Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4872/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2021-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (direktoru) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə (Birlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 fevral 2016-cı il tarixdə Birlikdə işə qəbul olunduğunu, son vəzifəsinin həmin Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili üzrə Yalama şöbəsinin inspektoru olduğunu, Birliyin direktorunun 2300/164ş nömrəli 19 iyun 2020-ci il tarixli əmri ilə "həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi, o cümlədən ona pul mükafatının verilməsinin müəyyən edilmiş qaydalarına zidd yollara əl atdığı, bununla da “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X4”nin 3.10-cu yarımbəndinin tələblərini pozduğu”, “xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğu” əsas göstərilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyini, halbuki hər hansı qanunsuzluğa yol vermədiyini, işlədiyi müddət ərzində üzərinə düşən bütün əmək öhdəliklərini lazımınca yerinə yetirdiyini və heç bir intizam tənbehinə məruz qalmadığını bildirmiş, buna görə də Birliyinin direktorunun 2300/164ş nömrəli 19 iyun 2020-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerində bərpa edilməsi və 19 iyun 2020-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin nümayəndəsi (direktoru) apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin işin hallarına düzgün hüquqi qiymət vermədiyi, iddiaçının əmək qanunvericiliyinin tələblərinə əməl olunmaqla işdən çıxarıldığını, onun iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə şikayət ərizəsi yerləşdirməklə “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərin X4”nin prinsip və normalarına əməl etmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh müəssisənin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək onun təmin olunmasını, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı 11 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə işə qəbul edilmiş, həmin Birliyin direktorunun 2300/164ş nömrəli 19 iyun 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında surəti olan 2300/164ş nömrəli 19 iyun 2020-ci il tarixli əmr belə əsaslandırılmışdır ki, “İddiaçı həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi, o cümlədən ona pul mükafatının verilməsi üçün müəyyən edilmiş qaydalara zidd yollara əl atmış, bununla da “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərin X4”nin 3.10-cu yarımbəndinin tələbini pozmuş, ...həmin Kodeksin prinsip və normalarına əməl etməmişdir”. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçının yol verdiyi hərəkət onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas ola bilməz və iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğuna dəlalət edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğuna görə məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin yol verdiyi pozuntunun onun əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, həmin pozuntu nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. İşin hallarından aydın olur ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə səbəb, onun Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi və Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı elektron müraciətlərdə Birlik tərəfindən bayram və digər əlamətdar günlərdə pul mükafatlarının verilməməsindən şikayətlənməsi, bu prosesin uzun müddət davam etdiyi, məsələnin müsbət həll olunmadığı barədə məlumat verməsi olmuş, cavabdeh müəssisə məhz bu hərəkəti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərin X4”nin pozuntusu və iddiaçının “ona pul mükafatının verilməsi üçün müəyyən edilmiş qaydalara zidd yollara əl atdığı” kimi qiymətləndirmişdir. Halbuki, işçinin əmək hüququnun tam təmin edilmədiyi barədə ölkənin Birinci Vitse-Prezidentinə və özünün işlədiyi müəssisənin rəhbərinə etdiyi müraciəti “ona pul mükafatının verilməsi üçün müəyyən edilmiş qaydalara zidd yollara əl atması” olaraq qiymətləndirmək mümkün deyildir və əks yanaşma vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi və tənqidə görə onları təqib etmək demək olardı. Nəzərə alınmalıdır ki, işçi əmək hüququnun tam təmin olunmadığı barədə tənqidi fikirlər bildirərkən, yaxud bununla bağlı şikayət edərkən, bu məlumata və ya şikayətə görə işdən çıxarılması riskini daşımamalıdır; həmçinin qeyd olunmalıdır ki, iddiaçının müraciətləri nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına (qanunla qorunan mənafelərinə) ziyan dəyməsi halı ümumiyyətlə müəyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun hansı nəticələrə səbəb olduğu ümumiyyətlə göstərilməmişdir. Kollegiyanın qənaətinə görə, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, əvvəllər intizam tənbehi almamış olması, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi əmək funksiyasını tam və ya qismən yerinə yetirməyən, yaxud keyfiyyətsiz yerinə yetirən, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır. Cavabdeh müəssisənin nümayəndəsinin apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini isə kollegiya əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə 19 iyun 2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında əmrin, əmək kitabçasının və son haqqhesabının ona nə vaxt verilmiş olması barədə məlumat mövcud olmasa da, işin hallarından görünür ki, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razılıq verməsi üçün iddiaçıya 19.06.2020-ci il tarixli məktub ünvanlanmış, Birlikdən göndərilən korrespondensiya 27.07.2020-ci il tarixdə iddiaçıya çatdırılmış, məhkəməyə müraciət etdiyi 27.07.2020-ci il tarixinədək isə işdən qanunsuz çıxarılması ilə bağlı Gömrük Komitəsinin sədrinə şikayət ünvanlamışdır. Konstitusiya Məhkəməsi E. Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının iddia müddətini ötürmüş olmasından bəhs oluna bilməz; eyni zamanda, müddəti ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh direktorunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4241/2021 saylı iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4872/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4872/2021
21.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver