Məhkəmə qərarları › İş №2(103)-4868/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4868/2024

01.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4868/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək işdən çıxma ərizəsi, əmək müqaviləsinə xitam verilməsinin etibarsiz sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi; həmçinin cavabdehin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq bir illik əmək haqqının AZN məbləğində dəyərləndirilməsi və pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi və ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qərara alınmışdır.

3. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq normaları:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

5. Həmin Məcəllənin 363.1.5-ci maddəsində qeyd edilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

6. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

7. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsində müəyyənləşdirilmiş qaydaya uyğun verilmədiyindən, işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.

9. Belə ki, AZEMİS-Məhkəmə işlərinin elektron idarəetmə sisteminə baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti elektron qaydada imzalanmamış, şikayət skan edilərək elektron məhkəmə sistemi vasitəsilə iş materiallarına əlavə edilmişdir.

10. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “Mülki Prosessual Məcəlləyə əlavə 2”-də göstərilmişdir.

11. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada imzalanmadığına görə qeyri-mümkün hesab edilmişdir.

12. Buna baxmayaraq İddiaçı ikinci dəfə verdiyi apellyasiya şikayətini də elektron qaydada imzalamamışdır. Birinci instansiya məhkəməsi isə təkrarən bu hala qiymət verməyərək şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir.

13. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır.

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1293/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar