Məhkəmə qərarları › İş №2(103)-4870/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4870/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4870/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə (Açar sözlər: pul, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-993/23 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" QSC arasında əsas kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0528/Z-1 saylı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında xx.xx.2021-ci il tarixli 0528/Z2 nörməli zaminlik müqavilələri bağlanmışdır. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 0528/K saylı əlavə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar olaraq zamin onun tərəfindən ödənilmiş məbləğin borclu - cavabdeh "xxxx" QSC tərəfindən ona qaytarılmasını tələb edir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" QSC-yə ("Biznes Partnyor” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, 0528/K saylı “əlavə kredit müqaviləsi” üzrə onun tərəfindən "xxxx" ASC-yə ödənilmiş 121.719 manat, mediatora ödənilmiş 400 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat və dövlət rüsumu kimi ödənilmiş 13 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, borc məbləğinin ödənilməsi məqsədilə tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olunmuş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-993/23 saylı iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia təmin olunmuşdur.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, kredit müqaviləsi üzrə alınmış kredit vəsaitinin həmin müqavilədə nəzərdə tutulmuş formada istifadə edilməsi borcalanın hüququdur. Belə olan halda əlavə kredit məbləği üzrə alınmış vəsaitin daha sonra digər borc müqaviləsi əsasında digər şəxsə verilməsi halı iddiaçının həmin borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hazırda iddiaçı tərəfindən əlavə kredit müqaviləsi üzrə zamin olaraq ödəniş edilməsinə dair sübutları yetərli hesab etmiş, həmin ödənişlərin təyinatının əlavə kredit müqaviləsi üzrə cavabdehin götürdüyü öhdəliklərin iddiaçı tərəfindən zamin olaraq həyata keçirməsini müəyyən etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 460.1, 470, 472-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit məbləği cavabdehin hesabına köçürüldükdən sonra, iddiaçı ilə cavabdeh arasında əldə olunmuş razılaşmaya əsasən "xxxx" QSC ilə "xxxx" MMC arasında 26 may 2021-ci il tarixli, BTKxx-xx/2021 nömrəli Borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Borc verən ("xxxx" QSC) 140 000 (bir yüz qırx min) manat məbləğində pul vəsaitini Borc alana ("xxxx" MMC) qaytarılmaq şərti ilə verməyi öhdəsinə götürmüşdür. Göstərilən müqavilə əsasında xx.xx.2021-ci il tarixdə 140,000.00 (bir yüz qırx min) manat və xx.xx.2021-ci il tarixdə isə 9,000.00 (doqquz min) manat, ümumilikdə 149,000.00 (bir yüz qırx doqquz min) manat bank köçürməsi yolu ilə "xxxx" QSC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Cavabdeh "xxxx" QSC tərəfindən göstərilən kredit müqaviləsi üzrə 54,993.72 manat ödəniş həyata keçirilmişdir. Bu məbləğin cavabdeh tərəfindən ödənilməsi iddiaçı ilə əvvəlcədən razılaşdırılmış, qalan məbləğin isə iddiaçı tərəfindən zaminlik müqaviləsi əsasında ödəməsi razılaşdırılmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan başqa işgüzar münasibətlərə görə kredit məbləğinin 55,000 manat hissəsinin cavabdeh tərəfindən ödənilməsi razılaşdırılmış və həmin ödəniş də cavabdeh tərəfindən həyata keçirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

17. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

20. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır

24. Hazırkı iş üzrə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olması barədə düzgün nəticəyə gəlsə də, ödənilməli olan borcun məbləğini düzgün müəyyən etməmişdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. (maddə 475.1.). Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur (maddə 475.2).

27. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, zamin İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ayrı-ayrı vaxtlarda 81450 manat banka pul ödənilmiş, həmçinin zamin İddiaçı banka olan şəxsi hesabından 20188,86 manat pul silinməklə, ümumilikdə 101638,86 manat İddiaçı tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə banka pul ödənilmiş və xx.xx.2023-cü il tarixdə kredit tam bağlanmışdır.

28. Maliyyə arayışından görünür ki, Bankın yəni kreditorun tələbi zamin, yəni iddiaçı tərəfindən icra olunmuş, borc tam ödənilmiş, zaminin borcluya qarşı Mülki Məcəllənin 475-ci maddəsinnin tələbindən irəli gələn tələb hüququ yaranmışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədə iddia qaldırılanadək kredit borcu tam ödənilməsə də, birinci instansiya məhkəməsində qətnamə çıxarılanadək borc tam olaraq ödənildiyindən iddiaçının Mülki Məcəllənin 475-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqları yaranmışdır.

30. İddiaçı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 121.719 manat ödəniş etdiyini bildirir və həmin məbləğin borcludan tutulmasını tələb edir.

31. Cavabdeh ümumiyyətlə iddianı qəbul etmir və bildirir ki, iddiaçı əsas və əlavə kredit müqavilələri cavabdehin adına bağlansa da, faktiki olaraq götürülən 150000 manat kredit Bakı Tikinti Konstruksiyaları» QSC ilə "Biznes Partnyor” MMC arasında xx.xx.2021ci il tarixli borc müqaviləsi əsasında "Biznes Partnyor” MMC-nin qanuni təmsilçisi olan iddiaçıya çatmışdır.

32. Birinci instansiya məhkəməsinin qənaətinə görə əlavə kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklər zamin kimi iddiaçı tərəfindən icra olunduğundan zaminin ödədiyi məbləği geri tələb etmək hüququ yaranmışdır. Alınmış kredit vəsaitinin həmin müqavilədə nəzərdə tutulmuş formada istifadə edilməsi borcalanın hüququdur və əlavə kredit məbləği üzrə alınmış vəsaitin daha sonra digər borc müqaviləsi əsasında digər şəxsə verilməsi halı iddiaçının həmin borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə iddianın əsaslı olduğu və zaminin ödədiyi məbləğin geri qaytarılması tələbini irəli sürməkdə haqlı olduğu qənaətinə gəlmişdir.

33. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır, lakin nəzərə alır ki, iddiaçı Banka 121.719 manat ödəniş etdiyi bildirsə də, Bankın təqdim etdiyi maliyyə arayışına əsasən iddiaçı tərəfindən ümumilikdə 101638,86 manat pul ödənilmişdir. İddiaçı tələb etdiyi məbləğdə Banka ödəniş etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

34. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qətnamə cavabdehdən iddiaçının xeyrinə 121.719 manat pul tutulması hissəsində dəyişdirilməli və iddiaçının tələbi 101638,86 manat həcmində təmin edilməlidir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

36. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə 121.719 manat pul tutulması hissəsində dəyişdirilsin və tutulmalı olan məbləğ 101638,86 (yüz bir min altı yüz otuz səkkiz manat, səksən altı qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar