Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4874/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1046/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri 18 saylı notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh3 üçüncü şəxs qismində göstərməklə alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 18 saylı Notariat Kontorunda bağlanmış 23 dekabr 2011-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiada göstərir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1957-ci il təvəllüdlü X2 ilə 07 aprel 1985-ci ildə, qeydiyyat kitabında 402 nömrə ilə qeydiyyata alınaraq nikah rəsmiləşmişdir. Birgə nikahdan xx.xx.1985-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Əliyeva (Sultanova) Leyla Böyükağa qızı, xx.xx.1986-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan X6 və xx.xx.1991-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 anadan olmuşdur və hal-hazırda da hər üç övlad qeyd olunan ünvanda qeydiyyatdadırlar. Ailənin böyük olmasını nəzərə alaraq tərəflər mənzil şəraitini yaxşılaşdırmaq qərarına gəliblər. Həyat yoldaşı X2 və onun birgə nikah dövrü əldə etdiyi gəlirdən 2011-ci ildə Təfəkkür universitetinə qəbul olmuş və 1-ci kursda oxuyan, heç bir yerdən gəliri olmayan, valideynlərinin himayəsində yaşayan oğulları Cavabdeh3 adına mənzil almağı ailə üzvlərinin razılığı əsasında razılaşıblar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, seriya MH ******* olan çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində istifadədə olan 0.07129 ha torpaq sahəsində yerləşən, 20 nömrəli, 9 mərtəbəli binanın girişində, 4-cü mərtəbəsində, 66.8 kv.m, ümumi 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 61 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 580 nömrəli reyestr kitabının 53307 nömrəli vərəqində qeydiyyata alınmış mənzili almaq qərarına gəlmişlər. X3 adına olan yaşayış evi VÖEN:********** olan X1 vasitəçiliyi ilə 21 dekabr 2011-ci il tarixdə X7 ilə İddiaçı arasında mənzilin satış qiymətinin 69000 ABŞ dollarına razılaşaraq beh müqaviləsi bağlanılmışdır. O, 23 dekabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzilin beh müqaviləsi ilə razılaşdırılmış qiymətə, yəni 69000 ABŞ dollarını tam ödəyərək əvvəldən ailə üzvləri ilə razılaşdırdıqları kimi 3-cü şəxs oğlu-Cavabdeh3 adına rəsmiləşdirmişdir. xx.xx.2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən, tam hüquq sahibliyi ilə oğul Cavabdeh3 adına rəsmiləşdirilmişdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh3 mübahisələndirilən əmlakın alınması zamanı heç bir vəsait xərcləməmişdir. Eyni zamanda onun tərəfindən əmlakın alınması üçün sərf edilmiş pul vəsaiti həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alınmışdır. Ona görə də, bu mənzildə hər iki qız övladının, Əliyeva Leyla (Sultanova) Böyükağa qızının və X4 həmin əmlakın alınmasında iştirakları olduğundan həmin əmlakdan pay almaq hüququna malikdirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1046/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində göstərir ki, Cavabdeh3 mübahisləndirilən əmlakın alınması zamanı heç bir vəsait xərcləməmişdir. Əmlakın alınması üçün sərf edilmiş pul vəsaiti həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alınmışdıdr. Ona görə də bu mənzildə hər iki qız övladlarının - Əliyeva Leyla (Sultanova) Böyükağa qızının və X5 həmin əmlakın alınmasında iştirakları olduğundan həmin əmlakdan pay almaq hüququna malikdirlər. Belə ki, evdə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericilliyinin müddəaları nəzərə alınmalıdır. Məhkəmə kifayət qədər araşdırma aparmamışdır. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh3 mübahisləndirilən əmlakın alınması zamanı heç bir vəsait xərcləməmişdir. Eyni zamanda iddiaçı olaraq onun tərəfindən əmlakın alınması üçün sərf edilmiş pul vəsaiti həyat yoldaşı X2 iə birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alınmışdır. Məhkəmə tərəfindən mübahisələndirilən əmlakın Cavabdeh3 pul vəsaiti hesabına alınmasını sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş və məhkəmə bu fakta münasibət bildirməmiş və araşdırmamışdır. Eyni zamanda iddiaçı olaraq onun tərəfindən əmlakın alınması üçün sərf edimiş pul vəsaiti həyat yoldaşı X2 ilə birgə nikah dövründə əldə edimiş qazanc hesabına alınması faktı da məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri 18 saylı notariat ofisi onların iştirakı olmadan işə baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, digər cavabdehin nümayəndəsi və üçüncü şəxs isə məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarına əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin predmeti olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Tətbiq edilməsi nəzərdə tutulan hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsaəsn şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılıb yeni qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, iddiası təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının dispozisiya şərtləri ilə uzlaşmır. Əvvəla, iddiaçı 10 il müddət keçdikdən sonra etibarsızlığını tələb etdiyi alqı-satqı müqaviləsinin hansı əsasla etibarsız hesab etdiyinə dair nə iddia ərizəsində, nədə şikayətində heç bir dəlil göstərməmişdir. İddiasının və şikayətinin dəlilləri yalnız, mübahisəli mənzilin alınmasında üçüncü şəxs qismində göstərdiyi oğlu Cavabdeh3 heç bir vəsait xərcləməməsi, mənzilin alınmasına sərf edilmiş vəsaitin arvadı ilə birgə nikah dövründə əldə edilmiş qazanc olduğu ilə bağlıdır. Göstərdiyi halların həqiqi olması belə iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, mübahisəli mənzilin alınmasına sərf olunmuş vəsait iddiaçının və arvadının birgə nikah dövründə əldə etdiyi qazanc olsa da bu hal iddiaçıya əsas vermir ki, hazırki iddianı, özü də 10 il keçdikdən sonra irəli sürsün. Qeyd olunduğu kimi, hər bir halda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar olmalıdır. Belə bir əsasın olması isə təsdiq olunmur. Apellyasiya şikayətinin məzmumundan və apellyasiya baxışı zamanı verdiyi izahatından da bəlli oldu ki, əslində hazırki iddianın müqavilə bağlandığı vaxtdan 10 il sonra irəli sürülməsinə səbəb iddiaçının üçüncü şəxs kimi göstərdiyi, mübahisəli mənzilin mülkiyyətçisi olan oğlu ilə şəxsi münasibətlərin gərginləşməsi olmuşdur. Belə ki, Ağamir Sültanov mübahisəli mənzillə bağlı iddiaçıya və ailə üzvlərinə qarşı iddia irəli sürdüyü üçün sonuncu da ona qarşı belə bir iddia ilə məhkəmədə iddia qaldırmışdır. Ona görə də məhkəmə iddiaçının göstərdiyi halları “kifayət qədər araşdırsa” idi belə yenədə bunun hazırki iddianın əsaslılığına və təmin olunmasına təsir edəcək dərəcədə heç bir əhəmiyyəti ola bilməzdi. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1046/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1046/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4874/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4874/2022
15.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver