Məhkəmə qərarları › İş №2(103)-4870/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4870/2021

18.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4870/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə barədə” ilk iddiasına, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı “evdən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, İddiaçı azyaşlı uşaqları – 20.03.2013-cü il təvəllüdlü Zəhra Sərdarova və 05.02.2015-ci il təvəllüdlü Ramal Sərdarov ilə birlikdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 9 ünvanına yerləşən fərdi yaşayış evinə (bundan sonra – ev) köçürülsün. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı uşaqları və əşyaları ilə birlikdə evdən çıxarılsın. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilsin, İddiaçı uşaqları ilə birlikdə evə köçürülsün, qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh1 və İddiaçı keçmiş ər-arvaddır, Cavabdeh2 isə Cavabdeh1 atasıdır. Ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur, o, özbaşına tikintidir. İddiaçı evi zəbt etməyib, ev onun və uşaqlarının yaşayış yeridir, lakin tərəflərin münasibətləri pozulduqdan sonra əks tərəf İddiaçı evdə yaşamasına imkan vermir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni İddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdeh1 vıə Cavabdeh2 ev üzərində qeydə alınan hüququ olmadığından onların İddiaçı qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalı, İddiaçı məhrum edildiyi evə uşaqları ilə birlikdə köçürülməlidir. İddiaçı müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi mümkün deyil. Belə ki, müqavilənin bağlanması üçün o, oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyil. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, İddiaçı Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi mümkün deyildir, ona görə də hazırkı mübahisənin həllində həmin maddələrin göstərişləri tətbiq edilə bilməz. Beləliklə, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar