların təhvil verilməsi və mənzillərə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 2-ci blok 3-cü mərtəbəsində olan 1 otaqlı 101 saylı mənzilinin və 2-ci blok 4-cü mərtəbələrindəki ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin iddiaçıya təhvil verilməsi və həmin mənzillərə dair iddiaçının istifadə hüquqlarının tanınması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkməsi Mülki kollegiyasının 26 avqust 2014-cü il tarixli, 2(103)- 4307/2014 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə tələbini onunla əsaslandırmışdır ki, binanın tikintisi başa çatdıqdan sonra şəxsi vəsaiti hesabına ona məxsus olan 3-cü mərtəbədə olan 1 otağa və onun üzərində 4-cü mərtəbədə yerləşən digər 1 otağa dəmir qapılar qoymuşdur. "xxxx" MMC ilə X11 arasında bağlanmış “xx.xx.2013-cü il tarixli "xxxx" MMC ilə onun arasında olan 105 saylı, xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilədən İqbal Cəfərova oğluna keçid müqaviləsi adlanan saxta müqavilə əsasındə ona məxsus mənzillərdən biri ünvan ünvanda yerləşən yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 57, 47 kvadrat metr olan bir otağı İ.Cəfərova satılmışdır. Bundan xəbər tutandan sonra həmin keçid müqaviləsinin etibarsız hesab edilməsi, mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Maddi imkanı olmadığından mənzillərdə təmir işləri aparıb köçə bilməsə də, mütəmadi olaraq mənzillərinə baş çəkmişdir. 2018-ci ilin fevral ayında onun mənzillərdə yaşamamasından istifadə edən Cavabdeh ona məxsus mənzillərdən birinin, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzilin dəmir seyf qapısının qıfılını sındıraraq mənzilə daxil olmuş, zəbt edərək mənzilin qapısına yeni qıfıl qoymuşdur. Cavabdehin bu özbaşına, qanunsuz hərəkətlərindən xəbər tutandan sonra dəfələrlə mənzili boşaltmasını və özünə qaytarılmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymur, mənzili qaytarmır.

9. xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyriyaşayış mərtəbəsinin üzərindən başladığı müəyyən edilmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim: S.Mehrəliyev) 2(011)-2645/2019 nömrəli, 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması və həmin mənzil iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı aradırılmış sübutlarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alqı-satqısına dair "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 105 saylı müqavilənin bağlanması, mənzillərin müqavilə ilə nəzərdə tutulmuş qiymətinin alıcı tərəfindən tam olaraq ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-1342/2016 saylı mülki iş üzrə təqdim olunmuş ekspert rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığının müəyyən edilməsi, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 179 saylı müqavilə əsasında alıcıya verilməsi nəzərdə tutulan mənzilin 2-ci mərtəbədə yerləşməsi, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 521-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 2.1, 4.1, 14.2, 77.1, 78.1, 80, 81, 119, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mənzili binanın 2-ci yaşayış mərtəbəsində yerləşir, nömrəsi 94-dür. Binanın birinci iki mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, binanın ümumi 3-cü mərtəbəsi birinci yaşayış mərtəbəsidir. Beləliklə, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır. Onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayış mərtəbəsindədir. İddiaçı mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir. Onunla bağlanmış müqavilədən də görünür ki, onun mənzili binanın 2-ci mərtəbəsindədir. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona məxsus mənzil binanın 3-cü mərtəbəsindədir. Beləliklə, onun 94 saylı mənzili və İddiaçı 101 saylı mənzili eyni mənzil deyil, ayrı-ayrı mənzillərdir. Onu da məlumat üçün bildirir ki, İddiaçı ona binanın 4-cü yaşayış mərtəbəsində (faktiki olaraq binanın ümumi 6-cı mərtəbəsində) məxsus olmuş mənzili başqa şəxsə satmışdır. Birinci instansiya məhkəməsi heç bir əsas olmadan nəzərə almamışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli 2(011)- 4102/2013 saylı qətnaməsi ilə İddiaçı "xxxx" Şirkətinə qarşı onların binalarında 101 saylı mənzilə və onun üzərindəki mənzilə mülkiyyət hüququnun tanınması barəsində iddiası təmin edilməmişdir. Hakim bu qətnamənin surətini işə əlavə etmək üçün iddiaçıdan tələb etməmişdir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, 27 dekabr 2012-ci il tarixdə Məlikova ilə "xxxx" Şirkəti arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən şirkət Məlikovaya 34000 manat ödəməni yerinə yetirdiyi halda, iddiaçı (Məlikova) şirkətə (cavabdehə) qarşı 2 mənzilə sahiblik hüququ barədə iddiadan imtina etmişdir. Qeyd olunan sazişin mətnində əlavə olaraq qeyd olunmuşdur ki, göstərilən məbləğdən əlavə 4000 manat pul Məlikovaya ödənilmişdir. Birinci instansiya məhkəməsi həmin sazişlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3966/2012 saylı iş üzrə məhkəmə aktlarını də əsassız olaraq tələb etməmişdir. Xüsusən bildirir ki, o, özünə məxsus 94 saylı mənzil Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş redaksiyada 178.8-ci maddəsinə əsasən mülkiyyət hüququnu əldə etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 17 iyun 2020-ci il tarixli, 2(103)-323/2020 saylı qətnaməsi ilə (hakimlər: X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən mövcud binaya dair "xxxx" MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzilləri binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən (-+0.000 səviyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzil, hal-hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşir, cavabdehə məxsus yaşayış evi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 2-ci mərtəbəsində yerləşir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, qeyd edilən məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur.

19. Beləlilkə, qeyd olunanlar, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 217.2, 372-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsi haqqında” 25 oktyabr 2010-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsində birinci icraat

21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-363/21 saylı, 26 yanvar 2021-ci il tarixli qərarı (hakimlər: İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

23. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 aprel 2014-cü il tarixli qətnaməsi ilə isə Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunsa da, apellyasiya instansiyası məhkəməsi həmin qətnamə ilə artıq müəyyən olunmuş və hal-hazırda iddiaçının sahibliyində olan 101 saylı mənzilin qeyd olunan binanın 3-cü mərtəbəsində, digər mənzilin isə 4-cü mərtəbəsində yerləşməsinə qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir.

24. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş analoji işlər üzrə qeyd olunan binanın yaşayış sahələri üzrə mərtəbələrinin necə müəyyən olunmasına dair cavabdehin apelyasiya şikayətinin əsaslı dəlillərinə hüquqi qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanmaqla qeyd olunan ekspert rəyinə istinad etmişdir. Buna görə apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 103.1-ci maddəsinin tələbləri pozulmuşdur.

25. Bundan əlavə iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2013-cü il tarixli hökmünə əsasən, binanın 2-ci blok 4-cü mərtəbəsindəki eyni bir otaqlı, ümumi sahəsi 57,47 kv.m. olan nömrəsiz mənzil həm X2, həm də İddiaçı qanunsuz satıldığına görə onların hər ikisi zərərçəkən şəxs kimi qeyd olunmuşdur. Lakin apelyasiya instansiyası işin bu halına və bununla əlaqədar qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsinin həmin qətnamədə qeyd olunan 4-cü mərtəbədəki bir otaqlı mənzilə aid hissədə nəyə görə icra olunmamasının səbəblərini araşdırmamışdır.

26. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 407.2, 416, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4005/2021 nömrəli, 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçının cavabdehə qarşı “cavabdehin mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir

28. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarına düzgün olaraq istinad etsə də, tərəflərin qarşılıqlı münasibətlərini səhv təvsir etmiş, formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd olunan ekspert rəyinə istinad etmiş, işin faktiki hallarını tam araşdırmamışdır.

29. Kassasiya instansiyası məhkəməsinin müzakirə olunmasına göstəriş verdiyi məhkəmə aktlarından aydın olur ki, binanın 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir, yəni binanın mərtəbələri aşağıdan yuxarıya sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmiş, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə kimi sayıla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməyib, binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsidir. Lahiyədə iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır.

30. Qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsi ilə isə Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunmuşdur.

31. Təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-7818/2017 saylı 24 avqust 2017-cu il tarixli qətnaməsinə əsasən analoji işdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı binanın 1A mərtəbəsindəki mənzillərin yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqləndiyi və 1A mərtəbəsinə aid sahələrin məhz qeyri-yaşayış sahələrinə aid olduğu, sonradan onların bir qisminin mənzil kimi istifadəyə verildiyi müəyyən edilmişdir.

32. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan məhkəmə aktlarını nəzərə alaraq qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanın birinci üç mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, Binanın ümumi 4-cü mərtəbəsi 1-ci yaşayış mərtəbəsidir. Binanın yaşayış mərtəbələri Binanın ümumi 4-cü mərtəbəsindən başlanır. M.Abasova məxsus mənzil Binanın ümumi 5-ci mərtəbəsində, yəni binanın 2-ci yaşayış mərtəbəsindədir və onun mənzili 94 nömrəli mənzildir. İddiaçı məxsus mənzil isə M.Abasova məxsus mənzildən bir mərtəbə yuxarıda, yəni evin ümumi 6-cı mərtəbəsində yerləşir və həmin mənzilin, yəni Z. Məlikovaya məxsus mənzilin nömrəsi 101-dir.

33. İşin halları ilə müəyyən edilmişdir ki, M.Abasova məxsus 94 saylı mənzil və İddiaçı məxsus 101 saylı mənzil ayrı-ayrı mənzillərdir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdehə satılmış mənzillər ayrı-ayrı mənzillərdir, bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçının iddia etdiyi mənzilin xüsusi mülkiyyət hüquqi əsasında cavabdehə məxsus edildiyi müəyyən edildiyindən, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ da olmamışdır.

35. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 və 3-cü hissələrinə, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 82.3, 103.1, 233.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

d)Kassasiya instansiya məhkəməsində ikinci icraat

36. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya instansiyası məhkəməsinin 2(102)-5330/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Əliyev (sədrlik edən və məruzəçi),M.Əhmədova və İ.Xəlilov) ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 2(103)-4005/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

38. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, 4-cü mərtəbədə yerləşən mənzil hal-hazırda iddiaçının sahibliyindədir. Hazırda iddiaçının sahibliyində olan 4-cü mərtəbədə yerləşən mənzilin altında yerləşən mənzilin də iddiaçıya məxsus olması həm xx.xx.2006-cı il tarixli müqavilə ilə, həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təsdiq olunduğu halda apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır.

39. Bundan başqa, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələri ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 2-ci blokunda yerləşən 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə göstərildiyi kimi X4, 6-cı mərtəbənin isə X3 məxsus olması, 5-6-cı mərtəbələrin layihə və müqavilədə göstərilən 5-6-cı mərtəbələr olması öz təsdiqini tapmışdır. Ona görə də qeyd edilən qətnamələrə hüquqi qiymət verilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, apellyasiya instansiyası məhkəməsi həmin qətnamələrə hüquqi qiymət verməmişdir.

40. Məhkəmə kollegiyası həmçinin, bildirmişdir ki, kassatorun kassasiya şikayətində qeyd etdiyi kimi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda yerləşən binanın 2-ci blokunun 1 otaqlılar yerləşən hissəsi, o cümlədən mübahisə predmeti olan mənzil binanın ön hissəsinə düşür və həmin hissədə mərtəbələrin dəyişdirilməsi ilə bağlı layihəyə heç bir dəyişiklik edilməmişdir. Sonradan təşkil olunmuş 1 “A” mərtəbəsi isə binanın həyət tərəfində 2-3 otaqlı mənzillər yerləşən hissəsində bir mərtəbənin 2 hissəyə bölünməsi ilə yaradılmışdır. Göründüyü kimi qeyd edilən halın araşdırılması hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmalı mübahisəyə müvafiq araşdırmanın nəticəsində uyğun hüquqi qiymət verməlidir.

41. Bundan əlavə, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün Dövlət Arxitektura Komitəsinin nümayəndələri cəlb olunmaqla, həmin binanın layihə sənədləri əsas götürülməklə işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən yerli baxış keçirilməli, yerli baxışın nəticəsinə uyğun olaraq mübahisə predmeti olan mənzilin binanın neçənci mərtəbəsində yerləşməsi və qeyd edilən əsasa görə iddiaçıya məxsus olubolmaması müəyyən edilməlidir.

42. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.1, 218.1, 417.1.3, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

f)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

43. Mülki işə təkrar apellyasiya icraatı zamanı baxılarkən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin iştirakı ilə mübahisəli mənzilə yerində baxış keçirilmişdir.

44. Yerində baxış zamanı müəyyən edilmişdir ki, binanın layihəsində iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyriyaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Binaya kənardan baxdıqda cavabdehin yaşadığı mənzilin binanın qeyri-yaşayış sahələrindən yuxarıda ikinci mərtəbədə yerləşdiyi görünür. Yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil təmir olunmuşdur, həmin mənzildə cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır.

45. Apellyasiya instansiya məhkəməsinin 2(103)-1271/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma, mənzilin iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mübahisə məhz tikinti şirkətinin layihədən kənara çıxması nəticəsində yaranmışdır. Qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, "xxxx" Şirkəti Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yaşayış binasının 2ci blokunda 2-ci mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıyır və bu öhdəliyi icra etməyə borcludur. Nəticə etibarilə, iddiaçı ona təhvil verilməli olan mənzilin məhz cavabdehin yaşadığı mənzil olmasını sübut edə bilmədiyinə görə iddia tələbi əsassızdır.

g)Kassasiya instansiya məhkəməsində ikinci icraat

47. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi və ya işin yenidən apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya instansiyası məhkəməsinin 2(102)-1722/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.Vəliyeva, E.Şamayev və Ə.Xıdırov) ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2022-ci il tarixli, 2(103)-1271/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

49. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiya məhkəməsi göstərmişdir ki, kassasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apellyasiya kollegiyası işə təkrar baxarkən işə daha əvvəl baxmış kassasiya kollegiyasının göstərişlərinə tam əməl etməmiş, eyni binanın iddiaçının mənzilinin yerləşdiyi 2-ci blokdakı mənzilləri ilə bağlı Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələrindəki hüquqi mövqeləri nəzərə almamış, eyni blokdakı mənzillərə dair analoji mübahisələr üzrə məhkəmə qərarlarında mənzillərin mərtəbələr üzrə yerləşməsi ilə bağlı fərqli mövqe nümayiş etdirmişdir. Halbuki həmin məhkəmə aktlarında binanın 2-ci blokunda yerləşən 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə göstərildiyi kimi X4, 6-cı mərtəbənin isə X3 məxsus olması, 5-6-cı mərtəbələrin layihə və müqavilədə göstərilən 5-6-cı mərtəbələr olması öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, binanın 2-ci blokunun 2-ci və 3-cü mərtəbələrindəki mənzillərlə bağlı məhkəmənin fərqli mövqeyi hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb olmuşdur.

Proses iştirakçılarının izahatı

50. Kollegiya tərəfindən xx.xx.2023-cü il tarixdə vəfat etmiş cavabdeh X12 hüquq varisi – arvadı X17 ilə əvəz edilmişdir.

51. Məhkəmə iclasında iştirak edən cavabdehin hüquqi varisi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

52. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

53. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

54. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

55. Maddə 13 (hissə 3). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

56. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclarüçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

57. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

58. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

59. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

65. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

66. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

68. İddiaçı "xxxx" MMC ilə bağladığı 18 iyun 2006-cı il tarixli 105 saylı müqaviləyə əsasən MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blokunda 3-cü və 4-cü mərtəbələrdə yerləşən, sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzil, Cavabdeh isə həmin MMC ilə bağlanmış 14 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yaşayış binasının 2ci blokunda 2-ci mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzil təhvil verilməlidir.

69. İddiaçı hazırki tələbində ona məxsus mənzilin cavabdeh tərəfindən qanunsuz zəbt edilməsini iddia edərək, sonuncunun mənzildən çıxarılmasını və mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb etmişdir.

70. Cavabdeh isə bildirir ki, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır, onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayış mərtəbəsindədir. İddiaçı mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir.

71. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığı müəyyən edilmişdir.

72. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 8/10 verilmiş 27 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən mövcud binaya dair "xxxx" MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillər binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən (+0.000 səviyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilin, hal-hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus mənzil Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok 3-cü mərtəbəsində, cavabdehə məxsus mənzil isə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok 2-ci mərtəbəsində yerləşir.

73. Ekspert rəylərinə nəzərə yetirdikdə müəyyən edilir ki, 2020-ci il tarixli ekspert rəyi ilə 2016-cı il tarixli ekspert rəyi təkrarlanmışdır, hətta ekspert rəyinə əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, 2016-cı il tarixdə keçirilmiş ekspertiza tədqiqatı zamanı çəkilmiş fotoşəkillərin təkrarıdır.

74. Kassasiya instansiya məhkəməsi işi yeni apellyasiya baxışına göndərərkən göstərmişdir ki, eyni binanın iddiaçının mənzilinin yerləşdiyi 2-ci blokdakı mənzilləri ilə bağlı Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələrindəki hüquqi mövqeləri nəzərə almamış, eyni blokdakı mənzillərə dair analoji mübahisələr üzrə məhkəmə qərarlarında mənzillərin mərtəbələr üzrə yerləşməsi ilə bağlı fərqli mövqe nümayiş etdirmişdir.

75. İşə birinci dəfə kassasiya qaydasında baxmış Məhkəmə Kollegiyası isə qeyd etmişdir ki, apelyasiya məhkəməsi qanuni qüvvəyə minmiş analoji işlər üzrə qeyd olunan binanın yaşayış sahələri üzrə mərtəbələrinin necə müəyyən olunmasına dair cavabdehin apelyasiya şikayətinin əsaslı dəlillərinə hüquqi qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanmaqla qeyd olunan ekspert rəyinə istinad etmişdir.

76. Qeyd olunanlardan belə aydın olur ki, işə birinci dəfə kassasiya qaydasında baxmış Məhkəmə yuxarıda istinad olunan 2017 və 2019-cu illərdə qəbul edilmiş məhkəmə aktlarında, ikinci dəfə baxmış Məhkəmə isə 2014 və 2015-ci illərdə qəbul edilmiş qətnamələrdə müəyyən edilən halları rəhbər tutmağı tapşırmışdır.

77. İstinad edilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə binanın 2-ci blokunda yerləşən 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə göstərildiyi kimi X4 məxsus olması, digər xx.xx.2015-ci il tarixli qətnamədə isə binanın 2-ci blokunda yerləşən 6-cı mərtəbənin X3 məxsus olması müəyyən olunmuşdur.

78. Bu qətnamələrdən sonra isə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7818/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən binaya yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın 1A mərtəbəsindəki mənzillər yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqlidir. Bu onu təsdiq edir ki, 1A mərtəbəsindəki sahələr məhz qeyri-yaşayış sahələrinə aiddir, sonradan onların bir qismi mənzil kimi istifadəyə verilmişdir.

79. Bundan başqa qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-2253/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin binanın 1 və 1A mərtəbələrinin mövcudluğu faktı iş materiallarına əlavə olunmuş məhkəmə qərarları, müvafiq ekspert rəyi və "xxxx" MMC-nin qanuni təmsilçisi olan Əkbər Cəfərovun izahatı ilə də öz təsdiqini tapır. Belə ki, sadalanan sübutlardan məlum olur ki, Bakı şəhər, Gəncə prospekti 2935 A ünvanında tikilmiş yaşayış binasının 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir, yəni, binanın mərtəbələrini aşağıdan yuxarıya sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmişdir, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə kimi sayıla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməyib, həmin binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsidir. Layihədə iki qeyriyaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satıldığından, həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır.

80. Eyni mövqe qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2256/2019 nömrəli 24 iyun 2019-cu il tarixli analoji iş üzrə qəbul edilmiş qətnaməsində də göstərilmişdir.

81. Kollegiya hesab edir ki, kassasiya instansiya məhkəməsinin istinad etdiiyi xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial hesab edilmir, zaman baxımdan da daha sonra qəbul edilmiş və qanuni qüvvəsini almış yuxarıda istinad edilən qətnamələrlə binanın 1A mərtəbəsinə aid sahələrin məhz qeyri-yaşayış sahələrinə aid olması, sonradan onların bir qisminin mənzil kimi istifadəyə verilməsi, 1A mərtəbəsindəki mənzillərin yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqli olduğu, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələrin layihələndirilmədiyi, həmin binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsinin qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir.

82. Hazırki iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əsas müəyyən edilməli olan hal iddiaçıya məxsus mənzilin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsidir.

83. Bundan əvvəlki apellyasiya baxışı zamanı da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin iştirakı ilə mübahisəli mənzilə yerində baxış keçirilmiş, yerində baxış zamanı müəyyən edilmişdir ki, binanın layihəsində iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Binaya kənardan baxdıqda cavabdehin yaşadığı mənzilin binanın qeyri-yaşayış sahələrindən yuxarıda ikinci mərtəbədə yerləşdiyi görünür. Yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil təmir olunmuşdur, həmin mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır.

84. Cavabdeh həmin mənzildə, yəni məhz 2-ci mərtəbədə yaşaması binanı idarə edən “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 08 may 2019-cu il tarixli arayışı ilə də təsdiq olunur.

85. Cavabdeh yaşadığı çoxmənzilli binanın idarə edilməsi ilə bağlı edən “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə 18 noyabr 2017-ci il tarixli müqavilə imzalamışdır.

86. “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli A-17/2019 saylı arayışdan görünür ki, Cavabdeh yaşadığı mənzil 94 saylı olmaqla binanın ikinci mərtəbəsində, İddiaçı məxsus mənzil isə 101 saylı olmaqla binanın üçüncü mərtəbəsində yerləşir. Cavabdeh yaşadığı mənzilin aşağısında 1-ci mərtəbədə X5 məxsus 87 saylı mənzil, ondan aşağı 1A saylı mərtəbədə isə X9 məxsus 87A saylı mənzil yerləşir. Binanın 8-ci mərtəbəsində Abbasov X14 məxsus 136 saylı mənzil vardır. X27 məxsus mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış və texniki pasport verilmişdir. Mənzilin texniki pasportunda da mənzilin 8-ci mərtəbədə yerləşməsi qeyd olunmuşdur.

87. Hazırki apellyasiya baxışı zamanı da Kollegiya tərəfindən mübahisəli binaya baxış keçirilmişdir.

88. Yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindən baxdıqda yerin səviyyəsindən mübahisələndirilən mənzil binanın ümumi 5-ci mərtəbəsində yerləşir. Binanın yerdən birinci və ikinci mərtəbəsi qeyriyaşayış sahəsidir. Qeyri-yaşayış sahəsinin üzərində 1A mərtəbəsi yerləşir. Yerində müayinə zamanı 1A mərtəbəsinin hündürlüyünün digər yaşayış mərtəbələri ilə müqayisədə fərqli olduğu, pəncərələrinin kiçik ölçüdə olduğu müəyyən edilmişdir. Həmçinin eyni istiqamətdən binaya baxdıqda yaşayışın birinci mərtəbəsi kimi göstərilən 1A mərtəbəsinin balkonları yuxarıdakı mərtəbələrin balkonlarından fərqlidir. Eyni zamanda binanın yan tərəfindən mənzillərin pəncərəsi digər mərtəbələrdən fərqlidir.

89. Müəyyən edilmişdir ki, binada 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsi yaşayış mərtəbəsinə çevrilmiş, mənzillərə bölünmüş və həmin mərtəbə 1A adlandırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, binada eyni nömrəli mənzillər var. Aşağı mərtəbədə yerləşən 88 nömrəli mənzil binanın qeyri-yaşayış sahəsinin yaşayışa çevrilən hissəsidir. Yuxarı mərtəbədə yerləşən digər 88 nömrəli mənzil isə hazırda mübahisə predmeti olan mənzilin yerləşdiyi mərtəbənin aşağı mərtəbəsində yerləşir. Eyni blokdan qalxdıqda 1A mərtəbəsində yerləşən blokdakı bütün mənzillərə giriş olduğu müəyyən edilir. Qeyri-yaşayış sahəsinin damında inşa edilmiş balkonu olan mənzilə 1A mərtəbəsində blokdan giriş mövcuddur. Həmin mənzilin qapısının üzərində 91 nömrəli mənzil olduğu qeyd edilmişdir.

90. Beləliklə cavabdehin mənzili binanın hazırki vəziyyətində yer səviyyəsindən 5-ci mərtəbəsində olmaqla, yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşir.

91. Beləliklə aşkar şəkildə müəyyən edilmişdir ki, iddiaçının binanın 1-ci mərtəbəsi kimi hesablanmasını tələb etdiyi 1A mərtəbəsi kimi qeyd edilən mərtəbə əslində binanın 3-cü qeyri-yaşayış mərtəbəsi olmaqla, bir hissəsi sonradan yaşayış mərtəbəsinə çevrilərək mənzillərə bölünmüşdür.

92. Binanın yaşayış üçün nəzərdə tutulmuş sahələrində bir mərtəbədə olan bütün mənzillərin bir pilləkən qəfəsliyində yerləşdiyi müəyyən edilmişdir. 1A mərtəbəsindəki mənzillərin isə yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqli olduğu aşkar görünür.

93. İddiaçının binanın 2-ci blokunun 1 otaqlılar yerləşən hissəsinin, o cümlədən mübahisə predmeti olan mənzilin binanın ön hissəsinə düşməsi və həmin hissədə mərtəbələrin dəyişdirilməsi ilə bağlı layihəyə heç bir dəyişiklik edilməməsi, 1A mərtəbəsinin isə binanın həyət tərəfində 2-3 otaqlı mənzillər yerləşən hissəsində bir mərtəbənin 2 hissəyə bölünməsi ilə yaradılması barədə dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, bu dəlil əsassızdır, yuxarıda da qeyd edildiyi kimi yerli baxış zamanı binanın yaşayış üçün nəzərdə tutulmuş sahələrində bir mərtəbədə olan bütün mənzillərin bir pilləkən qəfəsliyində yerləşdiyi müəyyən edilmişdir, yəni bir otaqlı və ya iki-üç otaqlı olmasından asılı olaraq mənzillərin yerləşməsinin aidiyyəti olmamışdır.

94. Cavabdehə məxsus olan mənzilin iddiaçının ona aid olduğunu iddia etdiyi mənzil olmadığı, başqa sözlə iddiaçının mənzilinin cavabdeh tərəfindən zəbt edilmədiyi müəyyən edildiyindən, hazırki iddia tələbinin təmin edilməsi yolverilməzdir.

95. Kollegiya onu da qeyd edir ki, iddiaçının tələb etdiyi mənzilin ona aid olmadığı müəyyən edildiyindən, məhkəmə üçün araşdırma tamamlanır, yəni yuxarı mərtəbələrdə kimin yaşamasının, iddiaçının 101 saylı mənzilinin harada yerləşməsinin və s. məsələlərin hazırki işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Çünki iddiaçının tələb etdiyi mənzilə subyektiv hüququ yoxdur, onun tələbi isə yalnız həmin mənzilə sahiblik və istifadə hüquqlarının reallaşdırılması ilə bağlıdır.

96. Odur ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir.

97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2645/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X8 qarşı “mənzilindən çıxarılma, mənzilin sahibliyə və istifadəyə qaytarılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar