Məhkəmə qərarları › İş №2(103)-4902/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4902/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4902/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Toyota Prius” markalı 99TV766 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r, o, etibarnamə əsasında avtomobil ilə əlaqədar bəzi səlahiyyətləri, avtomobilə dair sərəncam vermək hüququ daxil olmaqla, Cavabdeh vermiş, sonuncu isə bu səlahiyyətlərdən istifadə edərək mülkiyyətçi X5 ona verdiyi nəqliyyat vasitəsi barədə müvafiq səlahiyyətləri ƏN-Vİİİ seriyalı, 328133 nömrəli xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamə əsasında İddiaçı vermiş, bunun müqabilində də, o, Cavabdeh 9.000 manat məbləğində pul ödəmişdir.

2. Avtomobilin mülkiyyətçisi X9 07 oktyabr 2021-ci il tarixdə Cavabdeh verdiyi etibarnaməni və daha sonra avtomobilə dair verilmiş digər etibarnamələri ləğv etdirmişdir. Hazırda “Toyota Prius” markalı 99TV766 dövlət qeydiyyat nişanlı avtomobilin X1.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehn oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş 9.000 manat məbləğində pul vəsaitindən əlavə tərəfindən çəkilmiş xərcin əvəzi qismində 3.200 manatın, 127 manat məbləğində dövlət rüsumunun və 60 manat iddia ərizəsinin tərtibinə, ümumilikdə 12.387 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin aprelin 1-də sosial şəbəkədə “Toyota Prius” markalı 99TV966 dövlət qeydiyyat nişanlı avtomobili dostu X6 internetdə tapıb ona məlumat vermiş, orada qeyd olunmuş ********** nömrəsi ilə əlaqə saxlayıb Cavabdeh ilə görüşüb onunla avtomobili 9000 (doqquz min) manata və qalan cəriməni də ödəməsi şərti ilə razılaşmışdır. Bundan sonra 6 saylı Notariat ofisinə yaxınlaşmış və üzərində sənədləri olmadığı üçün avtomobili X3 verilmiş və 9000 (doqquz min) manatı Cavabdeh təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə avtomobili idarə edərkən YPX-nin əməkdaşları avtomobili saxlayaraq ona verilmiş etibarnamənin ləğv edildiyini bildirərək avtomobili müqəqqəti dayanacağa yerləşdirmişlər. Bu barədə Cavabdeh məlumat verib öhdəliyini yerinə yetirmədiyi və etibarından sui-istifadə etdiyinə görə pulunu geri istədikdə əldə etdiyi 9000 (doqquz min) manatı, maşını aldıqdan sonra xərc çəkdiyi 3200 (üç min iki yüz) manat cərimə və təmir xərcini ödəməsini tələb etsə də, ödəməkdən boyun qaçırmışdır. Tərəfindən ödənilmiş həmin 9000 (doqquz min) manat məbləğində pul Cavabdeh ondan aldığını özü etiraf etmişdir. Belə ki, etibarından sui-istifadə edilməklə törədilmiş cavabdeh şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunmuş, müraciətinə baxılması üçün aidiyyəti üzrə 37-ci Polis Şöbəsinə şikayəti baxılması üçün göndərilmişdir. Həmin araşdırma gedişində şəxs ondan pul vəsaitini aldığını öz ifadəsi ilə təsdiq etmişdir. Bununla yanaşı cavabdeh şəxs Cavabdeh vəd etmişdir ki, X8 “Porşe” markalı 10JJ771 nömrəli avtomobili sataraq ona dəymiş ziyanı ödəyəcək. Lakin şəxs bu vədi verməsinə baxmayaraq hal-hazırda da oan dəymiş zərəri ödəməmişdir. Buna dair xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı verilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında faktiki olaraq alğı-satqı münasibətləri reallaşmışdır. Alğı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar Mülki Məcəllədə müqavilənin müvafiq formasına riayət edilməsinə dair müvafiq göstərişlər müəyyən edilməsinə baxmayaraq, məhkəmə tərəflər arasında əmlakın verilməsi və bunun müqabilində müvafiq məbləğin ödənilməsi ilə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin verilməsini əsas götürür. Lakin mübahisəli əmlak üçüncü şəxsin tələbinə əsasən alıcının sahibliyindən və istifadəsindən alınmışdır. Aıcının əmlakdan məhrum edilməsi nəticəsində Cavabdeh ona ödənilmiş 9000 manat məbləği alıcıya yəni İddiaçı qaytarmadığı üçün əsassız olaraq varlanmış hesab edilir.

7. Məhkəmə iddianın digər hissəsini, yəni iddiaçı tərəfindən avtomobilə çəkilmiş xərclərin cəmi olaraq 3200 manat və 60 manat ərizənin yazılması üzrə ona göstərilmiş hüquqi xidmətə görə pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsi ilə bağlı isə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən rədd etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1 və 1092.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-762/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X2 avtomobili yeddi ay istifadə edərək qazanc əldə etmişdir.Ondan əlavə etibarnamə ilə avtomobili ona verəndə dəfələrlə təkrar etmişdir ki, “gəl rəsmi qaydada alqı-satqı edək avtomobili adına rəsmiləşdir”. Lakin İddiaçı söylədiklərinə qulaq asmayaraq sonra adına rəsmiləşdirəcəyini demişdir. Göründüyü kimi iddiaçı X10 məsuliyyətsizlik etməsəydi belə xoşagəlməz hallarla da üz-üzə gəlməzdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə hərtərəfli baxmamış, həmin sənədlər arasında olan uyğunsuzluqları araşdırmamış, bu apellyasiya şikayətinin işin halları qrafasında göstərdiyi hallardan heç birini araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, cavabdehdən ya pulunun, ya da avtomobilin qaytarılmasını xahiş edir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Həmçnin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qisəm təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

19.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.1091.1-ci və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 23.1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 25.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 26.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 28.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi “Toyota prius” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7r, o, etibarnamə əsasında avtomobil ilə əlaqədar bəzi səlahiyyətləri, avtomobilə dair sərəncam vermək hüququ daxil olmaqla, Cavabdeh vermiş, sonuncu isə bu səlahiyyətlərdən istifadə edərək mülkiyyətçi X5 ona verdiyi nəqliyyat vasitəsi barədə müvafiq səlahiyyətləri ƏN-Vİİİ seriyalı, 328133 nömrəli xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamə əsasında İddiaçı vermiş, bunun müqabilində də, o, Cavabdeh 9.000 manat məbləğində pul ödəmişdir. Bu fakt onun Bakı şəhəri Xətai RPİ 37-ci Polis Şöbəsində verdiyi izahatla və işdə olan ƏN-Vİİİ seriyalı, 328133 nömrəli xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi” haqqında etibarnamə öz təsdiqini tapır. 29.Avtomobilin mülkiyyətçisi X5 07 oktyabr 2021-ci il tarixdə Cavabdeh verdiyi etibarnaməni və daha sonra avtomobilə dair verilmiş digər etibarnamələri ləğv etdirdiyi, “Toyota prius” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə mülkiyyətçinin sahibliyinə qaytarıldığı da işin mübahisələndirilməyən halıdır.

30. Belə olan halda kollegiya, tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığını nəzərə alaraq, mübahisənin əsassız varlanma haqqında normalara əsasən həll edilməli olması barədə birinci instnasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, tərəflər arasında mövcud olmuş razılaşmaya əsasən cavabdeh müvafiq məbləğ müqabilində avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməli idi. Hal-hazırda avtomobil mülkiyyətçisi tərəfindən geri alındığından cavabdeh iddiaçının hesabına 9.000 manat məbləğində əsassız varlanmışdır. Ona görə də, Cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmalıdır. 31.Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

32. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 33.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 34.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-762/2023 saylı, 01 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar