Məhkəmə qərarları › İş №2(103)-4876/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4876/2021

31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4876/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Aslanova (Alızadə) Elnurə Həsən qızı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Aslanova (Alızadə) Elnurə Həsən qızının Cavabdeh qarşı “uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-216/2021 saylı 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.09.2005-ci il təvəllüdlü X8, 11.02.2007-ci il təvəllüdlü X10 və 30.09.2011-ci il təvəllüdlü X3 cavabdehin himayəsindən alınaraq onun himayəsinə verilməsi və cavabdehdən hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 08.06.2004cü il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan 23.09.2005-ci il təvəllüdlü X8, 11.02.2007ci il təvəllüdlü X10 və 30.09.2011-ci il təvəllüdlü X9 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28.19.2014-cü il tarixli qətnaməsi ilə nikahın pozulması və birgə nikahlarından doğulmuş övladlarının onun himayəsində saxlanılmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutularaq ödənilməsi qət edilmişdir. Cavabdeh ondan xəbərsiz övladlarını aparmış, aliment ödəməkdən yaxa qurtarmaq üçün, uşaqlara müxtəlif təsir vasitələri ilə onunla qalmalarına nail olmuşdur. Sabunçu Rayon Məhkəməsinin 23.04.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqların onun himayəsindən alınaraq ataları Cavabdeh himayəsinə verilməsi, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4023/14 saylı, 28.10.2014-cü il tarixli qətnaməsinə əsasən 23.09.2005-ci il təvəllüdlü X8 üçün ödənilməli olan alimentdən 2017ci ilin iyun ayından, 11.02.2007-ci il təvəllüdlü X10 üçün ödənilməli olan alimentdən, 30.09.2011-ci il təvəllüdlü X9 üçün ödənilməli olan alimentdən isə həmin uşaq anasının himayəsindən alınaraq onun himayəsinə verildiyi vaxtdan azad olunması qət edilmişdir. 23.09.2005-ci il təvəllüdlü X8 və 30.09.2011-ci il təvəllüdlü X9 ona sıx bağlıdır və onunla birlikdə yaşamaq istəyirlər. Uşaqların ögey analarının yanında qalmaları onların inkişafına, psixoloji durumlarına yaxşı təsir etmir. Uşaqları bir-birindən ayırmaq onların təhsilinə, tərbiyəsinə, inkişafına və psixoloji durumlarına mənfi təsir göstərə bilər, buna görə də 11.02.2007-ci il təvəllüdlü X10 da onun himayəsinə qaytarılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-216/2021 saylı 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 23.09.2005-ci il təvəllüdlü X8 və 30.09.2011-ci il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsi, 23.09.2005-ci il təvəllüdlü X8 və 30.09.2011-ci il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər bir uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin ödənilməsinin X4 münasibətdə 26.11.2019-cu il tarixdən başlayaraq, X5 münasibətdə 2020-ci ilin sentyabr ayından başlayaraq hesablanması, 11.02.2007-ci il təvəllüdlü X6 Cavabdeh himayəsinə verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, uşaqların anası ilə görüşünü təmin etmək üçün ona əmanət etmiş, iddiaçı isə iki övladını ondan qaçıraraq, yanında saxlamağa başlamışdır. Halbuki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən hər üç övladı onun himayəsinə verilmişdir. Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi tamamilə qərəzli formada hazırlanmışdır, rəydə əsassız olaraq onun adından ifadələr yazılmış və guya onun hazırki vəziyyətlə razı olub etiraz etmədiyi göstərilmişdir. Həmçinin hazırki həyat yoldaşının övladlarına göstərdiyi mənfi rəftarla bağlı qeyd olunanlar da şər və böhtandan ibarətdir. Məhkəmə təqdim etdiyi heç bir vəsatətə münasibət bildirməmiş və qətnamədə vəsatətlərlə bağlı heç bir fakt qeyd etməmişdir. Həmçinin məhkəmənin qətnaməsinə əsasən təyin edilən alimentin əsassız olaraq 26.11.2019-cu il tarixindən hesablanması da özüözlüyündə qanunsuzluqların açıq-aşkar sübutudur, həmin tarixlərdə hər üç övladı onun himayəsində olmuş və onların maddi təminatını da o, həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iki uşağı cavabdeh görüş üçün iddiaçıya vermişdir. Rüstəm Piriyev 2018-ci ilin yayından 27 yanvar 2021-ci il tarixədək fasiləsiz olaraq, Aydan Piriyev isə 2016-cı ilin yayından 2020-ci ilin mart ayınadək fasiləsiz olaraq, 2020-ci ilin mart ayından 27 yanvar 2021-ci il tarixədək isə fasiləsiz olaraq cavabdehin yanında qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin göstərdi ki, qızı Aydan 26 noyabr 2019-cu il tarixdən, oğlu Rüstəm isə 2020-ci ilin sentyabr ayından onun yanında qalmağa başlamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 28.10.2014-cü il tarixli qətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında bağlanmış 08.06.2004-cü il tarixli nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 23.09.2005-ci il təvəllüdlü X8, 11.09.2007-ci il təvəllüdlü X10 və 30.09.2011-ci il təvəllüdlü X3 iddiaçı X2 himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 15.04.2014-cü tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 23.04.2018-ci il tarixli qətnaməsinə əsasən 23.09.2005-ci il təvəllüdlü X8 və 11.02.2007-ci il təvəllüdlü X6 Cavabdeh himayəsinə verilməsi, 30.09.2011-ci il təvəllüdlü X9 anasının himayəsindən alınaraq ataları Cavabdeh himayəsinə verilməsi, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4023/14 saylı 15.10.2014-cü il tarixli qətnaməsi ilə 23.09.2005-ci il təvəllüdlü X11 üçün ödənilməli olan alimentdən 2017-ci ilin iyun ayından, 11.02.2007-ci il təvəllüdü X10 üçün ödəməli olan alimentdən 2017-ci ilin iyun ayından, 30.09.2011-ci il təvəllüdlü X9 üçün ödəməli olan alimentdən isə həmin uşaq atasının himayəsindən alınaraq onun himayəsinə verildiyi vaxtdan azad olunması qət edilmişdir. Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC tərəfindən verilmiş 22.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 15.09.2015-ci il tarixdən MMC-də həkim qastroenteroloq vəzifəsində işləyir. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 03.11.2020-ci il tarixli, 1/285 saylı rəyindən görünür ki, azyaşlı uşaqların qorunan hüquq və mənafeyini nəzərə alaraq, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası 23.09.2005-ci il təvəllüdlü X8 və 30.09.2011-ci il təvəllüdlü X3 İddiaçı, 11.02.2007-ci il təvəllüdlü X6 isə Cavabdeh himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Bu baxımdan, işə birinci instansiya məhkəməsində baxılarkən qəyyumluq və himayəçilik orqanın (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) rəyi alınmışdır. Komissiya tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə ətraflı araşdırma aparılmış və uşaqların qorunan hüquq və mənafeyini nəzərə alaraq, Komissiya 23.09.2005-ci il təvəllüdlü X8 və 30.09.2011-ci il təvəllüdlü X3 İddiaçı, 11.02.2007-ci il təvəllüdlü X6 isə Cavabdeh himayəsinə verilməsini məqsədəmüvafiq hesab etmişdir. Komissiyada olarkən Aydan Piriyeva və Rüstəm Piriyev yazdıqları ərizədə anasının, Elcan Piriyev isə atasının yanında qalmaq istədiklərini bildirmişlər. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Birinci instansiya məhkəməsində Aydan Piriyeva, Rüstəm Piriyev və Elcan Piriyevin məhkəmə iclasında iştirakı təmin edilmiş, onların fikri öyrənilmiş, Aydan Piriyeva, Rüstəm Piriyev anası ilə qalmaq istədiklərini, Elcan Piriyev isə atası ilə qalmaq istədiyini bildirmişdir. Məhkəmə uşaqların mənafeyini əsas götürülməklə, onların fikrini və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 03.11.2020-ci il tarixli, 1/285 saylı rəyini nəzərə alaraq, 23.09.2005-ci il təvəllüdlü X8 və 30.09.2011-ci il təvəllüdlü X3 İddiaçı, 11.02.2007-ci il təvəllüdlü X6 isə Cavabdeh himayəsinə verilməsi qənaətinə gəlmişdir. Cavabdeh hazırda digər iki uşağın da onun himayəsinə verilməsini tələb edir. Kollegiya hesab edir ki, məhkəmə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bundan başqa cavabdeh apelyasiya şikayətində alimentin əsassız olaraq 26.11.2019-cu il tarixindən hesablandığını qeyd etmişdir. Məhkəmə X3 məhkəmə prosesinin gedişatı zamanı anasının yanına getməsi müəyyən olunduğuna görə onun üçün atadan alimentin alınaraq anaya ödənilməsinin Rüstəmin anasının yanına getdiyi vaxtdan, yəni 2020-ci ilin sentyabr ayından, Aydan Piriyevanın isə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan iddiaçının yanında olduğuna görə onun üçün alimentin ödənilməsinin 26.11.2019-cu il tarixdən hesablanması qənaətinə gəlmişdir. Cavabdeh bu hissədə qətnaməni mübahisələndirsə də, fikrini əsaslandıra bilməmişdir. Apelyasiya şikayətində göstərmişdir ki, iş Qəyyumluq və Himayəçilik Komissiyasiyasında olan vaxt uşaqların anası ilə görüşünü təmin etmək üçün sonuncuya əmanət etmiş, iddiaçı isə uşaqları ondan qaçırmışdır. Apelyasiya baxışı zamanı iştirak edən nümayəndəsi-vəkili isə uşaqların iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl iddiaçıya görüş üçün verildiyini, lakin iddiaçının onları qaçırdığını qeyd etmiş, daha sonra isə hər iki uşağın 27.01.2021-ci il tarixdə iddiaçının yanına getdiyini qeyd etmişdir. Göründüyü kimi cavabdeh tərəfin qeyd etdikləri özü-özlüyündə ziddiyyət təşkil edir, cavabdeh aliment tutulması vaxtını mübahisələndirərək, həmin vaxt uşaqların onun yanında olduğunu qeyd etsə də, bu halı sübuta yetirə bilməmiş, uşaqların hansı tarixdən analarının yanına getdiyini göstərə bilməmişdir. Kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-216/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar