Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-490/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, (3-cü şəxslər: ƏMDK yanında DƏDRX, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) qarşı “torpaq sahəsində yerləşən tikiliyə məcburi servitutla zəruri yol yerinin verilməsi, qanunsuz tikilinin sökülməsi və bölgü sxeminin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 133/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Cavabdeh, (3-cü şəxslər: ƏMDK yanında DƏDRX, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) qarşı məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan y/m 5-ci kvartal, 08 saylı sahədə yerləşən onun mülkiyyətində olan torpaq sahəsində yerləşən tikiliyə məcburi servitutla zəruri yol yerinin 2,8 m olmaqla verilməsi, qanunsuz tikililərin sökülməsi bölgü sxeminin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 133/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartal, 08 saylı sahənin bir hissəsində yerləşən 0,032 ha torpaq sahəsinə keçid yolunun (1,70 metr enində) təmin edilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçıya məxsus evə gedən yol boyu inşa edilmiş (0,1 metr) hasarın sökülməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 133/2019 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-133/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsinin “əsaslandırıcı” və “nəticə” hissəsində qeyd olunmuş “0.1 metr” sözlərinin “0.2 metr” sözləri kimi oxunması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-133/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin iddianın qalan hissədə rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə ƏMDK yanında DƏDRX-nin məktubuna əsaslanmaqla qətnamə çıxarmışdır. Lakin həmin məktub ekspert rəyini əvəz edə bilməz. Məhkəmə, işin obyektiv və ədalətlə araşdırılması üçün məktubla kifayətlənməməli idi və xüsusi biliyə malik olan şəxsin rəyini əldə etməklə məhkəmə qətnaməsində həmin rəyə əsaslanmalı idi. Bundan əlavə, məhkəmə sözügedən qətnamədə göstərir ki, onun mülkiyyətində olan torpaq sahəsinə 1,70 metr keçid yolu nəzərdə tutulmuşdur və o, həmin sahəni alarkən əraziyə gedən yolun 1,70 metr olmasını qəbul etmişdir. Bu xüsusat tamamilə əsasızdır. Çünki, iş materialları ilə də təsdiq olunur ki, onun sözügedən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə, cavabdehin isə torpaq sahəsinə xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Beləliklə göründüyü kimi onun mülkiyyət hüququ cavabdehdən əvvəl qeydiyyata alınmışdır. O, torpaq sahəsini alan zaman torpaq sahəsindən avtomobil üçün çıxış nəzərdə tutulmuşdur. Belə olduğu halda o, necə əraziyə gedən yolun 1,70 metr olmasını qəbul edə bilərdi. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, torpağı alanda, evi tikəndə yük maşını həyətə girə bilirdi. İddiasının əsası servitut hüququdur. O, hazırda öz əmlakından istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı torpağı 2009-cu ildə almışdır. Evi 2015-ci ildə tikmişdir. İddiaçı servitut hüququndan istifadə etmək istəyir. Məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, oranı 2013-cü ildə almışdır. O alanda hasar var idi. Torpağa dair çıxarış var. Tikililər mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. İş üzrə 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq 3-cü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı qətnamənin iddia tələbinin təmin edilməyən hissəsindən şikayət verdiyindən, cavabdeh isə qətnaməni mübahisələndirmədiyindən, baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh qonşudurlar. İddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahələri X3 və X4 arasında olan torpaq sahəsinin bölgü sxeminə əsasən bölünmüşdür. İddiaçı xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartal, 08 saylı sahəsinin bir hissəsi olan 0.032 ha torpaq sahəsini almış və ona ******* saylı xx.xx.2009-cu il tarixli reyestrdən çıxarış, həmçinin xx.xx.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Cavabdeh isə xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 5-ci kvartal, 08 saylı sahənin bir hissəsi olan 0,025 ha torpaq sahəsini almış, ona ******* saylı xx.xx.2013-cü il tarixli reyestrdən çıxarış, həmçinin xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Mülki qanunvericilikdə özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ kimi müəyyən edilən servitut hüququna Mülki Məcəllənin 255.1-ci maddəsində aşağıdakı kimi tərif verilmişdir. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Servitut hüququndan hansı hallarda istifadə edilə bilməsi isə Mülki Məcəllənin 225.4cü maddəsində belə göstərilir ki, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Yuxarıda qeyd edilən maddi hüquq normalarının məzmunundan da göründüyü kimi, servitutu hüququnun əsasını zərurət təşkil edir. Yəni yolun olmaması, su, elektrik, qaz xəttinin çəkilməsi zərurəti, suvarma zərurəti və s., hansı ki, digər daşınmaz əşya mülkiyyətçisinin mülkiyyətindən istifadə olunmadan mümkün deyil. Hazırkı halda iş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsinə getmək üçün iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsünə əsasən 1,72 metr enində yol ayrılmışdır. ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli məktubunda bu hal öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən də həmin yolun eninin hasarın kökülməsi hesabına torpaq sahəsinin plan və ölçüsündə nəzərdə tutulmuş ölçüyə uyğunlaşdırıması qərara alınmışdır. İkinci bir məsələ isə hazırda iddiaçının tələb etdiyi ümumi 2,8 metr enində olan yolun verilməsi zərurəti ilə bağlıdır. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə servitut hüququnun torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin olunması üçün təyin edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda piyada keçidlə bağlı hər hansı mübahisə yoxdur. Bundan əlavə cavabdeh iddiaçının yol verilməsini tələb etdiyi hissədə, özünə məxsus torpaq sahəsində tikinti işi aparmışdır. Yəni iddiaçının tələb etdiyi sahənin bir hissəsi torpaq sahəsi deyil tikilidir. Həmçinin cavabdehə məxsus tikili daxil olmaqla ümumi torpaq sahəsinin ölçüsü 225 kv.m. təşkil edir və torpaq sahəsinin enli tərəfi 12,7 metrdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - torpaq sahəsində yerləşən tikiliyə məcburi servitutla zəruri yol yerinin verilməsi hissəsini təmin etməməkdə əsaslı nəticəyə gəlmişdir. Hər nə qədər iddiaçı tərəfindən apelyasiya baxışı zamanı iddia tələblərinin yalnız servitut hüququ ilə bağlı olması qeyd edilsə də, məhkəmə kollegiyası apelyasiya baxışının həddini nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinin təmin edilməyən - qanunsuz tikililərin sökülməsi və bölgü sxeminin etibarsız hesab edilməsi tələblərinin əsaslı olmasına dair də hər hansı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi həmin hissələrdə iddia tələblərini təmin etməməkdə əsaslı nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçının özünə məxsus torpaq sahəsinin cavabdehdən daha tez alması, həmin torpaq sahəsində ev tikməsi, ev tikdiyi zaman hasarın olmaması kimi hallar cavabdehə məxsus mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilməyən hissəsində ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 133/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-490/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-490/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver