Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4891/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1727/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, 093- 146237 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh1 X2 barəsində polisə müraciət etmiş, onun müraciətində qeyd olunan məsələnin mülki xarakterli olması və bununla əlaqədar məhkəməyə müraciət etmək hüququ bildirilmişdir.
2. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu əsasında məhkəməyə təqdim olunmuş Cavabdeh1 müraciəti əsasında toplanmış materialdan görünür ki, Cavabdeh1 xx.xx.2022-c il tarixli izahatında bildirmişdir ki, 7 ilə yaxındır ki, Anarla ailə qurmuşdur. 2017-ci ildə atası Ədalət müəllim dünyasını dəyişmişdir. Dünyasının dəyişməsindən öncə yüksək vəzifədə işləmiş və ətrafında çoxlu tanıdığı adamlar olub və qızı olaraq dəqiq bilir ki, atası heç kimdən borc ala bilməz və almayıb, ürəyitəmiz və sülhsevər insan olduğu üçün çox insanlara yardım et edib və özü borc vermişdir. xx.xx.2022-ci ildə iş yoldaşları telefonla ona məlumat veriblər ki, iş yeri Asan 3 xidmətinə onu soruşaraq axtarmışlar. Daha sonra ***-***-**-** mobil nömrəsindən dəfələrlə zənglər gəlməyə başlamışdır. Məlum olmuşdur ki, bu nömrədən ona öncədən dəfələrlə zəng gəlib. Tanımadığı nömrə olduğu üçün yoldaşı zəng vurub araşdırmışdır. Həmin nömrəli abonentlə danışıqdan məlub olub ki, dəstəyi qaldıran xanım Sevil adlı şəxsdir və güya o Masallı rayonu 7 Oymaq kənd sakini Gülhüseyn adlı şəxsin həyat yoldaşının xalasıdır. Sevil xanım telefonda öz fikirlərini yüksək səs tonu və çox emosianal şəkildə bildirərək dəfələrlə həyat yoldaşının sözünü kəsirmiş. Lakin buna baxmayaraq yoldaşı xanımla çox səbrlə və etik qaydalara uyğun danışmışdır. Söhbət əsnasında məlum olmuşdur ki, güya atası Əzizov Ədalət bir neçə il öncə həmin Gülhüseyndən 6.500 manat və 2.000 ABŞ dolları borc pul alıb. Bu barədə heç bir məlumatı yoxdur və nə Sevil, nə də Gülhüseyn adlı şəxsləri tanımır. Bu məlumatı Sevil xanıma dedikdə, o “Səadəti müdürünün otağına çağırtdıraraq ,” “Qardaşı Zauru bilirik harada işləyir və hara lazım olsa ora çağırarıq,” gətizdirərək, “Siz baxarsız yaxşı” sözləri və şantaj edirdi və adlarında mülklərinin, əmlaklarının əllərindən məhkəmə vasitəsi ilə alınması barədə təhdid etmişdir. Onlar borcu hər hansı bir sənəd üzərindən təsdiqi olması barədə soruşduqda, olmaması aşkarlanmışdır. Xanım “eybi yox”, baxarsız ifadələri ilə yoldaşı Anarın sözünü kəsərək dəstəyi kobudcasına atmışdır. əlavə olaraq onu da qeyd edir ki, Sevil adlı qadın ilk dəfə tanımaqlarına baxmayaraq, onun danışığından sonra səhhətində problemlər yaşanır və psixaloji durumu pis vəziyyətdədir. Onun tənqidi və söylədikləri sözlər onun ölüm həddinə çatdıra bilər. Xahiş edir ki, qeyd edilənləri nəzərə alaraq onun atasının borcu varsa qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etsinlər və onu ailə üzvləri ilə birlikdə narahat etməsinlər
3. İddiaçın xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, Səadətin şikayəti ilə tanış olmuşdur. Səadətin atası ondan 2010-cu ildə 6.500 manat və 2.000 ABŞ dolları borc almışdır. Dəfələrlə atasına pulu qaytarmasını bildirmiş, amma qaytarmamışdır. O da qohumu Sevil xanımdan götürmüşdür. Atası 2017-ci il yanvar ayının 27-də vəfat etmişdir. Ondan sonra qızı və oğlu Səadət və Zaur pulu qaytaracaqlarını bildirdilər. 2.000 ABŞ dollarını hissə-hissə qaytardılar, qalan 6.500 manat pulu vermək istəmədiklərini bildiriblər. Ondan sonra o, dəfələrlə böyüklərdən, ağsaqallardan xahiş ediblər ki, onlarla danışsınlar və pulu qaytarsınlar. Ondan sonra da qaytarmayıblar. 25 iyulda Sevil xanım Asan xidmətdə nəvəsinin sənədini almaq istədiyini deyəndə Səadət xanımı soruşub, lakin işdə olmadığını bildiriblər. Məhrum atasından istifadə edərək, güya onun sübutu yoxdur. Lakin, onda dəlil və sübutlar vardır. Qohum olduğu üçün o addım atmamışdır.
4. Cavabdehlərin atası X14 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 6.500 Azərbaycan manatı və ödəniş günü dolların manata qarşı məzənnəsi nəzərə alınaraq 1.850 ABŞ dolları məbləğində borc pulun ona verilməsi, vurulmuş zərərin əldən çıxmış faydanın əvəzi olaraq isə 1.500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 8.000 manat və 1.850 ABŞ dolları məbləğində pul vəsaitinin həmçinin ödənilmiş rüsumun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir neçə il öncə Əzizovlar ailəsinə ailə başçısı X11 və onun zamini kimi çıxış edən Cavabdeh2 və Cavabdeh1 6.500 manat və 2.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Lakin, bu günədək həmin pul vəsaitləri ona geri qaytarılmamışdır. Dəfərlərə cavabdehlərin ailəsinə xəbər göndərsə də xəbərdarlıqlarına əhəmiyyət verməmişlər. Qanunsuz olaraq onun pul vəsaitlərini mənimsəyib, nə haqq, nə hüquq tanımamaqla bərabər borcunu istədikdə də təhqirlərə məruz qalmışdır. Məcbur qalaraq müvafiq şikayət ərizələri ilə səlahiyyətli orqanlara müraciət etmişdir. Səlahiyyətli Orqanların sırasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi vardır. Həmin orqanlar tərəfindən cavabdehlər izahatları alınması üçün dəvət edilmiş və borclarının olduğunu da etiraf etmişlər. Polis İdarəsi isə ona tövsiyyə etmişdir ki, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər, çünki bu iş mülki xarakterlidir. Sonradan 2024-cü ilin yanvar ayında tərəfindən polis idarəsinə müraciət edilərək sənədlər tələb edildikdə ona bildirilmişdir ki, sənədləri yalnız məhkəmə sorğusu ilə təqdim edilə bilinər. Nəzərə çatdırır ki, cavabdehlər tərəfindən o, uzun müddətdir ki, aldadılır. İlk əvvəl ona müxtəlif ərazilərdə yerləşən torpaq sahələrinin sənədləri təqdim edilərək guya həmin torpaqlar satılarkən pulunun qaytarılacağı və başqa yalan vədlər vermişlər. Sonradan isə başqa bəhanələrlə onu aldatmışlar. Borc puldan 2021-ci ilin sonlarında onlar cəmi 150 dollar ödəniş etmişlər. Nəticədə qərar vermişdir ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etsin. Qeyd edir ki, o, özü müharibə veteranıdır. Veteran kimi Dövlətin və Hakimiyyətin əsas priotetlərindən birinin hüquqlarının pozulmasına yönələn addımlara son verilməsidir. Qeyd edilənlərə əsasən hesab edir ki, müvafiq köməklik göstəriləcəkdir. Qeyd edilənlərə əsasən Cavabdeh2 və Cavabdeh1 6.500 Azərbaycan manatı və 1.850 ABŞ Dolları məbləğində borc pulun, ödəniş günü dolların manata qarşı məzənnəsi nəzərə alınaraq ona verilməsi, vurulmuş zərərin əldən çıxmış faydanın əvəzi olaraq isə 1.500 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsi zəruridir.
7. Cavabdehlərin nümayəndəsi və vəkili X6 iddiaya qarşı etiraz verərək göstərmişdir ki, iddia əsassızdır. Belə ki, güya cavabdehlərin mərhum ataları X14 iddiaçıdan borc pul almış və qaytarmamış, həmən borc pul alınarkən güya onlar cavabdehlər zamin olmuşlar, həmin borc puldan 2021-ci ilin sonlarında güya onlar ona 150 dollar pul qaytarmışlar və nəticə etibarı ilə güya onu aldadmışlar. İddia ərizəsində, tərəf, bilərəkdən alınan borcun tarixini, borcun hansı müddətə verilməsini, harda alınmasını, atalarının vəfat etməsini və sair iddia üçün əhəmiyyət kəsb edən halları göstərməmiş və buna səbəb odur ki, iddiaçının qeyri-səmimi iddiası uydurmadır, bu uydurmanı o, başqa şəxsə olan borcunu qaytarmadığından, özünü qorumaq ücün gündəmə qətirmiş və bu uydurma iddiasını təsdiqləyən faktlar mövcud deyildir. Bundan başqa iddiaçı, onları, ərizəsində zamin kimi göstərir və bunuda əsaslandırmayaraq ümumi sözlər və dolayısı yol ilə onları öhdəliyi olan şəxslər kimi qələmə verməyə çalışır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə, AR DİN-nin Mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinə, Nərimanov rayon Polis idarəsinə, Xətai rayon Polis idarəsinə qərəzli olaraq şikayətlər etmiş və Cavabdeh2 qarşı şikayətlərində biri-birindən fərqli mövqey və tələblər göstərmişdir. İddiaçının qohumu və ya tanışı X7, Cavabdeh1 iş yerinə gələrək, onun müfuzuna xələl yetirməyə çalışmış və nəticə etibarı ilə Cavabdeh1 iddiaçının qohumunun bu qanunsuz hərəkətlərdən Yasamal rayon Polis İdarəsinə şikayət yazmışdır. Yeri gəlmişkən, iddiaçının qeyri-obyektivliyini təsdiq edən faktlardan biridə odur ki, Səadət xanımın şikayəti üzrə material araşdırılarkən, İddiaçıda 27-ci Polis Bölməsində, xx.xx.2022-ci il tarixdə izahat vermiş və orada göstərmişdir ki, atamız vəfat etdikdən sonra güya onlardan pul istəmiş və onlar ödəməyə razılıq vermişlər, və beləlik ilə ümumi borc deyilən məbləğdən mərhum Ədalət müəllimin övladları olaraq ona hissə-hissə 2.000 ABŞ dolları pul qaytarmışlar. Bundan başqa, X7 həmən tarixdə izahat verərkən İddiaçı 2010-cu ilin fevral ayında 6.500 manat pul verdiyini söyləmiş və Gülhüseynin sözlərinin düz olubolmamasını yoxlamaq məqsədi ilə Səadət xanımın iş yerinə getdiyini göstərmişdir və atalarının vəfatından çox öncə Gülhüseyndən pulunun ödənilməsini tələb etdiyini bildirmiş. Polis idarəsində iddiaçı verdiyi izahatda təsdiqləyir ki, Sevil adlı şəxsdən 6.500 manat pul alıb, yəni belə çıxır ki, iddia etdiyi pulda heç onun deyil. İddiaçı ərizəsində qeyd edir ki, güya ona cavabdehlər tərəfindən torpaq sahələrinə dair mülkiyyət sənədləri verilmiş və həmin torpaqlar satılarkən ona pul qaytarılacağını vəd etmişlər. Eyniylə bildirirlər ki, İddiaçı tərəflərindən sənəd verilməmiş, Gülhüseyn bildiklərinə görə daşınmaz əmlaklara dair makler kimi çalışırmış, həmən əmlaklar ilə əlaqədar ola bilər ki, atalarının onunla məsləhətləşmələri olub və bu sənədlər o yol ilə əlinə keçib. Qeyd edir ki, həmin sənədlərdə olan əmlaklar iddiaçının tələb etdiyi puldan yüz dəfələrlə dəyərlidir və onun biri belə ona təqdim olunsaydı, iddia etdiyi borcdan, dəyəri cox artıq edərdi. İddiacının, iddia ərizəsində, güya onların polis orqanlarında ona olan borcu etiraf etmələri barədə yazdıqlarıda həqiqətə uyğun deyildir. Hesab edirlər ki, iddia tam əsassızdır və tələbə dair iddia müddəti belə ötürülmüş hesab olunmalıdır. X14, yüksək vəzifələrdə çalışmış nüfuzlu şəxs olmuşdur, onun maddi vəziyyəti daim əla olmuş, heç nəyə ehtiyacı olmamış, cavabdehlər ayrı-ayrılıqda nüfüz və iş sahibidir və maddi ehtiyacları yoxdur. Onların iddiaçıya borclu olmaları mümkünsüzdür, iddiaçı sadəcə atalarının vəfat etdiyindən istifadə edərək, onların rifahlarına bələd olub, öz problemlərini həll etmək məqsədi ilə ondan pul istəyir. İddiaçı tərəfindən təqdim edilən, mənşəyi, vaxtı bilinməyən yazılarıda mötəbər saymırlar, qanunsuz yol ilə əldə olunan yazılardır və hesab edirlər ki, sübut kimi qəbul olunmamalıdır. Odur ki, İddiaçı iddiası təmin olunmamasını xahiş edirlər.
8. Məhkəmə iclasında X8 şahid qismində ifadə verərək bildirmişdir ki, o, Gülhüseynin həm qohumudur, həm də yaxın dostudur. Eyni zamanda, qarşı tərəflə də qohumluq əlaqələri vardır. X1 borc pul verdiyini ona bildirmişdir. Pula təminat kimi torpaq sahələrinin sənədlərini Gülhüseynə vermişdir. Gülhüseyn bildirmişdi ki, Ədalət Əzizov torpaqları satacaq və iddiaçının pulunu verəcəkdi. Verilən suala cavab olaraq bildirmişdir ki, danışıqlar olanda və ya pul veriləndə onların yanında olmamışdır. Gülhüseynin danışıqlarından Əzizov Ədalətin ona borclu olması barədə məlumatı olmuşdur.
9. Cavabdehlərin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək qeyd etmişdir ki, iddia və sənədlər ilə tanış olmuşdur və tələb üzrə iddia müddətinin keçdiyi qənaətindədir. Bu səbəbdən, Mülki Məcəllənin 377.1, 354.1 və 375.2 maddəsinə əsaslanaraq iddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiasına iddia müddəti tətbiq edilərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1727/2024 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia ərizəsi təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş diskə məhkəmə iclasında baxış keçirilmişdir, müəyyən olunmuşdur ki, onunla kişi cinsindən bir nəfərin borc pulun qaytarılması ilə bağlı telefon danışıqları olmuşdur. İddiaçı həmin səs yazısının X11 məxsus olduğunu bildirsə də, telefon danışıqlarının nə vaxt aparılması, həqiqətən də Ədalət Əzizova məxsus olması müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqdim olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan sənədlərlə iddiaçının cavabdehlərə borc pul verməsi öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddianın əsaslı olmasını təsdiq edən iki mötəbər sübut vardır ki, bunlardan biri Yasamal Rayon Polis İdarəsinə və Xətai Rayon Polis İdarəsinə edilən şikayətlər üzrə aparılan araşdırmalar, alınan izahatlar təsdiq etmişdir. Lakin məhkəmə tərəfindən bütün bu faktlar nəzərə alınmamış və iddianın təmin edilməməsi barədə əsassız bir qətnamə qəbul edilmişdir. Cavabdehlərin atası ilə arasında olan məsələ onların övladları ilə birlikdə icra edilmişdir. Yəni ki, borcu alarkən cavabdehlərin rolu var idisə qaytararkən də onların rolu olmalıdır. Cavabdehlər borclu olduqları halda borcu qəbul etməmələri səbəbilə bu gün onun hüquqları kobud şəkildə pozulur. Məhkəmənin mövqeyi doğrudur ki, müqavilə olmalı idi. Lakin həmin zaman o, borcluya etibar edib müqaviləyə ehtiyac olmadığına dair inamı yaranmışdır. Çünki onlar da sənədləri təqdim edərək “ bizim əmlakımız var bu qədər satarıq borcunu verərik nə problem varki” kimi fikirlər irəli sürmüşlər və onda inam qazanmışlar. Bundan əlavə olaraq, tərəfindən şahid də işə cəlb edilmişdir ki, o da bir çox zəruri faktlara aydınlıq gətirmişdir. Cavabdeh Sədaət xanım bildirmişdir ki, guya Sevil xanım onun iş yerinə gələrək onu alçaltmaq niyyəti üçün müvafiq addımlar atmışdır. Lakin iş üzrə araşdırma aparılarkən də sübuta yetirilmişdir ki, o, həqiqətən də həmin tarixdə nəvəsi üçün doğum şəhadətnaməsi almaq niyyəti ilə ASAN xidmətə müraciət etmiş və onun hərəkətlərində cavabdehi nüfuzdan salacaq addım olmamışdır. Lakin cavabdehin vəkili bunu o formada qələmə vermişdir ki, sanki onlar hərəkətlərinə nəzarət edə bilməyən, özübaşınalıq edən, qanun və qayda tanımayan insanlardır. Halbuki iddiaçı özü müharibə veteranıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iddiada qeyd olunan halların hamısını araşdırmış, Polis orqanlarından sorğu edərək materiallar əldə etmiş və şahid ifadəsini dinləmişdir. Məhkəmədə məlum olmuşdur ki iddiaçı eyni üsul ilə, Xətai rayon ərazisində yaşayan və vəfat etmiş başqa şəxsində ondan guya borca pul aldığı və qaytarmadığı səbəbindən vərəsələrinə qarşı şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının iddia ərizəsində, guya cavabdehlərin polis orqanlarında ona olan borcu etiraf etmələri barədə yazdıqları da həqiqətə uyğun deyildir. İddia tam əsassızdır və qətnamə qanunidir. İddiaçı qətnamədən şikayət verərkən, əsaslı dəlillər gətirə bilməmiş, qətnamənin hansı əsaslar ilə qanunsuz saymasını faktiki göstərməmiş, maddi, prossesual tələblərin pozulmasını göstərməmiş və burada yalnız, birinci instansiya məhkəməsində olduğu kimi, əsassız tələblərindən yazmışdır. Cavabdehlərin atası X14 yüksək vəzifələrdə calışmış nüfuzlu şəxs olmuşdur, onun maddi vəziyyəti daim əla olmuş, heç nəyə ehtiyacı olmamış, cavabdehlər ayrı-ayrılıqda nüfuz və iş sahibləridir və maddi ehtiyacları yoxdur. Cavabdehlərin, iddiaçıya borclu olmağı mümkünsüzdür, iddiacı sadəcə atanın vəfat etdiyindən istifadə edərək, övladlarının rifahına bələd olub, öz problemlərini həll etməq məqsədi ilə onlardan pul istəyir. İddiaçı tərəfindən təqdim edilən, mənşəyi, vaxtı, səs yazıları kimə məxsus olduğu bilinməyən yazılar da məhkəmədə dinlənmişdir, onları mötəbər saymırlar və hesab edirlər ki, sübut kimi qəbul olunmamalı yazılardır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, qarşı tərəf onun əmlakçı olduğunu bildirsə də, o, zabitdir. Sənədin surətini ona verərək aldadıblar. Əzizov Ədalət ona bildirdi ki, qızı boşanıb və evi təmirsizdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, borc münasibətləri X14 ilə olmuşdur. O, Əzizov Ədalətin yas mərasimində iştirak etmiş, cavabdehlər ona bildirmişlər ki, müsəlmançılıqdı və halallaşmaq lazımdır, lakin pulunu qaytarmadılar. Təqdim edilmiş səs yazıları onunla Əzizov Ədalət arasında olmuşdur. Oğlu da ona təhqirlər yazmışdı.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Əzizov Ədalət 2017-ci dünyasını dəyişib. Cavabdehlər bildirir ki, iddiaçının qohum olmasını son ərəfələrdə biliblər. Onlar qeyd edirlər ki, atalarının ehtiyacının olması absurddur. Belə ki, Əzizov Ədalət əvvəllər bir çox vəzifələrdə çalışmışdır. Borcun olmasını sübut edən hər hansı müqavilə də yoxdur. İddiaçı ilə cavabdehlər arasında zaminlik müqaviləsi də yoxdur. İddiaçı 2.000 dollar pul tələb etsə də, polisdə 2.000 dolları aldığını bildirir. İddiaçının başqa mərhum şəxslə bağlı da məhkəmə işi var. O işdə də hazırki işdə olduğu kimi təmirlə bağlı pulun alındığı qeyd olunur. Qeyd edilən torpaqların dəyəri çox bahadır. İddiaçının bildirdiyi məbləğə görə 700.000 manat dəyərində torpaqların girov qoyulması ağlabatan deyil.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, İddiaçı iddia tələbini belə əsaslandırır ki, o, X11 və onun zamini kimi çıxış edən, hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6.500 manat və 2.000 ABŞ dolları məbləğində borc pul vermiş, həmin borcdan ona cavabdehlər 150 ABŞ dolları qaytarılmış, lakin qalan məbləğ qaytarılmamışdır.
24. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərin atası X11 borc verildiyi, cavabdehlərin atalarının borc münasibətlərindən irəli gələn öhdəliyinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdükləri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində onunla cavabdehlərin atası X14 arasında olan danışıqları özündə əks etdirən səs yazılarına istinad etsə də, X14 xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən hazırki iş üzrə məhkəməfonoskopik ekspertizasının keçirilərək qeyd olunan yazılarda səsin həqiqətən də X11 məxsusluğunu müəyyən etmək qeyri-mümkündür.
26. Bundan başqa, iddiaçı cavabdehlərin mülkiyyətində olan daşınmaz əmlakların sənədlərinin ona təqdim edildiyini bildirsə də, cavabdehlər onlar tərəfindən iddiaçıya hər hansı sənədin verilmədiyini, iddiaçının makler olduğunu, ola bilər ki, mərhum atalarının onunla məsləhətləşmələri nəticəsində sənədlərin ona verildiyini bildirirlər.
27. İşdən həmçinin görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Yasamal Rayon Polis İdarəsinə və Xətai Rayon Polis İdarəsinə sorğular göndərilmişdir.
28. Yasamal Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş materiallarda olan iddiaçının izahatında o, göstərmişdir ki, borc verdiyi puldan 2.000 ABŞ dolları cavabdehlər tərəfindən ona qaytarılmış (halbuki, iddia ərizəsində iddiaçı 150 ABŞ dollarının ona qaytarıldığını bildirir), cavabdehlər isə iddiaçıya borlu olduqları ilə bağlı hər hansı izahat verməmişlər.
29. Xətai Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş materiallardan isə müəyyən edilir ki, iddiaçının müraciəti vəfat etmiş Ramiz Qasımovun ondan 4.850 manat məbləğində pul alaraq qaytarmadığı ilə bağlı olmuş, hazırki iş üzrə cavabdehlərlə bağlı ərizəyə münasibətdə cavabdehlərin izahatları alınmamış, onlar iddiaçıya borclu olduqları ilə bağlı hər hansı izahat verməmişlər.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş şahid X8 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borc pul veriləndə orada olmamış, iddiaçının danışıqlarından Əzizov Ədalətin ona borclu olması barədə məlumatı olmuşdur.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1727/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: