Məhkəmə qərarları › İş №2(103)-4900/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4900/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4900/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinə əməl olunmaması, müqavilə üzrə artıq ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “artıq ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" MTK (Podratçı) ilə X5 (Sifarişçi) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 97 nömrəli "xxxx" müqaviləyə görə MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında tikilən B binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 78 nömrəli 3 otaqlı mənzili inşa edib Səkinə Məlikovaya (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 77 668,8 manatın 30 faizini, yəni 23 300,64 manatı müqavilə imzalanan gün, qalan hissəsini hər ay 1812,27 manat olmaqla 30 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi 161,81 m2 olaraq müəyyənləşdirilmişdir.

2. İddiaçı ilə X5 arasında bağlanmış və Bakı şəhərinin notariusu X3 tərəfindən təsdiq edilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” xx.xx.2012-ci il tarixli müqaviləyə görə, Səkinə Məlikova Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında tikilən yaşayış “B” binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşəcək üç otaqlı, 78 nömrəli mənzilə dair bütün hüquqlarını İddiaçı ötürməyi, İddiaçı isə "xxxx" MTK (Podratçı) ilə X5 (Sifarişçi) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 97 nömrəli "xxxx" müqaviləyə əsasən Səkinə Məlikova tərəfindən həmin MTK-ya ödənilməli olan 23 300 manat ilkin ödənişi və mənzilin ümumi dəyərinin qalan hissəsini 30 ay müddətində bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşlər.

3. "xxxx" MTK (Podratçı) ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu (Sifarişçi) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 127 nömrəli "xxxx" müqaviləyə görə MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında tikilən C binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 28 nömrəli 3 otaqlı mənzili inşa edib Rasim Süleyman-zadəyə (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 77 668,8 manatın 30 faizini, yəni 23 300,64 manatı müqavilə imzalanan gün, qalan hissəsini hər ay 1812,27 manat olmaqla 30 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 480 manat, hesablaşma sahəsi 161,81 m2 olaraq müəyyənləşdirilmişdir.

4. İddiaçı ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu arasında bağlanmış və Bakı şəhərinin notariusu X3 tərəfindən təsdiq edilmiş “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” xx.xx.2012-ci il tarixli müqaviləyə görə, Rasim Süleyman-zadə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında tikilən yaşayış “C” binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşəcək üç otaqlı, 28 nömrəli mənzilə dair bütün hüquqlarını İddiaçı ötürməyi, İddiaçı isə "xxxx" MTK (Podratçı) ilə Süleyman-zadə Rasim Qəhrəman oğlu (Sifarişçi) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 127 nömrəli "xxxx" müqaviləyə əsasən Rasim Süleyman-zadə tərəfindən həmin MTK-ya ödənilməli olan 23 300 manat ilkin ödənişi və mənzilin ümumi dəyərinin qalan hissəsini 30 ay müddətində bərabər hissələrlə ödəməyi öhdələrinə götürmüşlər.

5. "xxxx" MTK (Podratçı) ilə İddiaçı (Sifarişçi) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 164 nömrəli "xxxx" müqaviləyə görə MTK (Podratçı), Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında tikilən C binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 59 nömrəli 4 otaqlı mənzili inşa edib İddiaçı (Sifarişçi) təhvil verməyi, sifarişçi isə mənzilin razılaşdırılan dəyəri olan 141148,80 manatın 30 faizini, yəni 42 344,64 manatı müqavilə imzalanan gün, qalan hissəsini hər ay 3952,17 manat olmaqla 25 ay ərzində podratçıya ödəməyi öhdələrinə götürmüş, mənzilin ümumi yaşayış sahəsinin bir kv.metrinin qiyməti 520 manat, hesablaşma sahəsi 271,44 m2 olaraq müəyyənləşdirilmişdir.

6. xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-nə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbaycan” qəzetində rəsmi elan yerləşdirilmişdir.

7. X2 (İddiaçı həyat yoldaşı) Cavabdeh1 MMC-nə qarşı “müqavilənin ləğv edilməsi, mənzilə görə ödənilmiş pulun, memara ödədiyi pulun və dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması” tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq cavabdehdən Elmira Məmmədovanın xeyrinə 249,11 m2 sahəsi olan mənzilə görə tutulan pul məbləği 249,110 ABŞ dolları müəyyənləşdirilmiş, Cavabdeh1 MMC-nin həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək qətnamə iddianın təmin olunan hissəsində ləğv edilib yeni apellyasiya baxışına göndərilmişdir.

8. Həmin iş üzrə kassasiya instansiyası məhkəməsi öz qərarında vurğulamışdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.

9. Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, yəni “Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 74 ünvanında yerləşən 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X7 və Cavabdeh1 MMC arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 249 110 ABŞ dollarının tutulması” hissəsində ləğv olunmuş, həmin iddia tələbi qismən təmin edilmiş, mənzilin əksik olan 24,1 kvadratmetri üçün 24 100 ABŞ dollarının Cavabdeh1 MMC-dən X4 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh1 MMCnin verdiyi kassasiya şikayəti hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır.

11. X13 (İddiaçı oğlu) 04 oktyabr 2018-ci il tarixdə Cavabdeh1 MMC-nə qarşı “mənzilə görə artıq ödənilmiş pulun və zərərin əvəzinin ödənilməsi” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı (iddiaçı) Cavabdeh1 MMC-nə (cavabdeh) qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağladığı müqavilələr üzrə cavabdehin öhdəliklərini yerinə yetirməməsi səbəbindən 89,5 kv.metr çatışmayan sahəyə görə 143 200 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 143 230 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən tikilmiş aşağıdakı mənzillərin sahibidir: “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 161,81 m2 sahəsi olan 78 saylı mənzilin (əsas: 97 nömrəli 11 may 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 161,81 m2 sahəsi olan 28 saylı mənzilin (əsas: 127 nömrəli 01 iyun 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”); “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqlı, 271,44 m2 sahəsi olan 59 saylı mənzilin (əsas: 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”). xx.xx.2011-ci il tarixdə Vergilər Nazirliyinin BŞVD KHŞDQİ tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK yenidən təşkilin qoşulma formasında Cavabdeh1 MMC-yə qoşularaq ləğv olunmuş və bu barədə 2014-cü ilin noyabr ayında “Azərbaycan” qəzetində rəsmi elan yerləşdirilmişdir. Mənzillər üzərində mülkiyyət hüquqları hazıradək qeydiyyata alınmamışdır. Bina inşa edilərkən 2016-cı ilin aprelinədək tam məbləğ ödənilmişdir və tamamlama işləri davam edir. Mənzillərin təmiri üçün dizayner-memarla birgə onlara baxış keçirərkən, mənzillərin ümumi sahələrinin tərəflər arasında imzalanmış müqavilələrdə qeyd olunduğundan fərqli olduğunu müəyyən etmişlər. X14 tərəfindən verilən hesabata əsasən 4 otaqlı mənzilin sahəsi müqavilədə göstərilən 271,44 kv.m. əvəzinə faktiki 227,36 (yəni 44.08 kv.m. əskik), 3 otaqlı mənzillərin hər birinin sahəsi 161,81 m2 əvəzinə 139,1 kv.m. (yəni 22.71 birində olmaqla iki mənzildə 45.42 kv.m. əskik) təşkil edir. Beləliklə, cəmi üç mənzil üzrə 89,5 kv.m. sahə müqavilələrdə göstəriləndən azdır. Müqavilələrə görə mənzillərin qiyməti 2012-ci ildə 3 otaqlı mənzillərin hər kvadrat metrinə görə 498 manat, 4 otaqlı mənzilə görə isə 538 manat olmuşdur. Lakin hazırda bu binalarda yerləşən mənzillərin faktiki sahəsinin bir kvadrat metrinin ən aşağı bazar qiyməti 1600 manatdır. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehin ona vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahəyə görə 1600 manat olmaqla, cəmi 143 200 manat məbləğindədir. Məhkəməyə müraciət edilənədək, cavabdeh şirkətin baş mühasibi və şirkətin rəhbərinin nümayəndəsi (Nazim İbrahimov) ilə aparılan danışıqlar zamanı əskik gələn sahəyə görə pulun qaytarılması ona vəd edilsə də, hazıradək bu öhdəlik cavabdeh şirkət tərəfindən icra olunmamışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2, 567, 577.1, 443, 443.3-cü maddələrinə əsasən iddianın təmin edilməsini xahiş edir.

14. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Cavabdeh2 da cavabdeh qismində göstərməklə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, 97 nömrəli 11 may 2012-ci il tarixli, 127 nömrəli 01 iyun 2012-ci il tarixli və 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən üç mənzil üzrə 89,5 kv.metr çatışmayan sahəyə görə 179 000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 179 030 manatın, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, Zərdabi prospekti 74 ünvandakı “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı 78 saylı mənzildə, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzildə və “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzildə arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə dəymiş ziyan olaraq üç mənzil üzrə ümumilikdə 70 000 manatın, mənzillərin giriş qapılarının açarlarının dəyişdirilməsinə görə çəkilmiş xərc olaraq 300 manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbində iddiaçıya üç mənzilə görə dəymiş zərərin məbləği 143 200 manat göstərilmişdir. Lakin hazırda bu binalarda yerləşən oxşar mənzillərin faktiki sahəsinin bir kvadratmetrinin qiyməti yüksəlmişdir və minimum bazar qiyməti 1800 manatdır. Minimum bazar qiymətini nəzərə alaraq, cavabdehlərin iddiaçıya vurduğu zərər 89,5 kvadrat metr çatışmayan sahənin hər kvadratmetrinə görə 1800 manat olmaqla, cəmi 161 100 manat məbləğindədir. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, Zərdabi prospekti 74 ünvanda “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı 78 saylı mənzilə, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzilə və “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilə dair bağlanmış müqavilələr üzrə öhdəliklərin icrası ilə bağlı cavabdeh MMC tərəfindən "xxxx" 97 nömrəli 11 may 2012-ci il tarixli, 127 nömrəli 01 iyun 2012-ci il tarixli və 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli müqavilə şərtlərinin tam yerinə yetirilməsi vəziyyəti yoxlanılarkən, arakəsmə divarların şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə iddiaçıya ümumilikdə 70 000 manat ziyan cavabdehlər tərəfindən vurulmuşdur və hesab edir ki, dəymiş ziyan olaraq həmin məbləğdə pul cavabdehlərdən tutularaq iddiaçıya birdəfəlik qaydada ödənilməlidir. Həmçinin iddiaçıya məxsus hər üç mənzilin giriş qapısının açarları cavabdehlər tərəfindən bilərəkdən xeyli müddət təqdim edilməmişdir. Hətta bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi əvvəlcə mümkün olmamış, sonradan iddiaçı məcbur olub peşəkar usta xidmətindən istifadə edərək, hər üç mənzilin giriş qapısının açarlarını məcburən dəyişdirmişdir. Nəticədə, cavabdehlər tərəfindən idiaçıya əlavə ziyan vurulmuşdur. Bununla bağlı iddiaçı hər mənzilə 100 manat olmaqla ümumilikdə 300 manat xərc çəkmişdir.

16. İddiaçı məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, X6 ilə Cavabdeh1 MMC arasında imzalanmış 24 mart 2015-ci il tarixli alqı-satqı müqaviləsinin podrat müqaviləsi olması mülki hüquqa ziddir, hüquqi qeyri-müəyyənlik yaratmaq cəhdidir. Belə ki, cavabdeh bilərəkdən məhkəmədə işin ədalətli və qanuna əsasən baxılmasına əngəl törətmək üçün hər cür yanlışlığa əl atır, bilərəkdən və qərəzli olaraq prosessual imkanlardan istifadə etməklə, ədalətli və qanuni qətnamənin qəbul olunmasına mane olur. Tərəflərin Mülki Məcəllədə podrat münasibətlərində nəzərdə tutulanlar üçün müəyyən edilən digər hüquqları və vəzifələri də faktiki mövcud deyil. Belə ki, Cavabdeh1 MMC Mülki Məcəllənin 770-ci maddəsinə əsasən yerinə yetirdiyi işi hazıradək mənzil sahiblərinə təhvil verməyib, ona və digərlərinə bu barədə bildiriş göndərməyib. Digər sakinlər kimi, o da öz növbəsində işi təhvil almağı barədə heç bir sənədi imzalamamışdır. Hazıradək iş tamamlanmamış hesab olunur. Belə ki, podrat müqaviləsinə görə tikilmiş binanın istismarına icazə verilmədiyinə görə, Mülki Məcəlləyə əsasən bina “tikintisi başa çatmayan” binadır, yarımçıq tikilidir. Müqavilələrə görə cavabdeh bu mənzilləri 30 ay müddətində, yəni 01 iyun 2012-ci il tarixindən 2015-ci ilin dekabr ayında təhvil verməli idi. Artıq 2023-cü ildir. Cavabdehin davranışı mənzillərin sahəsi üzrə qüsuru gizlətməsi anlamına gətirir. Belə ki, "Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lərin hər üçündə 2.2-ci bəndində ödəniş mənzillərin hər kv. metr "yaşayış sahəsi”nə görə aparılmalıdır. Yaşayış sahəsi isə layihələndirmə və ya oxdan-oxa sahə və s. deyil. Azərbaycan Respublikasında mənzillərə verilən çıxarışda yalnız yaşayış sahəsi, hansı ki, tamamlanmış mənzildə divardan divara ölçü hesablanmaqla müəyyən edilir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya (podratçı) istinad edə bilməz. Binaya aid tələb isə təhviltəslimdən sonra 5 ildir, hansı ki, bu günədək bina yarımçıq tikili hesab edilir. Cavabdeh1 MMC-nin hər üç müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Yasamal rayon Məhkəməsinə verilən iddiası həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1621/2023 nömrəli iş üzrə qərardadı ilə Yasamal Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ən əsası isə budur ki, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə görə məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərildiyi kimi, Mülki Məcəlləyə qeyd edilən və 2018-ci ildən qüvvəyə minən hüquq normaları iddiaçı ilə cavabdeh arasında 2012-ci ildə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lərin hər üçünə münasibətdə tətbiq edilə bilməz. Belə ki, podrat müqaviləsinə uyğun olan müqavilə və ya faktiki davranış cavabdeh tərəfindən olmamışdır. Bunun əlavə təsdiqi də budur ki, podrata aid olan Mülki Məcəllənin 770-1.3cü maddəsində tikintinin hər mərhələsi üzrə ödəniş qrafiki müəyyən edilib və sonuncu olan 12-ci mərhələdə bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra - müqavilə məbləğinin yerdə qalmış 5 faizi, yəni sonuncu ödəniş aparılır. Göründüyü kimi, cavabdeh bunların heç birini təsdiq edən sübutu (sənəd) təqdim etməmişdir. Lakin cavabdeh mənzillərin pulunu qabaqcadan bütün alıcılardan tələb etdiyinə görə heç bir halda podrat münasibətlərinə istinad edə bilməz. Cavabdeh açıqaşkar olan əskik gələn fiziki ölçüləri gizlədə bilmədiyinə görə, əsassız olaraq gah podrat məsələlərini, gah iddia predmetinə aid olmayan ödəniş qəbzlərinə məhkəmənin diqqətini yönəldir, bu da, aşkar surətdə məhkəmənin tezliklə işə baxıb yekun vurmasına maneçilik törətməkdir. Hətta, tikinti üçün bütün ödənişlərdən sonra, əlavə olaraq yaşayış sahəsinin hər bir kvadrat metri üçün ödənilən 17 manat 50 qəpik məbləğində sonuncu ödənişləri təsdiq edən qəbzlərin surətlərini də məhkəməyə təqdim edir. Bütün əvvəlki ödənişlər edilmədən, hər kvadrat metr üçün 17 manat 50 qəpik məbləğində əlavə ödənişə dair qəbz verilə bilməzdi. Bu qəbz özü-özlüyündə əvvəlki bütün qəbzlərin mövcudluğu deməkdir. Mənzillərə dair ödəniş qəbzlərini, mənzilin dəyərinin ödənilib-ödənilməməsini, bu ödənişlərin faktiki olub-olmamasını cavabdeh tərəf iddiaçıdan deyil, "xxxx" MTK-dan təhvil-təslim zamanı 8 il bundan əvvəl tələb etməli idi.

17. Cavabdeh1 MMC-nin nümayəndəsi iddianın əsassız olduğunu bildirmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını xahiş etmişdir.

18. Məhkəmənin təyin etdiyi tikinti-texniki ekspertizası əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: İ sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 otaqlı, 78 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 97 nömrəli xx.xx.2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.m) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; İİ sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 otaqlı 28 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən 139,0 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə mənzilə dair bağlanmış 127 nömrəli xx.xx.2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (161,81 kv.km) arasında Qaydalara uyğun lociyaya azaltma əmsalı tətbiq olunduqda (4.7 kv.m azalma) 22,81 kv.m fərq olduğu müəyyən edilir; İİİ sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “C” yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 4 otaqlı 59 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 229,5 kv.m təşkil edir. Bu mənzilin ümumi sahəsi ilə, həmin mənzilə dair bağlanmış 164 nömrəli xx.xx.2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”də qeyd edilmiş sahəsi (271,44 kv.m) arasında Qaydalarauyğun lociyaya və balkona azaltma əmsalı tətbiq olunduqda (11.4 kv.m azalma) 41,94 kv.m fərq olduğu müəyyən edilir; İV sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyini nəzərə alaraq, müqavilələrdə qeyd olunan sahələrin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilir; V sual üzrə: Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı və 4 otaqlı 59 saylı) qonaq otağı ilə mətbəx və holl arasındakı arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu müəyyən edilmişdir. Smeta üzrə aparılmış hesablamalar nəticəsində qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləği 4553,5 manat müəyyən edilir; Vİ sual üzrə: Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 78 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m., “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 28 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edildikdə sahəsinin 161,7 kv.m, “C” yaşayış binasının 13-ci mərtəbəsində yerləşən 59 saylı mənzilin divarlarının və ara kəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahə daxil edilməklə sahəsinin 271,0 kv.m təşkil etdiyi müəyyən edilir”.

19. Birinci instansiya məhkəməsinin 04 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

20.1. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanında yerləşən 3 mənzilə dair 2012-ci ilin may, iyun və oktyabr aylarında 97, 127 və 164 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən mənzilin pay dəyəri ödənilmiş və mənzillər idiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı hər üç mənzildə çatışmayan 89.5 kv. metr sahəyə görə 179 000 manat pulun, mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə üç mənzil üzrə 70 000 manat pulun, eləcə də hər üç mənzilin giriş qapısının açarlarının dəyişdirilməsinə görə 300 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. 20.2. Tərəflər arasındakı mövcud hüquq münasibətləri 97 nömrəli 11 may 2012-ci il tarixli, 127 nömrəli 01 iyun 2012-ci il tarixli, 164 nömrəli 17 oktyabr 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”lər əsasında yaranmışdır və həmin müqavilələrin 1.1-ci bəndinə uyğun olaraq sirfarişçi bu müqaviləni əsas tutaraq sifariş etmiş, podratçı isə Bakı şəhəri, Yasamal rayonu 589-cu məhəllə, H.B. Zərdabi prospekti 74 ünvanında tikilən “B” yaşayış binasının 17-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161,81 m2 sahəsi olan 78 saylı mənzili, “C” yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 161,81 m2 sahəsi olan 28 saylı mənzili və “C” yaşayış binasının 13cü mərtəbəsində yerləşən 4 (dörd) otaqlı 271,44 m2 sahəsi olan 59 saylı mənzili inşa edib təhvil verməyi öz öhdəsinə götürmüşdür. 20.3. Sözügedən müqavilələrin 2.1 və 2.2-ci bəndlərində ödənişin mənzillərin ümumi yaşayış sahəsinə görə hesablandığı və hesablaşma sahələrinin üç mənzil üzrə müvafiq olaraq 161.81, 161.81 və 271,44 kv.metr olduğu müəyyən edilmişdir. 20.4. Bağlanmış müqavilələrin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı müqavilələrin 4.1.1 -ci bəndində sadalanan görüləcək tikinti-quraşdırma işlərini lahiyəsmeta sənədlərində nəzərdə tutulmuş texniki normalara uyğun olaraq 30 ay ərzində tamamlamağı, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. 20.5. Müqavilələr mahiyyət etibarı ilə müxtəlif müqavilələrin ünsürlərini özündə əhatə edən qarışıq müqavilə kimi qiymətləndirilsə də, müqavilədəki şərtlər əsasən podrat münasibətlərinin elementlərini özündə əks etdirir. Mülki Məcəllənin 178.8-ci maddəsinin hazırki redaksiyasının müqavilə bağlanan zaman mövcud olmaması isə tərəflər arasında podrat münasibətlərinin yaranmasını istisna etmir. Belə ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 20.6. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. 20.7. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 20.8. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 20.9. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) -1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. 20.10.Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yarranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. 20.11. Qeyd olunduğu kimi, hazırki iş üzrə cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsi iş üzrə sübutetmənin predmetini təşkil edir. İddiaçı öhdəliyin qüsurlu icra edildiyinə istinad etdiyindən, öhdəliyin tam və qüsursuz icra olunması cavabdeh tərəfindən sübut edilməlidir. Bu halı sübut etmək yükünün isə artıq cavabdeh tərəfin üzərinə düşməsinə baxmayaraq hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 20.12.Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində isə hər üç mənzilin (3 otaqlı 78 saylı, 3 otaqlı 28 saylı, və 4 otaqlı 59 saylı) ümumi (faktiki) sahələri ilə müqavilələrdə nəzərdə tutulmuş sahələri arasında fərq aşkar edildiyi, müqavilələrdə qeyd olunan və təhvil verilən sahələrin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3-cü bəndinin (3.2 və 3.8) tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. 20.13.Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri çərçivəsində MMC müqavilədə göstərilən ölçüdə olan mənzilləri verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra etmiş və həmin qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı, Cavabdeh1 MMC-nin ona müqavilədə nəzərdə tutulan ölçüdən daha az ölçüdə mənzil verdiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iş materiallarında olan sənədlərlə və məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi ilə isə təhvil verilmiş mənzilin sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı (iddia ərizəsində göstərilən həcmdə olmasa da) müəyyən edilmişdir. 20.14.Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, "müstəsna” sübut kimi qiymətləndirilməsi üçün o vaxt əsas ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. 20.15.Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə qiymət verərək qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilələrdə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanmasına dair hər hansı bir müddəa yoxdur. 20.16.Cavabdehin mübahisələndirilən müqavilələrin etibarsızlığı dəlili ilə bağlı qeyd edilməlidir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından, eləcə də cavabdehin izahatlarından göründüyü kimi, mənzillər cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı tərəfindən edilmiş ödənişlər qəbul edilmişdir. Müqavilə öhdəliyinin icra edilməsindən uzun müddət keçməsinə baxmayaraq, həmin müqavilələrin etibarsızlığının cavabdeh tərəfindən mübahisələndirilməsi hüquqlardan sui-istifadəyə yol açır. 20.17.Məhkəmə iddia tələbinin sözügedən mənzillərdə arakəsmə divarlarının şaquli düzgün hörülməməsi və malalanmamasına görə hər üç mənzil üzrə 70 000 manat ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyi ilə arakəsmə divarlar hörülmədiyi və mənzillərin daxilində hörülmüş divarlara vurulmuş suvaq təbəqəsində qüsurlar olduğu və qeyd olunan işlərin görülməsi üçün tələb olunan vəsaitin məbləğinin 4553,5 manat olduğu müəyyən edilmişdir. 20.18.Lakin məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək hesab edir ki, iddia tələbi çatışmayan sahəyə görə pulun ödənilməsi və mənzillərdə işlərin düzgün görülməməsinə görə maddi zərərin ödənilməsi hissələrində iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. 20.19.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008- ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). 20.20.İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. 20.21.Məhkəmə iddiaçının mənzilin sahələrinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzillərin təmiri üçün memarla birgə onlara baxış keçirərkən məlumatlı olması, mənzilin onlara gec təhvil verilməsi barədə dəlillərini əsaslı hesab etmir. 20.22.Belə ki, məhkəmə qeyd edir ki, 2012-ci ildə mənzillərə dair müqavilələr bağlanarkən podratçı mənzilləri 30 ay ərzində inşa edib təhvil verməyi öhdəsinə götürmüşdür. Hazırda irəli sürülən iddianın mahiyyəti nəzərə alınarsa cavabdehin öz öhdəliyini lazımınca yerinə yetirməməsini, müqavilə şərtlərini pozmasını və mənzilləri əhəmiyyətli dərəcədə gecikdirməklə təhvil verməsini sübuta yetirmək vəzifəsi də həmin halları iddia edən iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia müddətini ötürmədiyini göstərsə də, mənzillərin ona nə vaxt təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 20.23.O da qeyd edilməlidir ki, iş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 27 aprel 2016-cı il tarixində isti su, soyuq su, qaz və elektrik sayğaclarının quraşdırılması üçün 967 manat ödəniş edilmişdir. Həmçinin məhkəmə tərəflər arasında gedən digər mənzillərlə bağlı uzun sürən məhkəmə çəkişmələrini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının ona məxsus mənzillərin uzun müddət təqdim edilməməsi ilə bağlı hüququnun pozulmasını mübahisələndirməməsi iddiaçının istinad etdiyi halları bir daha təkzib edir. 20.24.Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir. 20.25.Məhkəmə iddia tələbinin mənzillərin açarlarının dəyişdirilməsinə görə 300 manat məbləğində zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının məhkəmə tərəfindən ekspertiza təyin edilərkən açarların onda olmaması, bu səbəbdən mənzilə baxış keçirilməsinin mümkün olmaması, açarların cavabdeh tərəfindən gizlədilməsi barədə izahatları mənzillərin açarlarının məhz cavabdeh tərəfindən təqdim edilməməsi səbəbindən dəyişdirilməli olmasını təsdiq edən yetərli sübut kimi qəbul edilə bilməz. 20.26.Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplərin, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddia tələbinin üçüncü hissəsi, yəni hər üç mənzilin giriş qapısının açarlarının məcburən dəyişdirilməsi nəticəsində hər mənzilə 100 manat olmaqla, cəmi 300 manat xərc çəkilməsi ilə bağlı dəlillər sübut edilməmiş və həmin halın mövcudluğunu təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. 20.27.Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1,217.3 və 2l7.4-cü maddələri).

21. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.1-ci, 377.1-ci, 390.4-cü, 425.1-ci, 752.1-ci, 762.1-ci, 766-cı, 773-cü, 776.1-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarına istinad etmişdir.

22. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin və iddia ilə bağlı verilən izahatın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəs edən halları aydınlaşdırmadığını, tərəflər arasında yaranmış münasibəti səhvən podrat münasibəti olaraq qiymətləndirdiyini və bu səbəblə də əsassız olaraq iddia müddətinin ötürüldüyü nəticəsinə gəldiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

24. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, Cavabdeh1 MMC-nin nümayəndəsi və digər cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

28. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

33. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

34. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

35. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

39. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

40. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

41. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

42. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə tam razılaşaraq hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər qətnamənin ləğvinə əsas vermir.

54. Belə ki, birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər (§ 32,33); bununla yanaşı nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir (§ 34,35).

55. Belə ki, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu biləbilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

56. Birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, iddiaçı tərəfindən 27 aprel 2016-cı il tarixində isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişlər həyata keçirilmişdir və bu xüsusat mənzillərin ən azından göstərilən tarixdə iddiaçıya təhvil verilmiş olduğu qənaətinə gəlməyə əsas verir.

57. Belə görünür ki, iddiaçı mənzilləri təhvil aldığı zaman cavabdeh MMC-nə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə xx.xx.2021-ci il tarixdə (5 il 5 ay sonra) məhkəməyə təqdim etmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, eyni binada onun oğluna məxsus olan mənzillə bağlı, oğlu müvafiq iddia tələbini xx.xx.2018-ci il tarixdə qaldırmışdır.

58. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, mənzil sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalı olduğu halda, iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da tələb etmək hüququnu itirmişdir.

59. Kollegiya həmçinin qeyd edir ki, əslində, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında tikilən B binasının 1-ci blokunun 17-ci mərtəbəsində yerləşən 78 nömrəli və C binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 28 nömrəli mənzillərlə bağlı iddiaçının MMC-nə qarşı tələb hüququ ümumiyyətlə mövcud deyildir.

60. Belə ki, həmin mənzillər iddiaçı ilə Səkinə Məlikova və Süleyman-zadə Rasim Qəhrəman oğlu arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə üzrə hüquq və vəzifələrin ötürülməsi haqqında” müqavilələr əsasında adı çəkilən şəxslər tərəfindən iddiaçıya verilmiş, MMC bu müqavilələrin tərəfi olmamış və iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, hətta həmin müqavilələri mübahisələndirmişdir.

61. Başqa sözlə iddiaçı, "xxxx" MTK-nın (kooperativin) digər üzvlərindən onların paylarını, dəyərlərini məhz həmin payçılara ödəməklə əldə etmiş, nə MTK, nə də onun hüquqi varisi olan MMC iddiaçı qarşısında birbaşa öhdəlik götürməmişlər (2 mənzilə münasibətdə).

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-49/2023 saylı iş üzrə 04 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar