Məhkəmə qərarları › İş №2(103)-4886/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4886/2020

18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4886/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi K.X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-187/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1999/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 47540,74 ABŞ dolları əsas borc, 5595,69 ABŞ dolları faiz borcu, 12191,94 ABŞ dolları cərimə borcu, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 5273,40 ABŞ dolları borcu olmaqla, cəmi 70601,77 ABŞ dolları borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m. olan 157 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 cəmi 70601,77 ABŞ dolları borcun, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 və onun ailə üzləri olan X4, X1, X3 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m. olan 157 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 və onun ailə üzləri olan X4, X1, X3 və Cavabdeh2 mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 187/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1999/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 47540,74 ABŞ dolları əsas borcu, 5595,69 ABŞ dolları faiz borcu (müqavilənin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixədək yaranmış), 200 ABŞ dolları cərimə olmaqla, cəmi 53336,43 (əlli üç min üç yüz otuz altı ABŞ dolları qırx üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc, həmçinin bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın - Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzilinə yönəldilməsi, bazar qiyməti – 150000 (yüz əlli min) manat, likvid (ilkin satış) qiyməti 135000 (yüz otuz beş min) manat müəyyən edilməklə mənzilin açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına Cavabdeh2 53336,43 (əlli üç min üç yüz otuz altı ABŞ dolları qırx üç sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borcu və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, artıq qalan vəsaitin Cavabdeh1 qaytarılması, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzili açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 və onun ailə üzləri olan X4, X1, X3 və Cavabdeh2 həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq yeni alıcıya təhvil verilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 135000 manat təyin edilməsi, cərimə borcunun azaldılması və kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 04 06.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun nəzərə alınmaması hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissələrdə tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 da ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında əks olunan hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Həmçinin, qətnamədən görünür ki, məhkəmə faiz borcunu azaldarkən yalnızca məbləği azaltmaqla kifayətlənmiş qətnaməni əsaslandırmamışdır. Bundan başqa analoji mənzillərin bazar dəyəri 111700 manat, likvid qiyməti 95000 manat məbləğindədir. Bundan başqa məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, onun ikinci hissəsini “tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəyə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 200 ABŞ dolları müəyyən edilməsi 12191,94 ABŞ dolları dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin qiymətləndirilməsi ilə bağlı rəy mənzilin tam dəyərini əks etdirmir. Həmçinin iddiaçı tələb edilən məbləğ üzrə hesablamanı yanlış həyata keçirmişdir. Belə ki, o, 4000 ABŞ dolları pul vəsaiti ödəyib, lakin tələb olunan əsas borc məbləği 47540,74 ABŞ dolları təşkil edir. Həmçinin ödəmə cədvəlinə əsasən 18 ay müddətinə faizlə birlikdə cəmi 54051,37 ABŞ dolları ödənilməli idi, lakin o, 4000 ABŞ dolları ödəsə də, cəmi tələb olunan məbləğ 53136,43 ABŞ dolları təşkil edir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Həmçinin mənzilin bazar dəyəri olduqca az göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.X5 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə isə etiraz etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehlərin apellyasiya şikayətləri isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 1999/15 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 18 ay müddətinə illik 10 faiz ödəmək şərti ilə 50000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m olan 157 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh2 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 47540,74 ABŞ dolları, faiz borcu 5595,69 ABŞ dolları, cərimə 12191,94 ABŞ dolları, müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla faiz borcu 5273,40 ABŞ dolları, cəmi borcu 70601,77 ABŞ dolları təşkil edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mövqeləri apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Birinci instansiya məhkəməsi əsas və faiz (müqavilə müddətinin son tarixinə) borcunun tutulması hissəsində iddianı tam təmin etmiş, gecikdirilmiş vaxt üçün illik beş faiz borcun tutulması hissəsində iddianı rədd etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı və kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 739, 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcunun (müqavilə müddətinin son tarixinə) tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin kollegiya hesab edir ki, iddia tələbləri gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış faiz borcunun tutulması hissəsində də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2017-ci il tarixdə başa çatmış, lakin cavabdeh həmin tarixə olan 47540,74 ABŞ dolları əsas borcu iddiaçıya qaytarmalı olduğu halda geri qaytarmamışdır. İddiaçı həmin tarixdən hazırki iş üzrə maliyyə arayışının hazırlandığı xx xxxxxx 2019-cu il tarixə qədər olan (1 il 360 gün olmaqla) 799 gün müddət üçün gecikdirmiş faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Həmin məbləğ isə 5273,40 ABŞ dolları (1 il üçün – 47540,74 x 5% = 2377,037; 1 ay üçün - 2377,037 / 12 = 198,086; 1 gün üçün - 198086 / 30 = 6,60; 799 gün üçün - 6,60 x 799 = 5273,40) təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 5273,40 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin tələb tam təmin edilməli və həmin tələblərin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, 12191,94 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 200 ABŞ dolları deyil, əsas borcun 10 faizi həcmində, yəni 4700 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3cü maddələrinin tələblərinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Hazırki işdə də ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ipoteka qoyanla ipoteka saxlayan arasında razılaşma olmadığından birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “xxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixli LP-001/20 nömrəli qiymətləndirmə hesabatı verilmişdir. Həmin hesabata əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi ünvanda yerləşən 12 nömrəli evin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 85,9 kv.m. olan 157 nömrəli mənzilin bazar dəyəri - 150000 manat, likvid dəyəri (ilkin satış) - 135000 manat müəyyən edilmişdir. Həmin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı və cavabdehlər isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsələr də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Ona görə də, bununla bağlı onların apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Cavabdehlərin apellyasiya şikayətinin digər dəlillərinə dair kollegiya qeyd edir ki, məhkəmə bildirişləri Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borcun düzgün hesablanmaması ilə bağlı dəlillər isə əsaslandırılmayıb. Eyni zamanda iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, maliyyə arayışı və hesabdan çıxarışda olan məlumatlarla təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.4-cü bəndində təsbit olunmuşdur ki, borcalan tərəfindən ödənilən məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə əsas kredit borcunun ödənilməsinə yönəlir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-187/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və dəbbə puluna aid hissədə dəyişdirilsin. Gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış faiz borcunun tutulması hissəsində iddia təmin edilsin. Cavabdeh2 müqavilənin müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 5273,40 ABŞ dolları faiz borcu və 4700 ABŞ dolları məbləğində dəbbə pulu (rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə digər mübahisələndirilən hissələrdə, yəni əsas və faiz borcunun (müqavilə müddətinin son tarixinə) tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar