Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4893/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəbbət oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN yanında X4 Xidmətinin nümayəndəsi X2, Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialının nümayəndəsi X3 və vəkili X1 iştirakları ilə, İddiaçı ƏƏSMN yanında X4 Xidmətinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə Cavabdeh MMC və Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialına qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-451/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2020-ci il tarixli, K-3847 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə verərək Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialını digər cavabdeh kimi cəlb etməyi xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə verərək Cavabdeh MMC 27.11.2020- ci il tarixli K- 3847 nömrəli əmrin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə işə bərpa edilməsini və hüquqi yardıma görə ödədiyi 350 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 6 avqust 2012-ci ildə 151 saylı əmək müqaviləsi ilə texniki təmizlik işçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 9-cü bəndində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsi ilə xitam verilməsi nəzərdə tutulmuşdur. Tərəflərin qarşılıqlı razılığı; səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli oduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə müvafiq səhiyyə və ya işəgötürən tərəfindən təyin edilmiş həkim tərəfindən verilmiş müvafiq rəyə əsasən; əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda. 01.01.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsi bağlanmış əvəlki müqavilənin 9-cü bəndi yeni redaksiya verilmiş və belə göstərilmişdir. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İşə götürən tərəfindən bu bu Əmək müqavəsini ləğv edərkən işçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq edilir. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən ən azı 1 (bir) təqvim ayı qabaqcadan yazlı şəbərdarlıq edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin müqaviləni ləğv etməyə məcbur edilməsinə yol verilmir. Bu hal bir daha təsdiq edir ki, 6 avqust 2012-ci ildə 151 saylı əmək müqaviləsi Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş 3 hal yəni 01.01.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsi ilə hüquqi qüvvədən düşmüşdür. Əmək Məcəlləsinin 43.2-ci bəndinin d bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsinin məcburi şərtidir. Məcəllənin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib ediilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Göstərilən işəgötürən tərəfindən bir tərəfli qaydada əmək müqaviləsinə 01 iyun 2020-ci il tarixdə dəyişiklik tərtib edilmiş və işəgötürən tərəfindən imzalanmış, o həmin dəyişikliyi imzalamaqdan imtina etmişdir. Əmək müqaviləsinə bir tərəfli dəyişlik Məcəllənin 46.6-cı maddəsinə əsasən müqavilənin tərkib hissəsi hesab edilə bilməz. Birtərəfli əmək müqaviləsinin 3-cü maddəsinə dəyişikliyə əsasən 01.01.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsinin bütün şərtləri olduğu kimi saxlanmışdır. Həmin dəyişikliyə aşağıda göstərilən kimi 4-cü bəndə əlavə edilmişdir. Bu dəyişiklik 01 iyun 2020-ci il tarixdən imzalanaraq qüvvəyə malikdir. 03.06.2020ci il tarixdən etibarən əmək haqqı və iş rejiminə şamil olunur və 31.12.2020-ci il tarixədək qüvvədə qalacaqdır, tərəflər başqa cür razılıqa gəlməzsə 01.09.2020-ci il tarixdən etibarən işçi hazırkı dəyişikliyin imzalandığı tarixə qədər qüvvədə olan əmək haqqı və iş rejimi tətbiq olunacaqdır. Tərəflər başqa cür razılığa gəlməzsə, əmək müqaviləsinin 4.1-ci bəndinə dair müddəalar 03.06.2020-ci il tarixdən etibarən şamil olunur və qeyri-müəyyən vaxt ərzində qüvvədə qalacaqdır. 01.01.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsinin 4-cü maddəsi iş günləri və iş saatları barədədir və belədir. İşçi standart iş həftəsi və nahar fasiləsi çıxmaqla, 40 saat təşkil edir, işçinin gündüz və gecə növbəsi də daxil olmaqala, hər həftə müxtəlif günlərdə işləyəcəyi nəzərdə tutulur və o həqiqətən iş rejimi barədə ən azı bir həftə öncədən məlumatlandırılmalıdır. İşəgötürən mütəmadı olaraq işçinin istirahət günləri ilə təmin etməyə iş rejimi çalışmalıdır. Lakin işin tələblərindən və dərəcəsindən aslı olaraq hər bir həftə üçün istirahət günləri dəyişə bilər və dəyişəcəkdir. İşçinin normal iş saatlarına hər iki tərəf üçün uyğun vaxtında verməli nahar da daxildir. Azərbaycan Respublikası iş günü hesab edilməyən bayram günlərində görülən işə görə istirahət günü və ya müvafiq kompensasiya verilməlidir. İşəgötürən öz mülahizəsinə əsasən işçinin iş saatları cədvəlini dəyişdirə bilər. Hər hansı yeni iş saatları cədvəli bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən müqaviləyə dəyişiklikdə öz əksini tapmalıdır. İşçi ona verilən tapşırıqları yaxud həvalə edilən işləri iş vaxtında, ərzində tam, dolğun şəkildə və vaxtı-vaxtında yerinə yetirməlidir. Bu hallarda bir daha təsdiq edir ki, birtərəfli tərtib edilmiş əmək müqaviləsində də Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi nəzərdə tutulmamışdır. Göstərilənlərin əksi olaraq əmək müqaviləsinə xitam verilməsi haqqında 20 noyabr 2020-ci il tarixli bildiriş işə götürən tərəfindən ona göndərilmiş və bildirişdə göstərilmişdir. Cavabdeh” MMC-nin "X7 Otel Baku" Filialı tərəfindən bağlanmış 1511 saylı əmək müqaviləsi 01 dekabr 2020-ci il tarixdən etibarən xitam verilir. Sizin mövcud olan əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin "ç“ bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) xitam verilərək (dövr edən pandemiyanın şirkətin gündəlik fəaliyyətinə mənfi təsir göstərməsi və nəticədə ümumi mənfəətə ziyan dəyməsi). Bu tendensiya pisləşməyə doğru gedir və minimum 1 il davam edəcəyi praqnozlaşdırılır. Bildirişlə "öhdəliyinə əsasən" Cavabdeh" MMC-nin "X7 Otel Baku" Filialının Sizin mövcud olan 1511 saylı əmk müqavilənizin şərtlərinə uyğun olaraq (vəzifə, iş şərtləri və öhdəliklər) Sizə sentyabr 2021-ci il tarixli əmək müqaviləsinin bağlanması öhdəliyi götürür. Yuxanda göstərlənlərə əsasən əmək müvaviləsinə əmək müqaviləsinin 75-ci maddəsinin ç bəndi ilə ləğv edilməsi nəzərdə tutulmadığı halda o Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndi ilə işdən azad edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Lakin 27 Noyabr 2020-ci il tarixli K-3847 saylı əmri əsaslandırılmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-451/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 27.11.2020-ci il tarixli K-3847 nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMCnin “X5 Otel Bakı” filialına texniki təmizlik üzrə menecer müavini vəzifəsinə işə bərpa ediməsi, iddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyi 350 manat pul vəsaitinin Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialından tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialının nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə 1511 saylı müqavilənin 9-cu maddəsində həmin müqaviləyə Əmək Məcəlləsinin 75ci maddəsi əsasında xitam verilməsi barədə şərti nəzərə almayıb. Əlavə olaraq, Qətnamədə qeyd olunur ki, iddiaçı əmək müqaviləsinə edilən dəyişikliklə bağlı razılıq bildirməyib. Halbuki, İddiaçı 1511 saylı əmək müqaviləsini imzalayıb və həmin müqavilənin 9-cu maddəsinə Cavabdeh tərəfindən hər hansı dəyişiklik edilməyib. İddiaçı məhkəmə ilə yanaşı şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmişdir və qeyd olunan qurumun 15 fevral 2021-ci il tarixli, MN No ******* saylı X9 Haqqında Qərarı ("Qərar") ilə iddiaçının şikayətini təmin edilərək, onun əmək müqaviləsinin xitam verilməsi zamanı əmək qanunvericiliyin pozulması faktı qeyd edilmişdir. Cavabdeh tərəfindən Qərar məhkəmə qaydasında mübahisələndirilmişdir və Səbail rayon məhkəməsinin 01 aprel 2021- ci il tarixli qərarı ilə Qərar əsassız olduğuna görə ləğv edilmişdir. Bununla da, bir daha sübut olunur ki, İddiaçının şikayəti əsassızdır və cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahatında əmrin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini və həmin əmrin ləğv edilərək iddiaçının işə bərpa olunması barədə qətnamə qəbul edilməli olduğunu bildirmişdir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, gəldiyi nəticəni yalnış əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq Cavabdeh” MMC-nin “X5 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 151 və 349 saylı əmək müqavilələrin 9-cu maddəsində işəgötürən tutarlı əsaslar olmaqla müqaviləyə xitam vermək niyyətində olduğu barədə işəgötürən işçiyə ən azı 2 ay öncədən yazılı bildiriş verməli olmasını vurğulayaraq iddia tələbini təmin etmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 151 nömrəli, 06.08.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı qabyuyan vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 349 nömrəli, 17.06.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı texniki təmizlik işləri üzrə nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 1511 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı texniki təmizlik işləri üzrə menecer müavini vəzifəsinə keçirilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialı İddiaçı 1511 saylı əmək müqaviləsinə 01 dekabr 2020-ci il tarixində Əmək Məcəlləsinin ç bəndi ilə xitam veriləcəyi barədə bildiriş göndərmişdir. İş materiallarında olan 27 noyabr 2020-ci il tarixli K-3847 saylı əmrdən görünür ki, Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 1511 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin ç bəndi ilə xitam verilmişdir. İddiaçı tanış olmuş, imzalamaqdan imtina etmişdir. İş materiallarında olan O-0756 saylı, 01.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı hesabına Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialı tərəfindən 194.30 manat köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 68- ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 75-ci maddəsinin ç bəndinə əsasən işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər). Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Maddənin mənasından görünür ki, qanun işçinin əmək müqaviləsinə 75-ci maddəsinin ç bəndinə əsasən xitam verildikdə, tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. Tərəflər arasında bağlanmış 1511 saylı əmək müqaviləsinin 9-cu bəndinə Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bütün maddələri (rəqəmlərlə) daxil edilsə də, əmək qanunvericiliyini imperativ şərtlərinə əməl edilməmişdir. Belə ki, göründüyü kimi qanunvericilik işəgötürənə bu barədə seçim haqqı verməmiş, yuxarıda göstərilənləri hökmən müqaviləyə əlavə edilməli olduğunu vurğulamışdır. Hazırkı işə isə işəgötürən tərəfindən, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndinə əsasən xitam verilsə də, həmin Məcəllənin 75.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən, Əmək Məcəlləsinin 75.2-ci maddəsində göstərilən hallardan hansının əmək müqaviləsinə daxil edilməsi nəzərdə tutulurdusa, həmin bənd tam müfəssəl şəkildə əmək müqaviləsinə daxil edilməli olsa da, işəgötürən tərəfindən daxil edilməmiş, bununla da əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, 27 noyabr 2020-ci il tarixli, K- 3847 saylı əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən ləğv edilməli və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialına texniki təmizlik üzrə menecer müavini vəzifəsinə işə bərpa edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmçinin kollegiya hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyi 350 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri təmin edilməli, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə adi edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-451/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. 27.11.2020-ci il tarixli K-3847 nömrəli əmr ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-nin “X5 Otel Bakı” filialına texniki təmizlik üzrə menecer müavini vəzifəsinə işə bərpa edilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyi 350 manat pul vəsaiti Cavabdeh MMCnin “X5 Otel Bakı” filialından tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4893/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4893/2021
02.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver