Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4873/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF və Cavabdeh2 MMCyə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSF və Cavabdeh2 MMCyə qarşı “borcun silinməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1292/2023 nömrəli 01 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank borcalan İddiaçı 24 ay müddətinə, illik 20% ödənilməsi şərtilə 2000 manat məbləğində kredit vermişdir. Eyni tarixli “Əmanətə girov müqaviləsi”nə əsasən, tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus AZ75AMRA**********0015A41210 saylı hesabda saxlanılan 2222,22 manat pul vəsaiti Banka girov qoyulmuşdur. “Əmanətə girov müqaviləsi”nə xx.xx.2019-cu il tarixli 1 saylı əlavə razılaşmaya əsasən, tərəflər arsaında bağlanılmış “Əmanətə girov müqaviləsi”nin müddətinin xx.xx.2021-ci il tarixədək uzadılması və əmanətin bank tərəfindən həmin tarixdə qaytarılması nəzərdə tutulmuşdur.
2. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 735,18 manat əsas, 293,55 manat faiz borcu mövcuddur.
3. İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış tarixsiz və Azərbaycan Respublikası Mərkəzi X3 ünvanladığı xx.xx.2022-ci il tarixli məktublarda göstərilmişdir ki, keçmiş "xxxx" ASC-də onun əmanəti və əmanət qarşısında kredit kartı olub. Bank bağlanan zaman kredit kartı üzrə olan 773,90 manat kredit borcu olub və həmin borc əmanətini alan zaman tərəfindən ödənilib. Əmanətini aldığı tarixdən bir il sonra ona Cavabdeh1 ASC-nin Ləğvedicisi ƏSF-nin əməkdaşları tərəfindən zəng olunub və kredit kartı üzrə borcunun olması barədə məlumat verilib. Həmin vaxt Fonda ərizə ilə müraciət etmiş və "borcunuz yoxdur, texniki səhv olub, kredit borcunun məbləği cari hesabınızda qalıb, silməmişik, borcu silib səhvi düzəltdik” cavabını almışdır. xx.xx.2022-ci il tarixdə o, kredit kartı almaq üçün başqa bir banka müraciət etmiş və Mərkəzləşdirilmiş Kredit Reyestrində adında borc qalığının və gecikmə günlərinin olmasını öyrənmişdir. Daha sonra Cavabdeh1 ASC-nin Ləğvedicisi ƏSF-nin Gəncə nümayəndəliyinin əməkdaşlarına məsələyə aydınlıq gətirilməsi üçün müraciət etmiş və yenə də səriştəsiz və qeyripeşəkar şəkildə “Siz yenidən ərizə ilə müraciət edin və həmin ərizənin notarial qaydada təsdiqlənmiş formasını bizə təqdim edin, ondan sonra biz məsələyə baxıb, sizə məlumat verərik” cavabını almışdır. Adında görünən borcun və faizlərin (gecikmələrin) silinməsini xahiş etmişdir.
4. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh1 ASC-nin Gəncə filialı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 20% ödənilməsi şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus AZ75AMRA**********0015A41210 saylı hesabda saxlanılan 2222,22 manat pul vəsaiti çıxış etmişdir. xx.xx.2020-cü il tarixə sığorta hadisəsi baş verdiyi günə qeyd edilən müqavilə üzrə 770.30 manat borc, əmanət və cari hesablarda isə 5810.98 manat məbləğdə vəsait mövcud olmuşdur. xx.xx.2020-ci il tarixdə 5040 manat kompensasiya məbləği İddiaçı qaytarılmış, 770.98 manat isə hesabda qalmışdır. LPO Cavabdeh1 ASC-nin əməkdaşları tərəfindən Sizə ərizə ilə müraciət etməniz barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq, hazırkı tarixədək öhdəliyin əmanət məbləği ilə əvəzləşməsinə dair muraciət daxil olmadığı üçün ***-*******DKK110419- 01 saylı kredit müqaviləsi üzrə öhdəlik əmanət məbləği ilə əvəzləşdirilməmişdir. Həmçinin bildirilmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2020-ci il tarixli 01/05021 saylı əmrinə əsasən əmanətçinin bank qarşısında öhdəliyinin kompensasiya məbləği ilə əvəzləşməsi yalnız həmin əmanətçinin yazılı ərizəsi olduğu təqdirdə həyata keçirilə bilər. Əvəzləşmə ilə bağlı müraciət daxil olduğu təqdirdə sığorta hadisəsi baş verdiyi gündən əvəzləşmə aparıldığı günədək kredit borcuna hesablanmış faizlərin silinməsi təmin ediləcəkdir.
5. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin xx.xx.2020-ci il tarixli 01/05021 saylı əmrinə əsasən, əmanətçinin bank qarşısında öhdəliyinin kompensasiya məbləği ilə əvəzləşməsi yalnız həmin əmanətçinin yazılı ərizəsi olduğu təqdirdə həyata keçirilə bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin LƏSF tərəfindən onun adına olan 735,18 manatı əsas borc, 293.55 manat faiz borcu, cəmi 1028.73 manat məbləğində borcun silinməsi, Cavabdeh1 ASC-nin LƏSF-yə onun kredit borcunun olmaması barədə məlumatın ‘‘Azərbaycan Kredit Bürosu” MMC-yə və surətinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh2 MMC-nın məlumat bazasında xx.xx.2020-ci il tarixindən onun adına yaranan gecikmə günlərinin silinməsi vəzifəsinin “Azərbaycan Kredit Bürosu" MMC-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, kredit tarixçəsinin öyrənilməsi məqsədilə “Azərbaycan Kredit Bürosu" MMC-yə müraciət etmiş və Cavabdeh2 MMCdən ona təqdim edilən çıxarışdan müəyyən olunub ki, guya onun çıxarış verilən tarixə 735.18 manat əsas və 293.55 manat faiz borcu olmaqla, cəmi 1028.73 manat məbləğində aktiv krediti mövcuddur. Həmin çıxarışdan həmçinin görünür ki, qeyd olunan məbləğ üzrə xx.xx.2022-ci il tarixinə 416 gün faizlərin gecikdirildiyi günlər də formalaşmışdır. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi çıxarışda göstərilənlər əsassız və qanunsuzdur və heç bir həqiqətə uyğun deyil. Belə ki, onun hazırda ləğv prosesində olan "xxxx" ASC-də əmanəti və həmin əmanət məbləği təminat göstərilərək kredit kartı olub. Bank bağlandıqdan sonra, o, xx.xx.2020-ci il tarixində ərizə ilə Cavabdeh1 ASC-nin Ləğv edilməsini həyata keçirən Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, onun adına olan 5040,00 manat məbləğində əmanətinin verilməsini, həmçinin kredit kartı üzrə yaranmış 773.90 manat kredit borcunun tam bağlanması məqsədi ilə cari hesabına həmin vəsaitin mədaxil edilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 ASC-nin LƏSF əməkdaşlarının səhlənkarlığı nəticəsində onun cari hesabına mədaxil etdiyi 773.90 manatı təyinatı üzrə vaxtında silinməmiş, onun adına olan kredit qalığını aktiv saxlayaraq əlavə faizlərin hesablanması və bunun müqabilində əsassız varlanmaq məqsədi güdərək, onun üzərinə mövcud olmayan öhdəlik qoyulmuşdur ki, bu öhdəliyin xx.xx.2022-ci il tarixinə həcmi 1028.73 manat təşkil edir. Həmin məbləğin 735.18 manatını əsas borc, 293.55 manatını faiz borcudur. Qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixində həm Əmanətlərin Sığortalanması Fonduna, həm də Azərbaycan Respublikası Mərkəzi Bankına rəsmi müraciət etsə də, adı çəkilən qurumlardan heçbir cavab gəlməmişdir. Hazırda Cavabdeh1 ASC-nin LƏSF tərəfindən onun adına əsassız olaraq borc hesablaması və onun mövcud olmayan borcu barədə kredit reyestri sisteminə adının salınması, onun hüquqlarının pozulması ilə yanaşı həm də onun kredit tarixçəsinin ləkələnməsinə səbəb olub ki, bu da onun digər kredit təşkilatlarından kredit götürməsinin qarşısını alır.
8. Bakı şəhəri Suraxanı Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyun 2023-cü il tarixli 2(006)-1292/2023 nömrəli qətnaməsi ilə (Əfsanə Heydərova) iddia rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2020-ci il tarixli 01/05021 saylı əmrinə əsasən, bank qarşısında öhdəliyin kompensasiya məbləği ilə əvəzləşməsi əmanətçi İddiaçı yazılı ərizə ilə Fonda müraciət edəcəyi təqdirdə mümkün olacaqdır. Məhkəmə prosesi gedişində iddiaçıya bununla bağlı məhkəmə tərəfindən vaxt da verilmişdir. Lakin iddiaçı həmin ərizə ilə müraciət etməkdən imtina etmişdir. Göründüyü kimi İddiaçı əvəzləşmə ilə bağlı Fonda yazılı ərizə ilə müraciət edəcəyi təqdirdə onun hazırda məhkəmədən xahiş etdiyi tələbi ilə bağlı mübahisə aradan qalxmış olacaqdır. İddiaçı belə bir ərizə ilə LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna vaxtında müraciət etdiyini bildirsə də bunu sübut edə bilməmişdir.
10. Məhkəmə iddiaçının LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı olan "xxxx" MMC-yə və surətinin ona verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçının birinci tələbi onun bu tələbi ilə bağlı olduğundan və İddiaçı borcunun olmamasını sübut edə bilmədiyindən, məhkəmə borcun mövcud olduğu qənaətinə gəlirərək, iddiaçının "xxxx" MMC-yə və surətinin ona verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbi rədd edilməlidir.
11. Həmçinin məhkəmə iddiaçının digər Cavabdeh2 MMC-yə qarşı olan “onun adına yaranan gecikmə günlərinin silinməsi vəzifəsinin “Azərbaycan Kredit Bürosu" MMCnın üzərinə qoyulması” tələbi ilə bağlı qeyd etmişdir ki, bu tələb iddiaçının digər iki tələbi ilə bağlı olduğundan və həmin tələblər üzrə məhkəmə iddianın rədd edilməsi qənaətinə gəldiyi üçün məhkəmə iddiaçının bu tələbinə münasibət bildirməyi ümumiyyətlə zəruri hesab etməyərək, özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 442, 425.2, 528, 529.2, “İnformasiya əldə etmək haqqında Qanuna, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlər sadalanmaqla, qeyd edilmişdir ki, cavabdeh bankın ləğvedici ƏSF-yə dəfələrlə müraciət etməyinə baxmayaraq, onun cari hesabına mədaxil etdiyi 773,90 manat təyinatı üzrə bu günə kimi silinməmişdir. Məhkəmədə müraciət edərək depozit və kredit müqavilələrinin surətlərini, həmçinin cari kredit və depozit hesablarının çıxarışlarını, eləcə də mədaxil və məxaric orderlərinin əldə olunmasına köməklik göstərilməsini xahiş etmiş, lakin mədaxil və məxaric orderləri təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
27. Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslıdır.
28. Göründüyü kimi tərəflər xx.xx.2019-cu il tarixli “bank hesabı və kredit” müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər və həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus AZ75AMRA**********0015A41210 saylı hesabda saxlanılan 2222,22 manat pul vəsaiti Banka girov qoyulmuşdur.
29. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, onun adına olan 5040,00 manat məbləğində əmanətinin verilməsini, həmçinin kredit kartı üzrə yaranmış 773.90 manat kredit borcunun tam bağlanması məqsədi ilə cari hesabına həmin vəsaitin mədaxil edilməsini xahiş etdiyini, lakin Cavabdeh1 ASC-nin LƏSF əməkdaşlarının səhlənkarlığı nəticəsində onun cari hesabına mədaxil etdiyi 773.90 manatı təyinatı üzrə vaxtında silinmədiyini, onun adına olan kredit qalığını aktiv saxlayaraq əlavə faizlərin hesablandığını bildirərək, hazırki iddianı qaldırmışdır.
30. LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı əvəzləşmə ilə bağlı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə ilə müraciət edəcəyi təqdirdə sığorta hadisəsi baş verdiyi gündən əvəzləşmə aparıldığı günədək kredit borcuna hesablanmış faizlərin silinməsi təmin ediləcəyi bildirmişdir.
31. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2020-ci il tarixli 01/05021 saylı əmri ilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 26.2-ci maddəsinin tələblərinə riayət olunması məqsədi ilə əmr edilmişdir ki, əmanətçinin bank qarşısında öhdəliyinin kompensasiya məbləği ilə əvəzləşməsi yalnız həmin əmanətçinin yazılı ərizəsi olduğu təqdirdə həyata keçirilsin.
32. Birinci instansiya məhkəməsi qeyd olunan əmri əsas götürərək iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, bank qarşısında öhdəliyin kompensasiya məbləği ilə əvəzləşməsi əmanətçinin - İddiaçı yazılı ərizə ilə Fonda müraciət edəcəyi təqdirdə mümkün olacaqdır.
33. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnış olmuşdur.
34. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində göstərilmişdir ki, sğorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
35. Göründüyü kimi Qanunda əvəzləşmənin yalnız əmanətçinin yazılı ərizəsi əsasında həyata keçirilməsi tələbi nəzərdə tutulmamışdır.
36. Qanunun tələbinə görə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.
37. Yəni əmanətçinin yazılı ərizə ilə müraciət edib-etməməsindən asılı olmayaraq, icra edilməmiş öhdəliyi məcburi qaydada çıxılmalı, ondan sonra kompensasiya ödənilməli idi.
38. İşdən görünür ki, sığorta hadisəsi baş verdiyi (bankın lisenziyası ləğv olunduğu) vaxta iddiaçının 5810,98 manat əmanəti və 770,3 manat kredit borcu (735,18 m. əsas və 35,12 m. faiz) olmuşdur. Bank iddiaçıya kompensasiya ödəyərkən sonuncunun kredit borcunu çıxdıqdan sonra qalan məbləği, yəni 5040,68 manat ödəniş etmişdir (5810,98-770,3). Yəni, bank Qanunun tələblərinə uyğun olaraq əmanətçinin (iddiaçının) bank qarşısında icra edilməyən kredit borcunu onun qorunan əmanətinin məbləğindən çıxmaqla qalıq hissəsini ödəmiş, iddiaçı da bununla razılaşaraq heç bir pretenziya bildirməmişdir. Belə olan halda bank həmin vəsaiti iddiaçının kredit borcuna silməli idi və bunun üçün iddiaçının ərizəsi tələb olunmurdu.
39. Qeyd olunanlara əsasən iddiaçı hazırki tələbi qaldırmaqda haqlı olmuşdur.
40. Belə olan halda iddia tələbi haqlı olduğundan, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1292/2023 nömrəli iş üzrə 01 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. Cavabdeh1 ASC-nin Ləğvedicisi ƏSF tərəfindən İddiaçı adına olan 735,18 manatı əsas borc, 293.55 manat faiz borcu, cəmi 1028.73 manat məbləğində borc silinsin. İddiaçı Cavabdeh1 ASC-nin Ləğvedicisi ƏSF-yə “kredit borcunun olmaması barədə məlumatın” ‘‘Azərbaycan Kredit Bürosu” MMC-yə və surətinin ona verilməsi vəzifəsi Cavabdeh1 ASC-nin Ləğvedicisi ƏSF-nin üzərinə qoyulsun. Cavabdeh2 MMC-nın məlumat bazasında xx.xx.2020-ci il tarixindən onun adına yaranan gecikmə günlərinin silinməsi vəzifəsi “Azərbaycan Kredit Bürosu" MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.