Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4889/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat sığorta ödənişinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. İddiaçı qətnamədən apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi hazırkı sığorta tələbinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəldilməsi olması əsasına görə iddia tələbini təmin etməmişdir. İddiaçı qeyd edir ki, məhkəmə məhkəmə aidiyyəti ilə əlaqədar məsələni ərizənin məhkəmə icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi və ya mülki işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
6. Qasım-İsmayıllı RHK tərəfindən xx.xx.1988-ci ildə verilmiş НЗ ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Goranboy bölgəsində erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir.
7. Azərbaycan Respublikası Dğvlət Sosial Müdafiə Fondunun Goranboy şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 027435 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup əlildir. Əlillik AR-nın müdafiəsi zamanı alınmışdır.
8. Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdə verilmiş 057389 saylı vəsiqədən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etməh hüququna malikdir.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 565 saylı, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Goranboy RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun xx.xx.2016-cı il tarixli məktubunda barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi toplanış keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Goranboy rayonu mərkəzi xəstəxanasnda müayinə və müalicə olunduğu travma - diaqnoz: “Üzün, hər iki ətrafların, kürək nahiyyəsinin l-ll dərəcəli termiki yanığı" və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın ve travmamn nəticələri - diaqnoz; “Qəlpə yaralanmalaınidan sonra başın sağ ənsə nahiyyəsində bir ədəd, başın sol təpə nahiyyəsində bir ədəd, sol budun aşağı 1/3-nİn bayır səthində iki ədəd, bədənin sol arxa səthində bir ədəd çapıq toxumaları. Hər iki qabırğaaltı nahiyyədə, sol və sağ said nahiyyəsində termiki yanıqdan sonrakı piqmentasiya sahələri” (vətəndaşın ərizəsi, Azərbaycan Respublikası SHXÇDXnin Goranboy rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 251 nömrəli göndərişi, xx.xx.2016- cı ii tarixli 251 nömrəli arayışı, Goranboy rayonu mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 231 nömrəli canlı şəxsin məhkəmə - tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” .
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətli ikinci dərəcəli əlillik verilmişdir.
11. ƏƏSMN tabeliyində DSMF hüquqi şəxsin 17 saylı Regional Ərazi Filialının Goranboy rayon Qəbul şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 17 saylı Regional Ərazi Filialının Goranboy rayon Qəbul şöbəsindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci il tarixindən İİ qrup əlil kimi hər ay 350.00 (üç yüz əlli) manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü alır. Əlilliyin müddəti xx.xx.2022-ci il tarixinədəkdir. Tətbiq edilən maddi hüquq normaları: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
12. Maddə 2. 1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
13. Maddə 27. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununu
14. Maddə 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər;
15. Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
16. Madddə 5.ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz;
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Fərmanı
17. 1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: 1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat;
18. 2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir;
19. 8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarı 20...Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.
21. Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
24. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə İİ dərəcə əlilliyə görə 6 600 manat məbləğində birdəfəlik ödəmənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməli olması müəyyən edilmişdir.
34. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hazırkı iddia tələbi üzrə cavabdehlik daşıması müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Belə ki, iddia ərizəsini qəbul edən məhkəmə tərəfindən tələb hüququnun iddiaçıya məxsus olması və cavabdehin iddia üzrə cavab verməli şəxs olması halları müəyyənləşdirilməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. İddiaçının öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə etmək hüququna malik olmasına baxmayaraq iddia tələbləri, həmin tələblər üzrə cavabdehlik daşımayan şəxsə qarşı irəli sürülmüş olarsa, əsassız olduğundan rədd edilməlidir.
35. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsinin iddiaçıya təklif olunması məhkəmə aidiyyəti qaydaları ilə ziddiyyət təşkil etdiyi üçün (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət orqanı olduğundan) məhkəmə iddiaçıya bu təklifi irəli sürmək zərurətinin olmadığı qənaətinə gəlir.
36. Beləliklə, hazırkı iddia tələbinin irəli sürüldüyü cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına əsasən iddiaya cavab verməli olan şəxs olmadığından, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
37. Eyni zamada, Kollegiya qeyd edir ki, iddiaçıya hazırkı ərizəsində bildirdiyi əsasa görə tələb etdiyi pul vəsaitinin ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək hüququ izah edilməlidir. Nəticə:
38. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçıya hazırkı tələbində göstərilən əsasla ona ödənilməli olan pul vəsaitinin verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev