Məhkəmə qərarları › İş №2(103)-4896/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4896/2024

24.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4896/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ `İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və pul tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və pul tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(006)-2757/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, İşin halları

1. İddiaçı 1989-cu il tarixdə Ağdam rayonunda doğulmuş, 1993-cü il tarixdə Ağdam rayonundan məcburi köçkün düşmüş, müvəqqəti olaraq Tərtər rayonunun Köçərli kəndində məskunlaşmışdır.

2. X12 ilə X4 24 iyul 2009-cu il tarixində Ağdam R.İ.H.B-nın Seyidli Ərazi Nümayəndəliyində nikaha daxil olmuşdur.

3. Ağcabədi RMŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17xx/xx/2024 nömrəli məktubu ilə Baş İdarəyə daxil olmuş material əsasında aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2024-cü il tarixli Rəyin surətindən görünür ki, “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli “Həmkarlar Təşkilatının yığıncağı”nın qərarı da nəzərə alınmaqla X8 Şöbəsinin MMX üzrə mühafizəçisi X12 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Ağcabədi RMŞ-in rəhbərliyindən (R.Süleymanov) xidmətin apaılması və ona nəzarət olunması, nizamintizamın möhkəmləndirilməsi, təlim-tərbiyənin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsinin tələb edilməsi, əmr layihəsinin hazırlanması, toplanmış materialın katiblikdə işə alınması məqsədə-müvafiq hesab edilməsi təklif edilmişdir.

4. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, bununla da “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli “Həmkarlar Təşkilatının yığıncağı”nın qərarı da nəzərə alınmaqla və DİN-nin X3 Komitəsi ilə razılaşdırmaqla X8 Şöbəsinin mülki mühafizəçisi X12 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

5. Ağcabədi X5 rəisi Polis polkovnik-leytenantı R.Süleymanov tərəfindən İddiaçı verilən xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, mülki mühafizəçi X13 tutduğu vəzifəsində 2009-cu ildən xidmət edir. Xidmət etdiyi müddət ərzində o, özünü bacarıqlı, işgüzar nizam-intizamlı bir əməkdaş kimi göstərməklə komandirlər tərəfindən verilən tapşırıqlara məsuliyyətlə yanaşmış və həmin tapşırıqların yerinə yetrilməsi üçün bütün bilik və bacarığından istifadə etmişdir, vətəndaşlarla ünsiyyət yaratmağı bacarır. Mühafizəçi İddiaçı xidməti işinə dair əmr və normativ aktları öyrənməyə səy göstərir və onlardan gündəlik işində düzgün istifadə edir. Xidməti zərurətlə əlaqədar qarşıya çıxan çətinlikləri müsbət həll etmək qabiliyyətinə malikdir. İşlədiyi müddətdə rəhbərliyin və kollektivin dərin hörmətini qazanmışdır. Mühafizəçi İddiaçı dövləti və xidməti sirri qorumağı bacarır, məxfiçiliyə ciddi riayət edir, xarici görnüşü səliqəli, fiziki cəhətdən sağlamdır. Qüvvədə olan intizam tənbehi yoxdur. Xasiyyətnamə ANAMA-ya təqdim etmək üçün verilmişdir.

6. “Medilife” tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 126 nömrəli arayışdan görünür ki, X14 xx.xx.2024-cü il tarixində Ağdam Medilife klinikasının pediatriya kabinetində müayinə olunmuş, “Qızılca” diaqnozu ilə evə göndərilmiş, xx.xx.2024-cü il tarixdə ara yoxlanış üçün dəvət olunmuşdur.

7. “Medilife” tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 1268 nömrəli arayışdan görünür ki, X15 xx.xx.2024-cü il tarixdə Ağdam Medilife klinikasının pediatriya kabinetində müayinə olunmuş, “Qızılca” diaqnozu ilə evə göndərilmişdir.

8. Ağcabədi X5 rəisi Polis polkovnik-leytenantı R.Süleymanov tərəfindən İddiaçı verilən xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, İddiaçı tutduğu vəzifədə 2009-cu ildən xidmət edir. Xidmət etdiyi müddət ərzində o, özünü yaxşı cəhətdən göstərməmiş və üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməmişdir. Bunun nəticəsidir ki, o dəfələrlə komandirlər tərəfindən şifahi xəbərdarlıq edilmişdir. Mühafizəçi İddiaçı məsuliyyətsiz və intizamsız əməkdaşdır. Edilmiş şifahi xəbərdarlıqlardan düzgün nəticə çıxarmır, daima AR DİN-in BMİ-nin qüvvədə olan əmr və tələblərini pozur. Üzərinə düşən öhdəliyi layiqincə icra etmir, xarici görünüşü səliqəsizdir, qüvvədə olan intizam tənbehi yoxdur. Xasiyyətnamə DİN-in Baş Mühafizə İdarəsinə təqdim etmək üçün verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 nömrəli əmrin ləğv edilməklə X9 Şöbəsinə işə bərpa edilməsi, işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı məbləğlərinin hesablanaraq ödənilməsi və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün ödənilmiş 60 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Ağdam rayonunun Qalayçılar kəndində doğulmuşdur. Ağdam rayonunun bir hissəsinin erməni silahlı birləşmələrinin işğalı nəticəsində iddiaçı yaşadığı kəndi uşaq yaşlarında tərk etmək məcburiyyətində qalaraq məcburi köçkün həyatı yaşamışdır. İddiaçı 24 iyul 2009-cu il tarixdə İsmayılova (Osmanlı) Türkan Yusif qızı ilə rəsmi qaydada nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X14 və xx.xx.2022-ci il tarixli X15 doğulmuşlar. İddiaçının qayınatası X1 Qoşunların N nömərli hərbi hissəsinin tərkibində torpaqların ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.1993-cü il tarixdə Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İddiaçı 2009-cu ildən etibarən Ağcabədi X5 mülki mühafizəçisi vəzifəsində işləmişdir. İddiaçı 2024-cü ilin yanvar ayında övladlarının yüksək hərarətinin, səhhətlərində kəskin pisləşmənin olması ilə əlaqədar mühafizəçi kimi çalışdığı iş yerini tərk etmək məcburiyyətində qalaraq icazənin alınması üçün müvafiq cavabdeh şəxsin mobil telefon nömrəsinə zəng etsə də, zənginə cavab verilmədiyindən övladlarını xəstəxanaya aparmaq üçün iş yerini məcbur qalaraq tərk etmişdir. Bu addımına görə işlədiyi şöbənin rəhbərliyi tərəfindən tənbeh edilsə də, sonradan işinə çıxmağa davam etmişdir. Lakin həmin şöbədə iddiaçıya münasibət dəyişmiş və onun iş yerindən kənarlaşdırılması prosesinə start verilmişdir. Nəticə etibarilə iddiaçı Azərbaycan Respublikası Cavabdeh 3-13-17/Ə63/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmrdə qeyd olunur ki, Ağcabədi X5 mühafizəçisi Ruslan Osmanov əvəllər intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk etmişdir. Halbuki, iddiaçı 2009-cu ildən işlədiyi Ağcabədi X5 mühafizəçisi olaraq əvvəllər heç vaxt intizamsızlığa yol verməmiş və intizam məsuliyyətinə cəlb edilməmişdir. Həmin Şöbənin rəisi, polis polkovnik-leytenantı Rauf Süleymanovun 26 yanvar 2024-cü il tarixdə, yəni iddiaçının əmək müaviləsinə xitam verilməzdən 1 aydan da az bir müddət əvvəl iddiaçı barədə verdiyi xidməti xasiyyətnamədən görünür ki, mülki mühafizəçi İddiaçı tutduğu vəzifəsində 2009-cu ildən xidmət edir. Xidmət etdiyi müddət ərzində o, özünü bacarıqlı, işgüzar, nizam-intizamlı bir əməkdaş kimi göstərməklə komandirlər tərəfindən verilən tapşırıqlara məsuliyyətlə yanaşmış və həmin tapşırıqların yerinə yetirilməsi üçün bütün bilik və bacarığından istiafə etmişdir, vətəndaşlarla ünsiyyət yaratmağı bacarır, qüvvədə olan intizam tənbehi yoxdur. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdəki əsaslandırma iddiaçının fəaliyyət göstərdiyi Ağcabədi X5 rəisi tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə təsdiq edilmir, əksinə təkzib olunur. Bundan əlavə, Ağdam rayonunda yerləşən Medilife Klinikasından verilmiş 04 mart 2024-cü il tarixli 126 və 1268 nömrəli arayışlardan görünür ki, iddiaçının övladları X14 xx.xx.2024-cü il tarixində Ağdam Medilife klinikasının pediatriya kabinetində müayinə olunmuş, “Qızılca” diaqnozu ilə evə göndərilmiş, xx.xx.2024-cü il tarixində ara yoxlanış üçün dəvət olunmuş, X15 isə xx.xx.2024-cü il tarixdə Ağdam Medilife klinikasının pediatriya kabinetində müayinə olunmuş, “Qızılca” diaqnozu ilə evə göndərilmişdir. Həkim pediatr Azər Məmmədov tərəfindən iddiaçının övladlarına yazılmış reseptlər də əlavə olunur. İşin faktiki hallarından görünür ki, iddiaçı faktiki olaraq iş yerinə gəlmiş, öz vəzifə borcunu yerinə yetirməyə başlamışdır. Həyat yoldaşı tərəfindən aldığı zəng nəticəsində övladlarının hərarətinin yüksək, səhhətlərində fəsadların olmasından məlumat almış, onun övladlarını təxirəsalınmadan tibbi müəssisəyə aparması zərurəti yaranmışdır. İddiaçı müvafiq cavabdeh şəxsə zəng etsə də, onun mobil telefon nömrəsinə zəng çatmadığından iddiaçı məcbur qalaraq iş yerini tərk etmiş və övladlarını tibbi müəssisəyə çatdırmış, iş yerində olmadığı müəyyən edildikdən sonra iş yerindən ona zəng edilmiş, iddiaçı iş yerini tərk etmək məcburiyyətində qaldığını, bunun səbəblərini bildirmiş, bundan sonra yenidən iş yerinə qayıtmışdır. Təqdim edilmiş tibbi arayışlardan görünür ki, iddiaçının uşaqları xəstələndiyindən, hərarəti yüksək olduğundan və nəticə etibarilə onlarda qızılca xəstəliyi müəyyən edildiyindən iddiaçı iş yerini tərk etməyə məcbur qalmışdır. Faktiki olaraq iddiaçı iş yerinə gəlsə də, uşaqlarının xəstələnməsi səbəbindən iş yerini tərk etməyə məcbur qalmışdır və əmək qanunvericiliyinə əsasən onun iş yerini tərk etməsi üzrlü hesab olunmalı olduğu halda işəgötürən həmin normanın tələblərinə zidd olaraq işçi barədə yanlış qənaətə gəlmişdir.

11. Cavabdehin iddia ərizəsinə etirazının dəlillərində göstərilmişdir ki, BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 nömrəli əmri ilə Ağcabədi RMŞ-nin mülki mühafizəçisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. MMX üzrə mühafizəçi, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixindən Ağcabədi RMŞ-nin mülki mühafizəçisi kimi xidmət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:56 radələrində o, şöbədə keçirilən xidmət qabağı təlimatda iştirak edərək, şöbə tərəfindən mühafizə olunan Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 110 kv-luq yarımstansiyasına xidmətə təyin edilmişdir. Manqa komandiri tərəfindən yoxlanılarkən onun postda olmadığı müəyyən edilmişdir. Beləliklə, o xidmət apardığı postu ataraq, yaşadığı Ağdam rayon, Quzanlı qəsəbəsinə getmişdir. O, izahatında bu xüsusatları təsdiq etmişdir. İddiaçı xidmətdə mənfi xarakterizə olunur. Aparılan araşdırma nəticəsində onun qəbahətləri hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş, eləcə də Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş Mülki Mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimafın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Belə ki, Ağcabədi X5 mühafizəçisi İddiaçı əvvəllər intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk etmişdir. Mühafizəçi İddiaçı xidmətdə yol verdiyi nöqsanlar hissənin yerli Həmkarlar İttifaqının yığıncağında geniş müzakirə edilmiş və xidməti postu tərk etməklə üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 nömrəli əmri ilə müəyyən olunur ki, o verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, bununla da “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair” Təlimatın və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla və DİN-in X3 Komitəsi ilə razılaşdırılmaqla X5 mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci bəndinə əsasən xitam verilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(006)- 2757/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tariхli, 3-13-17/Ə63/2024 nömrəli əmri ləğv olunmuş, İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin əvəzinin cavabdeh Azərbaycan Respublikası Cavabdehndən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçının intizamsızlığa yol verərək təyin edildiyi postu özbaşına tərk etməsini əsas gətirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixində saat 13:56 radələrində xidmətdə olduğu zaman xidməti postunu məcburi və üzrlü səbəbdən o şəkildə tərk etmək məcburiyyətində qalmışdır. İddiaçının qeyd etdiyinə görə o, postu tərk etməmişdən öncə müvafiq məsuldar şəxsə postu tərk etməsi ilə bağlı zəng etsə də, onun telefonuna zəng çatmamış və iddiaçı bundan sonra postu tərk etmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı həmin gün ərzində işinə geri qayıtmışdır. Yəni, iddiaçı işə gəlib, sonradan müəyyən müddətə işi tərk etmək məcburiyyətində qalmış, daha sonra isə işinə yenidən qayıtmışdır. Bundan əlavə isə iddiaçının xidməti yerini tərk etməsi öz övladının həmin tarixlərə düşən ölkə ərazisində yayılmış qızılca xəstəliyi olmuşdur ki, bu səbəbdən övladını müvafiq xəstəxanaya çatdırmışdır. Yəni iddiaçı xidməti postunu daimi (bütöv gün olmamaqla) yox, üzrlü səbəbdən, hətta məlumat verməklə (telefon zəngi etməklə) tərk etmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasının konkret halları nəzərdə tutulmuşdur. Lakin, hazırki iş üzrə iddiaçı tərəfindən iş vaxtı ərzində qeyd edilən maddə üzrə əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından hər hansısa biri aşkar edilməmişdir. Eyni zamanda, məhkəmə mübahisələndirilən əmrin iddiaçının əvvəl intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verməsi əsasına münasibətdə qeyd edir ki, cavabdeh tərəf iddiaçının daha əvvəl intizam məsuliyyətinə cəlb olunmasını qeyd etsə də, məhkəmə tərəfindən bu hal da aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının xidməti vəzifələrini layiqincə yerinə yetirməməsi ilə bağlı sübut olaraq təkcə iddiaçıya məxsus xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamə təqdim edilmişdir ki, həmin xidməti xasiyyətnamə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin xidməti xasiyyətnamə iddiaçının postu tərk etdiyi gün verilmiş, orada iddiaçının özünü yaxşı cəhətdən göstərmədiyi, üzərinə düşən vəzifəni öhdəsindən layiqincə gəlmədiyi, dəfələrlə komandirlər tərəfindən onun şifahi xəbərdarlıq edildiyi, məsuliyyətsiz, intizamsız əməkdaş olması, AR DİN BMİ-nin qüvvədə olan əmr və tələbləri pozduğu, həmçinin qüvvədə iddiaçı barəsində intizam tənbehinin olmaması qeyd edilmişdir. Halbuki, bundan 4 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədə isə tam əksi olaraq iddiaçı barəsində müsbət fikirlər qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Əmr verilənə qədər iddiaçı barəsində hər hansı tənbeh tədbiri olmamış, xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamə isə məhkəmənin düşüncəsinə görə iddiaçının postu tərk etdiyi gün qərəzli olaraq cavabdeh tərəfindən yazılmışdır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Halbuki, cavabdeh iddiaçının əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir). Məhkəmə həmçinin, iddianın iddiaçının əvvəlki işinə bərpa edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, tələbin əmrin ləğv edilməsi hissəsi təmin edildiyindən, avtomatik olaraq əmr ləğv edilərkən əvvəlki vəzifəsinə iddiaçı bərpa olunduğundan, yenidən mübahisə varmış kimi məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə də zərurət qalmamışdır. Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4, 9, 12, 70, 71, 72-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən hazırkı işin materiallarından iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud da əmək vəzifələrini kobud şəkildə pozması halları aşkar edilmədiyi qeyd olunsa da, məhkəməyə təqdim edilmiş sübutlar və etirazda bununla bağlı kifayət qədət əsaslar mövcuddur. Aparılmış araşdırma nəticəsində iddiaçının qəbahətləri hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş, eləcə də Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki Mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozduğu aşkar edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2015-ci il tarixli Q10 №-li qərarı ilə təsdiq edilmiş “Mülki Mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”da mühafizəçilərin vəzifələri göstərilmişdir ki, həvalə olunmuş obyektin təyinatı və xüsusiyyətini, daxili rejim qaydalarını, iş qrafikini dəqiq bilmək, obyektin etibarlı mühafizəsinin təmini və qanun pozuntusu hallarının qarşısının alınması üçün müqavilə üzrə götürülən öhdəliklərə ciddi riayət etmək; xidmətdə olarkən gündüz vaxtı hər iki saatdan bir, gecə vaxtı hər saatdan bir növbətçi hissə ilə əlaqə saxlamaq, qəfil xəstələndikdə növbətçiyə məlumat vermək və dəyişdirilənədək postu (marşrutu) tərk etməmək; yoxlayıcı gələrkən onu qarşılamaq, özünü təqdim etmək (məsələn: postaçı Cəfərov) və xidmətin aparılması barədə qısa məlumat vermək və digər qəti tələblər burada birmənalı formada öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının üzərində düşən vəzifə öhdəlikləri qanunvericiklə dəqiq təsbit olunmasına, iddiaçı tərəfindən onların yerinə yetirilməməsi ilə bağlı kifayət qədət sübutlar olmasına baxmayaraq məhkəmə tərəfindən yanlış nəticəyə gəlinmişdir. Məhkəmə tərəfindən iddiaçının postu tərk etməsinin səbəbi ilə bağlı da düzgün qiymətləndirmə aparılmamışdır. Belə ki, məhkəmə iddiaçının postu üzrlü səbəblərə görə və məlumat verməklə tərk ediyinə istinad etsə də, yuxarıda da qeyd olunduğu kimi mülki mühafizçilərinin qarşısına qoyulmuş vəzifələr qəti və birmənalı olaraq müəyyən olunmuşdur. Bu vəzifələrin özünəməxsusluğu və əhəmiyyəti də onların icrası zamanı dəqiqlik tələb edir ki, məhz bu və iddiaçının yerinə yetirdiyi işin xüsusiyyətlərindən irəli gələn digər səbəblərə görə üzrlü və ya üzrsüz olmasından asılı olmayaraq postun tərk edilməsi və qanunla müəyyən edilmiş digər vəzifələrin pozulması haqlı olaraq işçinin əmək müqaviləsinə göstərilən bəndlə xitam verilməsi üçün əsas təşkil etməklə birlikdə, postun tərk edilməsinin səbəbi ilə bağlı qanunvericiliklə heç bir müddəanın nəzərdə tutulmaması da bununla bağlıdır. Məhkəmə tərəfindən həm əmək funksiyalarının icra edilməməsi hissəsində işin halları və iş materialları düzgün tədqiq olunmamış, həm də işçinin öz vəzifəsini yerinə yetirməməsinin səbəbi işin xüsusiyyətləri və qanunvericilik müddəaları ilə yanlış formada əlaqələndirilmiş, bunun nəticəsində isə qanunsuz və əsassız qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi və məhkəmədən şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə 43.2 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ... f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. İşdən müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir.

27. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin 2 şərti nəzərdə tutulmuşdur: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, - Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

28. Mübahisələndirilən əmrdən görünür ki, iddiaçının barəsində belə bir əmr verilməsinə səbəb verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etməməsidir.

29. Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sırasında digərləri ilə yanaşı aşağıdakı hallar nəzərdə tutulmuşdur: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

30. Cavabdeh tərəfindən hazırkı mübahisənin predmeti olan əmrdə, iddia ərizəsinə verilmiş etirazda və apellyasiya şikayətindəki dəlillərdə qəti mövqe olaraq göstərilmişdir ki, idiaçı əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır, ümumiyyətlə o, xidmətdə mənfi xarakterizə olunur.

31. Lakin, hazırkı iş üzrə tədqiq olunmuş sübutlar çərçivəsində iddiaçının uzun illər ərzində xidməti çərçivəsində barəsində verilmiş hər hansı intizam tənbehi aşkar edilməmiş, cavabdeh də bu barədə hər hansı sübut təqdim edə bilməmişdir.

32. Əksinə, Ağcabədi X5 rəisi polis polkovnik-leytenantı R.Süleymanov tərəfindən iddiaçıya verilən xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, mülki mühafizəçi X13 (iddiaçı) tutduğu vəzifəsində 2009-cu ildən xidmət edir. Xidmət etdiyi müddət ərzində o, özünü bacarıqlı, işgüzar nizam-intizamlı bir əməkdaş kimi göstərməklə komandirlər tərəfindən verilən tapşırıqlara məsuliyyətlə yanaşmış və həmin tapşırıqların yerinə yetrilməsi üçün bütün bilik və bacarığından istifadə etmişdir, vətəndaşlarla ünsiyyət yaratmağı bacarır. Mühafizəçi İddiaçı xidməti işinə dair əmr və normativ aktları öyrənməyə səy göstərir və onlardan gündəlik işində düzgün istifadə edir. Xidməti zərurətlə əlaqədar qarşıya çıxan çətinlikləri müsbət həll etmək qabiliyyətinə malikdir. İşlədiyi müddətdə rəhbərliyin və kollektivin dərin hörmətini qazanmışdır. Mühafizəçi İddiaçı dövləti və xidməti sirri qorumağı bacarır, məxfiçiliyə ciddi riayət edir, xarici görnüşü səliqəli, fiziki cəhətdən sağlamdır.

33. Göründüyü kimi, mübahisələndirilən əmrdən (hansı ki, iddiaçının əvvəllər verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığı iddia olunur) təxminən 1 ay əvvəl verilmiş xidməti xasiyyətnamədə iddiaçı kifayət qədər müsbət xarakterizə olunur.

34. İddiaçını müsbət və mənfi xarakterizə edən xasiyyətnamələrin verilmə müddətinin arasında olan fərq 4 gün təşkil edir, 4 gün ərzində iddiaçının fəaliyyətində bu qədər kəskin dönüş olması inandırıcı olmamaqla yanaşı, onun bu müddət ərzində hər hansı kobud pozuntu törətməsi, xidməti öhdəliklərini yerinə yetirməməsi halı da öz təsdiqini tapmır.

35. Belə olan halda, mübahisələndirilən əmrdəki istinad olunan faktiki halın mövcudluğu öz təsdiqini tapmadığına görə qeyd olunan əmr birinci instansiya məhkəməsi tərəfindən qanunsuz hesab edilməklə haqlı olaraq ləğv edilmişdir və apellyasiya şikayətində göstərilən bütün dəlillər məhkəmə tərəfindən ətraflı araşdırılmaqla qiymətləndirilmişdir.

36. Digər tərəfdən isə iddiaçı xx.xx.2024-cü il tarixdə saat 13:56-da xidməti post özbaşına tərk etməsinin səbəbinə dair kifayət qədər inandırıcı, mötəbər sübutlar təqdim etmişdir.

37. “Medilife” tərəfindən verilən arayışlardan görünür ki, iddiaçının uşaqları X14 və X7 “Qızılca” diaqnozu qoyulmuşdur. Zəhra Osmanlı xx.xx.2024-cü il tarixdə ara yoxlanış üçün dəvət olunmuşdur.

38. Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sırasında işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi göstərilmişdir.

39. Göründüyü kimi, işçinin özünün və ya yaxın qohumunun xəstəliyi nəinki bir neçə saatlıq, bütün iş günü işə gəlməsə belə üzrlü səbəb hesab olunmaqla, heç bir halda kobud pozuntu kimi qiymətləndirilə bilməz.

40. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, pozuntunun mövcud olduğu təqdirdə belə, uzun illər nöqsansız fəaliyyət göstərmiş, əmrin verilməsindən 22 əvvəl müsbət xarakterizə olunan iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsi nə iddia ərizəsinə etirazda, nə də apellyasiya şikayətində cavabdeh tərəfindən əsaslandırılmamışdır.

41. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(006)- 2757/2024 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(006)- 2757/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar