Məhkəmə qərarları › İş №2(103)-4903/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4903/2022

17.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4903/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏTNAMƏ 17 avqust 2022-ci il iş № 2(103)-4903/22 Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, normadan artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 noyabr 2021-ci il tarixli, T1407-21 saylı Əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə 487 manat məbləğində aylıq əmək haqqının, 3396,31 manat məbləğində normadan artıq işə görə əmək haqqının, 1000 manat maddi və 3000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva, iş №2(007)-1264/22) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildən əmək fəaliyyəti ilə məşğuldur. xx.xx.2020-ci il tarixdə Cavabdeh (Bravo supermarket) satış üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. “Azərbaycan Supermarket" MMC ilə əmək münasibətlərində olduğu müddətdə xx.xx.2020-ci il tarixdə rəhbərlik tərəfindən mükəmməllik sertifikatı ilə təltif olunmuşdur. Ona məlum olmayan tarixdə Cavabdeh MMC tərəfindən onunla razılaşdırılmadan əmək müqaviləsinə dəyişiklik edilib, xəzinədar vəzifəsinə keçirilmiş və lakin bununla bağlı əmək müqaviləsində hər hansı bir dəyişiklik edilməmişdir. Bu dəyişiklik Əmək kitabçasında da öz əksini tapmamışdır. Vəzifə dəyişikliyi edilən zaman xəzinədar vəzifəsinin vəzifə təlimatı ilə də tanış edilməmişdir. Əmək müqaviləsi ləğv edildiyi zaman əsas səbəb kimi mülkiyyətçiyə maddi ziyan vurmağı göstərilmişdir. Xəzinədar olmağına baxmayaraq başqa əmək funksiyasının icrasına cəlb edilmiş, ona təhkim olunan kassada başqa işçi işləyən zaman yekunda məbləğ əskikliyi gəlmiş və bu məbləğ onun əmək haqqından tutulmuşdur. Cavabdeh MMC işlədiyi bütün dövr ərzində, 1 il 10 ay müddətində hər həftə 8 saat normadan artıq işləsə də, “Azərbaycan Supermarket" MMC tərəfindən normadan artıq iş saatlarına görə əlavə ödənməmişdir. Onunla bağlanmış Əmək müqaviləsinə 03 noyabr 2021-ci il tarixdə xitam verilmişdir. əmək müqaviləsinin ləğvi barədə əmr əsaslandırılmamışdır. Belə ki, müəssisənin adı, hüquqi ünvanı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. Əmrdə isə Əmri İşəgötürən deyil, buna səlahiyyəti olmayan digər şəxs imza etmişdir. İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə onun nə səbəbdən və ya əsasdan işdən azad olunmağı sübut olunmur və əsaslandırılmır. Onun aylıq əmək haqqının 487 manat olması nəzərə alınarsa, cavabdeh ona bu saatlar üçün 3396,31 (4245,38 10% vergi, 10% təxmini hesablama fərqi) normadan artıq saatlara görə pul ödəməlidir. Cavabdeh iddiaya etiraz edərək onun əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, iddia ərizəsi verilən zaman iddia müddəti ötürülmüşdür. 03 noyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə T1407-21 №-li əmr iddiaçı tərəfindən imzalanmışdır. İddiaçının artıq hımin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsindən məlumatı olmuşdur. Lakin mediasiyaya dəvət məktubu şirkətin ünvanına xx.xx.2022-ci il tarixində göndərilmişdir. İddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən mübahisənin həll edilməsi ilə əlaqədar Mediasiya Təşkilatına müraciət etməsinə qədər 3 ay müddət keçdiyindən iddiaçı iddia müddətini ötürmüş hesab edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdeh onunla edilmiş vəzifə dəyişikliyi ilə bağlı hər hansı sənəd təqdim edə bilmir və bu dəyişikliyi təlimdə iştirakı ilə əsaslandırır. Şirkət tərəfindən təşkil edilmiş hər hansı bir təlim onun vəzifə dəyişikliyini təsdiq edən sənəd kimi təqdim edilə bilməz, şirkətin məhkəməyə təqdim etdiyi təlimdə iştirak vərəqələrində satıcı kimi iştirak edib. Təlimdə iştirak sənədinin üzərində təlimin hansı mövzuya aid olması barədə də qeydlər aparılmayıb və bu sənəd əmək müqaviləsində dəyişiklik edilən təsdiqedici sənəd kimi təqdim edilə bilməz. Məhkəmə rəhbərlik tərəfindən mükəmməllik sertifikatı ilə təltif olunmağı da onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən nəzərə alınmayıb. Qətnamə əsaslandırılmayıb. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi qismən ləğv olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən olunan hallarına əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli AS5269 nömrəli “Əmək müqaviləsi”nə əsasən İddiaçı satış üzrə köməkçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Daha sonra həmin qeyd etibarsız hesab edilmiş və iddiaçının əmək müqaviləsinə dəyişiklik edilərək vəzifəsi xəzinədar kimi müəyyən edilmişdir. İddiaçıya mağaza müdiriyyəti və təlim nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə təlim keçirilmiş və o, təlimdə iştirak etməsini öz imzası ilə təsdiq etmişdir. İddiaçı “Umico tətbiqindən sui-istifadə etmiş və buna dair 24 sentyabr 2021-ci il tarixdə Akt tərtib edilmişdir. Cavabdeh MMC-nin Müştəri xidmətləri və əməliyyatlar sektoru şöbəsinin xəzinədar vəzifəsində çalışan iddiaçı ilə bağlanmış AS5269 saylı əmək müqaviləsinə 03 noyabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndi rəhbər tutularaq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının tələbi əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının, normadan artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi barədədir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsini, 9-cu maddəsinin “b” bəndini, 11-ci maddənin 1-ci hissəsinin “a” və “b” bəndlərini, 46-cı maddəsinin 6-cı hissəsini, 70-ci maddəsinin “ç” bəndini, 72-ci maddəsinin “c” bəndini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77-ci maddələrini rəhbər tutaraq iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmış, müştəri tərəfindən alınan məhsullar üçün mağaza heyətinin bonus sistemindən istifadəsi qəti qadağan olunduğu halda, iddiaçı həmin təlimatın və əmək müqaviləsinin şərtlərini pozmuş, bununla bağlı akt tərtib edilərək əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iddiaçının cəmiyyət qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini müəyyən etmiş, iddiaçı tərəfindən adıçəkilən halların təkzib edilməsi məqsədilə hər hansı sübut təqdim olunmadığını nəzərə almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Həmin Məcəlləyə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər (maddə 186-cı maddənin 1-ci hissəsi). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir (maddə 187-ci maddənin 1-ci, 2-ci hissələri). İşdən göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən onun “Umico” tətbiqindən sui-istifadə etdiyi əsas götürülmüş, buna dair 24 sentyabr 2021-ci il tarixdə Akt tərtib edilmiş və bundan 1 ay 10 gün sonra, yəni 03 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək qanunvericiliyinin mənasından aydın olur ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin hazırkı iş üzrə cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq işçi tərəfindən əmək intizamının pozulduğu aşkar etdiyi gündən bir ay ərzində deyil, 1 ay 10 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur. İntizam tənbehi qanunla müəyyən olunmuş müddət ərzində verilmədiyindən və bu, əmrin ləğv olunması və iddiaçının işə bərpası üçün müstəqil əsas verdiyindən məhkəmə kollegiyası əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürülən hal üzrə hər hansı araşdırma aparılmasına lüzum görmür. Bundan əlavə Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş, məhkəmə iddia müddətinin keçmədiyi qənaətinə gələrək ərizəni əsassız saymış, cavabdeh bununla razılaşaraq qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində düzgün həll etməmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə ləğv edilməli və iddia təmin olunmalıdır (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası bununla yanaşı hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin digər hissələri - normadan artıq işə görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı hissələrdə iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı qeyd olunan hissələrdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qətnaməsi qismən - əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 03 noyabr 2021-ci il tarixli, T1407-21 saylı əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar