Məhkəmə qərarları › İş №2(103)-4871/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4871/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4871/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Musayev Əziz Ubeydə oğlunun, cavabdeh Muradova Nigar Ramiz qızının iştirakları ilə, İddiaçı Musayev Əziz Ubeydə oğlunun cavabdeh Muradova Nigar Ramiz qızına qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 406/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Musayev Əziz Ubeydə oğlu cavabdeh Muradova Nigar Ramiz qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Muradova Nigar Ramiz qızından 50000 ABŞ dolları və 16000 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh yazmış olduğu 30.08.2016-cı il tarixli iltizama əsasən iddiaçıdan 40.000 ABŞ dolları məbləğində və 14.000 AZN manat, 30.09.2016-cı il tarixli iltizama əsasən isə 10.000 ABŞ dolları məbləğində və 2000 AZN manat, ümumilikdə isə cəmi 50.000 ABŞ dolları və 16.000 AZN manat məbləğlərində borc pul götürmüşdür. Həmin borc pul məbləğlərini borc götürərkən N.Muradova qəbz iltizamlarını yazaraq bildirmişdir ki, borc pul götürdüyü pulları Əziz müəllimin tələbi ilə istənilən vaxtı qaytarmağa hazırdır, bunun müqabilində yeni tikilən binada olan evinin çıxarışını girov verir, bu borc müddətində həmin evi satmayacaqdır. Lakin, buna baxmayaraq, cavabdeh aralarında yazmış olduğu iltizamlar üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyərək bu günədək ona hər hansı bir məbləğdə borcun qaytarmasını təmin etməmişdir. Cavabdeh ondan borc pul götürərkən inandırıcı olmasından ötəri yazmış olduğu qəbz iltizamında da yazıb qeyd etdiyi kimi girov olaraq ona məxsus yeni tikili binada olan mənzilin sənədini ona vermiş və iddiaçını həmin yeni tikilən binaya aparıb yerini də göstərmişdir. Bundan başqa, borc pul götürərkən AZE № 05506634 nömrəli 06.07.2007-ci il tarixli Sabunçu RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətini də iddiaçıya vermişdir. Lakin, borc öhdəliyinin yerinə yetirilməsindən ötəri cavabdehə tərəfindən dəfələrlə mobil telefon zəngləri edilmişdir. Qeydiyyatda olduğu ünvan 1 ünvanına 19.03.2020-ci il tarixdə, 29.04.2020-cı il tarixdə pulun qaytarılması barəsində poçt vasitəsi ilə bir neçə dəfə xəbərdarlıq məktubları göndərmişdir. Eyni zamanda o, dəfələrlə Nigarla zəngləşmiş, işlədiyi 174 saylı məktəbə gedib Nigar ilə görüşmüş, pulunu ondan tələb etmişdir. Lakin Nigar hər dəfə and içərək müxtəlif bəhanələr gətirərək onu aldadıb pulunu geri qaytarmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-406/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, borcu o deyil, Aqil Camalov adlı şəxs almış lakin o, pulu ödəmədiyindən iltizam imzalamağa məcbur qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, həmçinin, nümayəndəsi-vəkili tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iltizamın təsdiq olunmuş surətindən görünür ki, Muradova Nigar Ramiz qızı 30.08.2016-cı il tarixində tanışı Musayev Əzizdən 40000$ və 14000 manat borc almışdır. İltizamın əslindən görünür ki, Muradova Nigar Ramiz qızı 30.09.2016-cı il tarixdə tanışı Musayev Əzizdən 10000 ABŞ dolları və 2000 manat borc pul götürmüşdür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə ayrı-arılıqda iki dəfə, ümumilikdə cəmi 50000 ABŞ dolları və 16000 manat məbləğində pul vermişdir. Aldığı pulu geri qaytarmağı öz öhdəsinə götürən cavabdeh bu barədə yazılı iltizama qol çəkmişdir. Bundan başqa, iltizamda borcu ödəyə bilməyəcəyi təqdirdə borcunun mülkiyyətində olan evə yönəldilməsinə razılıq verdiyini də qeyd etmiş, lakin sonradan məlum olmuşdur ki, qeyd olunan evin sənədi saxta olub. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının Nigar Muradovaya qarşı tələbi sonuncunun yazdığı və borcun etirafı mahiyyətində olan yazılı iltizamdan irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Nigar Muradovanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində borc pul götürmədiyini irəli sürsə də, bu halı təsdiq edə biləcək sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya icraatında cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə isə kollelgiya qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, iddia müddəti yalnız məhkəmə qərarı çıxarılanadək tərəfin verdiyi ərizə əsasında tətbiq edilə bilər. Cavabdeh tərəfindən isə iddia müddətinin tətbiq edilməsinə dair ərizə birinci instansiya məhkəməsinə təqdim edilməli olduğu halda təqdim edilməmişdir. Halbuki, birinci instansiya məhkəməsində keçirilən iclaslar barədə cavabdehin qeydiyyat ünvanı üzrə lazımi qaydada məlumatlar (bildirişlər) göndərilmiş, həmçinin, cavabdeh özü də apellyasiya icraatı zamanı məhkəmə iclasında birinci instansiya məhkəməsində hazırki iş üzrə olan icraat barədə məlumatlı olduğunu bildirmiş, ayağının sınması ilə bağlı məhkəmə iclarına getmədiyini qeyd etmiş, poçt vasitəsi ilə də hər hansı bir ərizə göndərməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-406/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar