Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-490/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 78/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı (sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən podratçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sifarişçiyə məxsus 0.12 ha torpaq sahəsində ümumi sahəsi 200 kv.m olan bağ evinin tikinti və təmirini həyata keçirir. Sifarişçi fərdi yaşayış evinin tikintisi və təmiri üçün 143.050 manat ödəməyi öhdəsinə götürür. Sifarişçi fərdi yaşayış evinin tikintisi və təmiri üçün ilkin olaraq bu müqavilə bağlandığı anda ümumi məbləğin 30 faizini, yəni 42.915 manat ödəməlidir. Sifarişçi tərəfindən podratçıya ödəniləcək məbləğ tərəflərin razılığı ilə hissə-hissə və tikinti-təmir mərhələlərinə uyğun olaraq (30%, 30% 30% və son olaraq tikintinin son mərhələsində 10% olmaqla) həyata keçirilir.
2. Mədaxil qəbzlərinə əsasən iddiaçı tərəfindən müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 43.000 manat, xx.xx.2021-ci il tarixdə 40.000 manat, xx.xx.2021-ci il tarixdə 5100 manat, xx.xx.2021-ci il tarixdə 34.000 manat və xx.xx.2022-ci il tarixdə 1600 manat olmaqla, ümumilikdə 124.200 manat məbləğində pul vəsaiti ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 64.200 manat pulun və ödənilmiş 282,6 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0,12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikinti və təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Tərəfindən müqavilənin şərtlərinə müvafiq olaraq, "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 43.000 manat, xx.xx.2021-ci il tarixdə 40.000 manat, xx.xx.2021-ci il tarixdə 5.100 manat, xx.xx.2021-ci il tarixdə 34.000 manat və xx.xx.2022-ci il tarixdə 1.600 manat, ümumilikdə 124.200 manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsaitin ödənilməsinə baxmayaraq podratçı tərəfindən ümumilikdə 60.000 manat dəyərində işlər görülmüş və müqavilə üzrə öhdəliklərin icrası dayandırılmışdır, baxmayaraq ki, vəsaitin əsas hissəsi, yəni 122.600 manat tərəfindən xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Artıq 5-6 aydan çox müddət ərzində tikinti işlərinin dayandırılması və lazımınca icra edilməməsi müqavilə öhdəliklərinin podratçı tərəfindən pozulması sayılır. Öhdəliklərin icra edilməsi üçün tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin hər hansı nəticə əldə edə bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/5283 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən baxış zamanı əldə olunmuş məlumatlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikinti və təmir işlərinin, həmçinin həyətyanı torpaq sahəsində üzgüçülük hovuzunun tikintisi işlərinin görüldüyü müəyyən edildi. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi (daş hörgüsü və dam örtüyü) başa çatsa da, daxili və xarici təmir işləri, eləcə də üzgüçülük hovuzunun inşası yarımçıq qalmışdır. Həmçinin, aparılmış tikinti və təmir işlərində aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: sanitar qovşağın (evin arxa tərəfində yerləşən) hörgüsü tam yerinə yetirilməmiş və divarla dam arasında boşluq qalmışdır; damın altında yerləşən seysmik kəmərin daxili və xarici hissələrində çatlar əmələ gəlmişdir. Aparılmış hesablamalar nəticəsində İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0.12 ha torpaq sahəsində görülmüş tikinti və təmir işlərinin dəyəri orta bazar qiymətinə uyğun olaraq təqribən 49.703,9 manat məbləğində müəyyən olunur.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 78/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49.703,9 manat məbləğində pulun və ödənilmiş 282.6 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən təmir-tikinti işlərinin görülməsi üçün müqavilənin qiyməti 143.050 manat müəyyən edilmiş, ilkin olaraq ümumi məbləğin 30 faizinin, yəni 42.915 manatın müqavilə bağlanan anda, qalan məbləğin isə tərəflərin razılığı ilə hissə-hissə və tikinti-təmir mərhələlərinə uyğun olaraq ödənilməsi razılaşdırılmışdır. İddiaçı qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 43.000 manat, xx.xx.2021-ci il tarixdə 40.000 manat, xx.xx.2021-ci il tarixdə 5.100 manat, xx.xx.2021-ci il tarixdə 34.000 manat və xx.xx.2022-ci il tarixdə 1.600 manat olmaqla, ümumilikdə 124.200 manat məbləğində pul vəsaitini cavabdehə ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Hazırda iddiaçı sözügedən müddət ərzində tikinti işlərinin başa çatmamasını, buna görə də görülməmiş işlərə görə ödənilmiş pulların geri qaytarılmasını xahiş edir.
8. Ekspertin gəldiyi nəticələr əsas götürülməklə, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0.12 ha torpaq sahəsində görülmüş tikinti və təmir işlərinin dəyəri kimi 49.703,9 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qanuni və əsaslıdır.
9. Beləliklə İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş olsa da, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Bu hal yuxarıda qeyd olunan ekspert rəyi ilə də öz əksini tapmışdır. Beləliklə, məhkəmə bələ qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən artıq ödənilmiş pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49.703,9 manat məbləğində pul və ödənilmiş 282,6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 421.2, 442, 752.1, 759.1, 759.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 101.7, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 78/2023 nömrəli qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması və qətnamənin qət etdi hissəsinin aşağıdakı kimi oxunması qərara alınmışdır: “İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 64.200 manat məbləğində pul və ödənilmiş 282,6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin.”
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4574/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 78/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarardadı ləğv edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən görülmüş tikinti və təmir işlərinin dəyəri orta bazar qiymətinə uyğun olaraq təqribən 49.703,9 manat məbləğində müəyyən olunur. Məhkəmə alınmalı olduğu pul məbləğini hesablayan zamanı yanlışlığa yol vermişdir. Belə ki, ekspert rəyində göstərilən pul vəsaitini yanlış olaraq cavabdehdən alınmalı olan məbləğ kimi göstərmişdir. Əslində isə ekspert rəyində ümumi görülən işlərin dəyəri müəyyən edilmişdir. Məhkəmə ödənilmiş 124.200 manat vəsaitdən ekspert rəyində göstərilmiş 49.703,9 məbləği çıxmaqla yekun nəticəyə gəlməli idi (124.200- 49.703,9=74.496,1). Bununla da, iddiaçının iddiası tam sübuta yetirilmiş olurdu.
16. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehə göndərilməmiş və mübahisəli iş üzrə qətnamədən uzun müddət xəbərləri olmamışdır. İşin icra mərhələsində cavabdeh cəmiyyətdən pulun tutulması barədə qətnamənin olmasından xəbər tutulmuşdur. 2023-cü ilin 10 may tarixində rəsmi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin sürətinin verilməsi xahiş edilmiş və qətnamə cavabdehin təmsilçisinə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Tərəflə arasında bağlanmış müqavilənin 3.3-cü maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi və təmiri ümumilikdə 143.050 manat təşkil etmişdir. Həmin Müqavilənin 3.4-cü və 3.5-ci maddələrinə əsasən tikintinin başlanması ilə əlaqədar ilkin olara müqavilə qiymətinin 30%-i və sonrakı mərhələrdə isə 30% və 30%, sonda isə 10% ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən tikinti işləri ilkin olaraq 2021-ci ilin iyun ayının 3-cü on günlüyündə başlanmış və 2022-ci ilin oktyabr ayına kimi davam etdirilmişdir. Ümumilikdə fərdi yaşayış evinin tikintisi üçün cəmi 122.600 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" tərəfindən MMC-yə yox, tikintidə çalışan və MMC-yə aid olmayan əlavə işlər üçün 1.600 manat ödəniş edilmişdir. Təqdim edilmiş eskiz-layihəyə əsasən aşağıdakı işlər görülmüşdür: evin eskizinin hazırlanması, evin bünövrəsinin qazılması, izolyasiyası, betona qədər hazırlıq (qəbin qurulması və armaturla toxunması) və betonla bünövrənin tökülməsi, kürsünün hörgüsü (eni 40 sm və hündürlüyü 60 sm.), kürsünün beton və kübik tozu ilə doldurulması, kürsünün bərkidilməsi, ümumi izolyasiya edilməsi, armatur qatının toxunması, 15 sm hündürlüyündə beton qatının verilməsi, beton səthinin vertalyotla düzləşdirilməsi, evin hörgü işlərinin görülməsi (iç və çöl divarların iki və bir riyad olmaqla hörülməsi), qapı və pencərə üstlüklərinin armaturla toxunması və betonlanması, evin kəmərinin armaturla və betonla işlənilməsi, evin terrassının tikilməsi və evin damının və terrasın damının atmalarının quraşdırılması və betonlanması, tavanın taxtalarla döşənməsi və tavanın izolyasiyası, evin və terrasın damının taxta və metal örtüklə (çerepitsa) örtürülməsi, evin bütün daxili divarlarının suvaqlanması, evin və terrasın plastik pəncərələrinin qoyulması, evin pəncərələrinin altlıqlarının vurulması, evin elektrik işlərinin tam icra edilməsi, evin santexnik işlərinin tam icra edilməsi, evin döşəməsinin (həm otaqların və sanitar hissənin ) isti poluna betonla örtürülməsi, evin daxili divarlarının bütünlüklə setkalanması, (plastik) bütünlüklə malyar işlərinin tamamlanması, evin bütün tavanının alçipanla toxunması və malyar işlərinin tamamlanması, evin giriş qapısının (seyf qapı) qoyulması, evin giriş piləkkənlərinin hörülməsi və beton dirəklərlə quraşdırılması və tavanının betonlanması və dəmir çerepissasının (taxta atma və doşəmə taxta olmaqla) vurulması, evin çöl divarının natamam süvaqlanması, həyətdə hövuzun tikilməsi (yerin 5x11 metrə qazılması, standart daşlarla tikilməsi, hovuzun döşəmə və divarlarının iki qat armaturla toxunması və hovuzun döşəməsinin betonlanması və santexnika işlərinin görülməsi (su borularının quraşdırılması), həyətdə 12 tonluq içməli su hövuzunun tikilməsi (yerin 3x3 qazılması, standart daşlarla hörülməsi, hovuzun döşəməsinin və divarlarının iki qat armaturla toxunması və döşəmənin betonlanması) hovuza aid su nasosunun yerləşdirilməsi üçün tikinti işlərinin görülməsi. Evin tikinti və təmir işləri telefonla çəkilmişdir. Həmin görüntüdən müəyyən etmək olur ki, evin başa çatmasına çox az qalmışdır. Həmçin, evin tikintisi ilə əlaqədar bütün tikinti materiallarını cavabdeh almış və işçilərin əmək haqqlarını vermişdir. Tərəflər arasında bağlanın müqavilədə evin həyətində tikilən hövuzların hər ikisi və evə bitişik əlavə sanitar qovşağı (hamam və tualet) müqavilədə nəzərdə tutulmamışdır və o zaman həmin işlər sifarişçi əlavə ödəniş edəcəyini bildirmişdir. “Sifarişçidən” alınan vəsait tamamilə evin tikintisinə və təmirinə sərf edilmiş və sonradan işlərin davam etdirilməsi üçün əlavə vəsaitə ehtiyac olduğu üçün “Sifarişçidən” vəsait tələb edilmiş, lakin iddiaçı övladının xəstə olmasını əsas gətirərək pul olmadığını və işi tamamlamağa imkanının olmaması bildirmişdir. O zaman iddiaçı təklif etmişdir ki, evin natamam işlərini tam təmir edib ona verilisin və o da sonradan müqaviə üzrə və əlavə görülmüş işlərin piulunu hissəhissə ödəsin. Lakin bu təklifi qəbul etməmişlər və bildirmişlər ki, nə zaman imkanı olarasa gəlib işləri tamamlayacaqlar və o zaman onların arasında son haqq–hesabları aparılacaqdır. Həmçinin, iddiaçının evinin tikinti-təmiri ilə əlaqədar əlavə gördükləri işlərin pulunu almamışlar. Belə ki, evin həyətində tikilən hövuzlara və digər əlavə tikililərə görə iddiaçı ümumilikdə müqavilədən kənar danışıqlar üzrə ümumilikdə 40.000 manat əlavə haqq ödəməli idi. İddiaçı müqavilə üzrə evinin tiknti və təmir işləri üzrə aşağıdakı işlər qalmışdır: evin içindəki sanitar qovşağının (hamam və tualetin) kafelləri, evin döşəməsinin laminat və qraniti, otaqların qapıları, divarların boyanması (emulsiya), evin çöl suvağının tamamlanması, həyətdə su hovuzların divarlarının betonlanması və mozaika işləri, motorxanada motor və filter sisteminin quraşdırılması. Sonradan məlumat verilmişdir ki, iddiaçı güya evin tikinti və təmir işləri barədə müqavilə öhdəliklərinin onlar tərəfdən, yəni "xxxx" MMC tərəfindən görülməməsi və evin tikinti və təmir işləri üçün artıq ödənilmiş məğbləğin geri qaytarılmasını tələb etmişdir. Həmçinin, mübahisəli evdə ekspertiza onun iştirakı olmadan keçirilmiş və ekspert evin tikinti-təmir işlərin hansı səviyyədə olmasını müəyyən edə bilməz. Çünki, tikinti altı işlərin görülməsini ekspert müəyyən etməmişdir. İkincisi, ekspertin rəyində tikinti işləri çox aşağı səviyyədə qiymətləndirmişdir. Halbu ki, evin bütün tikinti işləri və tikintiyə sərf edilmiş bütün materialların qiymətləndirilməsi və zəhmət haqlarının müəyyən edilməsi düzgün hesablamamışdır. Üçüncüsü, evin eskiz layihəsindən açıq aşkar görünür ki, evin tikintisi və təmiri ekspertin müəyyən etdiyi qiymətdən üç dəfə çoxdur. Lakin ekspertin hansı hesablamalarla güya evin tikintisinə 49.703,9 manat vəsait sərf edilməsini göstərməsi ekspertin iş üzrə səmimi olmadığını göstərir. Bu mənada evin tikintisinə və təmirinə çəkilən vəsaitin və alınan materiallarının qiymətinin müəyyən edilməsi üçün, cavabdehin nümayəndəsinin iştirakı ilə təkrar ekspertiza keçirilməlidir. Dördüncüsü, ekspert hazırda layihə üzrə evin hansı tikintisi və təmir işlərinin qalmasını və həmin işlərin görülməsi üçün nə qədər vəsaitin qalmasını aydınlaşdırmalı olduğu halda, nədənsə məhkəmə ekspert qarşısında həmin məsələnin aydınlaşdırılması üçün heç bir sual qoymamışdır. Beşincisi, məhkəmə mübahisəli işə baxarkən mübahisəli evin hansı tikinti-təmir işlərinin qalmasını müəyyən etməli və həmin işlərin görülməsini cavabdehin üzərinə qoymalı və eyni zamanda iddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə öz vəzifələrini yerinə yetirilməsi öhdəliyini qoymalı olduğu halda, nədənsə göstərilən hallara qiymət verməmişdir. Altıncısı, iddiaçının məhkəməyə müraciət edərək cavabdehdən pul tələb etməsi, “Sifarişçinin” onu aldatmaq məqsədi olduğuna işarədir. Belə ki, Respublikada evlərin bir kvadrat metrinin təmiri 250-350 manat, evin tikinti və təmir işləri isə 500 manatdan 1.000 manat arasındadır. Belə olan halda demək olar ki , “Sifarişçinin” evi eskiz-layihə üzrə 240 kvadrat metrdən çoxdur. Ona görə də 240 kv.mX 600 m. = 144.000 manat təşkil edir. Yeddincisi, ekspertiza rəyində də etiraf olunur ki, müqavilə öhdəlikləri üzrə yalnız evin daxili və xarcində təmir işləri, eləcə də üzgüçülük hövuzunun inşasının yarımçıq qaldığı göstərilmişdir. Bu isə ona dəlalət edir ki, cavabdeh MMC olaraq müqavilə öhdəliləri 90 %-dən çox yerinə yetirilmişdir. Lakin nə ekspertiza, nə də məhkəmə göstərilən halları nəzərə almamışdır. Ekspertiza düzgün qiymətləndirmə aparılmamışdır. Belə ki, fərdi yaşayış evinin qalıq işlərinin ekspertizası aparılmalı olduğu halda, nədənsə ekspertiza fərdi yaşayış evinin tikintisinə sərf edilən vəsaitin aydınlaşdırılması üzrə aparılmışdır. Halbuki, onların arasında mübahisə, məhz tikintinin yarımçıq qalmış sahəsi üzrə yaranmışdır. Məhkəmə prosessləri onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə prosesində aparılmış tikinti işlərinə aid sənədlər və video görüntülər məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, nə iddiaçı, nə də məhkəmə iş üzrə cavabdeh kimi onu iş materialları ilə tanış etməmişdir. Bir daha qeyd olunur ki, tikintidə aparılmış ekspertiza onun iştirakı olmadan aparılmışdir. Bu fakt ona dəlaət edir ki, tikintidə görülmüş işlər süni sürətdə, məqsədi şəkildə azaldılmışdır. Ona görə mübahisəli iş apellyasiya qaydasında obyektiv araşdırılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, sosial şəbəkədə cavabdehdən bir çox şikayətlərin olduğunu aşkar etmişdir. Şirkət vətəndaşdan görülməli işlərlə bağlı ödənişin böyük hissəsini alır, lakin sonradan işləri yarımçıq saxlayaraq gedir. Orada tikinti materialları var idi. Ustaları həmin tikinti materiallarını oğurlamışdılar. Oraya gələn ustalar isə şirkət tərəfindən onlara vəsait verilmədiyini bildirmişlər. Tikili yarımçıq, bərbad və çatlamış şəkildə qalıb. İddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi dövrdə iddiaçıya heç bir iş görməməsini bildirdi. Məhkəmə gedişi dövründə ekspert tərəfindən baxış keçirildikdən və qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən işlər görülmüş və tikili tam şəkildə başa çatdırılmışdır. Hətta orada bəzi yerlər o qədər bərbad idi ki, sökülərək yenidən tikilmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, görülmüş işlərlə bağlı məhkəməyə smeta təqdim ediləcəkdir. Müqavilə ilə orada görüləcək işlər təxmini 200.000 manata yaxın idi. Onlar görüləcək işlərə hovuzu da qatdılar. Sonradan iddiaçının oğlunun səhhətində problemlər olduğu üçün Türkiyəyə vəsait ayırdı və onların işinin pulunu ödəmədi. İki ay ərzində orada əlavə işlər gördülər. Hətta ustalara da borclu qaldılar. Sonra iddiaçı işi dayandırdığını bildirdi. 25.000 manat hovuz, 6.500 manat su deposu, 5.500 manat isə sanitar qovşaq tikilməsi ilə bağlı iddiaçı ilə razılaşmışdılar. Onun müqavilə üzrə gəlirdən təmiz gəliri 12%-dir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı tərəfindən 1.600 manat onlara ödənilmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində, cavabdeh isə qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının xeyrinə tutulmalı olan məbləğlə bağlı hissədə dəyişdirilməli, iddia təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.
26. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən təmir-tikinti işlərinin görülməsi üçün müqavilənin qiyməti 143.050 manat müəyyən edilmiş, ilkin olaraq ümumi məbləğin 30 faizinin, yəni 42.915 manatın müqavilə bağlanan anda, qalan məbləğin isə tərəflərin razılığı ilə hissə-hissə və tikintitəmir mərhələlərinə uyğun olaraq ödənilməsi razılaşdırılmışdır.
27. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 43.000 manat, xx.xx.2021-ci il tarixdə 40.000 manat, xx.xx.2021-ci il tarixdə 5.100 manat, xx.xx.2021-ci il tarixdə 34.000 manat və xx.xx.2022-ci il tarixdə 1.600 manat olmaqla, ümumilikdə 124.200 manat məbləğində pul vəsaitini cavabdehə ödəmişdir.
28. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən tikintidə çalışan və MMCyə aid olmayan 1.600 manat məbləğində ödəniş edildiyini bildirsə də, məhkəmə iclasında həmin pulun onlara ödənildiyini etiraf etmişdir.
29. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə qiymətinin (143.050 manat) 85%-dən yuxarı hissəsi cavabdehə ödənilmiş (124.200 manat), lakin cavabdeh tərəfindən müqavilədə göstərilən işlər yekunlaşdırılmamışdır.
30. İş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikinti və təmir işlərinin, həmçinin həyətyanı torpaq sahəsində üzgüçülük hovuzunun tikintisi işlərinin görüldüyü müəyyən edilmiş, fərdi yaşayış evinin tikintisi (daş hörgüsü və dam örtüyü) başa çatsa da, daxili və xarici təmir işləri, eləcə də üzgüçülük hovuzunun inşası yarımçıq qalmışdır. Həmçinin, aparılmış tikinti və təmir işlərində aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: sanitar qovşağın (evin arxa tərəfində yerləşən) hörgüsü tam yerinə yetirilməmiş və divarla dam arasında boşluq qalmışdır; damın altında yerləşən seysmik kəmərin daxili və xarici hissələrində çatlar əmələ gəlmişdir. Aparılmış hesablamalar nəticəsində görülmüş tikinti və təmir işlərinin dəyəri orta bazar qiymətinə uyğun olaraq təqribən 49.703,9 manat məbləğində müəyyən olunmuşdur.
31. Ekspert rəyindən göründüyü kimi, ekspert cavabdeh tərəfindən müqavilədən kənar inşa edilən hövuzun inşasına və evə bitişik əlavə sanitar qovşağına çəkilmiş xərcləri də nəzərə almışdır.
32. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
33. İşdən göründüyü kimi, cavabdeh müqavilə qiymətinin 85%-dən yuxarı hissəsini cavabdehə ödəsə də, cavabdeh işləri yekunlaşdırmamış, eyni zamanda, gördüyü işlərdə də qüsurlar aşkar edilmişdir.
34. Hazırda iddiaçı cavabdehdən 64.200 manat məbləğində vəsaitin tutulmasını tələb edir və cavabdeh tərəfindən görülmüş işlər 60.000 manat məbləğində vəsait xərcləndiyini bildirir. Lakin ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən tikinti işlərinə çəkilmiş xərclər 49.703,9 manat təşkil edir.
35. Beləliklə, tərəflər arasında bağlanmış müqaviləyə iddiaçı tərəfindən bilavasitə cavabdehin hərəkətləri ilə bağlı olan səbəbə görə xitam verildiyindən, cavabdehin yalnız yerinə yetirilmiş işin haqqını tələb etmək hüququ olduğundan, iddiaçı tərəfindən 49.703,9 manat dəyərində işlər görüldüyünə baxmayaraq cavabdehə ödənilmiş 124.200 manat məbləğdən 60.000 manat çıxılmaqla yalnız 64.200 manat tələb edildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası tam təmin edilməlidir.
36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, cavabdeh hüquqi şəxs olmaqla vergi ödəyicisi olduğundan, qanunvericiliyin tələblərinə əsasən çəkilmiş xərcləri və mənfəəti ilə bağlı vergi orqanlarına vergi bəyannamələri təqdim etməli olduğuna baxmayaraq, cavabdeh təmirtikinti işlərinə çəkilmiş xərcləri (ekspert rəyində göstərilən xərcləri təkzib edən) ilə bağlı hər hansı rəsmi sənəd (ödəniş tapşırıqları, qəbzlər və s.), görüləcək işlərlə bağlı tərtib edilmiş smetanı məhkəməyə təqdim etməmişdir.
37. Bundan başqa, cavabdeh iddiaçı tərəfindən işləri tamamlamağa maddi imkanının olmamasını bildirildiyinə istinad etsə də, kollegiya qeyd edir ki, xx.xx.2023-cü il qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasından imtina barədə məlumata əsasən baxış keçirilən zaman tədqiqat obyekti tam təmir olunduğundan tədqiqatın aparılması mümkün olmamışdır.
38. Göründüyü kimi, iddiaçı tərəfindən fərdi yaşayış evinin tam təmir olunması cavabdehin bu dəlilini təkzib edir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-78/2023 nömrəli qətnaməsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı ödənilməli olan məbləğlə bağlı hissədə dəyişdirilsin, həmin məbləğ 64.200 manat müəyyən edilsin. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR