Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4895/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilin hərrac yolu ilə satılaraq payların bölünməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi, X1, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin hərrac yolu ilə satılaraq payların bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-632/2023 nömrəli 10 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-680/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(005)-5 84/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş və həmin hissədə iddianın qismən təmin edilməsi, ünvan 2 evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, ünvan 2 evin 4 saylı mənzilinin 1/3 hissəsinə X3 və 1/3 hissəsinə İddiaçı vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(005)- 584/2020 nömrəli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iddiaçı Cavabdeh Yuriyeviçin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(005)-2224/2019 nömrəli qətmaməsinin ləğv edilməsi və həmin iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh Yuriyeviçin iddiasının qismən təmin edilərək, X7 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2014-cii il tarixli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi, yəni həmin müqavilə üzrə X7 tərəfindən İddiaçı ünvan 2 evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilməsi, Cavabdeh Yuriyeviçin ünvan 2 evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4292/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 680/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Beləliklə, ünvan 2 evin 4 saylı mənzilinin 2/3 hissəsi İddiaçının, 1/3 hissəsi isə Cavabdeh Yuriyeviçin mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/5498 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin iddiaçının və cavabdehin payına uyğun hissədə naturada bölünməsinin və payın naturada ayrılmasının, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
5. İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli təklifində mənzilin sonuncuya dair 1/3 hissəsinə 14000 manat kompensasiya ödəməklə onun xeyrinə mülkiyyət hüquqlarına xitam verilməsini təklif etmişdir.
6. İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə görə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilin İddiaçı 2/3 hissəsi payına münasibətdə 90000 manat kompensasiya müqabilində qardaşı Cavabdeh xeyrinə mülkiyyət hüquqlarından imtina etməyi təklif etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan iki otaqlı 4 nömrəli ev 8A, 10 saylı mənzilin açıq hərracda satılaraq, mənzilin satışından əldə olunan vəsaitin onun 2/3 hissədə ilə cavabdehin 1/3 hissədə aralarında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli mənzil tərəflərin paylı mülkiyyətində olmaqla, 2/3 hissədə onun, 1/3 hissədə isə cavabdehin adına qeydə alınıb. Həmin mənzillə bağlı ümumi razılıq olmadığından paylarına uyğun bölünməsini istəyir. Lakin daha əvvəlki mülki iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022ci il tarixli, 10/5498 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 ünvanında yerləşən, ümumi sahəsi 49,4 kv.m olan iki otaqlı 4 nömrəli mənzilin onların paylarına uyğun hissədə naturada bölünməsi və payın naturada ayrılması, İnşaat Norma və Aqydalarının 2.08.01.89- nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Ona görə də o, hazırki iddianı qaldırmışdır.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 may 2023-cü il tarixli 2(005)-632/2023 nömrəli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan iki otaqlı 4 nömrəli mənzilin açıq hərracda satılaraq, mənzilin satışından əldə olunan vəsaitin mənzilə dair paylara uyğun olaraq 2/3 hissədə İddiaçı və 1/3 hissədə Cavabdeh arasında bölünməsi qət edilmişdir.
10. Məhkəmə göstərmişdir ki, hazırda mübahisə predmeti olan mənzilin naturada bölünməsinin mümkünsüz olması müvafiq ekspert rəyi ilə təsdiq edilir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə müvafiq kompensasiya müqabilində onun xeyrinə mülkiyyət hüquqlarından imtina etməsi barədə təklifinin olması hazırda yuxarıda göstərilmiş hüquqi mövqe üzrə mübahisəli mənzilə dair paylı mülkiyyətçilərin hərəkət ardıcıllığı ödənilməsi təsdiq olunur.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.4, 213.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həllinə riayət olunması tələbinə zidd olaraq, Mülki Məcəllənin 218.2-ci, 220.6-cı maddələrinin tələblərinə zidd olaraq mənzilin açıq hərracda satılması barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin məhkəməyə qədər həllinə riayət olunmasını, həmin mənzilin söküntü zonasında yerləşdiyini nəzərə almamış, cavabdeh tərəfin vəsatətlərini təmin etməməklə onun hüquqlarını açıq-aşkar pozmaqla qətnamə çıxarmışdır. İddiaçı iddia ərizəsi ilə 2022-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl 25 oktyabr 2022-ci il tarixində mənzilin ona məxsus 1/3 hissəsini 14000 manata almaq barədə təklif göndərmiş və həmin təklifin cavabını gözləmədən məhkəmədə iddia qaldırmışdır. Artıq iş məhkəmədə olarkən iddiaçının vəkili 05 aprel 2023-cü il tarixində məhkəmə prosesi gedişində yeni təklif irəli sürmüşdür. Yeni təklifdə mənzilin mülkiyyətində olan 2/3 pay hissəsindən digər mülkiyyətçi, onun xeyrinə 90000 manat ödənilməklə imtina olunması təklif edilmişdir. Hazırda vəkil sorğularına cavablar alınmışdır və müəyyən edilmişdir ki, Firdovsi Məmmədov küçəsi 10 saylı ev ünvanı (ərazisi) söküntü ərazisi olaraq müəyyən edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
16. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
22. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
23. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir
24. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
25. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
26. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.metr olan iki otaqlı 4 nömrəli mənzilə İddiaçı 2/3 hissədə, Cavabdeh 1/3 hissədə paylarının olması və həmin mənzilin naturada bölünməsinin mümkünsüz olması işin mübahisəsiz halıdır.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”
38. Mübahisəli mənzilin naturada bölgüsü mümkün olmamışdır.
39. İddiaçının payının dəyəri müqabilində kompensasiya verilməsi ilə bağlı təklif də cavabdeh tərəfindən qəbul edilməmişdir.
40. Belə ki, iddiaçı payının müqabilində 90000 manat istəsə də, cavabdeh həmin vəsaiti vermək istəyində olmamış, bunu həmin məbləğin şişirdilmiş olması isə əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, həmin ərazi söküntüyə düşəcəyindən mənzilin hazırki vəziyyətdə satılması ona sərf etmir.
41. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, vəkil sorğularına cavablar alınmışdır və mübahisəli ərazi söküntü ərazisi olaraq müəyyən edilmişdir.
42. Lakin bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
43. Kollegiya hesab edir ki, cavabdeh iddiaçının payını kompensasiya etmək niyyətində deyil, irəli sürdüyü dəlillər isə mənzilin satılaraq bölünməsinin qarşısını almağa yönəlmişdir. Əgər belə olmasa idi, cavabdeh iddiaçıya konkret kompensasiya məbləği təklif edərdi.
44. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı haqlı olaraq mənzilin açıq hərracda satılmasını və əldə olunan vəsaitin paylarına uyğun bölünməsini tələb etmişdir.
45. İddianın təmin edilməsinə mane olacaq hər hansı əsas müəyyən edilməmişdir.
46. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-632/2023 nömrəli iş üzrə 10 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.