Məhkəmə qərarları › İş №2(103)-4906/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4906/2021

25.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4906/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6060/2020 saylı 19 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, istifadəsində olan Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən torpaq sahəsinin 0.024 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz sökülmüş tikililərin (hasarın) və darvazalar üçün 6500 manat pulun və həmin torpaq sahəsinin cavabdehdən alınaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 36 sot torpaq sahəsini kirvəsi Habil 2006-cı ildə Cavabdeh əmisi oğlu Abdulladan 30.000 manat pul verərək almışdır. Daha sonra Habil onun fiziki qüsurlu olduğunu görüb həmin torpaq sahəsini ona vermişdir. Lakin o, həmin torpaq sahəsində heç bir tikinti işləri aparmamış, 2006-cı ildə dörd tərəfdən iki metr hündürlüyündə mişar daşı ilə hasar çəkdirmiş və iki darvaza qoydurmuşdur. Cavabdeh tərəfindən təxminən 2 ay bundan əvvəl qanunsuz olaraq həmin torpaq sahəsinin zəbt edildiyini, hasarın söküldüyünü və dəmir darvazaların çıxarılmasını aşkar etmişdir. Ona məxsus torpaq sahəsini zəbt etməsi ilə əlaqədar Sabunçu RPİ-nə müraciət etmiş, polis idarəsində onun şikayətinə baxılaraq, göstərilən hallar mülki xarakterli olduğundan və cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Lakin sonradan o, həmin torpaq sahəsini cavabdehin zəbt etdiyini öyrənmişdir. Fariz özü də bilirdi ki, həmin torpaq sahəsini mərhum atası Qəribəli 30.000 manata satmışdır. Satılan torpağın pulunu Qəribəliyə verən zaman yanlarında şahidlər də olmuşdur. Bu səbəblərdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6060/2020 saylı 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə tədqiqi zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasını sübuta yetirə bilməmiş, torpaq sahəsi üzərində hər hansı bir yolla hansısa hüququnun yaranması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə tədqiqi zamanı, 25 aprel 2006-cı il tarixli 662 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsinin Kürdəxanı Bələdiyyəsi tərəfindən 25 aprel 2010-cu il tarixə qədər X3 icarəyə verildiyi, eyni zamanda X2 18 iyun 2020-cı ıl tarixli AR-İİ 063109 saylı etibarnamə ilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsindən istifadə etməyi İddiaçı həvalə etməsi müəyyən edilmişdir. Lakin, həmin torpaq sahəsi iddiaçıya məxsus olmadığından onun bu cür tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmaması məhkəmə tərəfindən əsas olaraq götürülmüşdür. Məhkəmə bu səbəblərə əsaslanaraq torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia tələbini təmin etməmişdir. Burada məhkəmə bilərəkdən və ya qərəzli olaraq torpağın icarə müqaviləsinin etibarlıq müddətini saxtalaşdımışdır. Belə ki həmin torpaq sahəsindən istifadənin müddəti 25 aprel 2010-cu il tarixinə kimi deyil, 25 aprel 2016-cı il tarixinə kimi müəyyənləşdirilmişdir. 2007-ci ildən başlayaraq Bələdiyyələrin müəyyən Sərəncam vermək hüququ dayandırıldığı üçün həmin müqavilə müddətini yenidən baxılmasına qarşılıqlı imkan yaranmamışdır. Göründüyü kimi məhkəmə Bələdiyyə vətəndaş münasibətlərinə qərəzli baxış formalaşdıraraq subyekti nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə həmin illərdə - 2006-cı ildən başlayaraq həmin torpaq sahəsində tikinti işləri aparan usta və fəhlələri məhkəmə iclasına şahid kimi çağırmamış, cavabdehə pulu verən zaman yanlarında olan şahidləri-Farizin əmisi oğlu Abdullanı və digərlərini şahid kimi dəvət etməmiş, Bələdiyyə sənədlərı ekspertizasını bilərəkdən aparmamışdır. Qeyd edilənlərdən də göründüyü kimi məhkəmə işə birtərədli baxmış onun iş üzrə əsas şahidlərini belə dindirməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 25 aprel 2006-cı il tarixli 662 nömrəli Torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi Kürdəxanı Bələdiyyəsi tərəfindən X3 icarəyə verilmişdir. 18 iyun 2020-ci il tarixli AR-İİ 063109 saylı etibarnamənin surətindən görünür ki, X4 Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsindən istifadə etməyi İddiaçı etibar etmişdir. Sabunçu RPİ-nin İŞ-nin 04 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı və Cavabdeh qarşılıqlı ərizələri əsasında toplanmış materiallar üzrə araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə tədqiqi zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasını sübuta yetirə bilməmiş, torpaq sahəsi üzərində hər hansı bir yolla hansısa hüququnun yaranması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra - Əsasnamə) 1ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. 25 aprel 2006-cı il tarixli 662 nömrəli Torpaq icarəsi müqaviləsi ilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərzisində ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsinin Kürdəxanı Bələdiyyəsi tərəfindən X3 icarəyə verilmişdir. X4 isə 18 iyun 2020-ci il tarixli AR-İİ 063109 saylı etibarnamə ilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsindən istifadə etməyi İddiaçı həvalə etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ və həmin hüququ təstiq edən hüquqmüəyyənedici sənədi olmadığından, onun müvafiq subyektiv hüquqa, malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Göründüyü kimi, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin təsviri hissəsində torpaq sahəsinin icarə müddətinin 25 aprel 2010-cu il tarixə qədər deyil, 25 aprel 2016-cı il tarixə qədər müəyyənləşdirildiyini qeyd etsə də, apellyatorun bu dəlili işdə olan sübutlarda öz əksini tapmamışdır. Bundan başqa apellyatorun şikayətin dəlillərində bələdiyyə sənədlərinin ekspertizasını keçirilmədiyini bildirsə də, həmin sənədlərin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlilləri məhkəməyə təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı şahidlərin dindirilməsini xahiş etsə də, şahidlərin dindirilməsinin zəruriliyini və mülki işin araşdırmasına hansı təsir göstərəcəyini əsaslandırmamışdır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6060/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar