Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-490/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. **********795 nömrəli, xx.xx.2023-cü il tarixli “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən həmin avtomobil 1 il müddətinə Cavabdeh Sığorta Şirkəti ASC (bundan sonra cavabdeh) tərəfindən könüllü sığorta müqaviləsi (kasko sığortası) üzrə sığortalanmışdır. Sığorta müqaviləsinə əsasən sığorta məbləği 10.000 manat müəyyən edilmişdir. İddiaçı avtomobilin idarə edilməsini səlahiyyətini xx.xx.2023-cü il tarixli etibarnamə ilə X6 həvalə etmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Binəqədi-Novxanı yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı X11 idarə etdiyi “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai HD65” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla həmin yol-nəqliyyat hadisəsinin baş verməsində X11 təqsirkar bilinmiş, onun İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən avtomobilə dəymiş maddi zərər 14.330 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya sığorta hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin sürücüyə icarəyə verildiyi üçün sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq şərtsiz azadolma məbləğinin ümumilikdə 10.100 manat təşkil etdiyi, baş vermiş sığorta hadisəsi nəticəsində azadolma məbləğinin sığorta məbləğindən artıq olduğundan, sığorta ödənişinin edilməsi öhdəliklərinin yaranmadığı bildirilmiş və iddiaçıya (sığortalıya) sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1794 nömrəli ekspert rəyinə əsasən təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 11.000 manat olmuş 2012-ci il buraxılışlı “Chevrolet-Aveo” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 7.700 (11.000-30%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 14.330 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına istinad edərək, onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 16:15 radələrində Abşeron rayonu, Binəqədi-Novxanı yolu ilə mülkiyyətində olan “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə X11 idarə edib hərəkətdə olarkən X7 idarə etdiyi “Hyundai HD65” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 14.330 manat maddi ziyan dəymişdir. Lakin, hadisədən uzun müddət keçməsinə baxmayaraq, bugünədək avtomobilinə dəymiş maddi ziyanla bağlı cavabdeh ‘‘Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən heç bir ödəmə aparılmamışdır. ‘‘Atəşgah” Sığorta Şirkəti ASC kasko sığorta müqaviləsinin tələblərini pozmuşdur.
4. Cavabdeh Sığorta Şirkəti ASC iddia ərizəsinə qarşı yazılı etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh Sığorta Şirkəti arasında bağlanmış müqavilə üzrə avtonəqliyyat vasitəsinin sığorta dəyəri və sığorta məbləği 10.000 manat, şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. Həmin şəhadətnamənin “əlavə şərtlər və təminatlar” bölməsində avtonəqliyyat vasitəsini taksi kimi istifadə edilən və ya icarəyə verilən NV-si üzrə azadolma məbləği +10.000 manat əlavə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Sığorta hadisəsi baş verən vaxt nəqliyyat vasitəsi sürücüyə icarəyə verildiyi üçün sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq şərtsiz azadolma məbləği ümumilikdə 10.100 manat təşkil etmişdir. Beləliklə, baxılan halda baş vermiş sığorta hadisəsi nəticəsində azadolma məbləği sığorta məbləğindən artıq olduğundan, sığortaçının sığortalıya sığorta ödənişi etmək öhdəliyi yaranmamışdır. Belə ki, hadisə tarixindən 2 gün sonra yəni 13 sentyabr tarixində hadisə zamanı sürücü olmuş X11 şirkətin əməkdaşlarına verdiyi video izahatda avtomobili icarəyə götürdüyünü bildirmişdir. O, həmçinin izahatda avtomobili icarəyə verən şirkətlərin (rent a car) şərtlərindənsə iddiaçı ilə aralarında olan razılaşmanın daha sərfəli olmasını bildirir (daha çox icarə haqqı, vergilər və s.). İzahatdan məlum olmuşdur ki, ümumiyyətlə, sürücü iddiaçını yaxından tanımır, vasitəçinin köməyi ilə avtomobili icarəyə götürmüşdür. Sürücü iş üzrə hazırlıq iclasında ifadə verərkən də həmin nəqliyyat vasitəsi ilə ictimai iaşə obyektinə (restoran, şadlıq sarayı) ərzaq və ya içki məhsulları daşıdığını qeyd etmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən onun mülkiyyətində olan avtomobil xx.xx.2023-cü il tarixli etibarnamə ilə X8 uzunmüddətli istifadəyə verilmiş, elə həmin gün **********795 nömrəli sığorta müqaviləsi ilə sığortalanmışdır. Mülki Məcəllədə və digər qanunvericilik aktlarında daşınar əşyaların icarə müqaviləsinin forması (şifahi və ya yazılı) ilə bağlı hər hansı tələb mövcud deyil. Sığorta müqaviləsinin özündə icarəyə verilmənin müqavilə əsasında rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu isə əşyanın verilməsi yolu ilə faktik icarə münasibətlərinin, sahibliyin yaranmasını ehtiva edir. İşin faktiki hallarından da aydın olur ki, tərəflər arasında icarə münasibəti mövcud olmuş, nəqliyyat vasitəsi V.Həsənovun istifadəsinə verilmiş və o, həmin nəqliyyat vasitəsini gəlir götürmək üçün istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin təşəbbüsü ilə X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, maddi zərərin əvəzi olaraq 7.600 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 96 manat hissəsinin Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manatın 60 manat hissəsinin Cavabdeh Sığorta Şirkəti ASC-dən, 40 manat hissəsinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim X12).
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilikdə sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin “avtomobilin icarə əsasında üçüncü şəxsin istifadəsində olduğuna” dair dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəf bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi yeganə sübut video yazıdır ki, cavabdehin əməkdaşı hadisədən dərhal sonra xəstəxanada üçüncü şəxsdən müsahibə almış, məhkəmə icraatı dövründə isə Həsənov Vurğun həmin video yazıda bildirdiyi xüsusatları təsdiq etməmişdir. Məhkəmə araşdırması dövründə nə iddiaçı, nə də ki, üçüncü şəxs avtomobilin icarəyə verilməsini təsdiq etməmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
8. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 9/1794 nömrəli rəyini mötəbər sübut hesab edərək qeyd etmişdir ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, “Chevrolet Aveo” markalı, ** MT *** dövlət nömrəli nişanlı minik avtomobilin sığorta müqaviləsinə əsasən hər hadisə üzrə 100 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, 7.700-100=7.600 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
9. Məhkəmə həmçinin, hesab etmişdir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 60 manat hissəsi Cavabdeh Sığorta Şirkəti ASC-dən, 40 manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 922-ci, 926cı, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 103-cü, 119.1-ci, 206-cı, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Sığorta Şirkəti ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın və etiraza əlavənin məzmununa uyğun əsaslandırmış və və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində bütün sübutlar tədqiq edilsə də, cavabdeh tərəfindən təqdim edilmiş video izahatın yer aldığı CD (disk) tədqiq edilməmişdir. Video izahatın sübut kimi qiymətləndirilməməsinin səbəbləri göstərilməmişdir. Video izahat işin gedişatına birbaşa təsir edəcək sübut olduğu halda məhkəmə tərəfindən tədqiq edilməmiş, ona tətbiq edilməli hüquq normalarına uyğun qiymət verilməmişdir. İddiaçı ilə hadisə zamanı sürücü olmuş şəxs arasında olan faktiki icarə münasibətləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Buna səbəb də iddiaçının və sürücünün aralarında icarə müqaviləsinin olmamasını bildirməsi olmuşdur. Mülki Məcəllədə və digər qanunvericilik aktlarında daşınar əşyaların icarə müqaviləsinin forması (şifahi və ya yazılı) ilə bağlı hər hansı tələb mövcud deyil. Sığorta müqaviləsinin özündə icarəyə verilmənin müqavilə əsasında rəsmiləşdirilməsi nəzərdə tutulmur. Bu isə əşyanın verilməsi yolu ilə faktiki icarə münasibətlərinin, sahibliyin yaranmasını ehtiva edir. İddiaçının nümayəndəsi və hadisə zamanı sürücü olmuş X11 video müsahibədə dediyini məhkəmədə inkar edərək avtomobilin icarəyə verilməsi ilə bağlı dediklərinin həqiqəti əks etdirmədiyini, müsahibə verərkən anlaqlı vəziyyətdə olmadığını israrla bəyan etmişdir. Onların video müsahibədə tək inkar etdiyi, sürücünün anlaqsız olduğunu iddia etdiyi hissə məhz icarə münasibətləri ilə bağlı hissə olmuşdur. Halbuki iş materiallarına nəzər salsaq görərik ki, sürücünün yol-nəqliyyat hadisəsi zamanı aldığı zədələr onu anlaqsız vəziyyətə gətirərəcək zədələr deyil, ayaq və qabırğaları ilə bağlı olmuş və bu onun video izahat zamanı şüurunun yerində olmamasını sübut etmir. Bu səbəbdən,video-izahat daha dəqiq tədqiq edilməli, şəxsin müsahibə zamanı anlaqlı olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilməli idi. Tərəflər arasında rəsmiləşdirilmiş icarə müqaviləsi olmasa belə, sürücünün etirafından aydın olmuşdur ki, onlar arasında olan münasibət əvəzsiz istifadə münasibəti deyil faktiki icarə münasibəti olmuşdur. Məhkəmə ekspert rəyini təkzib edən işdə olan sübutları qiymətləndirməmiş, rəylə razılaşmamaq üçün əsaslar olduğu halda qətnamədə belə əsasın olmamasını göstərmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, mübahisə sığorta ödənişinin məbləği barəsində deyil. İddiaçı özü də sığortaçının qiymətləndirməsi ilə razı olmuşdur. Bu halda nəqliyyat vasitəsinə dəyən zərərin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədəuyğun hesab edilmirdi. Məhkəmə qətanmənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, “işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı sığorta ödənişinin ödənilməsini iddia edir, cavabdeh tərəf isə avtomobilin icarə münasibətləri əsasında üçüncü şəxsin istifadəsində olduğuna istinad edərək iddiaya etiraz edir”. Halbuki cavabdeh nəqliyyat vasitəsinin üçüncü şəxsin istifadəsinə verildiyinə görə iddiaya etiraz edib sığorta ödənişindən imtina etmir. Cavabdeh iddia edir ki, hadisə sığorta hadisəsi kimi tanınıb, zərər məbləği 14.333 manat məbləğində qiymətləndirilib, amma hadisə zamanı nəqliyyat vasitəsi faktiki icarəyə verildiyi üçün sığorta müqaviləsinin şərtinə əsasən 10.000 manat məbləğində azadolma məbləği tətbiq edilməlidir. Bu halda da müqavilə üzrə nəzərdə tutulmuş azadolma məbləğinin sığorta məbləğindən artıq olduğunu nəzərə alınaraq iddiaçıya sığorta ödənişi ödənilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin, habelə iddia ərizəsinə etirazın, o cümlədən etiraza əlavənin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli süməyən üçüncü şəxs X11 apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi; 418.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun; 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır; 908.1-ci və 908.1.6-cı maddələrinə əsasən əqdlərin etibarsızlığının bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalının vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə münasibətdə bağlandığı andan etibarsız sayılır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925.1-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinad edərək qeyd edir ki, mübahisə predmetini təşkil edən və İddiaçı mülkiyyətində olan “Chevrolet-Aveo” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən 1 il müddətinə Cavabdeh ASC tərəfindən kasko (könüllü) sığortası üzrə sığortalanmışdır. Həmin avtomobil iddiaçı tərəfindən idarə edilməsi üçün xx.xx.2023-cü il tarixli etibarnamə ilə X6 verilmişdir. Avtomobilin bu qaydada istənilən səlahiyyətli (sürücülük hüququ olan) şəxsin istifadə və sahibliyinə verilməsi həmin müqavilədə nəzərdə tutulmuşdur.
24. xx.xx.2023-cü il tarixdə həmin avtomobil X10 tərəfindən idarə olunarkən Abşeron rayonu, Binəqədi-Novxanı yolunda “Hyundai HD65” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin yol-nəqliyyat hadisəsinin baş verməsində X10 təqsirkar bilinmişdir.
25. Cavabdeh tərəfindən həmin avtomobilə dəymiş maddi zərər 14.330 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya sığorta hadisəsi baş verən zaman nəqliyyat vasitəsinin sürücüyə icarəyə verildiyi üçün sığorta şəhadətnaməsinin şərtlərinə uyğun olaraq şərtsiz azadolma məbləğinin ümumilikdə 10.100 manat təşkil etdiyi, baş vermiş sığorta hadisəsi nəticəsində azadolma məbləğinin sığorta məbləğindən artıq olduğundan, sığorta ödənişinin edilməsi öhdəliklərinin yaranmadığı bildirilmiş və iddiaçıya (sığortalıya) sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
26. Hazırki mülki iş üzrə qeyd edilən yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olubolmaması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Belə ki, iddiaçı cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan avtomobilə dəymiş zərərə görə sığorta ödənişi verilmədiyini əsas gətirərək avtomobilə dəymiş zərərin ödənilməsini tələb edir. Cavabdeh isə baş vermiş sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəniş vermək öhdəliyinin olduğunu, lakin, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən 100 manat şərtsiz və avtomobil icarəyə verildiyindən 10.000 manat məbləğində əlavə azadolma məbləğinin nəzərdə tutulduğunu bildirir və nəticə etibarı ilə ümumi azadolma məbləğinin (10.100 manat) sığorta məbləğindən (10.000 manat) çox olması səbəbindən baş vermiş sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina edir.
27. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, hazırki mübahisə üzrə ilk növbədə baş vermiş sığorta hadisəsi üzrə dəymiş zərər məbləğinə əlavə azadolma (10.000 manat) məbləğinin tətbiq edilməsinin qanuniliyi yoxlanılmalı, bundan sonra iddiaçının tələb etdiyi sığorta ödənişinin ödənilməsi məsələsinə hüquq qiymət verilməlidir.
28. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, sığorta müqaviləsində sığorta məbləğinin 10.000 manat, şərtsiz azadolma məbləğinin 100 manat olduğu qeyd edilmişdir. Bununla yanaşı, qeyd edilən müqavilədə 2 konkret hal üzrə əlavə azadolma məbləği də nəzərdə tutulmuşdur: 1) yaşı 24-dən və ya sürücülük təcrübəsi 2 ildən çox olmayan sürücülər – 500 manat; 2) Taksi kimi istifadə edən və ya icarəyə verilən nəqliyyat vasitəsi üzrə – 10.000 manat. İddiaçı həmin müqavilənin məzmunu, o cümlədən bu şərtlə tanış olmaq və onu qəbul etmək imkanına malik olmuş və müqaviləni imzalamaqla hüquqi nəticə etibarı ilə həmin şərtlərlə razılaşaraq, onları qəbul etmişdir. Bu baxımdan həmin şərtlər müqavilənin standart şərtləri olaraq onun tərkib hissəsinə çevrilmişdir.
29. Qeyd olunmalıdır ki, sığorta qanunvericiliyinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir və sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərti kimi nəzərdə tutulmuş 100 manat şərtsiz azadolma məbləği ilə bağlı mübahisə yoxdur. 10.000 manat əlavə azadolma məbləğinin tətbiqi isə müqavilə şərti kimi avtomobilin taksi kimi istifadə edilməsi və ya icarəyə verilməsi halından asılı edilmişdir. Hazırda da cavabdeh müqavilənin məhz həmin şərtinə və sığorta olunanın (hazırki mülki iş üzrə üçüncü şəxs) yol-nəqliyyat hadisəsindən sonra xəstəxanda sığorta şirkətinin əməkdaşı tərəfindən videoyazı ilə müşayiət olunan suallarına cavabına istinad edərək avtomobilin hadisə vaxtı sığortalı tərəfindən sığorta olunana icarəyə verildiyi qənaətinə gəlmiş və həmin halın da əlavə azadolma məbləğinin zərər məbləğindən çıxılmasına əsas yaratdığı arqumentindən çıxış edərək yekunda sığorta ödənişinin verilməsindən imtina etmişdir.
30. Halbuki, müqavilədə bu hal üzrə məhz sığorta məbləği həddində əlavə azadolma məbləğinin müəyyən edilməsi nəinki bu münasibətlərə tədbiq edilən azadolmanın, bütövlükdə sığorta institutunun mahiyyət və məqsədlərinə ziddir. Belə ki, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından azadolma məbləği sığorta ödənişinin məbləğinin azalmasına səbəb ola bilər və bu məbləğ nəticə etibarı ilə sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissədir. Mülki Məcəllənin 898.2-ci maddəsi də məzmun etibarı ilə bu mənanı verir. Bu baxımdan tərəflər arasında yaranmış sığorta münasibətləri çərçivəsində azadolma məbləği sığorta məbləğini tam əhatə edə bilməz və ya ondan artıq ola bilməz.
31. Məhkəmə kollegiyası qüvvədə olan qanunvericiliyə istinadən onu da qeyd edir ki, sığorta müqaviləsinin predmeti olan avtomobilin icarəyə verilməsi sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi müəyyən edilməmiş, sığorta riskinin dəyişməsinə təsir göstərə bilən hal kimi təsbit edilmişdir (Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları). Bu baxımdan cavabdeh sığorta müqaviləsində icarəyə verilən nəqliyyat vasitəsi üzrə azadolma məbləğini sığorta məbləği həddində müəyyən etməklə hüquqi nəticə etibarı ilə nəqliyyat vasitəsinin icarəyə verilməsini sığorta ödənişinin verilməsindən imtinanın əsası kimi müəyyən etmişdir. Bu səbəbdən həmin əlavə şərt sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalının vəziyyətini nəinki pisləşdirən, hətta onu sığorta ödənişi almaq imkanından məhrum edən, nəticə etibarı ilə vicdanlıq prinsiplərinə zidd olaraq müqavilə tərəfi olan iddiaçı üçün zərərli şərt kimi qiymətləndirilməlidir. Qeyd edilənlər öz növbəsində həmin şərtin etibarsız olmasını şərtləndirir və bu əsasla sığorta ödənişinin verilməsindən imtinanın əsassız olduğunu təsdiq edir.
32. Bununla belə, göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyası hesab edir ki, sığorta şirkəti xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə azadolma məbləğinin sığorta məbləğindən çox olması əsası ilə sığorta ödənişinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Müqavilədə təsbit edilməklə bu imtinaya əsas yaradan həmin şərt etibarsızdır. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi verilməlidir.
33. Məhkəmə kollegiyası hər bir halda, cavabdehin imtinasının əsası ilə bağlı qeyd edir ki, cavabdehin mövqeyi yalnız həmin avtomobilin sürücüsünün videoyazıdakı izahatına dayanır. Başqa sözlə, cavabdehin həmin halla bağlı başqa sübutu yoxdur. Lakin iddiaçı və üçüncü şəxs həm birinci instansiya məhkəməsində, həm də hazırki icraat çərçivəsində birmənalı olaraq avtomobilin icarə verildiyini qəbul etmir və videoyazının qəzadan dərhal sonra xəstəxanada lentə alındığını, aldığı xəsarətlərdən sürücünün özündə olmadığı mövqeyindən çıxış edirlər.
34. Məhkəmə kollegiyası cavabdehin yeganə sübutunun video-yazı olduğunu, sığortalı ilə sığorta olunan arasında icarə münasibətlərinin mövcudluğunu təsdiqləyən hər hansı digər sübutun təqdim edilmədiyini nəzərə alaraq cavabdehin bu mövqeyini ümumiyyətlə əsassız hesab edir. Belə ki, qanunverici sığorta şirkətinə foto və video çəkilişin aparılması hüququnu zərərin müəyyən edilməsi məqsədilə ilə vermişdir (hazırki halda avtomobilin qəzadan sonrakı vəziyyətinin, hadisə yerinin və s.). Eyni zamanda, baş vermiş hadisənin araşdırılması məqsədilə sığorta şirkəti tərəfindən hadisənin iştirakçılarının izahatlarının alınması ilə bağlı qadağa da mövcud deyil. Lakin sığorta şirkəti məhz bu izahata əsaslanaraq sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsindən imtina etməməlidir. Xüsusilə də hazırki halda iddiaçı tərəf video-yazıdakı izahatını müdafiə etmir və tamamilə əks mövqedən çıxış edir.
35. Məhkəmə kollegiyası sığorta ödənişinin məbləğinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və Azərbaycan Respublikası Ədliyyə nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1794 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, 7.600 (7.700 manat -100 manat şərtsiz azadolma məbləği) manat məbləğində sığorta ödənişinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir.
36. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan dövlət rüsumunun məbləği, habelə ekspert tədqiqatının dəyərinin bölüşdürülməsi ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir.
37. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-404/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh Sığorta Şirkəti ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.