Məhkəmə qərarları › İş №2(103)-4876/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4876/2020

01.09.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4876/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə, İddiaçının vəkili X7, Cavabdeh Azərbaycan Respublikası X2 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası X4 və LPO QSC “Bank Standard” KB-yə qarşı “əmanətin geri qaytarılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-876/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası X4 və LPO QSC “Bank Standard” KB-yə qarşı “əmanətin geri qaytarılması və s.” tələbinədair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, əsas borca görə317959.55 ABŞ dolları, faiz borcuna görə 19077.57 ABŞ dollar və mənəvi ziyana görə5000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, xx xxxxx 2015-ci il tarixdə iddiaçı, “xxxxxxxxxxxxx” QSC-nin «VİP» filialı ilə depozit müqaviləsi bağlamışdır. Həmin müqavilə üzrə 285712 ABŞ dolları məbləğində pul vəsaitini 24 ay müddətinə, illik 11 faizilə bankın hesabına qoymuşdur. Həmin müqavilənin 1.1-d bəndinə əsasən «bank əmanətçidən 285712 ABŞ dolları məbləğində pul vəsaitini hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyiöhdəsinə götürür». xx.xx.2016-ci il tarixliQSC “BankStandart”əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışa əsasən onun hesabında 317959.55 ABŞ dolları məbləğində pul vəsaiti var idi. 2016-ci ilin dekabr ayında bilmişdir ki, xx.xx.2016-ci il tarixdə cavabdeh xxxxxxxxxxxxx QSC-nin lisenziyası ləğv edilmişdir. Bununla bağlı, öz pulunu almaqdan ötrü Bank rəhbərliyinə müraciət etmiş, cavab almışdır ki, məsələ aidiyyəti məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra həll oluna bilər. Bundan başqa, bildirmişlər ki, əsas məbləği tam ödəməkdən ötrü faizdərəcəsindən imtina etməlidir və illik faiz dərəcəsinin 3 % ilə dəyişdirilməsinə dair ərizə təqdim etməlidir. Bank ona bildirəndən sonra illik faiz dərəcəsini 3 faiz olmağına qarşı ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin müddət ərzində 18590 ABŞ dolları məbləğində kompensasiya almışdır.Faktiki olaraq Bank onun pulunu ona qaytarmaqdan imtina edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-876/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia LPO QSC «Bank Standard» KB-yə münasibətdə rədd edilmiş,iddia X4 münasibətdə qismən təmin edilmiş,Əmanət üzrə kompensasiya olaraq 317959,55 ABŞ dolları məbləğində pul cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi,iddia X4 münasibətdə digər hissədə rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxx” ASCnin ləğvedicisi X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 950-ci maddəsinə uyğun olaraq əmanət məbləğinin vaxtında qaytarılmadığına görə faizlərin ödənilməsi tələbi qanunidir və hər-hansı sübutların məhkəməyə təqdim edilməsini istisna edir. Eyni zamanda iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində də, rədd edilməsi əsassızdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmıdır ki, əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Lakin göründüyü kimi əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır.Buna baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş faiz dərəcəsinin azaldılması ilə bağlı ərizəyə məhkəmə tənqidi yanaşmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə belə bir ərizə təqdim edilsə də, X3 iddiaçının həmin ərizəsi mövcud olmamışdır ki, bu da həmin ərizənin mötəbərliyini şübhə altına alır. Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən belə bir ərizə X4 təhvil verilmədiyi və həmçinin Bankın daxil olan sənədlərində aşkar edilmədiyi üçün hesab edirik ki, sözügedən ərizənin mövcudluğu məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilmədiyi üçün tərəflərindən məhkəmə iclasında iştirakları təmin edilməmişdir ki, nəticədə də həmin ərizəyə dair müvafiq ekspertizanın təyin edilməsinə dair vəsatət təqdim etməkləri mümkünsüz olmuşdur.Habelə məhkəmə iddiaçı tərəfindən həmin ərizənin xx xxxxxxxx 2016-cı il tarixində Banka təqdim edilməsinə əsaslanmışdır. Lakin nəzərə almamışdır ki, xx xxxxxxxx 2016-cı il tarixi Bankda son iş günləri olmuş, bundan sonra Bankın lisenziyası ləğv edilərək iflas proseduruna başlanılmışdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş mötəbər sübut hesab edilməyən ərizə də xx xxxxxxxx 2016-cı il tarixə təsadüf edir ki, bu da bankda sonuncu iş günləri olmuşdur. Bu səbəbdən də əgər hesab edilsə belə, əmanətçinin belə bir müraciəti mövcuddur, bu halda Bankın son bank günü olduğu üçün obyektiv olaraq “Əmanətlərin tam Sığortalanması” haqqında Qanunun 4.1-ci maddəsinin tələblərinə riayət etməyə imkanı olmamışdır. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X11 iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, iddianın tam təmin edilməsini və cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası X2 nümayəndəsi X9 cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini və cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh LPO QSC “Bank Standard” KBməhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, QSC “Bank Standard” KB ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LD********** saylı “Standard” Depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən 285712.00 ABŞ dolları məbləğində pul vəsaitini ******************** saylı hesaba qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinə əsasən əmanət xx xxxxx 2015-ci il tarixdən xx xxxxx 2017-ci il tarixədək, 24 ay müddətinə, illik 11.00 %-lə qoyulur.İddiaçı tərəfindən QSC “Bank Standard” KByə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizənin surətinə əsasən, LD********** saylı, 290712 ABŞ dolları məbləğdə, xx xxxxx 2015-ci il tarixli əmanət müqaviləsi üzrə vəsaitinin sığortalanması məqsədi ilə həmin əmanət üzrə faizlərin 3% müəyyən edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. xx.xx.2016-cı il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, 18590.00 ABŞ dolları məbləğində nağd valyutanın məxaric edilməsini xahiş etmişdir, həmin tarixdə də həmin məbləğ İddiaçı kompensasiya şəklində ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iddianı qismən təmin etməklə, səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. (944.2) “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və qanunvericiliyə və ya müqaviləyə əsasən, geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə X5 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə. X10 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. Qeyd olunmalıdır ki, X10 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 02 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X8 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətinə tam sığortalanması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə üzrə əmanət sığortalı əmanətdir. İddiaçı əmanətinin tam sığortalanması və faizlərin 3% müəyyən edilməsi üçün ərizə ilə müraciət etməsinə istinad etsə də, həmin ərizənin əsli məhkəməyə təqdim edilməmişdir. Belə olan halda qeyd olunan əmanətin tam sığortalanması və əmanətin faizinin 3% olması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi, əmanətlərin tam sığortalanması qaydasında deyil, bankın iflas proseduru çərçivəsində növbəlilik qaydasında ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəmsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti rədd edilməli, cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi X2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-876/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya rədd edilsin. Cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi X2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-876/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar