Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4905/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndələri (əri) Nümayəndə2 və (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (əri) Nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ünvan 1 ünvanında yaşayan cavabdeh tərəfindən tikinti işləri aparılarkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 14 “A” ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh iddiaçının qonşusudur və ev 14 “A”, mənzil 1 ünvanında yaşayır. 15 il əvvəl evi tikərkən aralarında hasar var idi. Hasardan hər iki tərəfdə ən azı 1 metr məsafə qoyulmasına razılaşmışdılar. İddiaçı, evi tikərkən hasarla ev arasında 70 sm qoruq zonası qoymuş, cavabdehin həyətinə tərəf pəncərə qoymamışdır. Cavabdehin evi hasardan 3-4 metr aralı idi. Bir neçə il sonra cavabdeh, hasarla ev arasında qalan məsafəni evə birləşdirməsi və pəncərə açması ilə bağlı iddiaçıdan razılıq almaq istəmişdir. İddiaçı razılıq verməmişdir. 2021-ci ildə pandemiya olan dövrdə iddiaçı ailəsi ilə birlikdə Tovuz rayonunda təsərrüfatla məşğul olan zaman koronavirusa yoluxmuş və bir müddət Şəmkir rayonunda xəstəxanada olmuşlar. Cavabdeh bundan istifadə edərək hasarı sökmüş, ev inşa etmişdir. Cavabdeh hasarı sökməzdən əvvəl iddiaçı evlərinə sənəd alarkən ona cavabdehin 60 sm iddiaçının ərazisinə keçməsi barədə məlumat verilmişdi. Cavabdeh bütün kommunikasiya xətlərini (axan yağış sularının boruları, navalça, qaz xətti, hamam və mətbəxin pəncərələri, kombinin bütün avadanlıqları, otaq və tualetin pəncərələrini) iddiaçının həyətinə salmış, hasarın üzərindən ev tikib, arada qalan məsafəni evə birləşdirmişdir. Bu səbəbdən tərəflər arasında mübahisə olmuş, işə polis qarışmış, uzun mübahisədən sonra iddiaçı 250 manat xərc çəkərək cavabdehin tualetinin pəncərəsini bağlatdırmış, otağının pəncərəsinin qarşısını böyük dəmir lövhə ilə bağlamışdır. Hazırda cavabdehə məxsus evdə quraşdırılmış kombinin, mətbəxinin hava təmizləyicisi və 2 pəncərəsi açıq olaraq qalır. Cavabdeh təqribən 25 sm kommunikasiya xətlərindən, 60 sm isə torpaqdan iddiaçının ərazisinə keçmişdir. Cavabdeh, ümumi olaraq 20 metr uzunluq, 85 sm endə iddiaçının ərazisini zəbt etmişdir. Cavabdeh hasarı söküb ev tikən zaman iddiaçının evinə də ziyan vurmuşdur. İddiaçının evinin aşağı mərtəbəsində hava çəkən borular olmuş, həmin plastmas boruların ağzı sındırılmış, oradan siçan və siçovullar gəlib evin altına dolmuşdur. İddiaçı, çox çətinliklə siçan və siçovulları təmizləyə bilmiş, əzilmiş boruları təmir etmiş, bir maşın tikinti zibilini daşıyaraq həyəti təmizləmişdir. Kommunikasiya xətləri, digər pəncərələr olduğu kimi qalır. Cavabdeh, onları sökmək, zəbt etdiyi ərazini boşaltmaq istəmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
3. İddiaçının nümayəndələri - əri Nümayəndə2 və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahatlar vermilər.
4. Cavabdehin nümayəndəsi (əri) Nümayəndə1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, 37 ildir həmin ünvanda yaşayır. Yaşadığı mənzil atası tərəfindən 1988-ci il tarixində alınmışdır. Cavabdehin mərhum atası X1 ilə xx.xx.2013-cü il tarixində bağışlama müqaviləsi imzalamışdırlar. Həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2014-cü il tarixində “Çıxarış” verilmişdir. Mülkiyyətində olan evə 1996cı ildə, ikinci dəfə isə xx.xx.2014-ci illərdə texniki pasport onlara təqdim olunmuşdur. Mübahisə olunan sahə təqdim olunmuş texniki pasportlarda öz əksini tapmışdır. Mətbəx, hamam, tualet və yardımçı tikili (əl damı) hələ 1961-ci ildə inşa olunduğundan, artıq dam hissəsi yararsız hala düşmüş, yağış suları daxilə damaraq içəridə olan ev əşyalarını yararsız hala salmışdır. Ona görə də həmin sahələrin divarının dəyişdirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən iddiaçının əri Nümayəndə2la sözügedən divarı söküb, öz tərəfinə 40-45-sm çəkərək inşa etdirəcəyini bildirmiş, narazılığı varsa aidiyyəti dövlət orqanlarının nümayəndələrini dəvət edəcəklərini demişdir. Lakin Telman buna ehtiyac olmadığını bildirmiş, bir yük maşınına yerləşə biləcək kəsilmiş mişar daşı alacağına da söz vermişdir. Ona məxsus avtomobillə Günəşli daş bazarına gedib kəsilmiş mişar daşı almışlar. Gələcəkdə inşa olunan divarın pəncərələrinin ölçüsünü öz əlyazması ilə ustalara təqdim etmiş texniki tikinti ilə bağlı məsləhətlərini vermişdir. Proses zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuş və xx.xx.2023-cü il tarixində ekspert Ziya Tağıyevin iştirakı ilə ekspertiza keçirilmişdir. Ekspert rəyinin 3-cü və 4-cü suallar üzrə apardığı tədqiqatın nəticəsindən görünür ki, iddiaçıya məxsus yaşayış evinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli “texniki pasport” sənədinin “torpaq sahəsinin planı” hissəsində iddiaçıya məxsus yaşayış evi ilə həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin sərhəd xətti arasındakı məsafənin 40 sm təşkil etdiyi qeyd olunmuşdur. Tədqiq olunan ünvanda baxış zamanı yuxarıda qeyd olunan texniki pasportdakı sərhəd hasarının faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik Hüquqi Şəxslərin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X2 rəyindən də görünür ki, cavabdehə məxsus ev və ya onun müəyyən hissəsi iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. Məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmişdir. Təkrar ekspertiza ekspert Ziya Tağıyevə həvalə edilmişdir. Ekspertiza keçirilərkən cavabdeh tərəfin iştirakı təmin olunmamışdır. Tədqiqatın prosesinin təsviri hissəsindən görünür ki, ekspert cavabdehə məxsus fərdi yaşayış evinin sərhəd xəttinin üzərində inşa edilməsini müəyyən etmişdir. O, mətbəx, hamam, tualet və əl damı divarını dəyişdirib inşa edən zaman köhnə divarın bir hissəsi qalmaqla, yeni divarı 40-45 sm öz sahəsinə çəkərək inşa etmişdir. Bu fakt fotoşəkilərlə təsdiq olunur. Bu da ekspertizanın düzgün keçirilməməsinə dəlalət edir.
5. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə baxışı iclaslarının yeri və vaxtı haqqında lazımı qaydada xəbərdar edilsə də, məhkəmə baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Buna görə də, Rayon Məhkəməsi işə Suraxanı RİH-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertizaların xərclərini iddiaçıya aid edilməsini və bu məqsədlə iddiaçıdan cəmi 150 manat məbləğində pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sözügedən tikilinin sökülməsini tələb etməklə bağlı subyektiv hüququ olmamışdır. Bu cür tələbi irəli sürmək səlahiyyəti, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Nəzərə alınmalıdır ki, cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının, həmçinin evlərin arasında ara məsafəsinin normaya uyğun olub-olmamasının müəyyənləşdirilərək, bu halların aradan qaldırılmasını – qonşu torpaq sahəsinin mülkiyyətçisi o vaxt tələb edə bilər ki, qonşunun inşa etdiyi tikili onun hər hansı hüququnu və qanunla qorunan mənafeyini əhəmiyyətli dərəcədə pozmuş olsun, maneçilik yaratsın. Lakin bu halların mövcud olması ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir və, eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının həyətinə pəncərələr qoyulması və bununla da qonşuluq hüquqlarının pozulması ilə bağlı isə Rayon Məhkəməsi qeyd etmişdir ki, pəncərələrin artıq bağlanılmış olduğu məhkəmə tərəfindən müəyyənləşdirildiyindən və iddiaçı cavabdeh tərəfindən hüquqlarının hansı şəkildə pozulduğunu və ona hansı maneələr yaratdığını əsaslandırmadığından, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, həmin təsir əhəmiyyətli hesab edilə bilməz və bu səbəbdən iddia tələbi bu hissədə də əsassızdır. Tələbin çəkilən kommunikasiya xətlərinin iddiaçının qonşuluq hüquqlarını pozaraq çəkilməsi hissəsinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən hüquqlarının hansı şəkildə pozulduğunu əsaslandırmamış və bununla bağlı sübutlar təqdim etməmişdir. Həmçinin, qeyd edildiyi kimi, ekspert rəyinə əsasən, cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuş, lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xətləri aşkar edilməmişdir. Buna görə də, mövcud kommunikasiya xətləri ilə bağlı Mülki Məcəllənin 171.1.-ci maddəsinin tələbləri baxımından, həmin kommunikasiya xətləri vasitəsilə qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin iddiaçının sahəsinə təsiri məqbul hesab edilməlidir. Belə ki, belə təsir iddiaçıya maneçilik yaratmadıqdan və ya hüququnu əhəmiyyətli dərəcədə pozmadıqdan (bununla bağlı sübutlar təqdim edilmədikdən) iddia tələbi bu hissədə də əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi, iddiaçının bu kimi iddianı qaldırmağa subyektiv hüquqa malik olmaması qənaətinə gələrkən nəzərə almamışdır ki, cavabdehin subyektiv hüququ var, çünki cavabdehin evinə aid bütün kommunikasiya xətləri, axan yağış sularının boruları, navalça, qaz xətti, hamamın, tualetin və mətbəxin pəncərələri, kombinin və mətbəxin hava təmizləyicisi cavabdehin həyətinə çıxır və iddiaçının mülkiyyət, şəxsi həyat və sağlam yaşamaq hüququnu pozur. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
10. Apellyasiya baxışının iclaslarında iştirak etmiş iddiaçı və onun nümayəndələri apellyasiya şikayətini müdafiə etmış və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər.
11. Cavabdehin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat vermişdir.
12. Üçüncü şəxs olan Suraxanı RİH apellyasiya baxışı iclaslarının yeri və vaxtı haqqında lazımı qaydada xəbərdar edilsə də, apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Suraxanı RİH-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
14. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışlardan” görünür ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 367,4 kv.m olan ev və sahəsi 0,0538 hektar olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixində iddiaçının, həmin ünvanda yerləşən və ümumi sahəsi 92 kv.m olan 1 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixində cavabdehin adına qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 10/4489 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: İş üzrə cavabdehə məxsus yaşayış evinə baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş ölçülər ilə mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən cavabdehə məxsus yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli “Texniki Pasportunda” qeyd olunan ölçülər arasında müəyyən uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, yuxarıda qeyd olunan “Texniki Pasportda” “1” nömrəsi ilə işarələnmiş otağın (giriş hissə) ölçüləri 2,55 m x 1,55 m qeyd olunsa da, faktiki olaraq həmin otağın ölçülərinin 4,45 m x 2,80 m olduğu, “6” nömrəsi ilə işarələnmiş sanitar qovşağın ölçüləri 2,65 m x 1,90 m qeyd olunsa da, faktiki olaraq 3,28 m x 1,04 m olduğu, həmin sanitar qovşağının girişə nisbətdə sol tərəfində ölçüləri 3,30 m x 2,14 m olan hamam tikilisinin əlavə edildiyi, “5” nömrəsi ilə işarələnmiş mətbəxin ölçüləri yuxarıda qeyd olunan texniki pasportda 4,70 m x 2,65 m qeyd olunsa da, faktiki olaraq 4,94 m x 3,36 m olduğu, həmçinin mətbəxin girişinə nisbətdə sol hissəsində əlavə olaraq yəni, yuxarıda qeyd olunan texniki pasport sənədində mövcud olmayan, ölçüləri 5,90 m x 3,36 m olan yaşayış otağının mövcud olduğu müşahidə olunmuşdur. Həmin “Texniki pasportun” “situasiya planı” adlı hissəsində yaşayış evinin yerləşdiyi həyətyanı sahənin sərhəd xətti və yaşayış evi ilə həmin evin yerləşdiyi həyətyanı sahənin sərhəd xətti arasındakı məsafələr həmçinin, həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmədiyindən yuxarıda qeyd olunan əlavə tikililərin iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən iş üzrə iddiaçıya məxsus yaşayış evinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Texniki pasportun” “torpaq sahəsinin planı” adlı hissəsində iddiaçıya məxsus yaşayış evi (“B” hərfi ilə işarələnmiş tikili) ilə həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin sərhəd xətti (cavabdehə məxsus tikili istiqamətində) arasındakı məsafənin 0,40 metr (40 sm) təşkil etdiyi qeyd olunmuşdur. Tədqiq olunan ünvanda baxış zamanı yuxarıda qeyd olunan “Texniki pasportdakı” sərhəd hasarının faktiki olaraq mövcud olmadığı müəyyən olunmuşdur. Baxış zamanı aparılan ölçü işləri nəticəsində cavabdehə məxsus yaşayış evi ilə iddiaçıya məxsus yaşayış evi (texniki pasport sənədində “B” hərfi ilə işarələnmiş yaşayış evi) arasındakı məsafənin faktiki olaraq 68-72 sm təşkil etdiyi müəyyən olunmuşdur. DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin evinə dair tərtib edilmiş “Texniki pasportunun” “situasiya planı” adlı hissəsində yaşayış evinin yerləşdiyi həyətyanı sahənin sərhəd xətti və yaşayış evi ilə həmin evin yerləşdiyi həyətyanı sahənin sərhəd xətti arasındakı məsafələr həmçinin, həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmədiyindən cavabdehə məxsus yaşayış evinin (onun müəyyən hissəsinin) iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan ünvanda baxış zamanı iş üzrə cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin yəni, sanitar qovşaq və mətbəx tikilisinin nəfəsliklərinin iddiaçıya məxsus yaşayış evi istiqamətində açıldığı müəyyən olunmuşdur. Tədqiq olunan ünvanda baxış zamanı iş üzrə cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuşdur. Lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xəttləri aşkar edilməmişdir.
16. İşdə olan xx.xx.2023-cü il tarixli “yerində müayinə protokolundan” görünür ki, sözügedən əraziyə Rayon Məhkəməsinin hakimi tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, qonşu olan iş üzrə tərəflərə məxsus sahələr arasında yeni bir hasar ucaldılmışdır. Hasar köhnə daşlar üzərində tikilmişdir. Hasar cavabdehin evinin divarıdır. Qonşunun həyətinə hündürdə yerləşən cavabdehin evinə məxsus mətbəxin və tualetin 2 balaca pəncərəsi, 1 böyük dəmirlə bağlanmış pəncərə və hava təmizləyicisi açılır. Hasarın yuxarı hissəsindən navalça keçir. Cavabdehin evinə baxış zamanı müəyyən edilir ki, mətbəxin, hamam və tualetin divarı hasarla birləşir. Mətbəxin yuxarı hissəsində bir balaca pəncərə var. Ayaqyolun pəncərəsi yoxdur. Cavabdehin navalçasının onun həyətindən keçdiyini göstərir. Navalçanın çıxışını cavabdehlə danışıb, qarşı tərəfin öz ayaqyoluna çəkdiyini qeyd edir, lakin həmin navalçanın leysan yağış zamanı dözümlü olmayacağını və bu səbəbdən suyun onun həyətinə axa biləcəyini vurğulayır. Cavabdehin nümayəndəsi bildirir ki, həmin sahədə 2 daş hörülmüş hasar olub, o da həmin hasardan öz tərəfinə 2 daş tikmişdir, yəni qonşunun ərazisinə onun tikilisinin aidiyyatı yoxdur.
17. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 0,05388 hektar torpaq sahəsi və üzərində yerləşən “A” literli ümumi sahəsi 73,9 kv.m və “B” literli ümumi sahəsi 293,5 kv.m olan fərdi yaşayış evinin faktiki olaraq göstərilən torpaq sahəsinin və cavabdehə məxsus 92 kv.m 1 saylı mənzilin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Cavabdehə məxsus ev (mənzil) və ya onun müəyyən hissəsi iddiaçıya məxsus torpaq sahəsində yerləşmir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Rayon Məhkəməsinə verdiyi xx.xx.2025-ci il tarixli 10/8148 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçıya məxsus həyətyanı torpaq sahəsi ilə sərhəd xəttinin üzərində inşa edildiyi nəzərə alınaraq, həmin tikilinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur.
19. Göstərilənlərə əsasən müəyyən edilir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi, ev 14 “A” ünvanında yerləşən torpaq sahəsi və ev iddiaçının, həmin ünvanda yerləşən 1 saylı mənzil isə cavabdehin mülkiyyətindədir. İddiaçı ilə cavabdeh qonşudurlar. Cavabdehə məxsus 1 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışıa” əsasən həmin mənzilin ümumi sahənin 92 kv.m olaraq qeyd edilməsinə baxmayaraq, mənzilin və divarın ölçüsü əlavə tikililər hesabına artırılmışdır.
20. İddiaçı ilkin olaraq məhkəməyə müraciət edərkən, qeyri-qanuni aparılmış özbaşına tikintilərin cavabdehin öz hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılmasını xahiş etmişdir. Sonradan iddia tələbinə dəqiqləşdirmələr edərək, son nəticədə cavabdehə aid ünvanda cavabdeh tərəfindən tikinti işləri aparılarkən Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (maddə 139.3.). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (maddə 140.). İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır (maddə 170.1.). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.2.). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz (maddə 171.1.). Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.2.). Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər (maddə 171.3.). Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın (maddə 176.1.). Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz (maddə 176.2.). Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir (maddə 176.3.).
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır (maddə 72.1.). Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir (maddə 72.2.). Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür (maddə 95.1.): tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə (maddə 95.1.1.); tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda (maddə 95.1.2.); tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda (maddə 95.1.3.); bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda (maddə 95.1.3-1.); sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə (maddə 95.1.4.). Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər (maddə 95.2.). Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir (maddə 95.2.). Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər (maddə 95.3-1.). Bu Məcəllənin 95.1.4cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür (maddə 95.4.). Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür (maddə 95.5.). Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir (maddə 95.6.). Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 95.7.). Tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının (karkasların, qəliblərin və s.) yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır (maddə 97.1.).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
25. Məhkəmə qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyinə əsasən, cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuş, lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xəttləri aşkar edilməmişdir. Həmçinin, mütəxəssis rəyinə əsasən, cavabdehə məxsus evin (mənzilin) və ya onun müəyyən hissəsinin iddiaçıya məxsus torpaq sahəsində yerləşmədiyi bildirilmişdir. Bununla yanaşı, Rayon Məhkəməsi tərəfindən sözügedən ünvanda yerləşən torpaq sahəsi və mənzili yerində müayinə edilmiş, hasarın cavabdehin evinin divarı olması, qonşunun həyətinə hündürdə yerləşən cavabdehin evinə məxsus mətbəxin və sanitar qovşağın 2 balaca və 1 böyük dəmirlə bağlanmış pəncərələrin və hava təmizləyicisinin açılması müəyyən edilmişdir. Eyni zamanda, hasarın yuxarı hissəsindən navalça keçməsi, evdə mətbəxin, hamam və sanitar qovşağının divarının hasarla birləşməsi, daxildən mətbəxin yuxarı hissəsində pəncərənin olması, sanitar qovşağının pəncərəsinin olmaması müəyyən edilmişdir.
26. Bununla əlaqədar, Rayon Məhkəməsi tərəfindən yenidən ekspertiza təyin edilmiş, ekspert tərəfindən verilən rəyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən, iş üzrə cavabdehə məxsus fərdi yaşayış evinin iddiaçıyaməxsus həyətyanı torpaq sahəsi ilə sərhəd xəttinin üzərində inşa edildiyi nəzərə alınaraq, həmin tikilinin inşası zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 72-ci maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur.
27. Məhkəmə qeyd edir ki, cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının, həmçinin evlərin arasında ara məsafəsinin normaya uyğun olubolmamasının müəyyənləşdirilərək, bu halların aradan qaldırılmasını – qonşu torpaq sahəsinin mülkiyyətçisi o vaxt tələb edə bilər ki, qonşunun inşa etdiyi tikili onun hər hansı hüququnu və qanunla qorunan mənafeyini əhəmiyyətli dərəcədə pozmuş olsun, maneçilik yaratsın. Lakin bu halların mövcud olması ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir və eyni zamanda məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, cavabdehin yaşayış evlərinin istinad divarı üstündə tikinti aparmasının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin irəli sürülməsi üçün iddiaçı subyektiv hüquqa malik deyil. Bu cür tələbi irəli sürmək səlahiyyəti, qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanına məxsusdur. Rayon Məhkəməsinin bununla bağlı mövqeyi düzgündür.
28. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının həyətinə qoyulmuş pəncərələr artıq bağlanılmışdır. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, sanitar qovşağı və mətbəxinin pəncərələri (nəfəslikləri) iddiaçının həyətinə açılır. İddiaçı da özünün iddia ərizəsində pəncərələrin ikisinin bağlanmadığını göstərmiş və bu halın onun hüquqlarını pozduğunu qeyd etmişdir. Qeyd edilən bu halın iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyanı sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi aşkardır. Odur ki, həmin açıq pəncərələr cavabdehin hesabına bağlanmalıdır.
29. Bundan əlavə, ekspert rəyinə əsasən, cavabdehə məxsus yaşayış evinin arxa hissəsinin üzərində (iddiaçıya məxsus yaşayış evi istiqamətində) qaz xəttinin və yağış sularının axıdılması üçün nəzərdə tutulan (su novu) borunun mövcud olduğu müşahidə olunmuş, lakin, faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində cavabdehə məxsus kommunikasiya xətləri aşkar edilməmişdir. Buna görə də, mövcud kommunikasiya xətləri ilə bağlı Mülki Məcəlləsinin 171.1.-ci maddəsinin tələbləri baxımından, həmin kommunikasiya xətləri vasitəsilə qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin iddiaçının sahəsinə təsiri məqbul hesab edilməlidir. Belə ki, belə təsir iddiaçıya maneçilik yaratmadıqdan və ya hüququnu əhəmiyyətli dərəcədə pozmadıqdan (bunula bağlı sübutlar təqdim edilmədikdən), iddia tələbi bu hissədə əsassızdır.
30. Bununla belə yağış sularının axıdılması üçün nəzərdə tutulan navalça (su novu) iddiaçının həyətinə su axıdılmaması üçün cavabdeh tərəfindən saz vəziyyətə gətirilməli və həmin navalçasından iddiaçının ərazisinə suyun axıdılmasına səbəb olan hallar cavabdehin hesabına aradan qaldırılsın.
31. Bu baxımdan apellyasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilir. g) apellyasiya baxışının nəticəsi
32. Odur ki, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iddianın tam rədd edilməsi, yəni iddiaçının həyətinə açılan pəncərələr və navalçaya aid tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, iddiaçının həyətinə açılan pəncərələr cavabdehin hesabına bağlanmalı, navalça saz vəziyyətə gətirilməli, iddiaçının ərazisinə navalçadan axıdılan su cavabdehin hesabına ərazidən çıxarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamə qismən, yəni iddia tam həcmdə rədd edilməsi və iddia tələbinin cavabdehə məxsus evin İddiaçı məxsus həyətinə açılan pəncərələr və navalçaya aid tələbin həll edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü iddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən evinin həyətinə Cavabdeh evindən açılan pəncərələr Cavabdeh hesabına bağlanılsın. Cavabdeh evinin İddiaçı həyətinə tərəf olan hissədə navalçaları Cavabdeh hesabına saz vəziyyətə gətirilsin. Cavabdeh evinin navalçasından İddiaçı ərazisinə suyun axıdılmasına səbəb olan hallar Cavabdeh hesabına aradan qaldırılsın. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.